Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətində elm və təhsilə qayğı xüsusi yer tutur

 

Yeni dünya nizamı dünya siyasətinin transmilliləşməsi, qloballaşmanın qarşısıalınmaz prosesə çevrilməsi ilə səciyyələnsə də, hər bir xalqın milli özünəməxsusluğunun qorunub saxlanması zərurətindən irəli gələn, "lokalizasiya" adlanan əks cərəyan da özünü qabarıq göstərir. Getdikcə dövlət daha çox minilliklərin sınağından çıxmış milli ənənə və dəyərlərini təhdid edən total mədəniyyət ünsürlərinə qarşı çıxır. Müxtəlif beynəlxalq təşkilatlar milli-mədəni suverenliyin yad təsirlərdən hifz olunması ilə bağlı həyəcan təbili çalırlar. Aşkar görünür ki, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması bu gün qloballaşan dünyada sülh və sabitliyin, əmin-amanlığın, dinc-yanaşı yaşamağın vacib meyarına çevrilmişdir.

 

Azərbaycan xalqına xas zəngin ənənələrin qorunub saxlanılması və inkişaf etdirilməsi milli-mənəvi dəyərlərin ciddi təhdidlərlə üzləşdiyi müasir dövrdə xüsusilə aktualdır. Bu aktuallıq geostrateji mövqeyinə görə çeşidli dünyagörüşü və həyat tərzinin, mədəni dəyərlərin, dini konfessiyaların qovuşduğu Azərbaycanın milli-etnik tərkibi ilə dünyanın ən tolerant dövlətlərindən birinə çevrilməsi ilə şərtlənir. Əsrlərin sınağından çıxmış mədəniyyətini, mənəvi dəyərlərini, adət-ənənələrini hifz etməyi bacaran Azərbaycan xalqı ümumbəşəri mütərəqqi dəyərlərə tolerant münasibət bəsləməklə, müasirliyə və yeniliyə can atır. Xalqımız bu mürəkkəb sosial mədəni prosesin təkcə coğrafi deyil, həm də mənəvi təzahürünü, Qərb və Şərq mədəniyyətinin dialoqunu da gündəlik həyatında hiss edir. Təsadüfi deyildir ki, xalqlararası və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir.

Azərbaycanda mədəni müxtəlifliyin təmin olunmasına, bəşəriyyətin nicatına, insanlığın yüksəlişinə xidmət edən nəcib və humanist dəyərlərin inkişafında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri də xüsusi vurğulanmalıdır. Azərbaycanın birinci xanımı xalqın milli varlığının və özünəməxsusluğunun təcəssümü kimi əsrlər boyu formalaşmış zəngin mənəvi irsi, milli düşüncə və dəyərlər sistemini yad təsirlərdən qorumaq, zəngin mədəniyyətini bəşər miqyasında təbliğ etmək kimi çətin və şərəfli vəzifənin öhdəsindən layiqincə gəlir.

Son 6 ildə ulu öndər Heydər Əliyevin ali ideyalarına tapınan, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə sanballı töhfəsini verən Heydər Əliyev Fondu Azərbaycan xalqının milli mədəniyyətinin, milli-mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətdə saflıq, nəciblik, xeyirxahlıq kimi dəyərlərin təbliğində müstəsna xidmətlərə malikdir. Fond ümummilli liderin xeyirxah və nəcib əməllərini yaşatmaq üçün ictimai həyatın müxtəlif sahələrində fundamental layihələr həyata keçirir, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin operativ həllinə maddi-mənəvi dəstək verir.

Xalqa xidməti həyat kredosuna çevirmiş böyük şəxsiyyətlər bunun müqabilində hər zaman təmənnasız olmuş, dar məqsəd güdməmişlər. Fəqət, belə nəcib və xeyirxah insanların mənəvi yüksəliş və ucalığa xidmət edən çoxşaxəli fəaliyyətinin obyektiv dəyərləndirilməsi bəzən obyektiv tələbat kimi ortaya çıxır. Nəcib və tərəqqipərvər təşəbbüslərinə görə, hələ 2004-cü ildə YUNESKO-nun, 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülən, 2007-ci ildə "Qızıl ürək" beynəlxalq mükafatı, Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatı, "Əsrlərin xeyriyyəçiləri" Beynəlxalq Fondunun Yaqut Xaç ordeni ilə təltif olunmuş Azərbaycanın birinci xanımının dövlət başçısı İlham Əliyevin 2009-cu il 5 may tarixli sərəncamı ilə "Heydər Əliyev mükafatı"na layiq görülməsi də onun əzmkar fəaliyyətinə verilən adekvat qiymətdir. 2010-cu ildə isə Mehriban xanım Əliyeva Fransanın "Şərəf Legionu" ordeni və YUNESKO-nun "Qızıl Motsart" medalı ilə təltif olunmuşdur.

Qurumun 5 illik yubiley mərasimində iştirak edən dövlət başçısı İlham Əliyev qısa müddətdə böyük layihələri uğurla gerçəkləşdirməyə müvəffəq olmuş Heydər Əliyev Fondunun cəmiyyətdə böyük inam və etimad qazandığını razılıqla qeyd etmişdir: "Son beş il ərzində Heydər Əliyev Fondu, sözün əsl mənasında, ümumxalq fondu olmuşdur. Bu fondun xətti ilə aparılan işlər, görülən tədbirlər, irəli sürülmüş təşəbbüslər göz qabağındadır. İstər təhsil, istər səhiyyə sahəsində, mədəniyyət sahəsində, mənəvi irsin qorunması işində, Azərbaycanın dünya birliyində təbliğ edilməsi işində, Azərbaycanın olduğu kimi təqdimatı işində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geniş mənada dünya birliyinə düzgün şəkildə çatdırılması işində Heydər Əliyev Fondunun rolunu çox yüksək qiymətləndirirəm. Bu fond sübut etdi ki, əgər istək olarsa, əgər iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən sahədə istənilən məsələ həll oluna bilər. Bu fondun çoxşaxəli fəaliyyətini əgər bir sözlə xarakterizə etmək mümkündürsə, mən: "Xoş niyyət" - deyərdim. Çünki bütün sahələrdə biz bunu görürük".

Fond qısa müddət ərzində həyata keçirdiyi böyük layihələrlə dövlətin təhsil strategiyası çərçivəsində qarşıya qoyduğu bir sıra vacib planların gerçəkləşdirilməsinə də töhfəsini vermişdir. Mehriban xanım Əliyevanın ictimai fəaliyyətinin əsas prioritetləri sırasında elm və təhsilin mühüm yer tutması da qətiyyən təsadüfi deyildir. Azərbaycanın gələcəyinin təhsilli insanların çiyinləri üzərində qurulacağını böyük uzaqgörənliklə vurğulamış ulu öndər Heydər Əliyevin ideyalarını əldə rəhbər tutaraq onların gerçəkləşdirilməsinə çalışan fond 6 illik fəaliyyəti ilə cəmiyyətdə maarifçilik xəttinin güclənməsinə təkan vermişdir.

Bu sahəyə yönələn diqqət və qayğının hansı məqsəddən qaynaqlandığını, xalqın, dövlətin gələcəyi baxımından necə böyük əhəmiyyət kəsb etdiyini isə xüsusi vurğulamağa ehtiyac yoxdur. Elmin, təhsilin dinamik inkişafı, milli-mədəni irsin mənfi təsirlərdən qorunması, gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, bugünün uşaqlarının sabahın layiqli vətəndaşları kimi yetişməsi yolunda məqsədyönlü işlərin görülməsi, ilk növbədə, həqiqi vətənpərvərlikdən irəli gəlir. Yalnız səmimi vətənpərvərlik hissi, Vətən sevgisindən qaynaqlanan təmənnasız, pak hisslər insanı olduqca çətin, lakin xalqın və dövlətin gələcəyi baxımından müstəsna əhəmiyyətli işləri həyata keçirməyə sövq edə bilər. Bu baxımdan YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın elm və təhsilin tərəqqisinə əlahiddə münasibəti onun fəal vətəndaş mövqeyində dayanmasının, nümunəvi vətənpərvərliyinin əyani ifadəsidir.

Fondun maarifçilik sahəsindəki fəaliyyəti hansısa konkret çərçivə ilə məhdudlaşmır - məktəb tikintisindən tutmuş, YUNESKO ilə konkret təhsil proqramlarının həyata keçirilməsinədək - geniş spektri əhatə edir. Qısa müddət ərzində uğurla gerçəkləşdirilən bu layihələr cəmiyyətdə böyük rezonansa səbəb olmuş, rəğbət və etimadla qarşılanmışdır. Azərbaycanın zəruri ehtiyaclarını nəzərə alan Heydər Əliyev Fondunun yeni məktəb tikintisi, mövcud orta ümumtəhsil müəssisələrinin əsaslı təmir və bərpası istiqamətində həyata keçirdiyi tədbirlər də son dərəcə təqdirəlayiqdir. İctimai əsaslarla fəaliyyət göstərən fondun ümummilli mənafelərə hesablanmış tədbirlərin həyata keçirilməsində cəmiyyətdən ciddi mənəvi-maddi dəstək alması görülən işlərin miqyasını, dinamikliyini və səmərəliliyini daha da artırır.

Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyduğu strateji məqsəd Azərbaycanda bu sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində qurulması, milli təhsil modelinin gerçəkləşdirilməsinə maddi-texniki və intellektual zəmin formalaşdırılmasıdır. Şübhəsiz, təhsil infrastrukturunu yeniləşdirmədən, müasir tipli yeni məktəblər inşa etmədən, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi təhsil ənənələrini nəzərə almadan bu məqsədlərə nail olmaq qeyri-mümkündür. Təsadüfi deyildir ki, Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı I Dövlət Proqramında da yeni məktəblərin inşası məsələsinə xüsusi diqqət ayrılırdı. Heydər Əliyev Fondu həmin proqram çərçivəsində müvafiq hakimiyyət strukturlarının həyata keçirdiyi işləri də qabaqlayaraq, bölgələrdə mədəni-intellektual səviyyənin yüksəlməsində yaxından iştirak etmişdir.

Azərbaycanın birinci xanımının birbaşa təşəbbüsü ilə həyata keçirilən, müvafiq dövlət qurumlarının, vətəndaş cəmiyyətinin bəzi strukturlarının da dəstəklədiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi bu baxımdan cəmiyyətdə daha böyük əks-səda doğurmuşdur. Layihənin əsas məqsədi təhsil sahəsində mövcud problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirmək olmuşdur. Layihə çərçivəsində yalnız 2005-2009-cu illərdə 75 mindən artıq şagird yerlik 283 məktəb binası inşa olunmuş və yenidən qurulmuşdur. Müasir tələblərə cavab verən məktəb binaları müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompüterlərlə təchiz olunmuşlar. Heydər Əliyev Fondu belə yüksək göstəricilərə nail olmaqla sübut etdi ki, yüksək əzm və iradə, ən əsası, vətənpərvərlik milli inkişafda son dərəcə vacib amildir. 5 il ərzində fondun xəttilə 283 yeni məktəbin inşası ağır müharibə şəraitində yaşayan, iqtisadiyyatı yeni inkişaf etməyə başlayan Azərbaycan üçün olduqca böyük nailiyyətdir. "Ölkəmizdə çox böyük əks-səda doğuran "Yeniləşən Azərbaycana yeni məktəb" proqramıdır. Biz ilk dəfə bu proqramı təqdim edəndə "dəyirmi masa" keçirmişdik. Çox adam inanmırdı, şübhə ilə yanaşırdı ki, bu necə ola bilər, üç-dörd ay ərzində 132 məktəb tikiləcək, özü də əksəriyyəti ucqar rayonlarda, ölkəmizin dağlıq rayonlarında inşa olunacaqdır. Amma biz sübut etdik ki, əgər inam varsa, iradə varsa, əgər işləri düzgün qurmaq bacarığı varsa, hər bir problem çox qısa bir zamanda öz həllini tapa bilər" - deyən fondun prezidenti Mehriban xanım Əliyeva görülən işlərin bundan sonra da davam etdiriləcəyini, qarşıdakı illərdə də yeni məktəb binalarının tikilib istifadəyə veriləcəyini bəyan edir. Təqdirəlayiq haldır ki, Azərbaycan Prezidentinin regionlara səfərləri zamanı Azərbaycanın birinci xanımı fondun xəttilə aparılan inşaat işləri ilə yaxından tanış olur, lazımi tövsiyələrini verir.

Azərbaycanda kimsəsiz uşaqlar üçün nəzərdə tutulmuş müəssisələrə sığınan körpələrin problemlərinin həlli də bu gün Heydər Əliyev Fondunun qarşıya qoyduğu əsas vəzifələrdən biridir. "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" bilavasitə fondun prezidentinin təşəbbüsü ilə hazırlanmış, Bakıda və ətraf qəsəbələrdə yerləşən uşaq evlərində, internat məktəblərdə mövcud problemlər öyrənilmiş, onların aradan qaldırılması üçün konkret işlər görülmışdır. Proqram çərçivəsində 31 uşaq müəssisəsi əsaslı təmir edilmiş, yeni avadanlıqlarla təchiz olunmuşlar. Müəssisələrdə kitabxanalar yaradılmış, onlar müvafiq tədris vəsaiti və bədii ədəbiyyatla təmin olunmuş, əksər uşaq evləri və internat məktəblərində kompüter avadanlığı quraşdırılmış, sinif otaqları interaktiv təhsil üçün uyğunlaşdırılmışdır. Təqdirəlayiq haldır ki, Heydər Əliyev Fondu yaşı 18-dən yuxarı olan, uşaq evlərini tərk edən yeniyetmələrin mənzillə təmin olunmasını da diqqət mərkəzində saxlayır.

Fond uşaq evləri və internat yetirmələrinin sosial-psixoloji reabilitasiyasına imkan yaradacaq resurs mərkəzinin yaradılmasını təmin etmiş, sözügedən proqram üzrə uşaq evləri və internat məktəblərində mövcud problemlərin həll olunması üçün 4 əsas istiqamət müəyyən edilmişdir: texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq. Proqram çərçivəsində yaradılmış işçi qrupu respublikada fəaliyyət göstərən uşaq evləri və internat məktəblərindəki mövcud vəziyyətin monitorinqini apararaq uşaqların sayı, aylıq, illik dövlət təminatına daxil olan qida, geyim, texniki vəsait normativləri, ümumi şərait (təhsil, səhiyyə, yaşayış, istirahət) kimi göstəriciləri müəyyən etmişdir. Belə uşaq müəssisələrinin böyük əksəriyyətinin ilkin mərhələdə əsaslı təmirə və texniki təchizata daha çox ehtiyacı olduğu müəyyən edilmişdir. Heydər Əliyev Fondunun rəhbəri Bakı və ölkənin əksər rayonlarındakı uşaq evləri və internat məktəblərində şəxsən olaraq, proqramın texniki dəstək istiqaməti üzrə işlərin başlanması üçün tapşırıqlarını vermişdir.

Heydər Əliyev Fondu uşaqların təhsili ilə yanaşı, onların hüquqlarının qorunması istiqamətində də ciddi layihələr həyata keçirir. 2009-cu ilin oktyabrında keçirilmiş, BMT Uşaq Hüquqları haqqında Konvensiyasının 20 illiyinə və "Uşaq ili"nə həsr olunmuş "Azərbaycanda uşaqların müdafiəsi islahatı üzrə milli konfrans" bu baxımdan xüsusi vurğulanmalıdır. Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondunun (YUNİSEF) təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da iştirak etmiş, dərin məzmunlu nitq söyləmişdir. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri humanizm və insanpərvərlik prinsipləri baxımından yardıma ehtiyacı olan vətəndaşlara qayğının vacibliyini diqqətə çəkmişdir: "Fikrimcə, uşaqlıq dövrü insan həyatının ən rəngarəng, ən yaddaqalan və ən xoşbəxt dövrüdür. Məhz bu illərdə, bu dövrdə insanın gələcək taleyinin, onun fiziki və mənəvi sağlamlığının, vətəndaş mövqeyinin, insani cəhətlərinin əsası qoyulur. Əlbəttə, hər şəxsin formalaşmasında ailənin, ailə mühitinin, ailə tərbiyəsinin rolu əvəzsizdir. Ailəyə bağlılıq, ailə dəyərləri, uşaqlara qayğı, böyüklərə hörmət Azərbaycan xalqına məxsus olan ən gözəl xüsusiyyətlərdən biridir... Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm. Əlbəttə, hər bir valideyn arzulayır ki, onun uşağı sağlam, bilikli, savadlı, xoşbəxt böyüsün və bunun üçün əlindən gələni edir".

Fondun "Təhsilə dəstək" layihəsi də özünün humanist məqsədləri ilə diqqəti çəkir. Heydər Əliyev Fondu hər il layihə çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın, məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir. Gürcüstanda yaşayan azərbaycanlı birinci sinif şagirdlərinə, Qax, Zaqatala, Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə hər il yeni dərslik və tədris ləvazimatları göndərilir. "Təhsilə dəstək" layihəsi tək Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də uğurla həyata keçirilir. Layihə çərçivəsində Pakistanda qızlar üçün yeni orta məktəb binasının inşası mühüm yer tutur. Xatırlatmaq lazımdır ki, 2005-ci ildə Pakistanda böyük dağıntılara səbəb olmuş zəlzələdən sonra Müzəffərabad şəhərinin Rara ərazisindəki qızlar məktəbi tam yararsız vəziyyətə düşmüşdü. Fondun xəttilə qısa müddətdə inşa edilən 650 şagird yerlik təhsil ocağında müasir tələblərə cavab verən 10 xüsusi sinif otağı, laboratoriyalar, fənn kabinetləri, kompüter otağı, idman meydançası vardır.

"Təhsilə dəstək" layihəsi çərçivəsində Gürcüstanın Dmanisi rayonunda da yeni elmi-tədris mərkəzinin binası inşa edilərək istifadəyə verilmişdir. Bundan əlavə, bir sıra xarici təşkilat və şirkətlərin fonda hədiyyə etdikləri müxtəlif adda 10 mindən çox kitab ölkənin ali və ümumtəhsil məktəblərinə, uşaq evlərinə, internat məktəblərinə paylanılmışdır.

Fondun humanitar sahədə həyata keçirdiyi layihələrdən biri də kitabxanaların yenidən qurulması ilə bağlıdır. Fondun bu sahədəki ardıcıl fəaliyyəti onlarla qəsəbə və kənd kitabxanasının yenidən qurulmasına, müasir avadanlıqlarla təmin olunmasına, zənginləşməsinə imkan yaratmışdır. Fondun xətti ilə əsaslı təmir olunmuş Mərdəkan kitabxanası 2006-cı ilin may ayında oxucuların ixtiyarına verilmişdir.

Heydər Əliyev Fondu eyni zamanda, Azərbaycan oxucusu üçün əhəmiyyətli sayıla biləcək bir sıra xarici nəşrlərin dilimizə tərcüməsi sahəsində uğurlu layihələr həyata keçirmişdir. Türkçülük, azərbaycançılıq məfkurəsinin təbliği sahəsində dəyərli nəşrlərdən biri olan Murad Adcinın "Türklər və dünya: munis tariximiz" adlı kitabı artıq Azərbaycan dilində nəşr edilmişdir. ABŞ Mərkəzi Asiya-Qafqaz İnstitutu İpək Yolu Araşdırmalar Proqramı çərçivəsində S.Frederik Star və Svant E.Kornellin "Bakı-Tbilisi-Ceyhan boru kəməri: Qərbə açılan neft pəncərəsi" kitabının Azərbaycan dilinə tərcüməsi işi də uğurla başa çatmışdır. Kitabda Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Neft Boru Kəmərinin Azərbaycan Respublikası üçün iqtisadi, geostrateji əhəmiyyətindən, habelə kəmərin ətraf mühit və sosial məsələlərlə bağlı aspektlərindən bəhs olunur.

Fondun təhsil sahəsində beynəlxalq əməkdaşlığı da bu sahədə uğurlu nəticələrin əldə olunmasını təmin etmişdir. Bütün dünyada elm və təhsilin, mədəniyyətin hamisi kimi çıxış edən, sivilizasiyalararası dialoq təşəbbüsünü ələ alan mötəbər beynəlxalq təşkilatla - YUNESKO ilə əməkdaşlıq münasibətləri bu baxımdan xüsusi vurğulanmalıdır. Azərbaycanın birinci xanımının 2004-cü ilin sentyabrında təşkilatın xoşməramlı səfiri təyin olunması bu əlaqələrə ciddi impulslar vermiş, strateji əhəmiyyət daşıyan müxtəlif layihələrin müştərək icrasına geniş imkanlar açmışdır. 2004-cü il iyulun 6-da fondun təşəbbüsü ilə Parisdə YUNESKO-nun iqamətgahında "Davamlı inkişaf üçün Azərbaycanda təhsil islahatları" mövzusunda beynəlxalq konfrans keçirilmiş, 2005-ci ilin avqust ayında isə Bakıda "YUNESKO-Azərbaycan: Azərbaycanın təhsil problemləri və perspektivləri" mövzusunda konfrans təşkil olunmuşdur. Konfransda çıxış edən Azərbaycanın birinci xanımı milli təhsilin problemlərindən söz açmış, həyata keçirilən islahatlar barədə konfrans iştirakçılarına ətraflı məlumat vermişdir. Konfrans milli təhsilimizin ümumi vəziyyəti ilə bağlı YUNESKO nümayəndələrində tam təsəvvür yaratmaq, onları hərtərəfli məlumatlandırmaq, habelə perspektivdə müştərək layihələrlə çıxış etmək baxımından uğurlu nəticələrlə yadda qalmışdır.

Mehriban xanım Əliyeva konfransda Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ problemini iştirakçıların diqqətinə çatdırmışdır: "Azərbaycan 1 milyondan artıq qaçqın və məcburi köçkünü olan ölkədir. Ərazimizin 20 faizi işğal altındadır. Məcburi köçkünlərin təhsilinin təşkili ilə bağlı ölkəmizdə nadir təcrübə qazanılmışdır. Biz işğala məruz qalan ərazilərdə əvvəllər mövcud olan təhsil infrastrukturunu qoruyub saxlaya bilmişik. Bu məktəblər qaçqın-köçkünlər yaşayan düşərgələrdə yerləşir. Biz həm də müəllim kollektivlərini saxlaya bilmişik və onlar düşərgələrdə uşaqların təlim-tərbiyəsi ilə məşğul olurlar. Bu, doğrudan da, nadir bir təcrübədir. Mən inanıram ki, bu təcrübədən bütün münaqişə zonalarında istifadə oluna bilər. Hamımızın ən böyük arzusu odur ki, torpaqlarımız azad olunandan sonra bu məktəblər öz doğma yerlərinə qayıtsın və fəaliyyətini artıq normal şəraitdə davam etdirə bilsin. Ümidvaram ki, YUNESKO ilə birlikdə hazırlanan yeni proqramlar məcburi köçkün və qaçqın uşaqlarının təhsilinə öz müsbət təsirini göstərəcəkdir".

Buradan da göründüyü kimi, YUNESKO ilə əməkdaşlığın mühüm hədəflərindən biri də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün, torpaqlarımızın Ermənistan silahlı birləşmələri tərəfindən işğalının ölkə təhsilində yaratdığı ağır problemlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasıdır. Bütün dünyada təhsil, maarifçilik hərəkatının geniş vüsət aldığı bir zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin mahiyyəti, miqyası barədə beynəlxalq aləmdə obyektiv təsəvvür yaratmaqdan ötrü bu məqam da təbliğati baxımdan böyük əhəmiyyətə malikdir.

YUNESKO-nun diqqətinin ölkənin təhsil problemlərinə cəlb olunması nəticəsində təşkilatlarla münasibətlər daha da dərinləşmiş, bir neçə istiqamətdə əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu əlaqələr əsasən "Təhsil hamı üçün" proqramını, texniki-peşə sahəsində əməkdaşlıq, inklüziv təhsil layihəsi, ali məktəblərdə YUNESKO kafedralarının yaradılması və digər sahələri əhatə etmişdir. Təhsilin məzmunca yeniləşdirilməsi, məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqi və digər bu kimi planlar da ikitərəfli əməkdaşlığa daxil olan əsas məsələlərdəndir. İndiyə qədər YUNESKO-nun baş direktorunun rəhbərliyi ilə bu qurumun çoxsaylı məsul işçiləri və ekspertləri Azərbaycanda məcburi köçkün və qaçqın ailələrində yaşayan uşaqların təhsil problemləri ilə bağlı müxtəlif layihələr işləyib hazırlamışlar. YUNESKO kimi geniş imkanlara malik nüfuzlu beynəlxalq təşkilatın bəzi pilot layihələrinin sınaqdan keçirilmə məkanı olaraq məhz Azərbaycanı seçməsi də ölkəmizdə həyata keçirilən təhsil islahatlarının uğurlu nəticələr verəcəyinə yüksək inamın təzahürüdür.

2008-ci ilin mayında Bakıda YUNESKO-nun "Dünyada savadlılığın dəstəklənməsi" üzrə regional konfransının keçirilməsi də ümumilikdə Azərbaycanın təhsil sahəsində mühüm beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyini əminliklə söyləməyə ciddi əsaslar verir. Qlobal savadlılığın dəstəklənməsi məqsədilə Bakıda Avropa regionu üzrə təşkil olunmuş sayca beşinci konfrans isə mötəbərliyi, aparılan müzakirələrin yüksək səmərəliliyi, praktik əhəmiyyəti, regional özünəməxsusluğu ilə fərqlənmiş, bir sıra uğurlu nəticələrlə yaddaqalan olmuşdur.

Azərbaycanın birinci xanımı tədbirdə çıxış edərkən demişdir ki, Bakı konfransı qlobal savadlılığın dəstəklənməsinə yönəlmiş regional və subregional YUNESKO konfransların davamı, milli, regional və beynəlxalq səviyyələrdə savadlılığın təşviqinə yönəlmiş birgə səylərin bir hissəsidir. Hazırda YUNESKO hər bir ölkə üçün təhsilə açıq və bərabər çıxışın təmin edilməsindən ötrü resursları səfərbər edir. Yüksək keyfiyyətli təhsilə çıxışın təmin edilməsi və savadsızlığın aradan qaldırılması məsələlərinə xüsusi diqqət yetirilir. Heydər Əliyev Fondunun prezidenti xüsusi vurğulamışdır ki, hazırda Azərbaycanda savadlılığın dəstəklənməsinə mane olan yeganə qlobal səbəb Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyon qaçqın və məcburi köçkün yaranmış, son 20 il ərzində belə vəziyyətdə yaşayan yeni nəsil formalaşmışdır. Buna baxmayaraq, Azərbaycan hökuməti qaçqın və məcburi köçkün uşaqlar üçün təhsilin müvafiq səviyyəsini təmin edə bilmiş, təhsil problemlərini həll etmək məqsədi ilə regionlarda infrastrukturu dəstəkləyən təhsil modeli yaradılmışdır. Hazırda bütün uşaqlar öz müəllimləri tərəfindən verilən təhsili alır, işğal olunmuş rayonların məktəbləri digər orta məktəblərlə eyni səviyyədə fəaliyyət göstərir.

Azərbaycan qadınlarının 2009-cu il sentyabrın 26-da keçirilmiş III qurultayında iştirak edən YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva qadınların təhsil hüququnun təmin olunması zərurətini xüsusi önə çəkmişdir. Azərbaycanın birinci xanımı gender siyasəti sahəsində əldə olunan uğurlara rəğmən, bəzi problemləri, arxaik təsəvvürlərdən irəli gələn qüsurlu cəhətləri də kəskin tənqid etmişdir. Xüsusən də, qadınların təhsillə bağlı problemlərini diqqətə çəkən Mehriban xanım Əliyeva demişdir: "Mən bu gün sizin diqqətinizi məni narahat edən iki məsələyə cəlb etmək istərdim. Bunun birincisi təhsilə aiddir... Bir sıra bölgələrdə bəzi ailələr qızlarına hətta orta məktəbi bitirməyə belə, icazə vermirlər. Hesab edirlər ki, qız uşağı üçün təhsil o qədər də vacib deyil. Fikrimcə bu, dözülməz bir faktdır. Biz qadınlar bu məsələlərdə həmrəy olaraq öz qəti sözümüzü deməliyik. İkinci məsələ uşaq evləri və internat məktəblərində tərbiyə alan uşaqlara aiddir. Heydər Əliyev Fondu bu sahədə bir çox işlər görür. Bizim xüsusi proqramımız var və bu proqram çərçivəsində ölkəmizdə 30-dan çox uşaq evi və internat məktəbi yenidən qurulub, ən müasir avadanlıqla təmin olunubdur. Mən bu kürsüdən istifadə edərək, sizə müraciət edirəm və düşünürəm ki, biz bu məsələləri birgə təhlil edib, bu xoşagəlməz meyillərin qarşısını almağa çalışmalıyıq".

Xüsusi vurğulamaq lazımdır ki, Heydər Əliyev Fondunun Moskva filialının rəhbəri Leyla xanım Əliyeva da təhsil sahəsində həyata keçirilən layihələrə fəal dəstək verir. Məhz Leyla xanım Əliyevanın təşəbbüsü və fəal rəhbərliyi ilə son illərdə Rusiyanın müxtəlif şəhərlərində Azərbaycan dilində bazar günü məktəbləri açılmışdır. Fondun Moskva filialı bu cür məktəblərin açılmasını təşviq edir və onların tədris ədəbiyyatı, kompüterlərlə təchiz olunmasına kömək göstərir. Fond indiyə qədər İvanovo, Tula, Tver və Surqut şəhərlərindəki bazar günü məktəblərinə kömək etmişdir.

Heydər Əliyev Fondu ilə Rusiya Milli Kitabxanası arasında əməkdaşlıq haqqında sazişin imzalanması da humanitar sahədə əməkdaşlıq baxımından mühüm əhəmiyyətə malikdir. Leyla Əliyeva fondun adından kitabxanaya Heydər Əliyev Fondunun dəstəyi ilə çap olunmuş Azərbaycan kitablarını hədiyyə edərək bildirmişdir ki, fond kitab nəşrinə çox böyük əhəmiyyət verir. Xüsusən, internetin və elektron KİV-nin inkişaf etdiyi, adamların çoxunun bədii ədəbiyyat oxumağı tərgitdiyi indiki vaxtda bunu vacib hesab edir. Bu cür gözəl kitabxanalar sayəsində gənclər kitab oxumağı davam etdirir və həyatda ən böyük bilikləri kitablardan alırlar.

Dünyada məşhur insanların adını daşıyan xeyriyyə fondları çoxdur. Yeni yaradılarkən çoxunun həmin fondlar kimi xeyriyyə məqsədləri daşıyacağını zənn etdiyi Heydər Əliyev Fondu gözlədiyimizdən xeyli böyük amalları reallaşdırmağa başlamışdır. Fondun prezidenti Mehriban xanım Əliyeva ulularımızdan bizə miras qalan ali mənəvi dəyərləri öz fəaliyyətində yaşatmaqla həyatını xalqa həsr edən maarifpərvər ziyalılarımızın, nurlu insanlarımızın yolunu uğurla davam etdirir. Bu məsuliyyətli seçim ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, onun layiqli siyasi davamçısı - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük müvəffəqiyyətlə davam etdirdiyi strateji siyasət kursunun həyata keçirilməsinə, bu siyasətin hər bir vətəndaşın həyatında hiss olunmasına dəstək verməyə yönəlmişdir.

 

 

İradə HÜSEYNOVA,

təhsil nazirinin müavini,

tarix elmləri doktoru, professor

 

Azərbaycan.- 2010.-26  avqust.- S. 2.