Dairə seçki
komissiyalarının sədrləri üçün
seçki hüququ
üzrə ixtisaslaşdırılmış kurslar
başa çatmışdır
Avqustun 27-də Mərkəzi Seçki Komissiyasında (MSK) Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başa çatmışdır.
AzərTAc xəbər verir ki, tədbiri MSK sədrinin müavini Şaitdin Əliyev açaraq kursların təşkilinin əhəmiyyətindən danışmış və bildirmişdir ki, bir həftə ərzində DSK sədrlərinə seçkilərin təşkili, beynəlxalq və yerli müşahidəçilik institutu, qanunvericiliyin tələbləri və s. məsələlər barədə ətraflı məlumat verilmişdir. Kurslar çərçivəsində DSK sədrləri avqustun 26-da Bakı və Abşeron rayonlarında bəzi dairə seçki komissiyalarında təcrübə mübadiləsi keçmişlər.
Sonra Mərkəzi Seçki Komissiyasının üzvü Azər Tağıyev "Milli Məclisə seçkilərdə nəticələrin müəyyən edilməsi, yekunların yoxlanılması və təsdiqi. Milli Məclis seçkilərinin yekunlarının və səsvermənin nəticələrinin dərc olunması" mövzusunda məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, mövcud qanunvericiliyə görə, seçkilərin ilkin nəticələri səsvermə günü səsvermə prosesi başa çatdıqdan bir neçə saat sonra mətbuata və ictimaiyyətə açıqlanır. Bununla yanaşı, səsvermə günü ayrı-ayrı dairə və məntəqələr üzrə səsvermənin gedişi Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin köməyi ilə ictimaiyyətə çatdırılır. Həmçinin müxtəlif məntəqələrdə quraşdırılmış vebkameralar vasitəsilə də səsvermənin gedişini izləmək olur.
Azər Tağıyev demişdir ki, DSK-lar ilkin nəticələri qanunda nəzərdə tutulmuş müddətdə MSK-ya təqdim edir və Mərkəzi Seçki Komissiyası protokolların tərtib olunmasını və digər proseduraları yoxladıqdan sonra ictimaiyyətə ətraflı məlumat verir, nəticələr rəsmi mətbuatda dərc olunur. A.Tağıyev qeyd etmişdir ki, bəzi DSK sədrlərinin protokolların tərtibi zamanı səhvlərə yol vermələri müəyyən narazılıqlara səbəb olur. Bu kursların əsas məqsədi bir daha DSK sədrlərinə, üzvlərinə, eləcə də məntəqə seçki komissiyalarının rəhbərlərinə düzgün məlumatlar vermək, səsvermənin yekunlarının yoxlanılması, təsdiqi və protokolların tərtibi ilə bağlı Mərkəzi Seçki Komissiyasının və seçki qanunvericiliyinin tələbləri ilə tanış etmək, onların bilik və bacarıqlarını artırmaqdır.
Sonra Azər Tağıyev DSK sədrlərinin suallarını cavablandırmışdır.
Sonra daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov "Seçki prosesində Daxili İşlər Nazirliyi orqanlarının rolu" mövzusunda məruzə etmişdir.
Oruc Zalov demişdir ki, seçkilərin demokratik, azad və şəffaf keçirilməsi üçün polis üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir və bundan sonra da yetirəcəkdir.
Son illər DİN-in şəxsi heyətinin və bütün polis orqanlarının işinin səmərəliliyinin artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün ATƏT-in və Avropa Şurasının Bakı ofisləri ilə birgə tədbirlər həyata keçirilir, xarici ölkələrdə təcrübə mübadiləsi aparılır, "Cəmiyyət dəstəkli polis" layihəsi icra olunur. Bu layihə cəmiyyətdə çox razılıqla qarşılanmış və xarici ölkələrin də marağına səbəb olmuşdur.
Nazir müavini demişdir ki, polis həmişə olduğu kimi, bu seçkilərdə də heç kimə fərq qoymadan, vətəndaşların, siyasi mənsubiyyətindən asılı olmayaraq bütün namizədlərin hüquq və azadlıqlarının, ictimai asayişin və sabitliyin qorunmasında üzərinə düşən vəzifələri icra edəcəkdir.
O.Zalov onu da bildirmişdir ki, seçkilərə hazırlıq dövründə və seçkilər zamanı baş verə biləcək qanun pozuntularının qarşısının alınması, seçkilərin demokratik və şəffaf, azad keçirilməsi üçün daxili işlər orqanlarının üzərinə düşən vəzifələrin yerinə yetirilməsi məqsədilə avqustun 18-də tədbirlər planı təsdiqlənmiş və yerli polis orqanlarına göndərilmişdir. Polis orqanları noyabrın 6-dan 9-dək gücləndirilmiş iş rejimində işləyəcəkdir. Noyabrın 6-dək 18 yaşı tamam olmuş şəxslərin şəxsiyyət vəsiqəsi ilə təmin olunması üçün zəruri tədbirlər görüləcəkdir.
Bundan başqa, sentyabrın 1-dən 9-dək Bakının Nərimanov rayonunda, Gəncə, Mingəçevir, Yevlax, Xaçmaz və digər bölgələrdə seçkilərə hazırlıqla bağlı zona seminar-müşavirələri keçiriləcəkdir.
Kütləvi aksiyalar nəzərdə tutulmuş ərazilərdə, icazə verilən hallarda keçirilməlidir, - deyən nazir müavini bildirmişdir ki, belə görüşlərdə polis ictimai asayişi, aksiya iştirakçılarının hüquqlarını, təhlükəsizliyini təmin edəcəkdir. İcazəsiz yerlərdə aksiyaların keçirilməsinə isə imkan verilməyəcəkdir. Dövlət əhəmiyyətli obyektlərin mühafizəsi gücləndiriləcəkdir.
O.Zalov DSK sədrlərinin suallarını cavablandırmış, rəy və təkliflərini bildirmiş, onlara uğurlar arzulamışdır.
Daha sonra MSK nəzdində "Seçkilər" İnformasiya Mərkəzinin direktoru Ramil Hüseynov, MSK Katibliyi ümumi şöbəsinin müdiri Elşən Əsgərov "Dairə seçki komissiyalarında kargüzarlığın aparılması qaydaları. Seçki prosesində dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə təcrübəsi" mövzusunda çıxış etmişlər.
Kursların sonunda DSK sədrlərinə sertifikatlar təqdim olunmuşdur.
Bununla da kurslar başa
çatmışdır.
Azərbaycan.- 2010.- 28 avqust.- S. 2.