Tərtərin hüsnünə yeni naxışlar vurulur
Tərtər rayonu özəl xüsusiyyətləri ilə də seçilir. Mənbəyini Kəlbəcər dağlarından götürən Tərtər çayının keçdiyi bu ərazi təmiz havası, saf suyu və bir də gözoxşayan yaşıl görkəmi ilə fərqlənir. Buradan baxanda əzəmətli Murov dağı o dərəcədə yaxın görünür ki, elə bilirsən sanki beş addımlıqdadır. Vaxtilə Tərtər çayından ayrılan qollar müxtəlif ərazilərdə rayon mərkəzindən keçərək şəhərin təmizliyini, yaşıllığını, ilin bütün fəsillərində füsunkar görkəmini təmin edən başlıca vasitə olmuşdur.
Lakin nankor qonşularımız sonradan Sərsəng su anbarını işğal altında saxlamaqla Tərtər rayonu üçün uzun illərdən bəri süni şəkildə su problemi yaratdılar. Tarlaların, bağların suvarılmasına ciddi ehtiyac yarandığı isti yay aylarında anbardan Tərtər çayına su buraxmayan ermənilər xain xislətlərinə sədaqətlərini qoruyub saxlayırlar. Qarabağ savaşında qəhrəmanlıq nümayiş etdirən, doğma torpaqlarını canlarından artıq sevib bir qarışını da düşmənə güzəştə getməyən tərtərlilər üzləşdikləri su problemini dövlətin dəstəyi ilə həll edirlər. Son illər yüzlərlə subartezian quyusu bərpa edilmiş, ən çox ehtiyac duyulan yerlərdə yeni subartezian quyuları qazılmışdır.
Qızmar yay günəşinin hər tərəfi yandırıb yaxdığı bu günlərdə Tərtərə yolu düşən hər kəs sanki bahar fəsli ilə qarşılaşır. Hara baxırsan yaşıllıq, hara üz tutursan gül-çiçək. Tərtərin gözoxşayan bu gözəl görkəmini rayon sakinlərinin vətən sevgisinin, doğma yurda bağlılığının ifadəsi kimi də qəbul etmək olar.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq cari ilin birinci yarısında rayonda tikinti, abadlıq işləri davam etmişdir. Rayonda müasir tələblərə cavab verən qum-çınqıl karxanası tikilib istifadəyə verilmişdir. Gündəlik gücü 10 ton olan süd emalı zavodunun, Sarıcalı kənd orta məktəbinin, motel kompleksinin tikintisi davam etdirilir.
Abadlıq-quruculuq işləri yenə də diqqət mərkəzindədir. Heydər Əliyev prospektinin yenidən qurulmasına başlanmışdır. Ümumi sahəsi 8 min kvadratmetr olan şəhərin baş meydanında 6 min kvadratmetrlik sahəyə gözəl görünüşü ilə gözoxşayan yaraşıqlı mozaik daşlar döşənmişdir. Mərkəzi meydandakı fontan müasir dizaynla yenidən qurulmuşdur.
Respublika Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin "Ekologiya ili" elan edilməsi tərtərlilərin də fəaliyyətinə yeni istiqamət vermişdir. Ölkədə onsuz da yaşıllıqlar diyarı kimi tanınan Tərtərin gözəlliyinə yeni naxışlar vurulur. "Ekologiya ili"nin birinci yarısında rayonda 351,3 min ağac əkilmişdir. Cari ilin qış-yaz mövsümlərində ağac əkini kampaniyasında 12.400 nəfərdən çox rayon sakini iməciliklərdə fəal iştirak etmişdir.
Şəhərin E.Səfərov küçəsində yeni salınan yaşayış massivinin ətrafında sahəsi 2 hektar olan yeni istirahət parkı tikilmiş, burada yüksək zövqlə abadlıq işləri aparılmış, ağac və gül kolları əkilmiş, yaşıllıq zolaqları salınmışdır. Şəhərin girəcəyində, yol kənarında iki hektarlıq sahəyə 7 min maşın torpaq daşınmış, ərazidə 32 min qızılgül və 6 min həmişəyaşıl ağac və kol əkilmişdir. Qayğı ilə becərilən böyük yaşıllıq massivi Tərtərə qonaq gələnlərdə xoş təəssürat yaradır.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Vidadi Bəylərov söhbət zamanı deyir:
- Respublika Prezidenti İlham Əliyevin 2010-cu ili "Ekologiya ili" elan etməsi qarşımıza məsul və şərəfli vəzifələr qoymuşdur. Dövlət başçısı tərəfindən fəaliyyətimizə verilən yeni və eyni zamanda aydın istiqamət doğma Tərtərimizin simasında nəzərəçarpan, gözoxşayan yeniliklərə səbəb olmuşdur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarına həmişə sədaqətli olan tərtərlilər ulu öndərin adını daşıyan parkda ilin bütün fəsillərində tər qızılgüllər becərirlər. Yaşıllıqlar diyarı olan Tərtər həm də bulaqlar şəhəri kimi ad çıxarmışdır. Yeni salınmış "Səhəng bulağı" kompleksində dincəlmək, sərinləmək üçün qonşu rayonlardan da gəlirlər.
Vidadi Bəylərov əlavə etdi ki, "Ekologiya ili"nin qayğıları təkcə yaşıllıqların sahəsini genişləndirməklə bitmir. Əkilmiş ağaclara, gül kollarına qayğı ilə qulluq etmək işin mühüm tərəfidir. Tərtərdə təmizlik məsələlərinə də ciddi yanaşılır. Hər gün 79 min kvadratmetr ərazi süpürülüb təmizlənir. Küçələrdəki 5 min paqonometr açıq tipli kanalizasiya arxlarını çirklənmiş vəziyyətdə görmək qeyri-mümkündür. Bu isti yay günlərində yaşıllıq sahələri vaxtlı-vaxtında suvarılır, ağacların qurumuş budaqları kəsilib götürülür, gövdələri əhənglə ağardılır.
Hazırda Tərtər-Bərdə magistral avtomobil yolunun Tərtər rayonu ərazisinə aid olan 10 kilometrinin, Tərtər-Hindarx yolunun 4 kilometrinin, Tərtər-Goranboy avtomobil yolunun 8 kilometrinin hər iki tərəfi 3 və 4 cərgə ağac ilə təmin olunmuşdur. Rayonda yaşıllaşdırma işlərinin uğurla davam etdirilməsinə etibarlı baza yaratmaq üçün rayon meyvə tingliyi idarəsində 2 hektar yer ayrılmış, burada 1 milyonadək gül çiliyi əkilmişdir. Növbəti ildə rayonun yaşıllaşdırılması üçün ting ehtiyacı daxili imkanlar hesabına ödəniləcəkdir.
Lazım QULİYEV
Azərbaycan.- 2010.-28
avqust.- S. 5.