Dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir

 

Avqustun 25-də Mərkəzi Seçki Komissiyasında (MSK) Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam etdirilmişdir.

AzərTAc xəbər verir ki, kursların üçüncü günü Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Seçkilər zamanı aşkarlığın təmini, seçkiqabağı təşviqat və seçkiqabağı təşviqatın aparılmasında KİV-lərin rolu" mövzusunda məruzə ilə çıxış etmişdir.

Dairə seçki komissiyalarının dövlət əhəmiyyətli tədbirlərdən olan seçkinin keçirilməsi kimi xüsusi missiyanı yerinə yetirdiklərini bildirən Əli Həsənov MSK-nın və onun bütün qurumlarının bu prosesdə tam müstəqil olduqlarını diqqətə çatdırmışdır. Bildirmişdir ki, MSK tam müstəqil bir institutduronun fəaliyyəti seçkilərin şəffaf, ədalətli, demokratik təşkilindən və keçirilməsindən ibarətdir. Seçkilərin təşkilinin və keçirilməsinin mahiyyəti isə xalqın iradəsini ortaya qoymaqdır. Beləliklə, ölkədə vətəndaş iradəsinə söykənən hakimiyyət bir qayda olaraq növbəti seçkilərdə də qalib gəlir. Demokratik cəmiyyətlərdə bütün icra strukturlarının bu sahədə əsas vəzifəsi seçki komissiyalarına xidmət göstərməkdir.

Mətbuatın roluna toxunan Əli Həsənov seçkiqabağı, səsvermə günü və səsvermədən sonrakı proseslər zamanı KİV-lərin fəaliyyətindən danışmışdır. Bildirmişdir ki, KİV-lərin təmsilçiləri sərbəst şəkildə istənilən məntəqədə və ya dairədə seçkiləri müşahidə etmək hüququna malikdirlər. Seçkilərin təmin olunması baxımından jurnalistlərlə seçki komissiyasının üzvləri tərəfdaşdırlar. Seçki komissiyalarının üzvlərinin vəzifəsi seçkilərin qanun çərçivəsində, şəffaf keçirilməsini təmin etməkdən ibarətdir. KİV təmsilçilərinin vəzifəsi isə seçki prosesinin bütün mərhələsində şəffaflığa nəzarət etmək, seçkinin gedişini və nəticələrini obyektiv işıqlandırmaqdır.

Prezident Administrasiyasının şöbə müdiri dairə seçki komissiyası sədrlərinin suallarını cavablandırmışdır.

Sonra MSK-nın katibi Natiq Məmmədov "Vətəndaşların seçki hüquqlarının pozulmasına aid müraciətlərə baxılması. Seçki hüquqlarının pozulmasına görə məsuliyyət" mövzusunda məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, müraciətlərə baxılması ilə bağlı MSK-nın təlimatları mövcuddur. Seçki komissiyaları daxil olan bütün müraciətlərə qanunvericiliyə uyğun baxmalıdırlar.

N.Məmmədov bildirmişdir ki, seçkiqabağı təşviqatın aparılması üçün seçki subyektlərinin seçiciləri ilə təmasda olmaları, onlara öz proqramları ilə bağlı məlumat vermələri imkanları təmin edilmişdir. Bunun üçün bütün KİV-lərin imkanlarından istifadə ediləcəkdir.

Seçkiqabağı təşviqatın aparılması üçün namizədlərin seçicilərlə qapalı və ya açıq görüşlərinin keçirilməsi, təşviqat materiallarının müvafiq lövhələrdə yerləşdirilməsi imkanlarının olduğunu bildirən MSK-nın katibi qeyd etmişdir ki, biz seçkidə iştirak edən subyektlərə həmişə bərabər şəraitin yaradılmasına çalışmışıq.

N.Məmmədov qanunda seçkiqabağı təşviqatın aparılması üçün ödənişsiz efir vaxtlarından əlavə, həm də namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının formalaşdırdıqları seçki fondlarından istifadə etməklə ödənişli efir vaxtından və digər imkanlardan istifadə olunmasının göstərildiyini bildirmişdir.

Qeyd edilmişdir ki, qüvvədə olan qanunvericiliyin əsas tələbi seçkilərdə iştirakçıların hamısı üçün bərabər imkanlar təmin olunmasından ibarətdir. MSK katibinin məruzəsində belə bir inam ifadə olunmuşdur ki, ölkəmizdə növbəti parlament seçkiləri də şəffaf və demokratik şəraitdə keçəcəkdir.

 

 

Azərbaycan.- 2010.- 26 avqust.- S. 4.