İxtisaslaşdırılmış
kurslarda iştirak edən
dairə seçki komissiyalarının sədrlərinə
sertifikatlar təqdim edilmişdir
Avqustun 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başa çatmışdır.
MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, dairə seçki komissiyalarının sədrlərinə həmin kursları bitirmələri ilə bağlı sertifikatlar təqdim edilmişdir.
Sertifikatların təqdimat mərasimində çıxış edən MSK sədri Məzahir Pənahov bildirmişdir ki, avqustun 23-dən başlanan kurslar Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamına əsasən keçirilmişdir. Kurslarda Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, daxili işlər nazirinin müavini Oruc Zalov, respublika baş prokurorunun birinci müavini Rüstəm Usubov, Ədliyyə Nazirliyi və Bakı Apelyasiya Məhkəməsinin məsul şəxsləri, MSK-nın üzvləri və şöbə müdirləri mühazirələr oxumuşlar.
MSK-nın sədri mühazirəçilərə və bu tədbirin həyata keçirilməsində əməyi olan digər şəxslərə təşəkkür etmişdir. M.Pənahov həmçinin kursların dairə seçki komissiyaları sədrlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsində və seçki hüququ ilə bağlı biliklərinin daha da artırılmasındakı əhəmiyyətini vurğulamış və dairə seçki komissiyalarının sədrlərini bu kursları başa vurmaları münasibətilə təbrik etmişdir.
O qeyd etmişdir ki, seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar sentyabrın 1-dən 3-dək DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün keçiriləcəkdir. Həmin kurslarda Mərkəzi Seçki Komissiyasının üzvləri, müvafiq şəhər, rayon icra hakimiyyətlərinin məsul işçiləri, rayon prokurorları, polis rəisləri, məhkəmə sədrləri mühazirələr oxuyacaq, DSK sədrləri seminarlar keçəcəklər.
MSK sədri respublikada seçki praktikasının təkmilləşdirilməsi işində mühüm əhəmiyyət kəsb edən belə genişmiqyaslı tədbirin reallaşması üçün göstərdiyi diqqət və qayğıya görə Prezident Administrasiyasının rəhbərinə minnətdarlığını bildirmişdir. O, həmçinin respublikanın baş prokuroruna, daxili işlər və ədliyyə nazirlərinə, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Bakı Apelyasiya Məhkəməsinin sədrlərinə təşəkkür etmişdir.
Mərasimin sonunda Məzahir Pənahov dairə seçki komissiyalarının sədrlərinə seçki hüququ üzrə ixtisaslaşdırılmış kursları bitirmələri barədə sertifikatlar təqdim etmişdir.
Tədbirdə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Azərbaycan.- 2010.-28
avqust.- S. 2.