Azərbaycan demokratiya yolunda inamla irəliləyir

 

Cari ilin noyabrında keçiriləcək parlament seçkilərinin azad, şəffaf və ədalətli şəraitdə baş tutması üçün ölkə hakimiyyəti tərəfindən bütün zəruri addımlar atılır

 

Avratlantik məkana inteqrasiya yolunda uğurla irəliləyən Azərbaycanda demokratik dəyərlərin daha möhkəm özüllər üzərində bərqərar olaraq inkişafı daim xüsusi diqqətdə olan məsələlər sırasındadır. Bunun nəticəsidir ki, ölkəmizdə müasir dünya tələblərinə cavab verən demokratiya mühiti formalaşıb və bu mühitin daha zəngin xarakter alması istiqamətində görülən işlərin miqyası genişlənir.

O da danılmaz həqiqətdir ki, yeni müstəqillik tariximizdə Azərbaycanın demokratiya yolunda qət etdiyi məsafəni dünyanın inkişaf etmiş əksər ölkələri daha uzun müddətə keçiblər. Beynəlxalq səviyyədə də açıq etiraf edilir ki, sosial-iqtisadi inkişaf dinamikasına görə uğurlu bir modelin əsasını yaradan Azərbaycan dünya miqyasında həm də siyasidemokratik tərəqqi yolunda möhtəşəm nailiyyətlərlə imza atan dövlət kimi xarakterizə olunur. Bu gün ölkəmizdə sözfikir azadlığının, siyasi plüralizmin, çoxpartiyalı sistemin mövcudluğu, vətəndaşların azad seçiminə yüksək şərait yaradılması, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə edilməsi Azərbaycanda demokratik mühitin vacib göstəriciləri sırasında yer alır. Ölkədə hakimiyyət bölgüsü prinsipinin ən qabaqcıl dünya standartlarına uyğun olması, demokratik dəyərlərin inkişafı istiqamətində islahatların sürətli xarakter daşıması, aparıcı Avropa təsisatları ilə yüksək səviyyəli əməkdaşlıq qurulması, Qərb təcrübəsinin üstün cəhətlərinin uğurla mənimsənilməsi və bu qəbildən olan digər hallar demokratiyanın inkişafına zəruri töhfələr verib və verməkdədir. Bütün bunlar öz növbəsində Azərbaycanın mövcud tərəqqi yolunun nə dərəcədə düzgün olduğunu, eyni zamanda inkişafın kompleks xarakter daşıdığını göstərir. Prezident İlham Əliyev bununla əlaqədar bildirmişdir: "Bu gün müstəqil ölkə kimi qısa tariximiz onu göstərir ki, biz müstəqil ölkə kimi uğurla inkişaf edirik. Azərbaycanda bütün sahələrdə görünən inkişaf onun bariz nümunəsidir. Siyasi islahatlar, demokratikləşmə prosesinin uğurla getməsi, hüquqi dövlət, ordu quruculuğu, iqtisadi islahatlar - hər bir ölkə üçün vacib olan bütün bu istiqamətlərdə biz ancaqancaq müsbət irəliləyişi görürük. Bu, bizim gücümüzü daha da artırır. Biz inamla irəliyə gedirik, ölkəmizi inamla idarə edirik".

Demokratiyanın ən vacib kateqoriyaları sırasında yer alan azad, şəffaf, ədalətli seçkilərin, ümumxalq səsvermələrinin keçirilməsi sahəsində də Azərbaycan qazanılan nailiyyətlərin miqyası baxımından seçilən ölkələr sırasındadır. Demokratik seçkilərin keçirilməsi üçün möhkəm qanunvericilik bazasının yaradılması və onun Avropa standartlarına uyğunluğunun təmin edilməsi, seçki praktikasının daim təkmilləşdirilməsi ölkəmizdə bu sahədə əlverişli bir mühit formalaşdırıb. Siyasi partiyaların sərbəst fəaliyyəti, azad, ədalətli seçki sisteminin mövcudluğu, Seçki Məcəlləsinin Avropa təcrübəsinə uyğun təkmilləşdirilməsi, regionda ilk dəfə olaraq Azərbaycanda exit-polun tətbiqi, seçki məntəqələrində veb-kameraların quraşdırılması, sərbəst toplaşmaq azadlığının təmin edilməsi, digər bu kimi məqamlar da qeyd edilənlərin bariz sübutudur. Seçkilərə qatılan namizədlərin qanunvericiliyin tələblərinə müvafiq qaydada təbliğat, təşviqat kampaniyaları aparmaları üçün lazımi şərait yaradılması, seçki komissiyalarının tərkibinin formalaşdırılması prosesində siyasi partiyaların, bitərəf qüvvələrin, vətəndaş cəmiyyəti təmsilçilərinin yaxından iştirakı, seçkilərin gedişinin izlənilməsi üçün yerli və beynəlxalq müşahidəçilərə hər cür imkanın yaradılması, aparılan maarifçilik işibu sahədə demokratik mühitin yaradılmasını xarakterizə edən mühüm göstəricilərdəndir. Qeyd edilənlər cari ilin payızında keçiriləcək parlament seçkilərinin də şəffaf, demokratik və ədalətli şəraitdə baş tutacağını deməyə əsas verir. Ölkənin ictimai-siyasi həyatında yaşanacaq bu mühüm kampaniya ərəfəsində Seçki Məcəlləsinə edilən yeni əlavə və dəyişikliklər Azərbaycanda seçki praktikasının daha təkmil xarakter daşımasına və onu dünya təcrübəsinə maksimum uyğunlaşdırmağa xidmət edib. Digər qanunvericilik aktlarında da edilən dəyişikliklərin əsas mahiyyəti məhz bu missiyanın uğurla reallaşmasına yönəlib.

Ötən seçkilərdə olduğu kimi, bu dəfə də sözügedən prosesdə iştirak edəcək bütün namizədlər və siyasi partiyalar üçün bərabər şərait yaradılması istiqamətində lazımi işlər görülüb və görülməkdədir. Ölkə hakimiyyəti isə bununla əlaqədar üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməkdə, müvafiq beynəlxalq təşkilatların tövsiyələrini nəzərə almaqdadır. Prezident Administrasiyasınin ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bununla bağlı verdiyi açıqlamada bir daha bəyan edib ki, Azərbaycan hakimiyyəti qarşıdakı parlament seçkilərində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə hazırdır. Əli Həsənov bu məsələdə ATƏT-in bütün tövsiyələrinin nəzərə alındığını da bildirib. O deyib: "Hakimiyyət olaraq biz bəyan etdik ki, seçki prosesində namizədlərə bərabər şərait yaradılması, KİV-də seçki təbliğatına maksimum yer verilməsi, o cümlədən İctimai Televiziyada Seçki Məcəlləsinə müvafiq olaraq göstərilən vaxtdan daha səmərəli istifadə olunması, özəl televiziyalarda namizədlərə pullu efir vaxtı ayrılması və azad seçki yarışı mühitinin formalaşması üçün addımlar atmağa hazırıq. Biz inanırıq ki, builki seçkilərdə bu şərait tam yaradılacaq. Əhali kimə səs verəcəksə, o da gələcək parlamentdə bizi təmsil edəcək".

Prezident Administrasiyasınin ictimai-siyasi məsələlər şöbəsinin müdiri ATƏT-in Bakı Ofisinin təşkilatçılığı ilə "Seçkilərin mediada əks etdirilməsi" mövzusunda keçirilən "dəyirmi masa"dakı çıxışında media orqanlarının yenə sərbəst fəaliyyət göstərəcəyini vurğulayıb: "Bu il Azərbaycanda keçiriləcək parlament seçkilərində KİV-in fəaliyyətini məhdudlaşdıran heç bir administrativ resursdan istifadə olunmayacaq". Onun sözlərinə görə, seçkilərin işıqlandırılmasında Seçki Məcəlləsində göstərilən bütün imkanlardan istifadə ediləcək. Özəl mətbuatın seçkilərdə fəaliyyəti üçün heç bir məhdudiyyət qoyulmayacağını bildirən Əli Həsənov İctimai Televiziyada bütün namizədlərə təbliğat üçün lazımi şərait yaradılacağını qeyd edib. O əlavə edib: "Biz bu prosesin şəffaf keçirilməsini istəyirik. Təəssüflər olsun ki, seçki prosesi ilə seçkidən sonrakı vəziyyət fərqlidir. Seçki prosesində hamı prosesin normal olduğunu deyir. Nəticələr açıqlanandan sonra isə qalib gələ bilməyənlər deyir ki, saxtakarlıq, problem var".

Onu da bildirək ki, seçki dövründə Mərkəzi Seçki Komissiyası media orqanlarının müşayiəti ilə fəaliyyət göstərir və artıq bu, Azərbaycanda müsbət ənənəyə çevrilib. Dünyanın heç bir ölkəsində ödənişsiz efir vaxtı praktikası olmasa da, Azərbaycanda bu təcrübədən istifadə edilməsi ölkəmizdə namizədlər üçün daha əlverişli şəraitin yaradılmasından xəbər verir. Eyni zamanda Seçki Məcəlləsində efirdə ödənişli təbliğat üçün vaxt və ödənişli reklama görə heç bir məhdudiyyət yoxdur.

Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə şöbəsinin müdiri Zeynal Nağdəliyev isə bildirir ki, Azərbaycanda artıq seçki mədəniyyəti formalaşıb və son bələdiyyə seçkilərində ölkəmiz demokratiya yolunda növbəti addımlar atdığını nümayiş etdirib. Onun sözlərinə görə, 2009-cu ildə keçirilən bələdiyyə seçkiləri zamanı bəzi pozuntular da olubbunlar ölkə rəhbərliyi tərəfindən prinsipial olaraq qiymətləndirilib. Zeynal Nağdəliyev növbəti parlament seçkisində bu mövqenin daha da sərtləşəcəyini xüsusi olaraq diqqətə çatdırıb.

Seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi, dairə seçki komissiyaları sədrlərinin peşəkar hazırlığının artırılması məqsədilə dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilməsi də ölkə hakimiyyətinin azad, şəffaf və ədalətli seçkilərin baş tutmasında maraqlı olduğunu göstərən əsas məqamlardandır.

 

 

Rasim BAYRAMOV                                                                      

 

Azərbaycan.- 2010.- 26 avqust.- S. 1.