Gəncliyimin və arzularımın diyarı

 

Onda lap cavan idik. İndi elə bilirəm ki, o illərin üstündən əsrlər adlayıb. Naxçıvanın köhnə, darısqal məhəllələrindən birində quş yuvasını xatırladan kiçik otaqlarda kirayədə qalırdıq. Hərəmizin bir dəmir çarpayısı, əyləşəndə ayaqları titrəyən bir köhnə stulu vardı. Köhnə soyuducumuz heç vaxt dolu olmazdı. Subay adamların bazarlıq etməyə, xörək bişirməyə hövsələsimi var!?

Onda hər axşam düşüncələrimizin atəşində xəyallarımızı qovurub şirin-şirin yeyərdik. Sonra da bütün gecəni arzularımızdan, istəklərimizdən söz açardıq, hər hansı bir mövzu ilə bağlı uzun-uzadı mübahisə edər, tarixin yaddaş kitabçasına zəngin qəhrəmanlıq və nadir mədəniyyət dastanı yazmış Naxçıvanımızın gələcəyi barədə maraqlı fikirlər yürüdərdik. Biz gəncliyimizin arzu etdiyi şəhərin xəyali konturlarını çızırdıq: geniş küçələri, çoxmərtəbəli binaları, gül-çiçəyə qərq olmuş meydanları, tələbə şəhərciyi, müasir ticarət və iaşə mərkəzləri... ilə yeni bir Naxçıvanı xəyalımızda yaradırdıq. Təbii ki, bütün bunların fövqündə insan amili dayanırdı. Biz əlbəttə, bütün bu yeniliklərdən yararlana, xəyallarımızı gerçəkləşdirə biləcək savadlı, mədəni, ziyalı, işgüzar, vətən daşı olmağa layiq vətəndaşlar yetişdirməyin zəruriliyiniunutmurduq. Bizim yeni Naxçıvanımızın müasir tipli uşaq bağçaları, ortaali məktəbləri, akademiyası da olmalıydı...

Onda böyük arzularla yaşayan cavanlar idik. Səhərlər qürurla, şəstlə arzusunda olduğumuz küçələrdən, meydanlardan keçib işə, dərsə tələsən naxçıvanlılara qoşularaq inamla sabaha, gələcəyə doğru addımlayırdıq.

Onda hələ gənc idik. Bəzilərimiz tələbə idik, bəzilərimiz isə tələbəlik illərinə əlvida desək , hələ dəftər-kitabdan ayrılmamışdıq. Bütün günü oxuyurduq, öyrənirdik, böyük həyatın dərslərini keçirdik, ömür imtahanından üzüağ çıxmaq üçün cidd-cəhdlə hazırlaşırdıq.

Onda hüsnünə nəğmələr yazılan, şəninə şeirlər qoşulan Naxçıvan uzaq əyalət şəhəri olsa da, onu ürəkdən sevən, ona gözəl gələcək arzulayan bu yolda hər cür fədakarlığa qadir olan cavan sakinləri, yaradıcı gəncliyi vardı. Biz o qədim məhəllədəki balaca otaqlarımızda, o birovuz dəmir çarpayıda bəzən səhəri diri gözlə açardıq, dan yeri sökülən kimi instituta, işə tələsərdik, "qatı açılmamış ideyalarımızı" gerçəkləşdirməyə meydan axtarardıq.

Onda mən Azərbaycan Dövlət İncəsənət İnstitutunu yenicə bitirib təyinatla Naxçıvana gəlmişdim ilk tanışlıqdanca bu yurdu da, onun sərt təbiətini , insanlarını da sevmişdim. Günlər keçdikcə şəhərə , adamlara da daha çox alışırdım, hərdən mənə elə gəlirdi ki, dahi şair mütəfəkkir Hüseyn Cavidin, ölməz Mirzə Cəlilin yaradıcılıq dünyasına tükənməz vurğunluğumdan, böyük məhəbbətimdən qaynaqlanır bu sevgi.

Onda mən Naxçıvan Dövlət Musiqili Dram Teatrında rejissor kimi çalışırdım ilk növbədə Mirzə Cəlilin, Cavidin əsərlərinə quruluş vermək arzusundaydım.

Onda bu qocaman sənət məbədində əsl fədailər çalışırdı, mən onlardan öyrənə-öyrənə onlarla işləyirdim. başa düşürdüm ki, onların hər birinin zəngin təcrübə məktəbi var. Anlayırdım ki, institutda təhsil illəri mənə teatrın nəzəri aspektlərini öyrədibmiş, əsl sənət dərsini isə bu teatrın divarları arasında, bəzisinin heç ali təhsili belə olmayan bu müqtədir, müdrik fitri istedada malik sənətkarlardan alıram.

Onda yaşlı orta nəslin bu nümayəndələrinin dəyərli tövsiyə məsləhətlərini səbrlə dinləsək , özümüzü onlardan daha güclü, daha riskli, daha şanslı sayırdıq. Mən mənim gənclik illərimin dostları inamla irəliyə boylanırdıq, sabahın Naxçıvanı barədə düşünürdük.

Onda bizim asudə vaxtımız, demək olar ki, yox idi. Zamanın nəbzi sanki barmaqlarımızın uçunda döyünürdü, biz bu ritmlə yaşayırdıq, sevdiyimiz şəhərin mədəni həyatını yaddaqalan tamaşalar, konsertlər, yubiley axşamları, poeziya geçələri ilə zənginləşdirməyə tələsirdik.

Onda ...

- Hörmətli sərnişinlər, bir neçə dəqiqədən sonra təyyarəmiz Naxçıvan hava limanına enəcək. Naxçıvanda havanın hərarəti müsbət 37 dərəcədir. Gəminin kapitanı heyəti bizim təyyarəmizlə uçduğunuz üçün sizə təşəkkür edir xoş istirahət arzulayır...

Təyyarə bələdçisinin səsi məni xəyallar, xatirələr dünyasından ayırdı. Təyyarənin illüminatorundan illər öncə qoyub getdiyim arzularımın şəhərini seyr etmək üçün aşağı boylandım. Bu, gəncliyimin şəhəri deyildi! Çoxmərtəbəli binaları, geniş prospektləri, abad meydanları, bir sözlə, müasir görkəmi ilə bu, artıq günün, müstəqil, azad ölkənin - Azərbaycanın bir parçası olan qədim yeni Naxçıvan idi! Bu, arzularımızdan sıyrılıb çıxmış, gənclik ideyaları ilə süslənmiş gözəl, müasir paytaxt şəhəri idi. İllərdən sonra mən yenidən öz gəncliyimlə, daha dəqiqi, gəncliyimin o quş yuvasına sığmayan arzularında pərvəriş tapmış bir şəhərlə, unudulmaz, şirin xatirələrimlə üz-üzə dayanmışdım.

İndi mən böyük, yaraşıqlı, müasir hava limanının buraxılış məntəqəsindən keçib arzularımın şəhərini qucaqlamaq üçün tələsirdim.

Bir zamanlar tozun-torpağın əlindən tərpənmək mümkün olmayan köhnə küçələrdə salınmış geniş rahat yolla şəhərin mərkəzinə doğru gedirdim. Xüsusi uniforma geymiş taksi sürücüsü çox nəzakətlə gedəcəyim ünvanı xəbər alır.

Təp-təzə taksi maşınının yumşaq oturacağında əyləşib maraqla şəhəri seyr edirəm. Əcəmi seyrangahının, Qızlar bulağının, Möminəxatun türbəsinin, Hüseyn Cavid məqbərəsi ev-muzeyinin, Olimpiya-idman kompleksinin, Akademiya şəhərciyinin yanından iftixar qürurla keçirəm. Qədim yurdumuzun bir parça yeri mənə dünya boyda görünür!

İndi Naxçıvan, Azərbaycanın tacı olan bu tarixi məkan özünün yeni ömrünü yaşayır. Müasir tikililərlə yanaşı, yenidən böyük ustalıqla diqqətlə bərpa olunaraq işiq sistemi ilə bəzənmiş tarixi binalar, küçələr boyu əkilmiş yamyaşıl ağaclar, insanların əhval-ruhiyyəsini oxşamaqla yanaşı, ətrafa xoş ətir saçan gül-çiçək - bütün bunların hamısı blokada şəraitində yaşayan, anası böyük Azərbaycanla yalnız təyyarə dəhlizi İran İslam Respublikasının ərazisindən keçən şose yolla əlaqə saxlamaq məcburiyyətində qalan bir diyarın bugünkü rəhbərliyinin sonsuz zəhmətinin böyük sevgisinin bəhrəsidir.

İndi bu şəhərdə, ulu öndərimiz Heydər Əliyevin çox sevdiyi bir vaxtlar çətin rejimində çalışdığı şəhərdə çox şey tanınmaz dərəcədə yaxşılığa doğru dəyişib. Bu, ilk növbədə ümummilli liderimizin ideyalarının təntənəsidir, onun quruculuq yolunu inamla davam etdirən Prezident İlham Əliyevin muxtar respublikaya onun baş şəhərinə göstərdiyi qayğının bariz nümunəsidir. Bu təntənə müasir Naxçıvanın gerçək simasıdır. Başımızın tacı saydığımız Naxçıvan bu möhtəşəmliyi, bu növcavanlığı ilə dişini qıcıyıb dayanmış qarı düşmənə - hələ xaricdəki havadarlarının dəstəyinə güvənib başımıza od ələməyə müntəzir dayanan, səfillik həddində yaşasa da, məkrindən, işğalçılıq amalından daşınmayan Ermənistana göz dağıdır!

İndi bu şəhərin sakinləri Naxçıvanın fəxri sayılan tarixi şəxsiyyətlərlə qürur duyurlar. Hər axşam Əcəmi seyrangahına istirahətə gələnlər bu ünlü memarın arzularının gerçəyə çevrildiyinin şahidi olurlar. Qızlar bulağının ətrafında yaradılmış göldə qayıqla seyrə çıxanlar özünün ikinci gəncliyini yaşayan çıraqban şəhərə baxıb iftixarla "Mən bu şəhərin sakiniyəm" deyirlər.

İndi təkcə naxçıvanlıların deyil, bütün İslam aləminin inam iman yerlərindən biri sayılan Əshabi-Kəhf ziyarətgahının siması tamam dəyişib, gözəlləşib. Burada aparılan bərpa yenidənqurma işləri milli memarlıq ənənələrinin müasir memarlıq cərəyanları ilə sintezindən yaranmış bir sənət nümunəsi təsiri bağışlayır. Bir daha əmin olursan ki, bu torpaqda tariximizə, milli-mənəvi dəyərlərimizə dövlət səviyyəsində diqqət var, qayğı var. Fikirləşirsən ki, bu nəhəng işləri ancaq elinin, obasının dəyərini bilənlər, onun təəssübünü çəkənlər görə bilərlər. Sən gərək ölkəni, millətini, torpağını, keçmişini, gələcəyini elə sevəsən ki, çox qısa müddətdə bu boyda gözəlliyi, cah-cəlalı yaratmağa müvəffəq olasan!

İndi başımda kirayədə qaldığımız o balaca küçənin, quş yuvasını xatırladan o darısqal otaqların havası, gözlərimin önündə isə yeni bir Naxçıvanı qurub yaratmaq həvəsində olan gənc dostlarımın sevincdən işıqlanmış çöhrəsi ilə müasir və gözəl Naxçıvanı gəzib dolaşıram. Bir anlığa mənə elə gəlir ki, bu dəqiqə otaq yoldaşlarım hansı döngədəsə qarşıma çıxıb gülə-gülə əlimi sıxacaq, "Biz onda belə bir şəhər yaratmaq, belə bir rahatlığa nail olmaq istəyirdik, arzumuza da çatdıq", - deyəcəklər.

İndi mən bu torpağın işıqlı, nurlu simasına baxa-baxa onları qəlbimin bütün səmimiyyəti ilə təbrik edirəm və bir vaxtlar kədərlə vidalaşdığım şəhərə bu gün ürəklə deyirəm:

- Səni xoş gördük, gəncliyimizin və arzularımızın diyarı! Var ol, yaşa, həmişəcavan, həmişə möhtəşəm Naxçıvan!

 

 

Əliqismət LALAYEV,

Azərbaycan Dövlət Musiqili

Komediya Teatrının direktoru,

Naxçıvan MR-in əməkdar

incəsənət xadimi

 

Azərbaycan.- 2010.- 28 avqust.- S.  5.