ATƏT-in Bakı ofisinin
keçirdiyi konfransda
medianın parlament seçkilərini sərbəst
işıqlandırması məsələsi müzakirə olunmuşdur
`
Avqustun 24-də ATƏT-in
Bakı ofisinin təşəbbüsü ilə medianın Azərbaycanda
keçiriləcək parlament seçkilərini sərbəst
şəkildə işıqlandırması məsələsi
ilə bağlı konfrans keçirilmişdir.
Konfransda Prezident
Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK),
Milli Televizya və Radio Şurası, siyasi partiyalar, Mətbuat
Şurası, KİV-lərin, eləcə də vətəndaş
cəmiyyəti və Azərbaycanda akkreditə olunan diplomatik
nümayəndəliklərin təmsilçiləri
iştirak etmişlər.
ATƏT-in Bakı
ofisinin rəhbəri Əli Bilgə Cankorel konfransı
açaraq qeyd etmişdir ki, plüralist media demokratik
seçkilər üçün mühüm əhəmiyyət
kəsb edir və Azərbaycan mətbuatına bu sahədə
hər cür dəstək verməyə hazırıq.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qeyd etmişdir ki, bu ilin noyabrında keçiriləcək parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar həm MSK, həm də müvafiq beynəlxalq təşkilatlar öz fəaliyyətlərini gücləndirmişlər. Bizim diqqət mərkəzində saxladığımız ən mühüm məsələlərdən biri KİV-lərin seçkilərdə iştirakı, bu prosesdə MSK və digər seçki subyektləri ilə əlaqələrin qurulmasından ibarətdir.
Seçkilər zamanı, eləcə də MSK-nın həyata keçirdiyi bütün tədbirlərdə mətbuatın iştirakının təmin edildiyini bildirən M.Pənahov, seçkilərin əsas subyektləri olan namizədlərin seçki kampaniyalarında KİV-lərin rolu, onların mətbuatdan istifadə imkanları ilə bağlı məsələlərin əsas müzakirə mövzusu olduğunu vurğulamışdır. Bildirmişdir ki, seçkilərin azad, demokratik və şəffaf keçirilməsində KİV-lərin rolu mühüm əhəmiyyət kəsb edir və MSK medianın bu prosesdə fəal iştirakının təmin edilməsinə çalışır.
MSK sədri demişdir ki, Seçki Məcəlləsində də bu prosesdə KİV-lərin təmsilçilərinə bir sıra üstünlüklər verilmişdir. KİV-lər MSK-da və aşağı seçki komissiyalarında akkreditə olunmadan proses ərzində bütün mərhələlərdə istənilən məntəqədə seçkiləri müşahidə etmək, onlara lazım olan bütün məlumatları almaq hüququna malikdirlər. Biz bütün fəaliyyətimizdə bu prinsipləri əsas götürməyə çalışırıq.
MSK-nın aşağı seçki komissiyalarının maarifləndirməsi işlərini həyata keçirdiyini bildirən M.Pənahov tədbirlərdə digər məsələlərlə yanaşı, KİV-lərlə münasibət məsələlərini də onların qarşısında əsas vəzifə kimi qoyduqlarını qeyd etmişdir.
M.Pənahov demişdir ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsi namizədlərin KİV-lərdə təbliğ olunması baxımından kifayət qədər dolğun sənəddir. KİV-lərdə namizədlər üçün ödənişsiz imkanlar yaradılmışdır ki, bu da seçki prosesinə göstərilən diqqətin nəticəsidir. Eyni zamanda, Seçki Məcəlləsində ödənişli efir vaxtlarının və dövri nəşrlərdəki ödənişli səhifələrin əldə edilməsinə də heç bir məhdudiyyət qoyulmamışdır. MSK çalışır ki, ödənişsiz efir vaxtı hüququ olan subyektlərə kifayət qədər efir vaxtı ayrılsın və ödənişli efir vaxtları və dövri nəşrlərdəki səhifələr bütün namizədlər üçün eyni olsun.
Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir ki, ATƏT-in Bakı ofisinin təşkil etdiyi tədbir ölkəmizdə seçki praktikasının təkmilləşdirilməsi, cəmiyyətdə fəal seçki mühitinin formalaşması baxımından mühüm əhəmiyyətə malikdir.
Demokratik cəmiyyətlərdə seçki prosesinin üç əsas tərkib hissəsinin olduğunu qeyd edən Ə.Həsənov bildirmişdir ki, seçkiyə aid təşkilati məsələlər MSK və onun strukturuna daxil olan dairə və məntəqə seçki komissiyaları tərəfindən yerinə yetirilir. MSK-nın formalaşması Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsaslanır. Azərbaycanda seçkilərin bütün qanuni əsasları vahid Seçki Məcəlləsində öz əksini tapmışdır. Seçkinin təşkili ilə bağlı digər məsələlər MSK-nın təlimatlarında və daxili qərarlarında yer almışdır.
Cəmiyyətin seçkilərə hazırlanması prosesinin seçkinin keçirilməsinin əsas tərkib hissələrindən biri olduğunu vurğulayan Ə.Həsənov bildirmişdir ki, cəmiyyətin bütün təbəqələri, maraqlı qurumlar, seçkiyə qatılan siyasi institutlar, namizədlər, seçici blokları və MSK öz fəaliyyətlərində bu prinsipləri əsas götürməlidirlər. Bu məsələdə ATƏT-in fəaliyyəti yüksək qiymətləndirilməlidir.
Ə.Həsənov bildirmişdir ki, seçkilərin üçüncü əsas mərhələsi seçkilərin keçirilməsi prosesinin təşkili və təbliğidir. Burada bir tərəfdən namizədlərin qeydə alınması, dairə və məntəqə komissiyalarının işinin təşkili, digər tərəfdən namizədlər arasında azad seçki yarışının təmin olunmasıdır. Bu prosesdə KİV-lərin rolu danılmaz və əvəzolunmazdır.
Ə.Həsənov demişdir ki, Azərbaycan hökuməti qarşıdakı seçkilərdə KİV-lərin iştirakını məhdudlaşdıran heç bir inzibati resursdan, qərardan və digər tədbirdən istifadə etməyəcəkdir. Seçki Məcəlləsinə müvafiq olaraq, KİV-lərin seçkilərdə iştirakı tam təmin olunacaqdır. Seçki Məcəlləsində, MSK-nın təlimatlarında namizədlərin KİV-lərdə çıxışı ilə bağlı göstərilmiş bütün müddəalara lazımi səviyyədə əməl ediləcəkdir. Əlbəttə, burada Azərbaycan dövləti özəl mətbuatın adından öhdəlik götürə bilməz. Lakin onu əminliklə söyləyə bilərik ki, özəl mətbuatın seçkidə iştirakı üçün heç bir məhdudlaşdırıcı tədbirlər həyata keçirilməyəcəkdir. İctimai Televiziyada bütün namizədlərin azad təbliğat aparması üçün bərabər şərait yaradılacaq, digər televiziyalarda da seçki təşviqatının aparılmasına lazımi dəstək veriləcəkdir. Biz Azərbaycanda bütün seçkilərin tam şəffaf, ədalətli və demokratik keçirilməsində maraqlıyıq.
Prezident Administrasiyasının şöbə müdiri bildirmişdir ki, KİV-lər yalnız seçki təbliğatını həyata keçirən orqan deyil, eyni zamanda, seçki mühitinin aşkarlığını təmin edən qurumlardır. KİV-lər sərbəst şəkildə seçkinin aşkarlığını təmin edə, müşahidə missiyasını həyata keçirə, namizədlərarası yarışı təşkil edə və Azərbaycanda keçirilən seçkilərin imicini formalaşdıra bilər.
Seçkilərin imicinin əhəmiyyətini vurğulayan Ə.Həsənov Azərbaycanda seçki prosesi ilə sonradan seçkilərə göstərilən etimad arasında müəyyən ziddiyyətlərin mövcud olduğunu demişdir. Bildirmişdir ki, bu, Azərbaycan hökumətinin arzu etmədiyi bir haldır. Qeyd olunmuşdur ki, bunun baş verməməsi üçün KİV-lərin nümayəndələri seçki prosesini şəffaf şəkildə müşahidə etməlidirlər.
ATƏT-in Bakı ofisinin şöbə müdiri Jaklin Karpenter çıxışında Azərbaycanda qarşıdan gələn parlament seçkilərinə hazırlıq məsələlərindən bəhs etmiş, təkliflərini bildirmişdir.
Sonda siyasi partiyaların və KİV-lərin rəhbərləri çıxış edərək, mövzu ilə bağlı rəy və təkliflərini səsləndirmişlər.
AzərTAc
Azərbaycan.- 2010.- 25 avqust.- S. 2.