Yurda yaxın yeni yurd
"Azərbaycan xalqı
heç vaxt öz tarixi Vətənini unuda bilməz. Bu
gün qaçqın şəhərciklərində,
Bakıda, başqa yerlərdə Dağlıq Qarabağdan,
işğal edilmiş bölgələrdən olan ailələrdə
doğulan uşaqlar bir amalla, bir arzu ilə yaşayırlar
ki, doğma torpaqlarına qayıtsınlar. Azərbaycan
xalqı öz tarixi ərazisini heç vaxt unutmayacaqdır.
Biz öz haqq işimizdən heç vaxt əl çəkməyəcəyik.
Biz Ermənistandan o vaxta qədər əl çəkməyəcəyik
ki, öz torpaqlarımıza qayıdaq və ərazi
bütövlüyümüzü bərpa edək. Biz bu vəziyyətlə
heç vaxt barışmayacağıq".
İlham ƏLİYEV
Beyləqanın bu başından o
başına kimi yol boyu gəlib-gedənləri müxtəlif
abidələr və rəngarəng plakatlar müşayiət
edir. Abidələrin də, plakatların da dilində bir məna,
bir söz var - yüz illərdir başımıza gətirilən
müsibətlər, qırğınlar, o müsibətlərdən,
qırğınlardan keçib gələn azərbaycanlılar.
"El-elə sığar,
ev-evə sığmaz" - deyiblər. Amma Beyləqanda ev-evə,
el də elə sığıb, sığınıb.
Neçə ildir Xocavənd camaatı, əsasən, Beyləqanda
məskunlaşıb, yerli sakinlərlə birlikdə
bütün çətinlikləri bir yerdə
yaşamaqdadır. Bu doğmalıq, bu səmimiyyət hər
yerdə hiss olunur - həm icra başçılarının,
həm də gün-güzəran, zəhmət
adamlarının münasibətlərində. Bu barədə
sonra qeyd edəcəyik
Beyləqanın o biri
başında - Haramı düzündə Qarabağdan - Xocavənddən
olan məcburi köçkünlər və qaçqınlar
üçün son illər yeni qəsəbələr
salınıb. Ordan baxanda işğalda qalan Xocavəndin bir
hissəsi əl içi kimi görünür. Xüsusilə,
səhər tezdən - gün hələ
doğmamışdan, bir də axşamlar günəş Qarabağın
uca dağlarının arxasına enəndə uzaqda
Qırxqız, Kirs, yaxında Qaraçux dağları xocavəndlilərə
lap yaxınlaşır. Vaxtilə atamızın,
anamızın düşdüyü yaylaqlar, içdiyi
bulaqlar da eləcə...
Xocavənd rayonu haradır?
Azərbaycan hökumətinin
qərarı ilə 1991-ci il noyabrın 26-da DQMV ləğv
edilərək Martuni və Hadrut rayonlarının əsasında
Xocavənd rayonu yaradılmışdır. Rayonun ümumi sahəsi
1458 kvadratkilometrdir. Rayonda bir şəhər (Xocavənd şəhəri
- rayon mərkəzi), iki iri qəsəbə
(Qırmızı bazar və Hadrut), 83 kənd var.
Olduqca əlverişli
coğrafi mövqeyə və şəraitə malik Xocavənd
rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl,
Qubadlı, Laçın, Şuşa, Xocalı rayonları ilə
həmsərhəddir.
Rayon ərazisində
Bağırxan, Qırmızı Bazar, Mədə
Bulağı, Baba Bulağı, Ballı Bulaq və digər
istirahət zonaları var idi.
Rayonun relyefi əsasən
dağlıqdır. Şərqdə və cənub-şərqdə
əsasən dağətəyi düzənliklərdir.
Qarabağ dağ silsiləsinin cənub-şərq qolları
bu rayonun ərazisində düzənliyə çevrilir,
iqlimi çox yerdə mülayim isti, qışı quraq
keçir.
Çayları -
Xonaşençay, Köndələnçay, Qozluçay,
Quruçay, Çaxmaqçay, Allıçay, Atautçay,
Binəçay və başqaları Kür-Araz hövzəsinə
aiddir.
Bitki örtüyündə
kol və seyrək meşəli çəmənlər
üstünlük təşkil edir. Kolluqları və
enliyarpaqlı meşələri var.
Bəşər sivilizasiyasının
beşiklərindən biri olan Xocavənd bölgəsi antik,
orta əsrlər, yeni və müasir dövr maddi-mədəniyyət
nümunələri və tarixi abidələrlə zəngindir.
Bu bölgədə ilk insanların yaşadıqları
mağaralara, qədim yaşayış yerlərinə, erkən
şəhər mədəniyyəti qalıqlarına,
möhtəşəm qala divarlarına, müxtəlif
dövrlərdə inşa edilmiş türbələrə,
daş-qoç heykəllərə - ümumiyyətlə,
nadir mədəniyyət nümunələrinə tez-tez rast gəlinir.
Xocavənd ərazisində
çoxlu sayda dünya və respublika əhəmiyyətli
tarixi memarlıq və mədəniyyət abidələri var.
Bunlar Azərbaycan xalqının tarixini, mədəniyyətini,
adət-ənənələrini göstərən abidələrdir.
Azərbaycanın sosial, siyasi, iqtisadi, mədəni və elmi
həyatında özünəməxsus rol oynayan Xocavəndin
hər daşı, hər qayası, hər mağarası
tarixin əsl canlı şahididir.
Xocavənd rayonu ərazisində,
Salakətin kəndinin yaxınlığında (Quruçay
vadisində) 1,5 milyon yaşı olan Azıx mağarası, həmçinin
qədim tarixə malik Tağlar mağarası, Tuğ kəndi
ərazisində yerləşən V-VIII əsrlərə aid
"Kitiş" qalası, Ərgünəş
dağının yamacında sıldırım qayalar üzərində
yerləşən "Ərgünəş" qalası,
Düdükçü kəndi ətrafında XIII əsrə
aid "Rzaqulubəy" türbəsi, Xocavənd kəndi
yaxınlığında "Aşıqlı Qoşa"
günbəzi, Böyük Tağlar kəndində "Alban məbədi"
(1241-ci il), Tuğ kəndindəki "Qırmızı"
məbəd adlı X əsrə aid tarixi memarlıq və incəsənət
abidələri var idi.
Erməni təcavüzü
nəticəsində rayonun dağıntıya məruz
qalmış mədəni və dini abidələrinə
nümunə olaraq Tuğ kəndinin 5 kilometrliyindəki V əsrə
aid alban kilsəsi, I-V əsrlərə aid alban qəbiristanlıqları,
Salakətin kəndi ərazisindəki Dəmrov və
Dağdağan ocaqları, Xocavənd kəndi ərazisində
yerləşən Cicim ocağı, Qaradağlı kəndi ərazisində
qeydə alınan və III-VI əsrlərə aid olan alban qəbiristanlıqları,
Əmirallar kəndi yaxınlığındakı
(keçmiş Bəhrəmli kəndi ərazisində) Bəhrəmli
piri, Muğanlı kəndində yerləşən Seyid Rza
günbəzi, Qaradağlı ərazisindəki Yel piri və
neçə-neçə qiymətli maddi-memarlıq abidələrini
göstərmək olar.
1988-ci ilin fevralından
başlayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
müharibəsində Xocavənd rayonu 145 şəhid (o
cümlədən 13 qadın, 13 uşaq) vermişdir.
Xocavənd torpağı
ölkəmizə çoxlu sayda tanınmış siyasətçilər,
mədəniyyət xadimləri, rəssamlar, şairlər,
yazıçılar, jurnalistlər, müğənnilər,
idmançılar, sərkərdələr, igidlər bəxş
etmişdir.
Xocavənd toponimi 2 hissədən
- "Xoca" sözündən və "vənd"
komponentindən ibarətdir. "Xoca" türk dilində
"müəllim, öyrətmən" anlamındadır.
"Vənd" komponenti "uşaq, nəsil, törəmə"
mənası daşıyır...
Burada əlinə silah almayan, vuruşmayan adamlara camaat
birtəhər baxır
Maddi-mənəvi ziyanları bir yana
qoyub tam əminliklə söyləmək olar ki, burada
yaxınını, doğmasını itirməyən bir ailə
tapmaq çətindir. Xocavənd Rayon İcra Hakimiyyətinin
demək olar ki, bütün əməkdaşları, başda
icra başçısı Eyvaz Hüseynov olmaqla hamısı
çətin döyüş yolunu keçib, itkilərdən,
acılardan adlayıblar. Eyvaz Hüseynovun qardaşları
İlyas və İbad Hüseynovlar da göstərdikləri
şücaətə görə el-obada yaxşı
tanınırlar.
Qarabağ savaşından
danışarkən vaxtilə Xocavənd
özünümüdafiə batalyonunun komandiri olmuş, rayon
icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov o
günləri xatırlayaraq deyir:
- 1988-ci ildən Qarabağ
hadisələrinin içində olmuşam. Həmin dövrdə
Xocavənd özünümüdafiə batalyonu yaratdıq və
bütün camaatı ətrafımıza topladıq.
Dağlıq Qarabağ azərbaycanlıları
üçün müharibə 1992-ci ildən
başlamayıb, 1988-ci ildən biz açıq hərbi
qarşıdurmada olmuşuq. Hər gün ermənilərlə
döyüşmüşük, mübarizə
aparmışıq, o dövrkü ölkə rəhbərliyinə
kömək üçün dəfələrlə müraciət
etmişik. Ancaq təəssüf ki, bizim bu müraciətlərimizə
bir cavab verən olmayıb. Belə bir vəziyyətdə Azərbaycanın
qeyrətli oğulları, döyüşçüləri
düşmənə nə qədər müqavimət
göstərsələr də, güclərin qeyri-bərabərliyi
üzündən torpaqlarını qoruyub saxlaya bilməyiblər.
Eyni zamanda, torpaqlarımızın işğalına həm də
daxildəki müəyyən xəyanətkar qüvvələrin
əməlləri zəmin yaradıb. Əlacsız
qalmışdıq. Bir faktı vurğulayım ki, 1991-ci il
noyabrın 16-da xocavəndlilərin arzusu ilə mən
özünümüdafiə batalyonunun komandiri kimi
Naxçıvana Heydər Əliyevlə görüşə
getdim. Bütün problemləri danışdım, çətinlikləri
söylədim, dəyərli məsləhətlər,
tövsiyələr aldım. Yəni biz xocavəndlilər,
qarabağlılar Bakıdan, dövlətdən əlimizi
üzmüşdük, nicatımızı Heydər Əliyevə
bağlamışdıq. Açıq deyirəm, müharibənin
gedişində biz təkcə ermənilərlə deyil, həm
də daxildəki təxribatçılarla
döyüşmüşük. Bütün bunlar da müvəqqəti
məğlubiyyətimizin əsas səbəbləridir. O
vaxtlar insanlarda özünümüdafiə ruhu son dərəcə
yüksək idi. Xocavənd rayonunun Qaradağlı kəndi
dörd ay mühasirədə qalıb, gecə-gündüz
ermənilərlə vuruşub. Axırıncı patrona kimi kənd
düşmənə müqavimət göstərib, 77 şəhid
verib. Həmin dövrdə Bakıdan, ölkəmizin müxtəlif
yerlərindən hətta 12-14 yaşlarında yeniyetmələr
belə döyüş bölgəsinə gəlirdilər.
Biz onları geri qaytarırdıq, sabah görürdük yenidən
gəliblər. Biz həmin insanlarıq. Heç nə dəyişməyib!
Müharibənin başlanmasına və
torpaqlarımızın azad edilməsinə hər an hazır
olmalıyıq! Erməniyə qalsa, sülh
danışıqları daha 50 il uzanacaq və nəticəsiz
qalacaq. Biz bu vəziyyətə necə səbir edək, nə
qədər dözək? Azərbaycan Ordusu yaranan gündən
atəşkəsə kimi gərgin döyüşlərin
içində olmuşam, bu gün də ordunun içindəyəm.
Hər gün Silahlı Qüvvələrimizin, əsgər və
zabitlərimizin yanındayam.
Bugünkü Azərbaycan 20
il bundan əvvəlki zəif, problemlərin içində
sıxılan bir dövlət deyil! Yəni bizim heç vaxt
belə qüdrətli dövlətimiz olmayıb! Bizim
şansımız var ki, Ali Baş Komandan İlham Əliyevin ətrafında
daha sıx birləşərək birdəfəlik bu məsələni
həll edək, düşmənin cavabını verək,
torpaqlarımızı azad edək!
Yeni qəsəbələr, yaxud Xocavənd rayonu indi
haradadır?..
Hazırda Xocavənd Rayon
İcra Hakimiyyəti, icra nümayəndəlikləri və
digər idarələr Beyləqan rayonu ərazisində fəaliyyət
göstərir.
Rayonun işğaldan əvvəl:
- 21 təhsil müəssisəsində
(o cümlədən: 10 ümumtəhsil, 4 məktəbəqədər,
2 məktəbdənkənar və 5 texniki peşə) 250
pedaqoji və 10 texniki işçi
çalışmış, 161 sinif otağına malik
ümumtəhsil məktəblərində 2834 şagird təhsil
almışdır;
- 32 səhiyyə müəssisəsində
76 həkim və 74 orta tibb işçisi işləmişdir;
- 59 mədəniyyət
müəssisəsində 240 nəfər işləmişdir.
Hazırda:
- 19, o cümlədən 12
ümumtəhsil, 5 ibtidai, 2 əsas təhsil müəssisəsində
221 sinif otağı vardır ki, burada 2030 şagird oxuyur, 358
müəllim və 148 texniki işçi
çalışır;
- 1 Mərkəzi xəstəxana,
4 ambulatoriya, 3 kənd xəstəxanası, 3 kənd
feldşer-mama məntəqəsində 20 həkim, 142 orta tibb
işçisi və 73 texniki işçi
çalışır;
- 7 mədəniyyət evi,
19 kitabxana, 13 klub, 2 musiqi məktəbi fəaliyyət göstərir
və burada 261 nəfər çalışır.
Hər cür şəraitə
malik yeni qəsəbələrin inşa edilməsini və
açılış mərasimində Prezident İlham Əliyevin
orada iştirakını xocavəndlilər böyük minnətdarlıq
hissi ilə xatırlayır və rayon əhalisinə göstərilən
qayğını bütövlükdə dövlət
qayğısı kimi qəbul edirlər. Bu qayğı və
diqqətin nəticəsidir ki, bu gün rayon əhalisinin
böyük bir qismi müasir, yaraşıqlı evlərdə
yaşayır. Qəsəbə mənzil-kommunal istismar sahəsinin
rəisi İsmayıl Nəcəfov deyir ki, hazırda məskunlaşdığımız
Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan məcburi
köçkünlər üçün yeni tipli 500 ailəlik
qəsəbə salınıb. Burada yaşayan hər bir ailəyə
60 sot torpaq sahəsi ayrılıb. Qəsəbənin təmizliyinə
xüsusi diqqət verilir, kommunal xidmətlər layiqincə
yerinə yetirilir. Ümid edirəm ki, tezliklə öz
torpaqlarımıza qayıdıb quruculuq və abadlıq
işlərini orda davam etdirəcəyik.
Qaradağlı kənd
sakini, iki şəhid anası Sevil Əzizova isə
bütün ailəsinin, yaxınlarının Prezidentlə
olan görüşün təsiri altında olduqlarını
söylədi:
- Cənab İlham Əliyevin
bizimlə görüşməsi,
yaşayışımız, güzəranımızla
yaxından maraqlanması ölkəmizdə şəhid ailələrinə,
məcburi köçkünlərə olan qayğı və
diqqətindən irəli gəlir. Hazırda
yaşadığımız dördotaqlı evi bütün
avadanlıqlar ilə birlikdə möhtərəm Prezident
bizim ailəyə hədiyyə edib. Buna görə bir daha ona
dərin minnətdarlığımızı bildiririk.
Salakətin kənd orta məktəbinin
direktoru Ramiz Rüstəmov isə yenicə tikilib istifadəyə
verilmiş yaraşıqlı məktəb binasına görə
cənab İlham Əliyevə məktəb kollektivi və qəsəbə
sakinləri adından öz minnətdarlığını
bildirir. 360 yerlik orta məktəbdə lazımi avadanlıq və
kompüterlərlə təchiz edilmiş fənn otaqları,
geniş idman zalı, laboratoriya və məktəb bufeti fəaliyyət
göstərir. Məktəbdə gənc nəslin təlim-tərbiyəsi
üçün lazım olan bütün şərait
yaradılmışdır.
Cənab Prezidentin
böyük diqqət və dəstəyi sayəsində
2009-cu il iyunun 5-də "Azərbaycan Respublikası
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icması"nın ilk qurultayının keçirilməsi bu
bölgənin azərbaycanlı icmasının fəaliyyətinin
daha da aktivləşməsi, Vətənin bu günü, sabahı
və gələcəyi üçün hər bir xocavəndlinin
üzərinə məsuliyyət və böyük vəzifələr
qoyur.
"Azərbaycan
Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icması"nın mənzil qərargahının da bu
günlərdə istifadəyə verilməsi Dağlıq
Qarabağdan olan bütün azərbaycanlılar kimi xocavəndlilərin
də ürəyindən xəbər verib.
Qaytaran kişinin dedikləri
Qaytaran Quliyev qəsəbədə
məskunlaşan yüzlərlə qaçqından biridir.
Qaçqınlığa qədər Xocavəndin Kuropatkin kəndində
gündüzlər üzümçülük sovxozunda
işlər, axşamlar kənd orta məktəbinin qarovulunu
çəkərdi. Qaytaran kişi şəhid oğlunu Xocavənddə
buraxıb gəlib və televiziya
tamaşaçılarının yadında olar: bir neçə
ay əvvəl "Yevro Nyus" proqramında
qaçqınlarla bağlı süjet göstərilmişdi,
orda çıxış edənlərin arasında Qaytaran
kişi də var idi. Onda üzünü bütün
dünyaya tutub demişdi: "Nəvələrim
atalarının qəbrini görmək istəyir. Mən
onlara heç nə deyə bilmirəm". Bu ahıl
yaşında demişdi və ağlamışdı...
İllər
keçmişdi, vaxtilə o məktəbdə mən də
oxumuşdum, amma Qaytaran kişi məni tanımadı. "Mən
bəzi şeyləri deyəcəm, bunları yaz - dedi. -
Birincisi bunu yaz ki, bu günə düşməyimizdə
özümüz günahkarıq. Qurd ağacı içindən
yeyər. Ermənilər bu işi çoxdan düzüb
qoşmuşdular - xəbərimiz olmayıb. Yadımdadır,
o ağır günlərdə bizim sovxozun erməni direktoru məktəbə
gəlmişdi, rəhmətlik Əmir müəllimlə (Əmir
müəllim kimya-biologiya müəllimi idi) onun belə bir
söhbətini eşitdim. Əmir müəllim ondan
soruşdu ki, sən oğlunun ölmüşü,
düzünü de, doğrudanmı hər bir erməni bu
işə görə hər ay pul verirmiş". Erməni pərt
oldu: "Mən bilmirəm, bəlkə də oğlum
verirmiş".
Bunu da yaz: "Oğlum şəhid
olandan sonra bir az Ağdamda yaşadıq. Sonra buralar tikildi,
Allah Prezidentə ömür versin, köçüb gəldik
bura. "Qaçqın" sözündən canımız
qurtardı. Çünki burada hamı qaçqındır,
hamının dərdi-səri birdir.
Bir də yaz ki, hələ də
nəvələrimə cavab verə bilmirəm. Əvvəllər
lap balaca idilər, heç nə anlamırdılar, elə
atalarının qəbrini də olsa, görmək istəyirdilər.
İndi bir az böyüyüblər, təkidləri
azalıb. Amma həmin həsrət, nisgil gözlərinə
yazılıb. İllər keçir, vaxt ötür, bunun
axırı necə olacaq?".
Ondan ayrılıb qəsəbənin
yaraşıqlı evlərinin arası ilə gedirdik,
qarşımıza müxtəlif adamlar
çıxırdı - uşaq da, qoca da, qadın da. Bu
rahatlığın, sakitliyin içində üzlərə
yazılmış bir ifadə vardı: "Qarabağa, Xocavəndə
nə vaxt qayıdacağıq? Xocam, o gün haradadır? Nə
vaxt gələcək?". Cavabını hamının
yaxşı bildiyi bu suallara bilmədim nə cavab verim.
Vaxtı dəqiq bilməsək
də, hökmən qayıdacağıq! Buna kimsədə
şübhə yoxdur!
Bəxtiyar QARACA
Azərbaycan.- 2010.- 25 avqust.- S. 5.