Mağaralar - memarlığın ilkin nümunələri

 

 Bəşər sivilizasiyasının ilkinliyini bu gün də sinəsində qoruyub saxlayan çoxlu sayda tarixi abidələr, maddi əsaslar var ki, onlardan biri də mağaralardır. Azərbaycanın zəngin fauna və florası imkan verib ki, vətənimiz ilk insan məskənlərindən biri olsun. Bunun da əsas səbəblərindən biri insanların yaşaması üçün iqlim şəraitinin münasibmülayim olmasıdır.

Bizə qədərki nəsillər özlərinin varlığını bir sıra maddi-mədəniyyət abidələri yaratmaqla təsdiqləyiblər. Həmin abidələr sırasında memarlıq nümunələri mühüm yer tutur. Memarlıq ilk növbədə insanın yaşayış tarixidir desək, daha doğru olardı. O, hələ ibtidai insanların məskunlaşdıqları təbii mağaralardan başlayaraq bugünümüzə qədər inkişaf yolu keçib. Azərbaycan ərazilərində mağaraların sayı kifayət qədərdir. BöyükKiçik Qafqaz sıra dağlarının ətəklərində, Naxçıvan Muxtar Respublikasında, Kəlbəcər, Zəngilan, Gədəbəy, Göygöl, Şamaxı və nəhayət, Füzuli rayonunda (Azıx) aşkar edilmiş mağaraların yaşı minilliklərə qədər gedir. Demək, mağaralar ilk insan məskəni olduğundan, onun yaranmasında zehnifiziki əmək sərf edilib. Ona görə də onlar memarlıq nümunələri sayılır.

Mağaralarda aparılmış tədqiqatlar göstərir ki, ilk memarlıq nümunələri sayılan bu yaşayış yerlərində əcdadlarımız 1,5 milyon il bundan öncə yaşayıblar. Mağaraların ilk insan məskəni olmasını təsdiqləyən çoxsaylı faktlar göstərmək mümkündür. Onların hər hansı elementini belə, qoruyub saxlamağa çalışan sonrakı nəsillər tikdikləri ev damlarının pəncərəsini (son illərə qədər binalar qalmaqda idi) binanın üstündə (damında) qoyuronu baca adlandırırdılar. Mağaralar insanların təkcə vəhşi heyvanlardan qorunması üçün deyildi. Həmçinin orada yaşayanların digər canlılardan fərqli həyat tərzi keçirmələrinə və beləliklə, sivilizasiyanın inkişafına bir işarə idi.

Mağaranın bacası təkcə içəri işıq salmaq deyil, qalanmış ocağın tüstüsünün bayıra çıxmasına yol açmaq idi. Həmin bacanı sonralar buxarı da adlandırmışlar ki, folklorumuzda buxarı ilə bağlı çoxsaylı bayatılar hələ də qalmaqdadır:

 

Buxarı, ay buxarı,

Tüstünü çək yuxarı...

Mağaraya neyləyər

Suyun iti axarı?..

 

Buxarı təkcə mağaranın üst tərəfində deyil, onun müəyyən bir hissəsində (divar küncündə) oyulmaqla da açılırdı. Son vaxtlara, daha doğrusu, ötən əsrin əvvəllərinə qədər ucqar dağ kəndlərində buxarılı evdamı tikmək, sanki dəb idi. Belə evdamlarının xeyli hissəsi isə albanlardan qalma abidə-qalalarda daha çoxluq təşkil edirdi.

Mağaralar təsnifatına görə müxtəlif olublar. Təbii ki, ilk vaxtlar, sadəcə, vəhşi insanların sığındığı koğuş (oyuq) da mağaraya bənzədilib və zaman keçdikcə şüurun inkişafı ilə onlarda yenidənqurma aparıldığından, formaları dəyişib: yeniləşib və bir qədər də müasirləşib. Sonralar mağaralar dağların başında, qaya üstündə, yer səthindən xeyli hündürlükdə tikilib. Belə mağaralara əsasən Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində, Kiçik Qafqazın isə Qubadlı (Bərgüşad, Həkəri vadiləri), Şirvan ərazilərində (Şamaxının Mərəzə, Sündi və Dərəkənd yaxınlığında), MannaMidiya dövlətlərinə mənsub ərazilərdə rast gəlmək mümkündür. Həmin mağaraların insanlara gözlənilən hücum və təcavüzlərin qarşısının alınması ilə əlaqədar tikilməsi daha çox ehtimal olunur. Həmin mağaraqalalardan bir-birinə işarə etmək və bir-birini anlamaq mümkün idi. Qalalarda qalanan tonqallar isə yadellilərin hücumu barədə işarə verirdi. Belə qalamağaralar Kəlbəcər rayonunun ərazisində, xüsusən Ayrım dərəsində (Löh qalası) səmtində daha çoxluq təşkil edir.

Mağaralara ehtiyac azaldıqca onlar tarixin və torpağın alt qatlarına keçdilər. Memarlıq sənətinin inkişafı mağaraların ömrünə nöqtə qoysa da, mədəniyyətlərin qovuşduğu mərkəzi şəhərlərdə bir-birindən yaraşıqlı, gözoxşayan binalar boy atdıqca, boyları kiçilən mağaralar gözdən düşmədi, əksinə, onlar maddi-mədəniyyət abidələri kimi diqqəti daha çox cəlb etməyə başladılar.

Son illər Azərbaycanda turizmin inkişafı ilə bağlı həyata keçirilən silsilə tədbirlər bəhrəsini verdikcə bu qədim yaşayış məskənlərinə maraq da artmağa başladı. Qəbələdə keçirilən Beynəlxalq musiqi festivalının əcnəbi iştirakçılarının, ümumiyyətlə, Qafqazın ilk dövləti olan Albaniyanın ərazisindəki bu tipli maddi-mədəniyyət abidələrinə maraqları bunu bir daha təsdiqləyir. Bu ərazilərdəki tarixi yaşayış məskənləri yerin səthinə çıxarıldıqca bəşəri sivilizasiyanı heyran qoyan faktlarla qarşılaşırsan.

Öz başlanğıcını təbii, sonralar süni mağaralardan almış binalar isə uzun bir tarixi proses keçərək memarlıq nümunələrinə çevrilmişlər. Onu da qeyd edək ki, Qobustanda aşkar edilmiş ən qədim yaşayış yerləri (mağaralar, müxtəlif sığınacaqlar və s.) ilə yanaşı, meqalit memarlıq abidələri-kromlexlər, çoban daşı, dolmenlər və siklop tikililər geniş yayılmışdır. Hündür daşlardan quraşdırılmış bu qurğular el arasında qalaça, yaxud da "hörükdaş" adlanır. Naxçıvan şəhəri yaxınlığındakı, Tunc dövründən qalma Çalxanqala, Arpaçay sahilindəki Qaratəpə divarında olan Oğlanqala (e.ə. II-I minilliklərin yadigarı) müdafiə xarakterli siklop tikililərə aid edilir.

Ümumiyyətlə, mağaralar şəhərlərin meydana gəlməsi ilə ömürlərini bitirmiş hesab etsələr də, onlar "yaşayır" və ilk insan məskənləri kimi qorunurdaim maraq doğurur. Onlar bu gün, sadəcə, "təbii muzey" və ya daşlaşmış tariximiz deyil, memarlarımızın əlinin nəvazişi ilə cilalanan və gələcək nəsillərə soraq aparacaq maddi-mədəniyyət nümunələri kimi, bəşər sivilizasiyasının keçdiyi yolun əlçatmazlığını təsdiqləyən müqəddəs yer, nağılvari əfsanə, rəvayət və əsatirdirlər. Onlar əcdadlarımızın əmanəti olduğu üçün daha etibarlı qorunmalı, gələcək nəsillərə çatdırılmalıdır.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2010.- 25 avqust.- S. 6.