Moskvanın və Bütün
Rusiyanın Patriarxı Kirill Mübariz İbrahimovun meyitinin qaytarılması üçün
bütün zəruri addımları
atacaqdır
Avqustun 24-də Rusiyanın paytaxtında Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə arasında ikitərəfli görüş olmuşdur.
AzərTAc-ın müxbirinin həmin görüşdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun meyitinin qaytarılmasına Moskvanın və Bütün Rusiyanın Patriarxı tərəfindən kömək məsələsinin qaldırılıb-qaldırılmaması barədə sualına Patriarx Kirill belə cavab vermişdir: "Mən möhtərəm Şeyxülislam Allahşükür Paşazadədən məktub almışam və öz tərəfimdən bütün zəruri addımları atacağam. Lakin məlum olduğu kimi, bu məsələ təkcə bir ölkədə həll edilmir. Burada bəzi məsləhətləşmələr aparmaq lazım gələcəkdir. Görək, nəticəsi nə olacaqdır".
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Paşazadə Moskvada dinlərarası münasibətlərin və konfessiyalararası dialoqun inkişaf perspektivlərini müzakirə etmişlər. A.Paşazadə səfər çərçivəsində Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə müraciətlə Azərbaycanın Milli Qəhrəmanı çavuş Mübariz İbrahimovun erməni işğalçılarında qalmış meyitinin Azərbaycan tərəfinə qaytarılmasına kömək göstərməsini xahiş etmişdir.
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan, Rusiya və Ermənistanın dini liderlərinin üçtərəfli görüşünün mümkünlüyü məsələsini şərh edərək bildirmişdir ki, bu yaxınlarda Azərbaycanda belə bir görüş baş tutmuşdur və yeni görüş keçirilməsi hələlik planlaşdırılmır. O demişdir: "Əgər lazım gələrsə, əgər həyat bunu tələb edərsə, zənnimcə, hər üç dini rəhbər mövcud problemlərin həllinə kömək etmək üçün məmnuniyyətlə görüşərlər".
Rus Pravoslav Kilsəsinin rəhbəri həmin görüşün yekunlarını şərh edərək bildirmişdir ki, söhbət zamanı MDB Dinlərarası Şurasının işi müzakirə edilmişdir. Həmin Şuranın Rəyasət Heyətinin sonuncu iclası bu il aprel ayında Bakıda dinlərarası sammit ərəfəsində keçirilmişdi. Söhbətdə postsovet məkanına mənsub olmayan dini liderlərin müşahidəçilər, yaxud assosiasiya edilmiş üzvlər qismində dəvət edilməsi məsələlərinə də toxunulmuşdur. "Biz bu məsələni öyrənməkdə davam edəcəyik, lakin insanların bizim işimizə qoşulmaq arzusu, bu cür müraciətlər artıq daxil olmuşdur" - deyən patriarx vurğulamışdır ki, görüşdə Azərbaycandakı pravoslav icmasının və Rusiyadakı Azərbaycan müsəlman icmasının vəziyyəti ilə əlaqədar ikitərəfli münasibətlər də müzakirə edilmişdir.
Rus Pravoslav Kilsəsinin başçısı Qafqaz Müsəlmanları İdarəsinin nümayəndə heyəti ilə görüşdə qeyd etmişdir ki, pravoslavlarla müsəlmanlar, o cümlədən MDB məkanında müxtəlif dinlərin nümayəndələri arasında münasibətlər onların görüşlərinin daimi müzakirə mövzularıdır. Patriarx Şeyxülislam Allahşükür Paşazadənin uzun illər boyu Qafqazın ali islam lideri, islam dünyasında çox böyük nüfuz sahibi kimi apardığı işlərə görə ona təşəkkür etmişdir. Patriarx müsahibinə müraciətlə demişdir: "Nəinki Azərbaycanda, ucsuz-bucaqsız MDB məkanında dinlərarası sülh çox cəhətdən sizin sözlərinizdən, sizin həyati mövqeyinizdən asılıdır".
Rus Pravoslav Kilsəsinin başçısı bu ilin aprel ayında Bakıya, dini liderlərin sammitinə gəlməsini razılıq hissi ilə xatırlamışdır. Onun sözlərinə görə, sammitdə səmimi qəbul və konstruktiv iş, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevlə çox mühüm görüş "dinlərarası dialoqu sırf dini səviyyədən din-dövlət səviyyəsinə keçirməyə" kömək etmişdir.
A.Paşazadə də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin geniş əhatəli fəaliyyətini yüksək qiymətləndirərək qeyd etmişdir ki, Patriarx Kirill nəinki MDB məkanında, hətta MDB hüdudlarından uzaqlarda da çox böyük nüfuza malikdir.
Qafqaz Müsəlmanları İdarəsinin başçısı A.Paşazadə demişdir ki, Qarabağ probleminin dinc yolla həll edilməsi Azərbaycan xalqı və bütün müsəlmanlar üçün çox vacibdir. O, Patriarx Kirillin fəaliyyətini yüksək qiymətləndirərək vurğulamışdır ki, Rus Pravoslav Kilsəsinin rəhbəri təkcə rus pravoslavları arasında deyil, müsəlman dünyasında da böyük nüfuz sahibidir. Paşazadə qeyd etmişdir ki, bu fikirləri yaxın vaxtlarda Ərəb Dövlətləri Liqasının 50 illiyi münasibətilə Səudiyyə Ərəbistanında keçirilmiş yüksək səviyyəli görüşdə də səsləndirmişdir. Şeyxülislam demişdir: "Bizim bu istiqamətdə birgə səylərimiz təkcə dindarlar arasında deyil, dövlət liderləri tərəfindən də qiymətləndirilir. Nəinki MDB ölkələrinin rəhbərləri, hətta başqa dövlətlərin başçıları da bizim ümumi dialoqa qoşulmaq istəyirlər".
"Qarabağ probleminin dinc yolla həll edilməsinə dair bizim ideyaları dəstəkləyənlərə şəxsən təşəkkür edirəm. Bu, bizim xalqımız üçün, bizim müsəlmanlar üçün çox vacibdir" - deyən Paşazadə bütün ermənilərin katolikosunun Bakıda keçirilən Ümumdünya dini sammitə gəlməsi faktının əhəmiyyətini xüsusi vurğulamışdır. Allahşükür Paşazadə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə müraciətlə demişdir: "Siz bizim xalqın, bizim müsəlmanların böyük dostu kimi qalacaqsınız və bu, gələcəkdə qarşılaşa biləcəyimiz problemlərin həlli üçün çox vacibdir". O, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını çatdırmışdır.
Rəyasət Heyətinin növbəti iclasını bu ilin noyabr ayında keçirmək qərara alınmışdır.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu görüşdə iştirak etmişdir.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi
müxbiri,
Moskva
Azərbaycan.- 2010.- 25 avqust.- S. 6.