YAP qadınlar şurasının toplantısı keçirilmişdir

 

Avqustun 27-də Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının qərargahında partiyanın qadınlar şurasının şəhər və rayon təşkilatları rəhbərlərinin iştirakı ilə toplantı keçirilmişdir.

Tədbirdə YAP qadın təşkilatının ölkənin ictimai-siyasi həyatındakı rolundan, eləcə də noyabrda keçiriləcək parlament seçkiləri ilə bağlı qarşıda duran vəzifələrdən bəhs edilmişdir.

Toplantını giriş sözü ilə açan YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov cəmiyyətin güclü, monolitavanqard qüvvəsi, nüfuzlu təşkilatı olan Yeni Azərbaycan Partiyasının demokratikləşmə prosesində və ölkənin idarə edilməsindəki fəal mövqeyindən danışmışdır.

Ə.Əhmədov bildirmişdir ki, YAP-ın 500 mindən artıq üzvü vardır və onların təxminən yarısını qadınlar təşkil edir. İcra katibi Azərbaycanda keçirilən bütün seçkilərdə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də qadınların həm bir seçici, həm də partiyanın fəal üzvü kimi bütün qüvvələri səfərbər edərək YAP-ın seçki proqramının uğurla yerinə yetirilməsinə mühüm töhfə verəcəklərinə əminliyini ifadə etmişdir.

Ə.Əhmədov YAP-ın üzvləri olan qadınların özlərinin nüfuzuna, hörmətinə, ictimai əlaqələrinə görə Azərbaycan cəmiyyətində əhəmiyyətli yer tutduğunu da vurğulamışdır.

YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı da partiyanın qadın üzvlərini növbəti parlament seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi üçün yüksək fəallıq və mütəşəkkillik nümayiş etdirməyə çağırmışdır.

Partiyanın Şəki şəhər təşkilatı qadınlar şurasının sədri Zərinə Cavadova, Qaradağ rayon qadınlar şurasının sədri Təranə İsmayılova və başqaları bildirmişlər ki, ictimai həyatın bütün sahələrində ləyaqətlə təmsil olunan qadınlar YAP-ın gələcək uğurlarına da öz mühüm töhfələrini verəcəklər.

 

 

Azərbaycan.- 2010.- 28 avqust.- S. 2.