Sergey Lavrov: "Rusiya Azərbaycanı Cənubi Qafqazda və Xəzər regionunda özünün mühüm strateji tərəfdaşı hesab edir"

 

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin Azərbaycana rəsmi səfəri ərəfəsində RF xarici işlər naziri Sergey Lavrov Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc), Azərbaycan Televiziyasının, "Trend" informasiya agentliyinin və "Xəzər" telekanalının müxbirlərinə müsahibə vermişdir. AzərTAc həmin müsahibəni təqdim edir.

- Rusiya Prezidenti D.Medvedevin Azərbaycana qarşıdakı rəsmi səfəri zamanı hansı əsas məsələlər müzakirə ediləcəkdir? İndi ikitərəfli münasibətlərin gündəliyindəki prioritetlər sırasına hansı məsələlər daxildir və Azərbaycan-Rusiya hərtərəfli əməkdaşlığının perspektivləri necədir?

- Biz Azərbaycanı Cənubi Qafqazda, Xəzər regionunda mühüm strateji tərəfdaşımız hesab edirik. Bizim münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edir. Bu münasibətlər çoxşaxəlidir və ənənəyə görə iki ölkənin rəhbərlərinin görüşlərində münasibətlərin bütün spektri müzakirə edilir. Əminəm ki, bu dəfə də belə olacaqdır. Rusiya və Azərbaycan prezidentləri arasında çox mehriban şəxsi münasibətlər tərəfdaşlığımızın inkişafı üçün mühüm amildir.

Budəfəki səfərin əsas mövzusu dövlət sərhədi haqqında müqavilənin və həmin müqavilə ilə eyni zərfə daxil olan Samur çayının su ehtiyatlarından səmərəli istifadə edilməsi haqqında sazişin imzalanması olacaqdır. Çox vacib olan bu sənədlər üzərində son illər ərzində iş aparılmışdır və deməliyəm ki, İlham Heydər oğlu və Dmitri Anatolyeviç bu işə xüsusi şəxsi töhfələr vermişlər. Onlar keçən il Bakı görüşündə razılaşmalara nail olmağa imkan vermiş prinsipləri hərtərəfli nəzərdən keçirmişlər və o vaxt prinsipial razılıq əldə edilmişdir. Bu isə nəticə etibarilə artıq hüquqi öhdəliklər təqdim edən sənədi hazırlamağa imkan vermişdir.

Əlbəttə, iqtisadi əməkdaşlıq tərəfdaşlığımızın forması kimi hər bir sammitdə, bütün danışıqların gedişində çox mühüm yer tutur. Təbii ki, böhran ticari-iqtisadi əlaqələrimizə də təsir etmişdir. Buna baxmayaraq, indi vəziyyət xeyli yaxşılaşmaqdadır və əmtəə dövriyyəsi artmağa başlamışdır. İstər sənayedə, istər nəqliyyatda, istərsə də bank sahəsində uğurla həyata keçirilməsi davam edən yaxşı investisiya layihələri də vardır. Əminəm ki, prezidentlər bu sahədə işlərin vəziyyətinə ümumi prinsipial nəzər salacaq və zərurət yaranarsa qarşılıqlı fəaliyyətimizin bu və ya digər istiqamətlərinə siyasi impuls verəcəklər.

Şübhəsiz, humanitar əlaqələr də sadə insanlar, Rusiya və Azərbaycan vətəndaşları üçün həqiqətən çox vacibdir. Bu il biz çox böyük bir yeni layihəyə başlamışıq - Bakıda humanitar məsələlərə həsr edilmiş forum keçirilmişdir. Bu forumu hər il prezidentlərin himayəsi altında keçirmək qərara alınmışdır. Keçən ildən Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. Bakıda Rusiya Elm və Mədəniyyət Mərkəzi, Rus Kitabı Mərkəzi açılmışdır. Şübhəsiz, bütün bunlar mədəni əlaqələri və bütövlükdə humanitar əlaqələri çox fəal şəkildə genişləndirməyə kömək edir. Beləliklə, mən qarşılıqlı fəaliyyətimizin perspektivlərini çox müsbət qiymətləndirirəm.

Bir mühüm məqam da ondan ibarətdir ki, bu münasibətlərdə Rusiya Federasiyasının regionları getdikcə daha çox iştirak edir, onlar Azərbaycandan olan tərəfdaşları ilə əlaqələri möhkəmlədirlər. Təbii ki, yuxarıda adlarını çəkdiyim bütün istiqamətlər üzrə bu cür qarşılıqlı fəaliyyət xalqlarımızın mənafelərinə uyğundur, Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin möhkəmlənməsinə xidmət edir.

Onu da əlavə etməliyəm ki, prezidentlər ikitərəfli əlaqələrlə yanaşı regional və beynəlxalq problemləri, tərəfdaşlıq əlaqələrimizin, beynəlxalq təşkilatlarda və Avropada, həmçinin universal səviyyədə, xüsusən BMT çərçivəsində əməkdaşlığımızın vəziyyətini də müzakirə edəcəklər.

- Bu yaxınlarda Rusiya Prezidenti Dmitri Medvedevin Yerevana dövlət səfəri zamanı Rusiyanın Ermənistandakı hərbi bazası haqqında dövlətlərarası müqavilənin qüvvədə olma müddətinin artırılması barədə protokol imzalanmışdır. Rəsmi danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransında Rusiya Prezidenti bəyan etmişdir ki, həmin protokol "Cənubi Qafqazda və bütövlükdə Qafqazda sülhün və təhlükəsizliyin dəstəklənməsinə yönəlmişdir". Bu protokol regionda hərbi qüvvələr balansına necə təsir göstərəcək və Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin əsas prinsiplərinin pozulmasına gətirib çıxarmayacaqmı? Bundan əlavə, Rusiya regionda Ermənistan üçün hansı potensial təhlükələr görür və Ermənistanı kimdən müdafiə etməyə hazırlaşır?

- Sizin dediyiniz protokol Ermənistanda Rusiyanın hərbi bazasının olması haqqında razılaşmanın müddətini 49 il uzadır, vəssalam. Bu protokol nə Rusiyanın Ermənistandakı hərbi bazasının funksiyalarını dəyişir, nə həmin bazada xidmət keçən hərbi qulluqçuların say tərkibini, nə bazadakı silahların miqdarını. Buna görə də həmin protokolun regionda qüvvələr balansına hər hansı dəyişikliklər edə biləcəyindən, eləcə də Rusiyanın hərbi bazasının indiki funksiyalarının və parametrlərinin müddətinin uzadılması nəticəsində hər hansı razılaşmaların pozulmasından danışmağa dəyməz.

Rusiyanın hərbi bazasının başlıca məqsədi Rusiya Federasiyasının mənafelərini təmin etməkdir. Şübhəsiz, bu mənafelər dairəsinə Cənubi Qafqazda, Xəzər regionunda sabitliyin dəstəklənməsi məsələləri də daxildir. Müvafiq müqavilə imzalanarkən Rusiya hərbi bazasının qarşısına əvvəlcədən bu məqsəd qoyulmuşdur. Həmin müqavilənin müddətinin növbəti 49 il üçün uzadılması ilə əlaqədar bu məqsəd əsla dəyişməmişdir.

- Artıq neçə ildir ki, Rusiya ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk qrupunun həmsədridir və bu problemin həlli üçün səy göstərir. Lakin təəssüf ki, hələlik nəzərəçarpacaq bir nəticə yoxdur. Rusiya bu istiqamətdə gələcəkdə hansı addımları ata bilər?

- Nəzərəçarpacaq nəticələr bəlkə də ona görə yoxdur ki, işlər məxfi rejimdə aparılır. Lakin bu işin iştirakçısı kimi deyə bilərəm ki, geniş kütlələr üçün görünməyən nəticələr hər halda vardır. Rusiyanın amerikalı və fransalı tərəfdaşları ilə birlikdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətində iştirak etdiyi illər ərzində, Rusiyanın tərəflərin mövqelərini yaxınlaşdırmağa müstəqil şəkildə də kömək etməyə çalışdığı illər ərzində hər halda mübahisəli məsələlərin sayı xeyli azalmışdır. Baza prinsipləri deyilən prinsiplər üzərində indi də davam edən iş hazırki mərhələdə tərəflərin razılığını təsbit etməyə imkan yarada biləcək ifadələr tapmaq baxımından müəyyən nəticələr vermişdir. Əlbəttə, bu heç də o demək deyildir ki, baza prinsipləri üzərində iş başa çatan kimi dərhal hər şey həll ediləcəkdir. Tərəflər bu işdə iştirak edərkən onu əsas götürürlər ki, baza prinsiplərindən sonra istənilən halda artıq hüquqi sənəd - sülh sazişi hazırlanmalıdır. Şübhəsiz, bunun üçün təfərrüata daha çox varmaq tələb olunacaq, amma bildiyiniz kimi, təfərrüatlarda çox mətləblər gizlənir...

Buna baxmayaraq, baza prinsipləri siyasi sənəd kimi çox böyük əhəmiyyət kəsb edə bilərdi. Çünki onlar siyasi baxımdan razılaşmaya nail olmağa istiqamətlənə bilərdi. Biz də məhz buna kömək etməyə çalışırıq. Bildiyiniz kimi, Rusiya ilk növbədə Prezident Dmitri Medvedevin təşəbbüsü ilə son iki ildə razılaşmalar əldə edilməsinə, bizim dövlət rəhbərinin şəxsən bu işə əlavə töhfə verməsinə çalışmışdır. Son iki ildə Rusiya, Azərbaycan və Ermənistan prezidentləri altı dəfə görüş keçirmişlər. Bu il Soçidə və Sankt-Peterburqda iki görüş olmuşdur. Həmin görüşlərin yekunlarına əsasən biz aşağıdakıları təklif etmişik və həmsədrlər də bu məsələdə bizi dəstəkləmişlər. Düzdür, hələlik baza prinsipləri ilə əlaqədar bütün məsələlər barədə razılığa gələ bilməmişik. Lakin mətnin xeyli hissəsi barəsində tərəflər başa düşürlər ki, biz praktiki olaraq fikirlərimizi kompromis variantda ifadə edə bilmişik. Biz çox sadə bir şey təklif etmişik: hələlik razılaşdırılmış ifadələrin mövzusu olmayan iki-üç məsələni müzakirəsinin davam etdirilməsi tələb olunan məsələlər kimi qeyd edək və açıq-aşkar yazaq ki, bu iki məsələ həll edilmədən hər hansı qəti razılıq olmayacaqdır. Bu, indiki mərhələdə mətnin əksər hissəsinə dair əldə edilmiş tərəqqini təsbit etməyə və eyni zamanda, bunu göstərməyə imkan verərdi ki, iki-üç konkret problem barəsində əlavə səy göstərilməlidir. Ümumiyyətlə, indiyə qədər əldə edilmiş nəticələri bu şəkildə təsbit etmək olar. Həmsədrlər bu məsələdə bizi dəstəklədilər. Biz ümid edirik ki, məsələyə bu cür realist yanaşma indiki vəziyyəti praqmatik mövqedən qiymətləndirməyə əsaslanır və nəticə etibarilə bu yanaşma dəstəklənəcəkdir. Hər halda biz bu işi davam etdirəcəyik.

Bir daha təkrar edirəm, hələlik razılaşdırılmamış iki-üç məqam qeyd edilməklə baza prinsiplərinin indi qəbul edilməsi beynəlxalq birlikdə, Avropada səbirsizliklə gözlənilən çox mühüm bir siyasi siqnal olardı ki, Azərbaycan və Ermənistan liderləri heç şübhəsiz, münaqişənin tənzimlənməsinə, əlbəttə, onun dinc yolla tənzimlənməsinə çalışırlar. Bunu həmsədrlər də dəfələrlə qeyd etmişlər, Rusiya, Ermənistan və Azərbaycan prezidentləri tərəfindən imzalanmış Mayndorf bəyannaməsi deyilən sənəddə də bundan bəhs olunur.

Daha bir prinsipial məqamı qeyd etmək istəyirəm. İyulun 17-də həmsədrlər Almatıda ATƏT-in nazirlər görüşü çərçivəsində birgə bəyanatla çıxış etmişdilər. Bəyanatda qeyd edilmişdir ki, indiki mərhələdə tərəflərin səyləri hələ bir nəticəyə nail olmağa imkan verməmişdir. Məhz tərəflər razılığa gəlməlidirlər. Həmsədrlər istər ayrı-ayrılıqda, istər üçlükdə, istər nazirlər səviyyəsində, istərsə də prezidentlər səviyyəsində Ermənistanın və Azərbaycanın əvəzinə bu problemi həll edə bilməzlər. Buna görə də mövqeyimiz həmişə ondan ibarət olmuşdur ki, biz razılığa gəlməyə kömək etmək üçün imkanlarımızı, intellektual qabiliyyətimizi tətbiq etməyə hazırıq, lakin razılaşma yolunu yalnız Ermənistanın və Azərbaycanın rəhbərləri tapa bilər.

- Xəzərin statusu məsələsi hələ də havadan asılı vəziyyətdədir. Rusiya Azərbaycan və Qazaxıstanla əldə edilmiş razılaşmalardan sonra fəallığını bir qədər azaltmışdır. Bu o deməkdirmi ki, Moskva fəal müşahidəçi mövqeyi ilə kifayətlənir?

- Xeyr, əsla o demək deyildir. Mənim fikrimcə bu, bizim mövqeyə düzgün olmayan qiymət verilməsi deməkdir. Biz həqiqətən Xəzərdə qonşularımız olan Azərbaycan və Qazaxıstanla dənizin dibinin necə bölünməsi barədə razılığa gəlmişik. Lakin Xəzər akvatoriyası və bu akvatoriyanın üzərindəki hava məkanı barədə hələ müəyyənlik yoxdur. Xəzərin hüquqi statusu haqqında Konvensiyanın mövzusu məhz bu məsələ olmalıdır. Biz həmin Konvensiya üzərində fəal işi davam etdiririk. Təbii ki, biz hüquqi vakuumda yaşamırıq, ona görə ki, Xəzərin hüquqi statusunu təsbit edən Konvensiya qəbul edilməyincə, 1921-ci və 1940-cı illərdə imzalanmış Sovet-İran müqavilələri beynəlxalq hüquqa uyğun olaraq qüvvədə qalır. Şübhəsiz, Konvensiyanın imzalanmasının aktuallığı indi ilk növbədə onunla müəyyən edilir ki, artıq 20 ilə yaxındır Xəzər regionunda üç yeni dövlət mövcuddur. İndi orada sahilyanı dövlətlərin sayı iki deyil, beşdir və əlbəttə, Xəzəryanı ölkələrin hamısının mənafelərinin tam nəzərə alındığı razılaşmaya nail olmaq lazımdır. Konvensiya bunu etməlidir və biz onu əsas götürürük ki, Xəzərin bütün spesifik xüsusiyyətlərinə baxmayaraq, bu dənizdən istifadə edilməsi, onun ehtiyatlarının qorunması ilə bağlı, gəmiçilik və balıq ovu, mineral ehtiyatların mənimsənilməsi, ətraf mühitin qorunması məsələlərinin tənzimlənməsi barədə mümkün qədər tezliklə razılığa gəlmək lazımdır ki, ekoloji baxımdan çox həssas olan bu su hövzəsi üçün əlavə problemlər yaranmasın. Burada problem kiminsə az, kiminsə çox fəal olmasında deyildir. Problem ondadır ki, Xəzəryanı qonşularımızın bəziləri milli yurisdiksiyanın çox geniş əhatəli sahilyanı zonaya şamil olunmasını təklif edirlər, bu halda Xəzər praktiki olaraq azad dəniz olmayacaqdır. Bu, bir qədər ifrata varmaqdır, çünki hətta okeanı da götürsək, dəniz hüququna dair Konvensiyada ərazi sularının sahildən məsafəsinin maksimum 12 mil olması nəzərdə tutulur. Ümumiyyətlə, Xəzər açıq dəniz deyildir, o, qapalı su hövzəsidir və onun xüsusi rejimi olmalıdır. Bu rejim ilk növbədə, həmin su hövzəsindən səmərəli və qənaətlə istifadə edilməsi baxımından nəzərə alınmalıdır.

Biz kompromisə getməyə və milli ərazi zolağının mövcudluğunun zəruri olmasını tanımağa hazırıq. Lakin əlbəttə, nəzərə almalıyıq ki, gəmiçiliyin sərbəstliyinə şübhə yaranmasın. Əslində beynəlxalq hüquqda da belə nəzərdə tutulmuşdur. Nəzərə almalıyıq ki, Xəzərdə balıq ovu elə təşkil edilməlidir ki, orada balıqların kökü kəsilməsin.

Əlbəttə, bunlar mürəkkəb məsələlərdir və onların tənzimlənməsi səbirli olmağı tələb edir. Aktivlik və ya passivlik məsələsinə gəldikdə isə deyə bilərəm ki, məhz Rusiyanın təşəbbüsü ilə biz Xəzərdə təhlükəsizlik məsələlərinə dair saziş hazırlanması prosesini işə sala bilmişik. Bu proses Azərbaycanın sədrliyi ilə gedir. Güman edirəm ki, biz bu işi ən yaxın vaxtlarda tamamlaya biləcəyik və növbəlilik qaydasına görə Azərbaycan paytaxtında keçirilməli olan növbəti Xəzər sammitində bu saziş imzalana bilər.

Rusiyanın daha bir təşəbbüsünün aktuallığına tamamilə əminik - Xəzər iqtisadi əməkdaşlıq təşkilatı yaradılması təşəbbüsü. İki il bundan əvvəl Həştərxanda Xəzəryanı dövlətlərin qarşılıqlı iqtisadi fəaliyyətinə həsr olunmuş birinci konfrans keçirilmişdir. Fikrimizcə, bizi birləşdirən bütün məsələlər - əməkdaşlıq, ticarət, tranzit və bir sıra başqa məsələlərin müzakirə edilməsi üçün elə bir struktur yaradılmalıdır ki, bu məsələləri həll etmək imkanı olsun. Bu struktur kifayət qədər çevik olmalı, çoxtərəfli əməkdaşlıq tələb edən layihələr barəsində beştərəfli formatda danışıqlar aparmağa imkan verməlidir. Mən Xəzər dənizi məsələlərində də irəliləyişə ümid edirəm. Bu, çox mühüm mövzudur, xüsusən ona görə ki, Xəzərlə bağlı olmayan dövlətlərin çoxu bir sıra hüquqi məsələlərin hələ həll edilməməsindən istifadə edərək Xəzəryanı dövlətlərin mənafelərini heç də həmişə nəzərə almadan burada öz mənafelərini irəlilətməyə çalışacaqlar.

 

 

Asya HacızadƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2010.- 28 avqust.- S. 1, 4.