Niaqara... yenə bizi səsləyir

 

Artıq dördüncü dəfədir ki, Kanadanın Niaqara-on-de-Leyke şəhərində keçirilən ənənəvi beynəlxalq kamera musiqisi festivalına dəvət alırıq. Festivalın münsiflər heyətinin qərarı ilə hər il avqustun 26-sı "Azərbaycan günü" kimi qeyd olunur. Həmin gün Niaqara şəlaləsi tək çağlayan Azərbaycan muğamları, simfonik əsərləri, nümayiş etdirilən digər sənət nümunələri Şimali Amerikanın bu sivil ölkəsində böyük rəğbətlə qarşılanır. Yəqin ki, bu dəfə də...

Sual oluna bilər: Azərbaycanı uzaq Kanadada sevdirən, aramızdakı məsafəni bu qədər qısaldan səbəb nədir? Əlbəttə, səbəb və səbəbkarlar çoxdur. Bunu xatırlamaq üçün bir qədər əvvəlki illərə və hadisələrə "tənəzzöh" etməyimiz yerinə düşər.

 

"Qucaqlaşın, ey insanlar!"

 

Bethovenin Doqquzuncu simfoniyasının finalında səslənən "Sevinc odası" Şillerin bu sözləri ilə başlanır: "Qucaqlaşın, ey insanlar!" Dahi bəstəkarın musiqisi ilə vəhdət təşkil edən dahi yazıçının sözləri Kanadanın Niaqara-on-de-Leyke şəhərində keçirilən ənənəvi beynəlxalq kamera musiqisi festivalının ruhunu çox dəqiq əks etdirir. Bu ruha yaxın olanlar, bu ruhu özünə deviz seçənlər dünya şöhrətli Niaqara festivalının iştirakçısı olmaq hüququ qazanır, Kanada xalqının sevimlisinə çevrilirlər.

Azərbaycan da belələrindəndir...

 

Kanadada Heydər Əliyev Mərkəzi

 

Məlumdur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həmişə dünya mədəniyyətlərinin yaxınlaşmasına, onların bir-birini qarşılıqlı zənginləşdirməsinə çalışırdı. İstəyirdi ki, doğma vətənimizin paytaxtı Bakı həqiqətən, dünyanın əsas mədəni mərkəzlərindən birinə, dünya sivilizasiyasının mənəvi özəyinə çevrilsin...

Kanadadakı Beynəlxalq Heydər Əliyev Mərkəzi də özünün çoxşaxəli fəaliyyətini məhz bu səpkidə qurur. Mərkəz Şimali Amerikanın bu ölkəsindəki Azərbaycan səfirliyinin dəstəyi ilə Kanadanın "İpək yolu" kamera orkestrinin baş dirijoru, Beynəlxalq Niaqara Musiqi Festivalının "İpək yolu" komitəsinin sədri, həmyerlimiz İsmayıl Hacıyev və onun oğlu Cövdət Hacıyev (Azərbaycanın böyük bəstəkarı Cövdət Hacıyevin nəvəsi) tərəfindən yaradılmışdır...

Niaqara şəhərinin meri lord Herri Borrou Beynəlxalq Heydər Əliyev Mərkəzinə çox böyük maraq göstərir. O, Azərbaycan səfiri və diasporunun nümayəndələri ilə görüşündə "Sivilizasiyaların dünya irsi" devizi altında fəaliyyət göstərən mərkəzin planlarına müsbət münasibətini bildirmiş, qurumun fəxri prezidenti olmaq təklifini məmnuniyyətlə qəbul etmişdir. Beləliklə, Herri Borrou Kanadadakı Beynəlxalq Heydər Əliyev Mərkəzinin fəxri prezidenti seçilmişdir...

Kanadadakı Beynəlxalq Heydər Əliyev Mərkəzi öz fəaliyyətində çox mühüm bir məsələnin həllinə böyük əhəmiyyət verir. Bu, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uğurla başçılıq etdiyi Heydər Əliyev Fondu ilə əməkdaşlıq və qarşılıqlı yaradıcılıq əlaqələridir. Son illərdə şahidi olduğumuz hadisələr bu əlaqələrin uğurlu bəhrələrindəndir. Bu gün ulu öndərin ideyalarının, onun irsinin dünya miqyasında təbliğində ən qüdrətli vasitə kimi tanınmış fondun çoxşaxəli fəaliyyəti azərbaycançılıq və dünya sivilizasiyası ideyalarının qlobal məsələlərinin həllinə yönəlmişdir...

 

"İlin adamı"

 

İki il əvvəl Kanadanın Toronto şəhərində türkdilli diasporların forumu keçirildi. Gürcüstan, Litva, LatviyaEstoniya diasporları nümayəndələrinin, habelə Beynəlxalq Niaqara Musiqi Festivalı rəhbərlərinin də iştirak etdikləri forumda Azərbaycan Prezidenti İlham Əliyev yekdilliklə "İlin adamı" seçildi.

Forum iştirakçılarının Prezident İlham Əliyevə ünvanlanmış müraciətində onun çoxmilyonlu türk dünyasında şəksiz lider olması, bütün planetdə sülhü bərqərar etmək, Cənubi Qafqaz regionundaonun hüdudlarından kənarda siyasi vəziyyəti sabitləşdirmək səyləri vurğulanırdı.

Müraciətdə deyilirdi: "Siz Azərbaycanın qarşısında duran ən ümdə problemləri həll etmək, müasir dövrün aktual geosiyasi məsələləri müzakirə edilərkən müsbət nəticələr əldə edilməsinə kömək göstərmək, siyasi, iqtisadi və mədəni baxımdan optimal həll variantlarını operativ tapmaq bacarığınız sayəsində zəmanəmizin görkəmli dövlət və siyasi xadimləri sırasına çıxmısınız..."

Müraciətdə daha sonra deyilirdi: "Dünyada Sizi tarixi "İpək yolu" qlobal layihəsinin əsas memarlarından və ideya-siyasi baxımdan bu layihəni həyata keçirənlərdən biri hesab edirlər. Bu layihənin nəcib ideyaları Yer üzündə tərəqqi və sülh naminə sivilizasiyaların hərtərəfli inteqrasiyasına, mədəni sintezə, mənəvi cəhətdən qarşılıqlı zənginləşməyə, qarşılıqlı iqtisadi əlaqələrə xidmət edir..."

 

"Dünyanın qızıl gülü"

 

Heydər Əliyev Fondunun, onun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xalqımızın zəngin mədəni irsinin dünyada təbliği sahəsində gördüyü işlər xaricdə də böyük əks-səda doğurur və yüksək qiymətləndirilir.

Kanadanın Niaqara-on-de-Leyke şəhərində 2008-ci ildə keçirilən ənənəvi beynəlxalq kamera musiqisi festivalında Azərbaycan mədəniyyətinin misilsiz qələbəsi bilavasitə Heydər Əliyev Fondunun, onun prezidenti xanım Mehriban Əliyevanın işgüzar və məqsədyönlü fəaliyyəti ilə bağlı idi.

Niaqara festivalının direktoru, Toronto Kral Konservatoriyasının professoru Atis Bankas bildirmişdir ki, məhz buna görə də Azərbaycanın birinci xanımı Niaqara Beynəlxalq Musiqi Festivalının yüksək mükafatına - dünyada sülh naminə mədəniyyətlərin və sivilizasiyaların yaxınlaşması və inteqrasiyası kimi ali missiyanı həyata keçirən İnsanın qədim simvolu olan "Dünyanın qızıl gülü" mükafatına layiq görülmüşdür...

Bəşər mədəniyyətinin inkişafına töhfəsinə görə "Dünyanın qızıl gülün"ə çevrilmiş Mehriban xanım Əliyeva özünün qeyri-adi istedadı və işgüzarlığı ilə xalqımızın adını hələ çox-çox yüksəklərə qaldıracaqdır.

 

Qran-pri "yağışı"

 

Həmin il Kanadanın Niaqara-on-de-Leyke şəhərində keçirilmiş beynəlxalq kamera musiqisi festivalını yekunlaşdırmış Azərbaycan muğamı günləri Şimali Amerikanın mədəni həyatında əsl sensasiyaya çevrildi. Tanınmış azərbaycanlı bəstəkar və dirijor İsmayıl Hacıyevin rəhbərlik etdiyi Kanadanın "İpək yolu" kamera orkestri ilə birlikdə çıxış edən muğam üçlüyünün heyrətamiz ifası Azərbaycan musiqi sənətinin yüksək səviyyəsini bir daha təsdiqlədi.

Xatırladaq ki, Azərbaycan ifaçıları 60 ölkəni təmsil edən 70 musiqiçininmusiqi kollektivinin iştirak etdiyi bu festivalda, demək olar, bütün qran-pri mükafatlarına sahib oldular. İlk növbədə, yüksək mükafata muğam üçlüyünün parlaq çıxışı layiq görüldü. Festivalın rəhbərliyi bu üçlüyə Azərbaycan ifaçılıq məktəbinin ustadlarından biri, dünyanın bir sıra ölkələrində yaxşı tanınan böyük xanəndə, xalq artisti Əlibaba Məmmədovun adını verdi.

Gənc tarzən Sahib Paşazadə isə virtuoz ifaya görə qran-pri mükafatına və festivalın tarixində ilk dəfə olaraq təqdim edilən "Tarın Paqaninisi" tituluna layiq görüldü...

 

"Daş üzərində çiçək açan dilbər"

 

Niaqara festivalı təkcə muğammusiqi ifaçılarımız üçün zəfərlə bitməyib...

Yazıçı-jurnalist, filologiya elmləri namizədi Şərəf Cəlilinin görkəmli Azərbaycan şərqşünası Aida İmanquliyevanın həyat və yaradıcılığından bəhs edən "Daş üzərində çiçək açan dilbər" kitabı da festivalın yüksək mükafatına layiq görülmüşdür.

Fərəhli haldır ki, festival günlərində Niaqarada açılmış və dünya mədəniyyətinin inkişafına, Şərq və Qərb mədəniyyətlərinin yaxınlaşmasına xidmət edəcək Beynəlxalq Universal Mənəvi Dəyərlər Mərkəzinə Azərbaycanın şərqşünas alimi Aida İmanquliyevanın adı verilmişdir.

 

Yenidən Niaqara festivalına

 

Budur, yenidən səfərdəyik. Niaqara Beynəlxalq Musiqi Festivalına dəvət almış Azərbaycan nümayəndə heyəti avqustun 22-də Kanadaya yola düşmüşdür. Avqustun 26-da isə festival çərçivəsində "Azərbaycan günü" keçiriləcəkdir. Günün proqramı "Qarabağ şikəstəsi" muğamının şaqraq sədaları ilə başlayacaqdır. Yerli tamaşaçılar və qonaqlar Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Cövdət Hacıyevin əsərlərini dinləmək imkanı qazanacaqlar. Ümumiyyətlə, "Azərbaycan günü"nün proqramı olduqca zəngindir...

Niaqara Beynəlxalq Musiqi Festivalında iştirak edən elçilərimiz görəsən, bu dəfə hansı töhfələrlə qayıdacaqlar? Bu sualın cavabını nümayəndə heyətimizin Niaqaradan doğma vətənə qayıdışından sonra biləcəksiniz.

 

 

Yusif KƏRİMOV,

əməkdar jurnalist

 

Azərbaycan.- 2010.- 25 avqust.- S. 7.