Türkiyə ilə Ermənistan
arasında sərhədlərin açılması barədə
yayılan informasiyalar məcburi
köçkünlərdə böyük
narahatlıq yaradıb
Türkiyə rəsmiləri dəfələrlə müxtəlif formada bildiriblər ki, hər hansı təkid, təzyiq və ya dolayısı ilə tələb Ermənistanla sərhədlərin açılmasına təsir edə bilməz. Nə qədər ki, Ermənistan təcavüzkar siyasətindən əl çəkməyib, nə qədər ki, Azərbaycan əraziləri işğaldan azad edilməyib, məcburi köçkünlər öz torpaqlarına qayıtmayıb sərhədlərin açılmasının mümkünlüyündən söhbət gedə bilməz. Bu fikirləri əsaslandıran Türkiyə rəsmilərinin bu günlərdə NATO-nun təlimləri çərçivəsində Ermənistanla sərhədlərin müvəqqəti açılması ilə bağlı yayılan informasiyalara soyuqqanlı yanaşması həm Türkiyə, həm də Azərbaycan ictimaiyyətində yenidən narahatlıq yaradıb.
Xatırladaq ki, Türkiyə Ermənistanla sərhədləri 1993-cü ildə bağlamışdı və əsas səbəb isə Kəlbəcərin işğalı idi. BMT Təhlükəsizlik Şurası Kəlbəcərin Ermənistan tərəfindən 2 aprel 1993-cü il tarixdə işğalı ilə əlaqədar 822 saylı qətnamə qəbul etdikdən dərhal sonra Türkiyə bu mühüm addımı atmaqla bir daha Azərbaycanın yanında olduğunu təsdiq etmişdir.
Ermənistanın
Azərbaycan torpaqlarını, o cümlədən
Kəlbəcəri işğal altında
saxladığı vaxtdan on
yeddi il keçir və təcavüzkar ölkə hələ
də öz mövqeyini
dəyişməyib. Belə bir vəziyyətdə
Türkiyənin Ermənistanla sərhədləri müvəqqəti
olsa belə açması ilə
bağlı informasiyaların yayılması kəlbəcərli
məcburi köçkünlərdə xüsusi
narahatlıq yaradır.
Şahlar ƏSGƏROV, YAP Siyasi
Şurasının üzvü, BDU-nun professoru:
- Türkiyə-Ermənistan sərhədlərinin açılma ehtimalının artdığı bir vaxtda keçirilən narahatçılıq anlaşılandır. Bu, istər Türkiyə, istərsə də Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı şəkildə qəbul edilmir. Bir çox hallarda atılan addımlar strateji maraqlara hesablanır. Bizim dövlətçilik tariximizdə belə bir hal olmayıb ki, Türkiyədə qəbul edilən qərar Azərbaycanın xeyrinə olmasın. Əksinə, Azərbaycanın müstəqillik illərində yanında olan və beynəlxalq səviyyədə daim mövqeyini müdafiə edən ilk ölkə Türkiyədir. Türkiyənin prinsipiallığı və qətiyyətlilik nümayişi daim Azərbaycanın maraqları ilə üst-üstə düşüb. Bu məsələdə incə məqamlar var. Əlbəttə, iki qardaş ölkəni istəməyən qüvvələr də var.
Odur ki, Türkiyə yenə
də düşünülüb-daşınılmış
addım atmalıdır. Hələ ulu öndər Heydər Əliyevin dövlət
başçısı olduğu dövrdən
başlayaraq, Azərbaycan-Türkiyə
münasibətlərinin əsasında çox
qədim və daimi köklər olduğu daim diqqət mərkəzində
saxlanıb və həmin siyasət bu gün də cənab Prezident
İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Türkiyənin Ermənistana qapı
açıb-açmaması bəzi dövlətlərin
maraqlarını ifadə edirsə, lakin bu özünün və
Azərbaycanın ziyanınadırsa, belə bir
addım atmamalıdır. Bu ilk növbədə, bizim
milli maraqlarımıza ziddir
və dostluq, qardaşlıq münasibətlərimizə
böyük zərbə vura
bilər.
Novruz ÇIRAQOV, kəlbəcərli
məcburi köçkün:
- Sərhədlərin açılması ilə bağlı son informasiyalar yayılana qədər Azərbaycan-Türkiyə həmrəyliyinin etibarlılığının artırılmasına böyük ümidlər vardı. Məsələ bundadır ki, Türkiyə ilə Azərbaycanın bir-birini bütün beynəlxalq səviyyədə müdafiə etməsi bəzi dairələri, hətta dünyanın supergüclərini belə əndişələndirməyə başlamışdır. Son addımların hər iki dövlətdə formalaşmış rəyin yenidən dəyişməsinə təsirini istisna etmək olmazdı. Azərbaycanın təkcə qardaş dövlət kimi deyil, strateji əhəmiyyətli qonşu olaraq da Türkiyədən Ermənistanla sərhədi açmamasını istəməsi müasir dünya düzənində mənfi qarşılanmamalıdır, təəssüf ki, bu, heç də belə deyil.
Türkiyəyə təsir və ya
dolayısı ilə təzyiq göstərməyə
çalışan qüvvələrin Ermənistanın mövqeyini müdafiə etməsini anlamaq o qədər də
çətin deyil. Əgər təlimlərdə
istifadə olunacaq hərbi texnikanın və
digər lazım olan avadanlıqların
Ermənistana daşınmasından söhbət gedirsə,
bu yol Gürcüstandan
da keçə bilər, çünki
Ermənistandan Avropaya daha
yaxın qapı məhz Gürcüstandandır. Demək, bütün bunlar, sadə
insanların belə anlayacağı şəkildə siyasi oyunun bir
formasıdır. Ona görə də
Türkiyə ilk növbədə, özünün beynəlxalq aləmdəki mövqeyini, daha sonra isə Azərbaycanla strateji
tərəfdaş, "bir millət, iki dövlət" anlayışını
unutmamalı, qətiyyətli və prinsipial
mövqe nümayiş
etdirməlidir. Bir neçə dəfə
göstərilmiş bu kimi
cəhdlər boşa
çıxdığından, inanmaq istəyirik
ki, qardaş dövlətin
rəsmiləri qoruyub
saxladığımız birliyi erməni
məkrinin qurbanına çevirməyəcəklər.
İsmayıl CAMALOV, Kəlbəcər
13 saylı orta məktəbin direktoru:
- Təkcə torpaqlarımızın işğalı ilə kifayətlənməyib, bütünlüklə maddi-mənəvi sərvətlərimizi talan edən Ermənistan dünyadakı havadarlarının gücündən bəhrələnərək qardaş Türkiyə ilə bağlı qalan sərhədini açmağa ciddi cəhdlər göstərir. Gizli deyil ki, Dağlıq Qarabağ problemi təkcə Ermənistanın deyil, onun havadarlarının da strateji məqsədlərinə xidmət edir. Qardaş Türkiyə ilə Azərbaycanın dünyada artan nüfuzu bədxah niyyətliləri vahiməyə salıb. Ona görə də iki qardaş xalqın yaşadığı eyni problemin həllini bir qədər də qəlizləşdirməyə çalışırlar. Ermənistanda əhali ağır duruma düşsə də, erməni lobbilərinin ideoloqları, hətta dövlət və hökumət nümayəndələri "Böyük Ermənistan" xülyasından, Türkiyəyə qarşı "erməni soyqırımı" iddiasından əl çəkməyiblər. Onların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tutduqları qeyri-konstruktiv mövqe bunu dəfələrlə təsdiq edib. Ermənistan düşdüyü iqtisadi blokadadan çıxmaq üçün qardaş Türkiyəni Avropanın və eləcə də dünyanın aparıcı dövlətləri ilə üz-üzə qoymaqdan belə çəkinmir. Bunun müqabilində Türkiyənin Ermənistanla sərhədləri açması başa düşülən deyil. Bu, Türkiyənin indiyə kimi qazandığı nüfuz və mövqenin tamamilə əleyhinə hazırlanmış ssenaridir ki, oyunçuları səhnə arxasındadırlar. Bunları Türkiyə rəsmiləri nəzərə almalı, qardaşlığımıza xələl gətirən addımlar atmamalıdırlar.
Torpaq həsrətli, yurd niskilli insanların hər birinin fikri ola biləcək bu qeydlərdə acı həqiqətlər var. İşğalçı ilə humanist dildə danışmaq əbəsdir. İşğal olunmuş torpaqlar azad olunmayınca, Türkiyə Ermənistana "nəfəslik" verərsə, bundan sonra kim əmin ola bilər ki, daşnaklar qondarma erməni soyqırımının da tanınmasına nail olmayacaqlar?!
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2010.- 27 avqust.- S. 1, 2.