Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir

 

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. İclasda əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi vurğulanmış, dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə məhkəmə hakimiyyətinin fəaliyyətini tənzimləyən qanunvericiliyə 2010-cu il iyunun 22-də edilmiş mütərəqqi dəyişikliklərin ölkəmizin məhkəmə sisteminin inkişafını şərtləndirdiyi qeyd olunmuşdur.

Həmin qanunun tətbiq olunması və məhkəmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər barədə Azərbaycan Prezidentinin fərmanları ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında yeni mühüm mərhələ təşkil etmişdir.

Məhkəmə-Hüquq Şurasından AzərTAc-a bildirmişlər ki, Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda qeyd olunmuşdur ki, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədi ilə yeni məhkəmələrin - Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin əsasında ölkənin dörd bölgəsində regional ağır cinayətlər məhkəmələrinin, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmin edilməsi məqsədi ilə yeddi bölgədə inzibati-iqtisadi məhkəmələrin yaradılması, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsi, hakimlərin yükünün azaldılması məqsədi ilə hakim ştatlarının sayının 25 faiz artırılması, habelə məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarının genişləndirilməsi ölkəmizdə məhkəmə sisteminin inkişafına əsaslı təsir göstərəcəkdir.

Şurada yeni qanunvericilikdən irəli gələn vəzifələr, o cümlədən yeni məhkəmələrin yaradılması, hakim kadrlarına ehtiyac, bu sahədə zəruri təşkilati tədbirlər və s. məsələlər müzakirə edilmiş, hakimliyə namizədlərin çoxmərhələli seçimi nəticəsində 78 nəfər hüquqşünasın hakim vəzifəsinə hazırlanmaları üçün təlim mərhələsini uğurla başa vurduğu və hazırda yekun müsahibələrə cəlb olunduğu qeyd edilmişdir.

Həmçinin iclasda səlahiyyət müddətləri başa çatan bir sıra hakimlərin fəaliyyətlərinin qiymətləndirilməsi ilə bağlı prinsipial təhlillər aparılmış, fəaliyyətlərində qanunvericiliyin tələblərini pozduqlarına, vətəndaşların haqlı narazılıqlarına səbəb olan süründürməçilik və digər mənfi hallara yol verdiklərinə görə son illər ərzində hakimlər barədə 100-dən çox intizam icraatlarının başlanılması, 40-dək hakimin səlahiyyətlərinə xitam verilməsi vurğulanmışdır.

Aparılmış qiymətləndirmə nəticələri üzrə fəaliyyəti məqbul bilinmiş 8 hakimin yenidən müxtəlif hakim vəzifələrinə təyinatı məqsədəmüvafiq hesab edilmiş, 10 hakimin səlahiyyətlərinə xitam verilmiş, o cümlədən 5 hakimin işində olan nöqsan və çatışmazlıqlar nəzərə alınaraq fəaliyyəti qeyri-məqbul hesab edildiyinə, 5 nəfərin isə hakimlik üçün son yaş həddinə çatmaları ilə əlaqədar səlahiyyətlərinə xitam verilmişdir.

İclasda hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərini pozduqlarına görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Səadət Səlimovaya töhmət verilmiş, Zərdab Rayon Məhkəməsinin hakimi Ağaməhəmməd Qarayevə və Ağdam Hərbi Məhkəməsinin hakimi Abbas Abbasova irad tutulmuşdur.

 

 

Azərbaycan.- 2010.-28  avqust.- S. 4.