Dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir

 

Avqustun 24-də Mərkəzi Seçki Komissiyasında (MSK) Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam etdirilmişdir.

Kursların ikinci günündə MSK üzvü Ramiz İbrahimov "Milli Məclisə seçkilərin maliyyələşdirilməsi. Milli Məclisə seçkilər zamanı namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının seçki fondları üzrə xüsusi seçki hesabları" mövzusunda məruzə ilə çıxış etmişdir.

Seçkilərin maliyyələşdirilməsi ilə bağlı məlumat verən R.İbrahimov bildirmişdir ki, Seçki Məcəlləsinin 89-cu maddəsinə əsasən seçkilərin, referendumların keçirilməsi birbaşa dövlət tərəfindən maliyyələşdirilir. Zaman keçdikcə seçki prosesi təkmilləşir və namizədlərə bərabər şəraitin yaradılması üçün qanunvericilikdə bəzi dəyişikliklər edilir. Seçki Məcəlləsinə edilmiş sonuncu dəyişikliklərlə görə, siyasi partiyaların, siyasi partiya bloklarının seçki fondları üzrə xüsusi seçki hesabları Azərbaycan Beynəlxalq Bankının rayon filiallarında açılmalıdır. Əgər müvafiq rayonda belə bir filial yoxdursa, hesabın başqa bankda açılmasına baxıla bilər.

Namizədlərin seçkiqabağı təbliğat və təşviqatı üçün dövlət büdcəsində nəzərdə tutulmuş maliyyə yardımı isə ləğv edilmişdir. Namizədliyi qeydə alınmış şəxslərin təbliğat və təşviqatı onların öz hesablarına həyata keçiriləcəkdir.

Namizədlərin seçki fondunun yuxarı həddi də artırılmışdır. Hər bir namizəd üçün bu məbləğ 500 min manat həddində nəzərdə tutulmuşdur. Bu fond namizədin öz şəxsi vəsaiti hesabına formalaşa bilər. Eyni zamanda, namizədin seçki hesabına siyasi partiyalarseçki blokları 150 min manatdan, hər bir vətəndaş 3 min manatdan, hüquqi şəxslər isə 50 min manatdan çox olmamaqla maliyyə vəsaiti köçürə bilərlər.

Namizəd üçün xarici dövlətlər, xarici dövlətlərin vətəndaşları, eləcə də xeyriyyə fondları maliyyə vəsaiti ayıra bilməzlər.

Sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev "Azərbaycan Respublikası Konstitusiyası ilə verilən seçki hüquqlarının həyata keçirilməsi" mövzusunda məruzə ilə çıxış etmişdir.

F.Abdullayev əvvəlcə Mərkəzi Seçki Komissiyasının yeni inzibati binasının istifadəyə verilməsi münasibətilə MSK üzvlərini təbrik etmişdir. Bildirmişdir ki, Prezidentin xüsusi göstərişi əsasında yeni binanın tikilib istifadəyə verilməsi dövlətimizin başçısının seçki prosesinə dəstəyinin bariz nümunəsidir.

Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında sürətlə inkişaf etdiyini vurğulayan F.Abdullayev məhz ulu öndərin təşəbbüsü və gərgin əməyi nəticəsində ölkəmizin hüquqi, siyasiiqtisadi tərəqqisinin əsasını təşkil edən yeni Konstitusiya qəbul olunmuşdur. Ana Qanunun qəbulu ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi, azad, ədalətli və şəffaf seçki keçirilməsi üçün geniş imkanlar yaratmışdır.

Konstitusiya Məhkəməsinin sədri sonra insan hüquqları sahəsini tənzimləyən bir sıra beynəlxalq hüquqi aktlar - İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin, Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın, eləcə də İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun tələbləri barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, bu sənədlərdə demokratiyaazad seçki anlayışlarının bir-birinə bağlılığı, hər bir vətəndaşın heç bir ayrı-seçkilik və əsassız məhdudiyyətlər olmadan ümumi və bərabər seçki hüququ əsasında gizli səsvermə yolu ilə keçirilən və seçicilərin iradəsinin sərbəst ifadəsini təmin edən seçkilərdə səs vermək, seçilmək hüququ və digər məsələlər əksini tapmışdır.

Daha sonra F.Abdullayev Konstitusiya Məhkəməsinin seçkilərlə bağlı tövsiyələri, vəzifələri barədə məlumat vermiş, 2009-cu il martın 18-də keçirilmiş referendumla Azərbaycan Respublikasının Konstitusiyasının mətninə edilmiş əlavə və dəyişikliklərin mahiyyətindən danışmışdır. O bildirmişdir ki, həmin dəyişikliklərin bir hissəsi birbaşa vətəndaşların aktivpassiv seçki hüququnun həyata keçirilməsi ilə bağlıdır. Ümumiyyətlə isə, həmin dəyişikliklər hüquqi nöqteyi-nəzərdən Konstitusiyanın bir çox normalarını təkmilləşdirmək məqsədi daşımaqla, əsasən dövlətin sosial yönümlülüyünün artırılmasına, ali dövlət hakimiyyəti orqanlarının, habelə məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə istiqamətlənmişdir.

Sonda Fərhad Abdullayev DSK sədrlərinin suallarını cavablandırmış, onlara uğurlar arzulamışdır.

Sonra "Milli Məclisə seçkilər zamanı namizədlərin irəli sürülməsi və qeydə alınması. Qeydə alınmış namizədlərin statusu" mövzusunda seminar keçirilmişdir.

MSK üzvləri Fuad Cavadov, Almas Qəhramanlı, Oktay Hümbətli, Qabil Orucov və başqaları çıxış etmiş, parlament seçkilərinə hazırlığın mərhələləri, azad, şəffaf, demokratik seçkilər keçirilməsi üçün hazırlanmış əyani vəsaitlər barədə ətraflı məlumat vermiş, DSK sədrlərinin suallarını cavablandırmış, tövsiyələrini bildirmişlər.

Avqustun 23-dən 29-dək dairə seçki komissiyalarının sədrləri üçün keçiriləcək kurslarda ölkənin dövlət və hökumət rəsmiləri, mütəxəssislər mühazirələr oxuyacaqlar. Kursların sonunda DSK sədrlərinə sertifikatlar təqdim ediləcəkdir.

Kurslar başa çatdıqdan sonra sentyabrın 1-dən 3-dək dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün kurslar təşkil olunacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 25 avqust.- S. 2.