Tibb təhsili sisteminin
inkişafında Heydər Əliyev mərhələsi
Azərbaycan Tibb Universiteti özünün 80 illik yubileyi ərəfəsindədir. Ölkə Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında" 28 aprel 2010-cu il tarixli sərəncamında qeyd olunduğu kimi, "Ötən illər ərzində respublikamızda təbabətin ən müxtəlif sahələrində yüksək hazırlığa malik kadrların yetişdirilməsində və mötəbər elmi mərkəz kimi tədqiqatların aparılmasında əhəmiyyətli rol oynamış Azərbaycan Tibb Universiteti milli səhiyyənin inkişafına layiqli töhfələr vermişdir". ATU 80 illik şərəfli yolunun yarıdan çoxunun ulu öndər Heydər Əliyevin və onun uzaqgörən parlaq ideyalarını layiqincə həyata keçirən möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında keçmişdir. Odur ki, Azərbaycan Tibb Universitetinin tarixi inkişaf yolunu şərti olaraq 2 mərhələyə bölmək olar: 1930-1969-cu illər və 1969-cu ildən sonrakı dövr. Bu 2 dövrü müqayisə etdikdə (əslində, onlar müqayisəedilməz dərəcədə fərqlidirlər) ATU-nun, bütövlükdə Azərbaycanda tibb təhsili sisteminin Heydər Əliyev dövrünün daha əzəmətli olduğu, inqilabi sıçrayışlarla xarakterizə olunduğu aydın görünür. Bu fəaliyyəti yaxından izləmək, Heydər Əliyev ideyalarının həyata keçirilməsi uğrunda görülən işlərin iştirakçısı, bəzən təşkilatçısı olmaq səadəti mənə də nəsib olmuşdur. Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildiyi tarixi 1969-cu il iyul plenumundan başlayaraq bir an belə tibb elmini, təhsilini, səhiyyəni diqqətdən kənar qoymamışdır.
Hətta sonralar Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyəndə belə ulu öndər Azərbaycan səhiyyəsi, tibb təhsili sistemi, tibb elminin problemləri ilə ciddi məşğul olurdu. Problemlərin həllinə uzaqgörən yanaşma istedadına malik olan ölkə rəhbəri elə ilk günlərdən ali təhsil sistemindəki çatışmazlıqların, universitetin (o vaxtlar Azərbaycan Dövlət Tibb İnstitutu) maddi-texniki bazasının, kadr potensialının möhkəmləndirilməsi, kollektivdə mənəvi iqlimin sağlamlaşdırılması, kadr hazırlığının keyfiyyətinin yaxşılaşdırılması istiqamətində konkret, qəti və kəskin addımlar atmağa başladı. Bu barədə ulu öndər belə deyirdi: "Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra isə sovetlər ittifaqının, SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm... Mən o vaxt Sovet İttifaqının Moskvada yerləşən ən böyük, ən mötəbər tibb ocaqları, müəssisələri ilə yaxından tanış idim, onların yaranmasında, inkişaf etməsində xidmətlər göstərirdim. Mənim o vaxt həm onkoloji mərkəzin, həm kardioloji mərkəzin, həm ürək cərrahiyyəsi mərkəzinin, həm oftalmoloji mərkəzlərin, başqalarının yaranmasında, inkişaf etməsində, onların maddi-texniki bazasının yaranmasında çox səylərim olmuşdur. Mən bu gün böyük məmmuniyyətlə xatırlayıram ki, o vaxt SSRİ Tibb Elmləri Akademiyasının 40 illik yubileyində Sovet İttifaqının rəhbərliyi adından iştirak etdim. Tibb alimlərinə müxtəlif mükafatlar təqdim etdim. Mən bir də bunları edərək o vaxt SSRİ dövləti tərkibində Azərbaycanın səhiyyəsinə marağı, qayğını daha da artırdım. Moskvada yerləşən o böyük tibb elmi mərkəzinin diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana yardım etməyə çalışırdım".
1969-cu ilə qədər Azərbaycan Tibb Universitetinin bütün maddi-texniki bazası ozamankı Korqanov küçəsindəki 2-3 mərtəbəli əsas binadan, kiçik dəniz küçəsindəki ikimərtəbəli nəzəri fənlər binasından (bu yaxınlara qədər həmin binada Səhiyyə Nazirliyi yerləşirdi), anatomiya korpusundan və 4 yataqxanadan ibarət idi. Sonralar A.Bakıxanov küçəsində lal-kar uşaqlar üçün internat məktəbi başqa yerə köçürüldü və binanın Tibb İnstitutunun balansına verilməsi hesabına təhsil müəssisəsinin maddi-texniki bazası nisbətən genişləndirildi. Qeyd olunan bu binalar sırasında yalnız əsası universitetin ilk rektorlarından biri olan görkəmli dövlət xadimi, Azərbaycanda ali tibb təhsili sisteminin inkişafında müstəsna rol oynamış Əziz Əliyev tərəfindən qoyulmuş anatomiya korpusu və 3 nömrəli tələbə yataqxanası xüsusi layihə əsasında Tibb Universiteti üçün tikilmişdi. Qalan bütün binalar başqa təyinatlı olduqları üçün sonradan uyğunlaşdırılaraq tələbələrin istifadəsinə verilmişdi. Bütün bunlar təbii ki, ulu öndəri narahat etməyə bilməzdi. Onun birbaşa göstərişi ilə universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün maliyyə imkanları araşdırılmağa və axtarılmağa başlandı. Məlum olduğu kimi, o zamanlar iri tikintilərin maliyyələşdirilməsi məqsədilə Moskvanın razılığı, icazəsi lazım idi. Bu isə çox böyük çətinliklər, gərgin zəhmət bahasına başa gəlirdi. Yalnız Heydər Əliyev nüfuzu və qətiyyəti bu çətinlikləri dəf edə bilərdi. Odur ki, qısa müddətdə 4 nömrəli tədris binası, 11 zaldan və üzgüçülük hövuzundan ibarət, unikal idman kompleksi, Elmi-Tədqiqat Mərkəzi, xüsusi layihə əsasında tikilmiş doqquzmərtəbəli 3 tələbə yataqxanası universitet kollektivinin ixtiyarına verildi və onbirmərtəbəli tədris binasının tikintisinə başlanıldı. Lakin Heydər Əliyev hakimiyyətdən getdikdən, respublikada hərc-mərclik başlanandan sonra bu binanın tikintisi 6-7 il yarımçıq qaldı. Yalnız xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin qayğısı və köməyi nəticəsində bu tədris binasının tikintisinin davam etdirilməsi üçün maliyyə vəsaiti ayrıldı və 1998-ci ildə ulu öndərin özünün iştirakı ilə binanın açılışı oldu. 16 min kvadratmetr sahəyə malik olan tədris binasında universitetin 11 kafedrası, bir milyona yaxın kitab fondu olan əsaslı kitabxana, tibbi-informasiya mərkəzi və "Təbib" nəşriyyatı yerləşdirlmişdir. Tədris binası eyni zamanda 2500 nəfərə yaxın tələbəni qəbul etmək imkanına malikdir. Ümummilli lider açılış mərasimindəki proqram xarakterli nitqində "Tibb Universiteti Azərbaycan Respublikası, xalqı qarşısında böyük xidmətlər göstərmişdir" deməklə yanaşı qeyd etdi ki, "Sizin zay məhsul - biliksiz həkim buraxmağınız ağır nəticələr verər. Cəmiyyət qarşısında məsuliyyət hər birinizdən tələb edir: son dərəcə səmərəli işləməlisiniz ki, hər bir məzununuz yüksək dərəcəli mütəxəssis olsun".
Ulu öndərin bu sözləri universitet kollektivinin hər bir üzvünün fəaliyyət proqramına çevrilmişdir.
Onbirmərtəbəli tədris binasının açılışından 2 il keçməmiş universitetin professor-müəllim heyəti və tələbələrinin illərlə arzuladığı 500 nəfərlik böyük akt zalının tikintisi də başa çatdırıldı və 2000-ci il iyun ayının 19-da ulu öndər Heydər Əliyev tibb təhsilinə, tibb elminə, universitetin müəllim və tələbələrinə daha bir hədiyyəsini qürur və sevinc hissi ilə ərməğan etdi, təhsil ocağının 70 illik yubiley tədbirində çıxış etdi. Tibbi kadrların hazırlanmasında ən böyük problem kimi ulu öndər universitet klinikalarının olmamasından narahatlığını və imkan yaranan kimi bu problemi də həll edəcəyini bildirdi.
Belə bir imkan 2002-ci ildə
yarandı. Universitet rəhbərliyinin təklifi müsbət
dəyərləndirildi və ümummilli liderin göstərişi
ilə səmərəsiz fəaliyyət göstərən 4
saylı şəhər stomatoloji poliklinikası ləğv
olundu və onun bazasında "Azərbaycan Tibb Universitetinin
Stomatoloji Klinikasının yaradılması haqqında" qərar
qəbul edildi. Zaman bunun nə dərəcədə
düzgün qərar olduğunu sübut etdi. Bu gün ən
müasir tibb avadanlıqları ilə təchiz olunmuş
klinika ölkənin qabaqcıl tibb müəssisəsinə
çevrilmişdir. Burada adi müalicə üsullarından
başlamış implantologiyaya qədər mürəkkəb
stomatoloji əməliyyatların yüksək səviyyədə
həyata keçirilməsi mümkündür. Klinikanın
yaradılması Azərbaycan ali tibb təhsili sisteminin yeni
inkişaf mərhələsinin başlanğıcı kimi
qiymətləndirilməlidir.
Sevindirici haldır ki, bu
gün möhtərəm Prezident İlham Əliyev də
özünün dediyi kimi, Heydər Əliyevin siyasətinə
sadiq qalaraq tibb təhsili sisteminin inkişafına, onun
maddi-texniki bazasının möhkəmləndirilməsinə
böyük qayğı ilə yanaşır. Bu
qayğının bariz mümunəsi kimi 2006-cı ilin may
ayında universitetin Onkoloji Klinikasının
yaradılmasını göstərmək olar. Akademik Əhliman
Əmiraslanovun rəhbərlik etdiyi bu klinika qısa müddət
ərzində həm tədris, həm elmi, həm də
müalicə işləri sahəsində respublikada səhiyyə
sisteminin öncüllərindən birinə çevrilmiş,
neçə-neçə beynəlxalq konqres, konfrans və
simpozimlara ev sahibliyi etmişdir.
2007-ci il sentyabr ayının
11-də "Azərbaycan Tibb Universitetinin tədris-terapevtik
klinikasının yaradılması haqqında" sərəncam
imzalayan ölkə Prezidenti növbəti ilin
başlanmasını gözləmədən, vaxt itkisinə
yol vermədən tikintini təcili başlamaq
üçün Prezidentin Ehtiyat Fondundan vəsait
ayırdı və sentyabrın 18-də Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyeva ilə birlikdə
klinikanın təməlqoyma mərasimində iştirak edərək
öz xeyir-duasını və tövsiyələrini verdi.
Bu sərəncamdan 6 ay
keçməmiş 2008-ci il martın 13-də Prezident
İlham Əliyev "Azərbaycan Tibb Universitetinin tədris cərrahiyyə
klinikasının yaradılması haqqında" tibb təhsili
üçün ikinci tarixi sərəncamını
imzaladı. İndi hər 2 klinikanın tikintisi qrafik üzrə
sürətlə davam edir. Terapevtik klinikada artıq
tikinti-quraşdırma işləri başa
çatmış, son tamamlama tədbirləri aparılır.
Sentyabr ayında ondördmərtəbəli 400
çarpayılıq terapevtik klinika eyni zamanda 640 tələbəni
qəbul edə biləcək 8 mühazirə zalı, bir
gündə 1500-dən çox tələbəni qəbul edəcək
70-ə qədər dərs otağı, konfrans zalı, tibbi
simulyator mərkəzi, kompüter mərkəzi, kompüter
tomoqrafiya, angioqrafiya, rəqəmsal rentgen müayinəsi,
mammoqrafiya, ultrasonoqrafiya, endoskopiya, exodoplerokardioqrafiya,
elektrokardioqrafiya, elektroensefaloqrafiya, hemodializ, hemosorbsiya,
plazmaferez şöbələri, ən müasir cihazlarla təchiz
olunmuş klinik, immunoloji, biokimyəvi laboratoriyalarla professor-müəllim
heyətinin, tələbələrin istifadəsində,
xalqımızın xidmətində olacaqdır. Klinika tamamilə
kompüterləşdirilmişdir. Burada xarici ölkələrin
qabaqcıl klinikaları, dünyanın görkəmli tibb
mütəxəssisləri ilə videobağlantı qurub,
müzakirələr aparıb, məsləhətlər almaq
mümkün olacaqdır. Bütün tədris otaqları,
iş kabinetləri, palatalar sürətli internetə
qoşulmuşdur. Prezident İlham Əliyevin təməlqoyma
mərasimində dediyi kimi, "Bu klinika ən yüksək
dünya standartlarına cavab verəcək, burada çox
gözəl müalicə imkanları yaranacaqdır. Tələbələr
üçün çox gözəl imkanlar yaranacaqdır. Tələbələr
bu şəhərcikdə oxuyacaqlar, öz biliklərini
artıracaqlar. Beləliklə, oxumaq üçün daha da
yaxşı imkanlar yaranacaqdır. Bununla bərabər, ölkəmizdə
yeni müasir klinikanın yaranması da çox böyük əhəmiyyətə
malik hadisədir".
Beləliklə, son 10-12 il ərzində
1 tədris binasının, 1 akt zalının, 4 klinikanın
yaradılması, kafedra və bölmələrin müasir
avadanlıqlarla təchiz edilməsi onların təmir edilərək
tədris üçün daha mütərəqqi şərait
yaradılması ali tibb təhsilinə ölkə rəhbərliyinin
böyük qayğısının bariz nümunəsidir.
Bütün bunlar mütəxəssislərin həm diplomdan əvvəl,
həm də diplomdan sonrakı hazırlığının
daha səmərəli aparılmasına, sonrakı mərhələdə
spesifik tibb kadrları yetişdirilməsi sahəsində
dünya standartlarına uyğun gələn rezidentura sisteminə
keçidə əsaslı zəmin yaradır.
Ulu öndər Heydər Əliyevin
daim diqqət mərkəzində saxladığı və
qayğı göstərdiyi ciddi problemlərdən biri də
universitetin kadr potensialının möhkəmləndirilməsi,
elmlər doktorları və namizədlərin
hazırlanması idi. XX əsrin 70-ci illərində
universitetdə elmi-pedaqoji kadrların hazırlanması bərbad
vəziyyətə düşmüşdü. Bir tərəfdən
elmi-tədqiqat işlərinin aparılması
üçün respublikada, o cümlədən Azərbaycan
Tibb İnstitutunda müasir maddi-texniki bazanın olmaması,
digər tərəfdən uzun müddət SSRİ Ali
Attestasiya Komissiyasının respublikalarda fəaliyyət
göstərən ixtisaslaşdırılmış müdafiə
şuralarının fəaliyyətinə icazə verməməsi,
nəinki elmlər doktorlarının, eləcə də elmlər
namizədlərinin sayının kəskin azalmasına gətirib
çıxarmışdı. Təhsil ocağında
kafedraların əksəriyyətinə artıq elmlər
namizədləri, dosentlər rəhbərlik etməyə
başlamışdılar. Bütün bunları çox
narahatlıqla təhlil edən ulu öndər Heydər Əliyev
problemi Səhiyyə Nazirliyinin, Tibb İnstitutunun və Elmlər
Akademiyasının rəhbərliyi ilə müzakirə edərək
vəziyyətdən çıxış yollarını
araşdırdı və həmin qurumlar qarşısında
konkret vəzifələr qoydu. Bununla kifayətlənməyən
ulu öndər ozamankı SSRİ Səhiyyə Nazirliyinin,
Tibb Elmləri Akademiyasının rəhbərləri ilə də
danışıqlar apararaq elmi-pedaqoji kadrların
hazırlanması işində respublikaya kömək göstərmələrini
xahiş etdi. Məsələ onda idi ki, bu problemə diqqət
o qədər azalmışdı ki, hətta rəsmi
doktorantura yüksək ixtisaslı elmi-pedaqoji kadrlar
hazırlama strukturu kimi ləğv edilmişdi. Odur ki, əvvəlki
mərhələlərdə vaxt itirməmək məqsədilə
seçilmiş istedadlı gənc kadrlar doktorluq
dissertasiyası yerinə yetirmək üçün ulu
öndərin tapşırığı ilə elmi-tədqiqat
mərkəzinə baş elmi işçi vəzifəsinə
keçirilir və Moskvanın, Leninqradın, Kiyevin, Minskin,
Xarkovun və digər şəhərlərin güclü elmi
mərkəzlərinə "iş yerlərinə" ezam
edilirdilər. Moskvaya və digər şəhərlərə
oxumağa göndərilmiş gənclərə Heydər Əliyev
əsl atalıq qayğısı göstərirdi. Demək
olar ki, hər il, bəzən ildə bir neçə dəfə
onları Moskvada toplayır, diqqətlə arzu və təkliflərini
dinləyir, yerindəcə aidiyyəti qurumlara göstərişlər
verirdi. Əlaqələri möhkəmləndirmək
üçün SSRİ Tibb Elmləri Akademiyasının səyyar
sessiyalarının, beynəlxalq, ümumittifaq konfrans,
simpozium, konqreslərin Bakıda yüksək səviyyədə
keçirilməsinə nəinki şərait yaradır, hətta
həmin tədbirlərin keçirilməsini öz nəzarətinə
götürür, çox vaxt şəxsən iştirak
edir, təbrik məktubu göndərir, qonaqları yüksək
səviyyədə qəbul edir, onlardan yeganə xahişi isə
gənclərimizə diqqət və qayğı ilə
yanaşmaqdan, tələbələrin yüksək
ixtisaslı kadrlar kimi yetişmələrinə şərait
yaratmaqdan ibarət olurdu. Çox keçmədi ki, ulu öndər
Heydər Əliyevin təşəbbüsü və təkidi
ilə SSRİ miqyasında doktorantura sistemi bərpa edildi və
onlarla perspektivli gənc tibb kadrları SSRİ-nin qabaqcıl
ali tibb məktəblərində, elmi-tibbi mərkəzlərdə
doktorluq dissertasiyası müdafiə etməklə
yanaşı, həm də yaxşı klinisist məktəbi
keçərək respublikaya qayıtdılar. Bu gün Azərbaycan
Tibb Universitetində kafedralara rəhbərlik edən alimlərimizin
böyük əksəriyyəti məhz həmin dövrdə
yetişmiş, necə deyərlər, Heydər Əliyevin
kadrlarıdır.
Kadrlara tələbkarlığın
artırılması ilə yanaşı, onlara atalıq
qayğısı göstərmək Heydər Əliyevin fəaliyyətində
daim əsas amillərdən biri idi. Ulu öndərin rəhbərliyi
dövründə bütün ali məktəblərin, o
cümlədən Azərbaycan Tibb Universitetinin professor-müəllim
heyətinin müxtəlif səviyyəli təltiflərə,
fəxri adlara layiq görülməsi, mənzillə, minik
avtomobilləri ilə təmin edilməsi ənənə
şəklini almışdı. O zaman Heydər Əliyev
layiqli insanların təltif edilməsini SSRİ rəhbərliyinin
qarşısında qoyur və istədiyinə nail olurdu.
Akademik Mustafa Topçubaşovun Sosialist Əməyi Qəhrəmanı
kimi ən yüksək ada və mükafata layiq görülməsi,
onlarla əməkdaşımızın SSRİ-nin orden və
medalları ilə təltif olunması, Dövlət
Mükafatına layiq görülməsi, əməkdar elm
xadimi, əməkdar həkim fəxri adları alması ulu
öndərin müstəsna səyi, nüfuzu və
qayğısı nəticəsində baş tuturdu.
Yaxşı
yadımdadır, 1980-ci il avqust ayının 22-də qəbul
imtahanlarından sonra müsabiqə məsələləri
yekunlaşmadığı üçün rektorluq müvəqqəti
olaraq anatomiya korpusunda fəaliyyət göstərirdi. Birdən
institutun ovaxtkı rektoru mərhum Zəhra xanım
Quliyevanı telefona çağırıb xəbər verdilər
ki, Moskvada müşavirədə olan Heydər Əliyev onunla
danışacaq. Bir azdan Zəhra xanım həyəcanlı və
hədsiz sevinc hissi ilə kabinetdən çıxaraq Heydər
Əliyevin xoş xəbərini - bir neçə dəqiqə
əvvəl L.İ.Brejnevin SSRİ Ali Soveti Rəyasət Heyətinin
fərmanını imzaladığını, institutun 50 illik
yubileyi münasibətilə "Qırmızı Əmək
bayrağı" ordeni ilə təltif olunduğunu və bu
münasibətlə onun səmimi təbriklərini
bütün kollektivə çatdırmağı xahiş
etdiyini bildirdi. Bu, həmin dövrün ən yüksək təltiflərindən
biri idi. Şərəfli haldır ki, qısa müddətdən
sonra ulu öndər özü bu ordeni institutun
bayrağına sancdı və geniş, bugünə qədər
aktual olan bir nitq söylədi. Bunu yalnız ürəyi
ölkənin hər bir vətəndaşının qəlbi
ilə birlikdə döyünən, hər bir müəssisəsinin
müvəffəqiyyətinə sevinən, Vətənini həyatı
qədər sevən, ümummilli lider səviyyəsinə
yüksəlmiş, nüfuzu ilə nəinki keçmiş
SSRİ məkanında, eləcə də dünya
miqyasında sayılıb-seçilən, qəbul edilən
Heydər Əliyev kimi dövlət başçısı,
böyük siyasətçi edə bilərdi.
Müəllimlərin mənzil-məişət
şəraitinin yaxşılaşdırılmasına daim
qayğı göstərirdi. Böyük rəhbərin
tapşırığı ilə neçə-neçə
alimlərimizə şəhərimizin görkəmli yerlərində
tikilmiş yeni binalarda mənzillər verildi, kooperativ tikintisi
üçün yerlər ayrıldı. İnstitutun 50 illik
yubileyi ərəfəsində 30 nəfərə qədər
müəllimə yeni mənzillərin açarları təqdim
olundu. Universitetin 70 illik yubileyi zamanı isə ulu öndər
70 əməkdaşımızı ölkənin ali orden və
medalları ilə təltif etdi, fəxri adlara layiq
gördü.
Böyük öndər daim
vurğulayırdı ki, hər bir ölkənin intellektual, mədəni,
istər elmi, siyasi, istərsə də idarəçilik,
dövlətçilik səviyyəsi onun gənclərinin səviyyəsi
ilə ölçülür. Odur ki, gənclərin təhsilinə,
tərbiyəsinə, ictimai-siyasi baxışlarının
saflığına diqqət yetirir, onların bu istiqamətdə
inkişafına geniş şərait yaradırdı. Ali təhsilli
tibb kadrlarının hazırlanması sahəsinə ulu
öndər strateji bir məsələ kimi baxırdı. Həm
tələbə qəbulunu, həm tədris prosesinin
yaxşılaşdırılmasını, xüsusilə də
gələcək həkimlərin mənəvi tərbiyəsini
daim nəzarətdə saxlayırdı. Ümummilli lider Heydər
Əliyev deyirdi: "Həkim üçün hər bir
keyfiyyət lazımdır. Amma ən əsas keyfiyyət
yüksək mənəviyyatdır. Mən sizə arzu edirəm
ki, hər biriniz öz peşənizlə bərabər,
yüksək mənəviyyata malik olasınız". Gələcək
həkimlərin mənəvi tərbiyəsinə xüsusi
diqqət yetirməyi universitet rəhbərliyindən qətiyyətlə
tələb edirdi. Yaxşı yadımdadır, 1978-ci ilin mart
ayında indiki Heydər Əliyev Sarayında Azərbaycan
komsomolunun XXX qurultayı keçirilirdi. Təhsil sistemindən
4 qurultay nümayəndəsinə çıxışa
hazırlaşmaq tapşırılmışdı. Onlardan
3-ü ali və orta ixtisas təhsili müəssisələrinin
adlı təqüdlə oxuyan tələbələri idi, mən
isə Tibb İnstitutunun komsomol komitəsinin katibi vəzifəsində
işləyirdim. Təbii ki, bizim institutdan yalnız bir nəfər
çıxış edəcəkdi. Qurultayın birinci
gününün axırında mənə bildirdilər ki,
çox güman çıxış etməyəcəksən,
tələbələrdən birinə söz veriləcək.
Səhəri gün saraya daxil olan kimi təşkilatçılar
xəbər verdilər ki, mən mütləq çıxış
etməliyəm. O zamanlar Azərbaycan KP MK-nın və
Bakı şəhər Partiya Komitəsinin plenumlarında Heydər
Əliyevin gənclərin mənəvi tərbiyəsi
mövzusunda tənqidi fikirlərinə və təkliflərinə
əsasən respublika mətbuatında silsilə yazılar
çap olunur, xüsusilə də atalarının
aldığı minik avtomobillərində institutlara gələn,
yol hərəkəti qaydalarına məhəl qoymayan, oxumaq əvəzinə
tələbə yoldaşlarına pis nümunə göstərən
gənclər, onların valideynləri tənqid olunurdular. Belə
yazıların ikisində - "Bakinskiy raboçi" qəzetində
"Papina maşina" və "Azərbaycan gəncləri"
qəzetində "Ataların gül balaları" adlı
məqalələrdə bizim tələbələrin də
adları çəkilmişdi. Mənim də
çıxışımda bu məsələlərə
ciddi yer ayrılmışdı. Odur ki,
çıxışımın yenidən gündəliyə
salınması məni ciddi həyəcanlandırmağa
başladı. İntuitiv olaraq nə isə
olacağını hiss edirdim. Görünür, həyəcanım
o qədər güclü idi ki, kənardan belə hiss
edilirdi. Qurultayın Rəyasət heyətinin 3-cü cərgəsində
mənimlə yanaşı oturmuş mərhum akademik Azad Mirzəcanzadə
dedi: "Sən dünən sakit idin, bu gün niyə belə
həyəcanlısan?" Səbəbini dedim. Cavabında
bildirdi ki, "O kişinin yanında söz demək çox
çətindir. Mən də olsam həyəcanlanaram, o ki
qala sənin kimi cavan oğlan. Amma özünü topla, daha da
çaşarsan". Bir azdan mənə söz verdilər. Sarayda
xitabət kürsüsü rəyasət heyətinin
önündə, ortada qoyulduğundan çıxış edən
arxada kimin deyilənlərə necə reaksiya verdiyini görə
bilmirdi. Çıxışın ortasında mən
yuxarıda qeyd etdiyim faktlardan, görülmüş tədbirlərdən
danışarkən birdən "yoldaş Musayev, bir dəqiqə"
deyib ulu öndər mənə müraciət etdi.
Çıxışımı dayandırıb arxaya
çevrilib ulu öndərin təbəssüm dolu nurlu
simasını görəndə hiss etdim ki,
çıxış xoşuna gəlib. Rahatlaşdım. Bir
neçə sual verdi, bəzi tələbələrin mənəvi
tərbiyəsində olan qüsurların onu narahat etdiyini və
ictimaiyyətin, xüsusilə gənclər təşkilatlarının
bu işlə prinsipial və ardıcıl məşğul
olmalarının vacıb olduğunu bildirdi. Qurultayda fasilə
zamanı ulu öndərlə olan görüşümü
isə həyatımın ən gərgin, unudulmaz, məsuliyyətli
və xoşbəxt anlarından hesab edirəm. Həmin
görüş zamanı mən bildim ki, qalan
çıxışçıların siyahısına
baxandan sonra ulu öndər özü bir neçə nəfərin,
o cümlədən mənim çıxışımı
dinləməyi təklif edib. Qeyd etdi ki, həkimin mənəviyyatı,
əxlaqı, təmizliyi və paklığı kimi dəyərli
xüsusiyyətlər tələbəlik illərində
formalaşdırılmalıdır və gənclər təşkilatları
bu işdə fəal olmalı, seyrçi mövqe
tutmamalıdırlar. Bu təbliğatı birbaşa lazım
olan yerdə insanlarla aparmaq, tapşırığı
birbaşa icraçıların özlərinə vermək,
onlardan tələb etmək kimi spontan nüanslar Heydər Əliyevə
məxsus idi.
Ulu öndər respublikaya rəhbərlik
etdiyi bütün dövrlərdə ali məktəblərdə,
o cümlədən Tibb Universitetində tələbə
kontingentinin formalaşdırılmasını, qəbul
imtahanlarının obyektiv, şəffaf keçirilməsini
xüsusi nəzarətə götürürdü. Qəbul
imtahanlarının gərgin vaxtı ulu öndər işinin
çox olmasına baxmayaraq, şəxsən imtahan
otaqlarına gələr, abituriyentlərlə, müəllimlərlə
söhbət edər, təkliflərini dinləyərdi. Sonra
həyətə çıxaraq valideynlərlə
görüşərdi, deyilən hər bir təklif və ya
irada öz münasibətini bildirər, universitet rəhbərliyinə
konkret göstərişlərini verərdi. 1993-cü ildə
hakimiyyətə qayıdışından sonra da ulu öndər
tələbə qəbulu məsələlərinə daim
ciddi diqqət göstərər, bütün vacib məsələləri
öz nəzarətində saxlayardı. Qəbul
imtahanlarında yüksək bal toplamış tələbələrə
Prezident təqaüdünün təsis edilməsi, fərqlənmiş
gənclərlə Prezident Aparatında görüşməsi,
xaricdə təhsil alan gənclərin sayının hər il
artırılması, onların bütün problemlərinin həll
edilməsi, tələbələrin təqaüdlərinin
artırılması ulu öndərin təhsilə olan
böyük qayğısının bariz nümunəsi idi.
Ulu öndərin 1993-cü il iyun ayının 15-də yenidən hakimiyyətə gəlişindən sonra ölkədə yaratdığı ictimai, siyasi sabitlik, iqtisadi inkişaf tibb elmində başlamış tənəzzülün qarşısının alınmasında öz müsbət təsirini göstərdi. Bununla yanaşı, tibb elminin inkişafı, təhsil islahatlarının həyata keçirilməsi üçün imkanlar genişləndi. Bunların müqabilində 1996-cı ildə Azərbaycan Tibb Universiteti dünya təhsil və elm ocağı Qara dəniz ölkələri Universitetlər Assosiasiyasının, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyasının, 2002-ci ildə isə Avropa Universitetlər Assosiasiyasının tamhüquqlu üzvü seçildi. Bu illər tibb elminin sıçrayışlı yüksəlişi kimi yadda qaldı.
Heydər Əliyevin göstərişi ilə ATU-nun nəzdində perspektivli hərbi-tibb fakültəsi yaradıldı. 2002-ci ildə həmin fakültənin ilk buraxılışı oldu və 25 nəfər məzun bu ixtisas üzrə vəsiqə aldı. Əvvəllər belə kadrlar başqa ölkələrin Hərbi Tibb akademiyalarında hazırlanırdı. İndi artıq öz gücümüzlə milli hərbi tibb kadrlarımızı hazırlaya bilmək imkanı əldə etmişik. Bu, ölkə başçısının Azərbaycanın gələcəyinə, onun tibb elminə ərməğan etdiyi ən böyük töhfələrdən olmuşdur.
Ulu öndər Heydər Əliyevin müstəqil ölkəmizə rəhbərlik etdiyi son 10 il Azərbaycan tibb elminin, Azərbaycan tibb təhsili sisteminin uğurlu inkişaf və yüksəlişi illərinə çevrilmişdir. İnamla demək olar ki, ATU ulu öndərin diqqət və qayğısı sayəsində ölkənin ən böyük elm və tədris müəssisələrindən birinə çevrilmişdir. 1500 nəfərə yaxın professor-müəllim heyətinə malik Azərbaycan Tibb Universiteti ölkə Prezidentinin sərəncamı ilə muxtar qurum kimi fəaliyyət göstərir. Yarandığı gündən indiyə qədər ATU-da hazırlanmış 65 minə yaxın həkim və provizorların 12 minə yaxını Azərbaycanın müstəqillik qazandığı ilk onillikdəki dövrə təsadüf edir. Bütövlükdə isə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə universitetimizdə 45 minə yaxın həkim və provizor kadrları hazırlanmışdır.
Dahi Heydər Əliyevin qurduğu bünövrəyə, onun yolunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin qayğı və köməyinə söykənərək Azərbaycan Tibb Universiteti dünya tibb elmi və tibb təhsili sisteminə daha sıx inteqrasiya olunmaq, ölkəmiz üçün layiqli həkim kadrları hazırlamaq istiqamətində uğurla addımlayır və inkişaf edir. Azərbaycan səhiyyəsinin, tibb elmi və tibb təhsili sisteminin ən parlaq səhifəsi - Heydər Əliyev mərhələsi yenə də geniş yoldadır və bu, gələcəkdə də belə olacaqdır.
Surxay MUSAYEV,
tibb elmləri doktoru,
professor, respublikanın
əməkdar həkimi
Azərbaycan.- 2010.- 28 avqust.- S. 3.