Yeni qələbələrin
ünvanı- QƏBƏLƏ
Avqustun ortalarında ölkəmizin füsunkar təbiəti ilə seçilən guşələrindən biri, bəlkə də birincisi sayılan, möhtəşəm layihələr diyarı kimi xarakterizə edilən Qəbələdə istirahət mövsümü ilə heç cür "yola getməyən" bir nigarançılıq, narahatlıq yaşandı. Dağlara moruq yığmağa gedən dəcəl uşaqlar Böyük Qafqazın ətəklərində sıx Bum meşəbəyliyində nə az, nə çox, beş hektaradək sahənin canına sözün əsl mənasında od salmışdılar.
O günlərdə bütün rayon ayağa qalxmışdı. Fövqəladə Hallar Nazirliyinin vertolyot və əsgəri qüvvələri, digər güc strukturlarının nümayəndələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, rayon rəhbərliyi, idarə və təşkilatların kollektivləri, səhiyyə, tibb işçiləri, hətta məktəblilər də hadisə yerində idilər. Hərə bacardığı köməyi göstərirdi. Vertolyotlar fasiləsiz Nohur gölündən su götürür, od düşən əraziyə daşıyırdılar. Şəhər bütövlükdə qəribə təlaş hissi keçirirdi. Hər kəs ürəyində fikirləşirdi: görəsən, yanğın çoxmu çəkəcək, Allah eləsin, qonaqlarımız, turistlər tüstüdən, havanın çirklənməsindən əziyyət çəkməsinlər. Nə etmək olardı? Hadisə baş vermişdi və indi yalnız alovu söndürmək barədə düşünmək qalırdı. Ağsaqqal meşəçi Nazim dayı sonradan deyəcəkdi: "Fövqəladənin nümayəndələri əsl qoçaqlıq göstərdilər. Halal olsun o uşaqlara. Yerdə də, göydə də əllərindən gələni etdilər. Bütün rayon camaatı, biz meşəçilər onlardan çox razıyıq, Allah razı qalsın".
Təbiət də qəbələlilərin köməyinə çatdı. Ulu Yaradanın dərgahına ünvanlanan dualar müstəcəb oldu. Avqustun 19-na keçən gecə güclü şimşəklə, göy gurultusu ilə müşahidə olunan yağış istilərin "belini qırmaqla" dağlarda şölələnən tonqalları da söndürdü. Qısa müddət yağsa da, neçə günün nigarançılığına hər halda sərin su səpildi.
Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin kollektivi rayonun yaşıl örtüyünün qorunması və yeni naxışlarla zənginləşməsi üçün səmərəli tədbirlər görür. İdarənin əməkdaşı Sahib Əhmədov bildirdi ki, əvvəllər rayonda 51 min hektar meşə sahəsi olsa da, indi Şahdağ Milli Parkına ayrılan 18 min hektarın hesabına qismən azalıb. Bu il Yenikənd, Vəndam və Bum meşəbəyliklərində 66 hektar yeni meşəliklər salınıb. Qəbələ meşəçiləri qanunsuz ağac kəsintisinin, meşə yanğınlarının qarşısını almaq üçün ciddi mübarizə aparır, sanitar qırıntısı hesabına ərazinin təmizlənməsi qayğısına qalır, yeni yaşıl zolaqların salınması üçün tədbirlər görürlər.
Qafqaz dağlarının dəniz səviyyəsindən 5 min metr yüksəkliyində qərar tutan Bazar düzü, Bazaryurd, Tufandağ zirvələrinin əhatəsində yerləşən Qəbələ Azərbaycanın unikal təbiətini şöhrətləndirən ünvanlardandır. Rayonun tanınmış coğrafiya müəllimi, özünün publisistik yazıları ilə hörmət qazanan Nüsrət Nuriyevin "Qafqazın aynası Qəbələ" kitabında bu dağlar diyarının tarixi keçmişi, coğrafiyası, mineral suları, əhalinin məşğuliyyəti, məşhur ziyalıları barədə ətraflı məlumat verilib. İstər Nüsrət müəllimin, istərsə də jurnalist Şəlalə Məhyəddin qızının kitablarında qədim Qafqaz Albaniyasının paytaxtı olmuş, iki min il yaşlı Qəbələ şəhərinin tarixi haqqında geniş yazılıb. Xatırladaq ki, Qəbələ, yaxud Xabala şəhəri haqqında qədim Roma tarixçiləri Pliniy və Klavdi Ptolomeyin əsərlərindən ətraflı bilgi əldə etmək mümkündür. Vaxtilə qədim Albaniyanın paytaxtı olan Qəbələ sonralar Şirvanşahlar dövlətinin, Şəki xanlığının tərkibinə qatılıb. XVIII əsrdə Qəbələdə kiçik feodal qurumu - Qutqaşın sultanlığı yaranıb və tezliklə Şəki xanlığına daxil edilib. İndi isə, əsrlər sonrası Qəbələ ölkəmizin şimal-qərb regionunun mərkəzi sayılır, yüksək inkişaf sürəti ilə seçilir və simasını yeni-yeni çalarlarla dəyişməkdədir. Qəbələ gur sulu çayları, dupduru gölləri, hündür şəlalələri ilə məşhurdur. Amma dağ çaylarının daşıb-coşması, selləmələri də olur tez-tez. Bir neçə il əvvəl Dəmiraparan çayının gurultulu və daşqın seli göz qırpımındaca bir neçə "KamAZ"ı aşırmışdı. Bu il dünyanın bir çox ölkəsində, eləcə də Azərbaycanda təbii fəlakətlər, xüsusən sel və daşqınlar insanlara, ətraf mühitə ciddi zərər vurmuş, fəsadlar törətmişdi. Bu arzuolunmaz dalğa Qəbələdən də yan keçməmişdi. Rayonun Bunud, Qəmərvan, Xırxatala, Mirzəbəyli, Çuxur Qəbələ və digər kəndlərinə selin müəyyən ziyanı dəymişdi. Bununla bağlı Azərbaycan "Meliorasiya və Su Təsərrüfatı" ASC Qəbələ Suvarma Sistemləri İdarəsinin kollektivi, digər təşkilatlar, bələdiyyələr fəlakətin qarşısını almaq üçün təxirəsalınmaz tədirlər görürlər. Suvarma Sistemləri İdarəsinin rəisi Qüdrət Həmidov bildirir ki, dəmir-beton bəndlərin qurulması, sahilbərkitmə işləri, çay məcralarının təmizlənməsi kollektivin qarşısında duran ümdə vəzifələrdəndir:
- Bu işdə rayon icra hakimiyyətinin inzibati ərazilər üzrə nümayəndəliklərinin və bələdiyyələrin köməyinə bel bağlayırıq. Yeddi aylıq istismar tədbirləri planına artıqlaması ilə əməl etmişik. Dəmiraparan, Bum, Həmzəlli, Tikanlı və Vəndam ərazilərində çay məcraları daşqın və selə qarşı tamamilə təmizlənmiş, kəndlərə su verilişinin həcmi artmışdır. Hazırda çaylarda çöküntünün səviyyəsinin qalxdığını nəzərə alaraq qabaqlayıcı tədbirləri davam etdiririk.
Ölkəmizin regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları Qəbələnin inkişafı üçün də mühüm stimuldur. Rayonda sənaye və kənd təsərrüfatı istehsalının genişlənməsi, ekoloji və təbii sərvətlərdən istifadə, yolların təmiri və yenidən qurulması, elektrik enerjisi, qaz və su təchizatının yaxşılaşdırılması, sosial xidmətlərin səviyyəsinin yüksəlməsi, yeni təhsil və səhiyyə müəssisələrinin inşası və yenidən qurulması günün aktual tələbi kimi qarşıda durur. Rayonda rabitə və informasiya texnologiyaları sahəsində də mühüm irəliləyiş nəzərə çarpır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, "Aztelekom" İB-nin dəstəyi ilə Qəbələ rabitəsi Ağdaş istiqamətində TAE xəttinə qoşulmuş, tamamilə elektronlaşdırılmış, inzibati binada müasir abunə şöbəsi istifadəyə verilmişdir. Ötən il rayon Telekommunikasiya Qovşağında yeni texnologiyanın tətbiqi istiqamətində görülən səmərəli tədbir kimi ilk dəfə olaraq genişzolaqlı rabitə xidməti göstərilməsi üçün yeni avadanlıq quraşdırılmış, 48 abunəçiyə yüksək keyfiyyətli internet xidməti göstərilməyə başlanmışdır.
Qəbələ Telekommunikasiya Qovşağının rəisi, ötən ilin dekabrında Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adına layiq görülmüş Şahin Tağıyev rayonda rabitənin inkişafı ilə bağlı tədbirlərin böyük fayda verdiyini bildirir:
- Ötən il bir sıra kəndlərdə, rayondakı hərbi şəhərcikdə elektron avtomat telefon stansiyaları quraşdırılmış, 400 metr FO-4 optik kabeli çəkilərək Ağdaş-Qəbələ magistralına qoşulmuş və Qəbələ-hərbi şəhərcik EATS-ləri arasında rabitə yaradılmışdır. 2009-cu ildə rayon üzrə 1072 yeni nömrə quraşdırılmış və nəticədə EATS-lərin montaj tutumu 11792 nömrəyə çatdırılmışdır. Yeni texnologiyaları tətbiq etməklə əhaliyə göstərilən telefon və genişzolaqlı rabitə xidmətlərinin daha da dayanıqlı, fasiləsiz və keyfiyyətli olması kollektivimizin qarşısında duran prioritet vəzifələrdəndir. İlin əvvəlindən bu istiqamətdə bir sıra səmərəli tədbirlər həyata keçirilmiş və bu iş ardıcıllıqla davam etdirilir.
Qəbələnin
inkişafı həqiqətən də qürur
doğurur. Son 7-8 ildə burada
əsl turizm bumu hiss olunur. Şəhərdə çoxlu otel
və pansionatlar tikilir, müasir infrastruktur yaradılır.
Rayon hər il
xarici ölkələrdən
çoxlu sayda qonaq qəbul edir. Mehmanxana biznesinin gəlirli
olmasını bu sahəyə investisiya qoyuluşunun getdikcə artması da sübut edir. "Gilan" turizm şirkətinin ilk beşulduzlu
"Qafqaz" oteli, Fitnes Mərkəzi, "
Qəbələnin amfiteatr
görünüşü, park və xiyabanlar, bu yerlərin faunasına aid ağaclardan
hazırlanan fiqurlar, qədim əsrləri xatırladan daş hasarlar, qızılgüllər,
boy-boya verən uca şabalıd ağacları, gündə
on dəfə də rastlaşsa hər dəfə səninlə səmimi salamlaşan, hal-əhval tutan sadə, işgüzar Qəbələ sakinləri
- bu şəhəri tanıdan, tanıtdıran
həmişəyaşar, canlı
faktorlar bunlardır...
Rusiyalı qonaqlardan biri yerli jurnalistlərə
müsahibəsində bildirmişdi
ki, bizi heyran qoyan ilk baxışda ərazicə
kiçik görünən
Qəbələdə bu
cür böyük işlərin görülməsi
və insanların geniş qəlbliliyi oldu. Qəbələ doğrudan da perspektiv qələbələrin
ünvanı sayıla
bilər.
Rüstəm RÜSTƏMOV
Azərbaycan.- 2010.- 27 avqust.- S. 4.