Dövlət əhalinin sosial şəraitinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır

 

Ulu öndər Heydər Əliyevin insanların həyat şəraitinin yaxışılaşdırılması istiqamətində əsasını qoyduğu sosial siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əhalinin həyat səviyyəsinin, rifah halının ildən-ilə yaxşılaşması ölkə vətəndaşlarının əksəriyyəti tərəfindən birmənalı şəkildə qiymətləndirilir.

Təkcə elə bu ilin birinci yarısında əhalinin pul gəlirləri 9 faiz artmış, inflyasiyanın səviyyəsi 4,9 faiz təşkil etmişdir. Maliyyəçilər bu rəqəmi normal hesab edirlər. Çünki vətəndaşların gəlirləri inflyasiya tempini üstələyir. Azərbaycanda sosial-iqtisadi proqramlar yüksək səviyyədə icra olunduqca, sosial məsələlərin həlli üçün geniş imkanlar yaranır. Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirildiyi kimi, ölkəmizdə sosial məsələlərə xüsusi diqqət yetirilir, bu sahədə nəzərdə tutulmuş bütün layihələr vaxtlı-vaxtında icra olunur. Statistik məlumata görə, hazırda Azərbaycanda orta əməkhaqqı təxminən 400 dollar təşkil edir. İlin birinci yarısında bunda artım müşahidə olunubdur. Orta pensiyaların həcmi təxminən 130 dollardır. Burada da artım var. Prezident İlham Əliyev çıxışında bununla bağlı demişdir: "Biz çalışmalıyıq ki, pensiyaların məbləğini bundan sonra da artıraq. Bütün sosial infrastrukturun yaradılması layihəsi ilə bağlı - xəstəxanalar, məktəblər, idman qurğuları, mədəniyyət ocaqları - hər bir sahədə konkret işlər görülür. Bakıda və bölgələrdə ilin birinci yarısında açılan gözəl, müasir sosial infrastruktur obyektləri bunun bariz nümunəsidir".

İnsanların həyat tərzinin yüksəlməsinə, sosial şəraitinin yaxşılaşmasına təsir edən başlıca amillərdən biri də bölgələrdə müasir tipli orta məktəblərin, elm ocaqlarının, dünya standartlarına cavab verən xəstəxanaların tikilib istifadəyə verilməsi, yeni yerlərinin açılmasıdır. Xatırladaq ki, bu il Azərbaycanda altı ayda 36 mindən çox yeni yeri açılmışdır. Bütövlükdə isə 2004-cü ildə bəyan edilən proqramlar uğurlu nəticələrlə müşayiət olunur. Bu da sürətlə işsizlik probleminin həllinə gətirib çıxarır. Azərbaycanda son altı ildə təxminən 900 min yeni yeri açılmışdır ki, onlardan 600 mindən çoxu daimi yerləridir.

İnsanların gündəlik məişət tələbatına çevrilən ərzaq məhsullarının istehsalına çox böyük diqqət yetirilir. Azərbaycanda istehsal olunan ərzaq məhsullarının çeşidi gündən-günə artmaqdadır. Beynəlxalq maliyyə qurumları ölkəmizdə bu sahədə aparılan işlərə çox yüksək qiymət verirlər. Maliyyəçi ekspertlərin fikrincə, yeni neft strategiyasının uğurları yarım ildə Azərbaycanın valyuta ehtiyatlarını 4,7 milyard dollar artırmışdır. Hazırda ölkəmizin ümumi valyuta ehtiyatları təqribən 25 milyard dollara bərabərdir. Bu vəsait ölkədə qeyri-neft sektorunun, eləcə də sosial sahənin inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün güclü stimuldır. Azərbaycan Prezidenti əhalinin sağlamlıq məsələlərinə də xüsusi önəm verir.

Bu günlərdə ölkə başçısının respublika əhalisinin sağlamlığının qorunması ilə bağlı görülən tədbirlər çərçivəsində Bakı şəhərində müasir çoxprofilli klinika - "Bakı Sağlamlıq Mərkəzi"nin yaradılması haqqında imzaladığı sərəncam ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Sərəncama əsasən Bakı Sağlamlıq Mərkəzinin tikilməsi üçün 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Səhiyyə Nazirliyinə beş milyon manat vəsait ayrılmasının təmin edilməsi Maliyyə Nazirliyinə tapşırılmışdır.

Cari ilin sonunadək pensiyaların və əmək haqlarının minimum məbləğinin artırılacağı barədə Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında səsləndirdiyi fikirlər də əhali tərəfindən razılıq hissilə qarşılanıb: "Gələn aylarda, bu rübdə Azərbaycanda minimum əməkhaqqı və minimum pensiyanın qaldırılması nəzərdə tutulur. Bildiyiniz kimi, biz vaxtaşırı bu məsələlərə baxırıq və pensiyaların, əməkhaqlarının minimum məbləğini qaldırırıq. Hesab edirəm ki, növbəti aylarda biz yenə də bu məsələyə baxmalıyıq, Azərbaycanda minimum əməkhaqqı və pensiya qaldırılmalıdır. Azərbaycan dövlətinin imkanları var ki, biz elə etməliyik ki, insanlar ildən-ilə daha yaxşı yaşasınlar, xüsusilə o qədər də böyük imkanlara malik olmayan insanlar".

Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş yığıncağında "Azərbaycanda yoxsulluq kəskin şəkildə aşağı düşür", - deyən ölkə Prezidenti qətiyyətlə bildirmişdir ki, yoxsulluğun azaldılması bu gün dövlətin qarşısında duran əsas məsələlərdən biridir. İndiyədək bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsində ölkədə yoxsulluq şəraitində yaşayanların sayı 4 dəfə aşağı düşmüşdür. Bununla belə, hazırda əhalinin 11 faizinin yoxsulluq şəraitində yaşaması Prezident İlham Əliyevi narahat edir. Düzdür, bu insanlara dövlət öz qayğısını göstərir. Lakin yaxın vaxtlarda ünvanlı sosial yardımın, minimum əməkhaqqı və pensiyaların artırılması onların sosial müdafiəsini daha da gücləndirəcək, güzəranlarını xeyli dərəcədə yaxşılaşdıracaqdır. Ölkə başçısı belə hesab edir ki, hökumətin ünvanlı sosial yardımı, pensiya və əməkhaqqını artırmaq üçün geniş maliyyə imkanları vardır. Belə ki, ilin sonunadək dünya bazarında neftin hazırkı qiymətinin 75 dollar həcmində qalacağı halda dövlət büdcəsinə 1 milyard dollar əlavə vəsait daxil olacaqdar. Xatırladaq ki, təxminən iki ay əvvəl 2010-cu ilin dövlət büdcəsinə əlavələr edilməsi nəticəsində sosial müdafiə və sosial təminat xərcləri 230 milyon manat artırılmışdır. Bu məbləğin özü də pensiyaların və əməkhaqlarının artırılması üçün maliyyə bazası yaradıbdır.

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial siyasətdə ünvanlı sosial yardım məsələsi xüsusi yer tutur. Ölkə başçısının 21 oktyabr 2005-ci il tarixli sərəncamı ilə yaradılmış dövlət ünvanlı sosial yardım sistemi 2006-cı ildən fəaliyyətə başlamışdır. Bununla bağlı Prezident İlham Əliyev demişdir: "Ünvanlı sosial yardım Azərbaycanda bir neçə ildir ki, təşkil olunubduron minlərlə Azərbaycan vətəndaşı dövlətdən bu yardımı almaqla güzəranını yaxşılaşdırır". Ölkə rəhbəri daha sonra vurğulamışdır ki, sosial məsələlərin həlli, əhalinin yoxsul təbəqəsinin güzəranının yaxşılaşdırılması bundan sonra da işimizdə prioritet məsələ kimi qalacaqdır: "Hər şey Azərbaycan xalqı üçün olmalıdır və Azərbaycan xalqının həyatı gündən-günə yaxşılaşmalıdır".

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2010.- 27 avqust.- S. 1, 3.