Kiçik kənd məktəbinin böyük uğuru
Şərur rayonunda öz müsbət ənənələri ilə öyünən təhsil ocaqlarından söhbət düşəndə Muğanlı kənd orta məktəbinin adı birincilər sırasında çəkilir, işi başqalarına nümunə göstərilir. Son beş ildə məktəbi bitirmiş 54 məzundan 33-ü ali, 6-sı isə orta ixtisas məktəblərinə qəbul olunub.Cari ildə isə səkkiz məzunun hamısı öz müəllim və valideynlərini sevindirib. Onlardan da altısı ali, ikisi isə orta ixtisas məktəbləri tələbələri sırasına daxil olub. Ölkə Prezidenti cənab İlham Əliyevin "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması barədə imzaladığı sərəncamla təhsil ocağına on min manat məbləğində birdəfəlik pul mükafatının verilməsi ötən tədris ilinin ən böyük uğuru sayılıb.
Muğanlı məktəbi təkcə tədris keyfiyyətləri ilə rayonun digər təhsil ocaqlarından fərqlənmir. Buradakı tarix-diyarşünaslıq muzeyi zəngin eksponatları ilə seçilir. Rayonun ayrı-ayrı qədim yaşayış məskənlərindən, eləcə də kənd ərazisindəki orta əsrlərə aid nekropoldan toplanmış çoxlu sayda maddi-mədəniyyət nümunələri hamının böyük marağına səbəb olub. Qədim daş alətlər, boyalı saxsı qablar, tunc bəzək əşyaları tariximizin uzaq keçmişindən soraq verir. Eksponatlar arasında XIX-XX əsrlərə aid edilən materiallar-məişət əşyaları, əmək alətləri, numuzmatika nümunələri də az deyil. Başqa bir bölmədə isə İkinci Dünya müharibəsindən qayıtmayan 25 nəfər kənd sakinindən söhbət açılır. Kəndin ziyalı yetirmələrinə həsr olunan bölmədəki eksponatlar da tamaşaçılar tərəfindən maraqla qarşılanır.
Əmək təlimi kabineti də zəngindir. Burada müxtəlif
fənlər üzrə
hazırlanan elektro-test
kitablar, muxtar respublikada mövcud olan tarixi abidələrin
maketləri, hərəkətdə
olan kənd təsərrüfatı texnikasına
və radiotexnikaya aid modellər, toxuculuq və nəqqaşlıq üzrə əl işləri şagirdlərin
texniki yaradıcılığından
soraq verir. 2008-ci ildə respublikanın
Təhsil Nazirliyinin xətti ilə keçirilən texniki yaradıcılıq üzrə
uşaq və yeniyetmələrin baxış-müsabiqəsində
ən yüksək mükafat da bu məktəbin kollektivinə verilib.
Bu sahədə qazanılan müsbət təcrübə muxtar respublika məktəbləri
arasında yayılıb.
Təhsil ocağının əmək müəllimi
Səfər İmanova
Naxçıvan MR-in əməkdar
müəllimi fəxri
adı verilib.
Muğanlı kəndi heç də Şərur rayonunun iri yaşayış
məskənlərindən sayılmır. Rayon mərkəzindən
4 km aralıda yerləşən
kənddə hazırda
min nəfərdən artıq
adam yaşayır.
Uzun illər boyu burada təhsil ocağının yaradılmasına
da ehtiyac duyulmayıb. Sakinlər
kənddən təxminən
1,5-2 kilometr aralıda yerləşən
qonşu kəndlərdəki
orta məktəblərin
xidmətindən istifadə
ediblər.
56 il bundan əvvəl kənddə
ilk təhsil müəssisəsi
yaradılıb. Bu, üçsinifli ibtidai məktəb olub. On iki il sonra həmin məktəblər səkkizillik
təhsil ocağına
çevrilib, 1975-ci ildən
isə bir orta məktəb fəaliyyət göstərir.
Həmin il
kənd orta məktəbi üçün
müasir tipli, ikimərtəbəli bina istifadəyə verilib. O vaxtdan da kənd
orta məktəbi igid döyüşçü,
hərbçi Mehdi Mahmudovun adını daşıyır. Böyük
Vətən müharibəsində
416-cı Azərbaycan diviziyasında
alay komandiri
olmuş M.Mahmudov Qafqazdan Berlinədək şərəfli döyüş
yolu keçib. Müharibədən sonrakı
illərdə o, Moskvada
M.V.Frunze adına
Hərbi Akademiyanı
bitirib. Döyüş şücaətlərinə görə çoxlu orden və medallarla
təltif olunub. Həmyerliləri də onunla
haqlı olaraq öyünüblər.
Yarandığı vaxtdan kənddəki təhsil ocağına cəmi iki nəfər
rəhbərlik edib. Hər ikisi
də təcrübəli
müəllim və pedaqoq, məktəb təşkilatçısı olub.
Onlardan biri qabaqcıl maarif xadimi Mirhüseyn
Seyidov olub. İndi onun səksənə yaxın yaşı var. Sonralar rayon təhsil şöbəsinə də
rəhbərlik edib.
Son 27 il ərzində direktorluq sükanı arxasında ixtisasca riyaziyyat müəllimi olan İsa Hüseynovdur. Üç il
bundan əvvəl ona respublikanın əməkdar müəllimi
fəxri adı verilib. Son illər
məktəbə başucalığı
gətirən məzunlar
sırasında onun övladları Xaliq, Xaqani, Kənarə də var.
Məktəbdə öz peşəsinə qəlbən bağlanan müəllimlər də
çoxdur. Xəlil Hüseynov, Sitarə İsmayılova, Aybəniz
Seyidova belələrindəndir.
35 yaşlı kimya-biologiya müəllimi
Baba Babayev də təcrübəli müəllim
kimi tanınır.
Hər il
onun dərs dediyi şagirdlər fənn olimpiadalarında, viktorinalarda uğurla çıxış edirlər.
Son beş ildə məktəbi bitirən məzunlardan 8 nəfərinin ali tibb təhsili müəssisələrinə daxil
olmasında da Baba müəllimin böyük
əməyi olub. Builki məzunlardan Mehdi Həsənov və Sami Oğuzbəy də bu ənənəni davam etdiriblər. Onlar yüksək balla Azərbaycan Tibb Universitetinə daxil olublar.
Təbii ki, təhsildə qazanılan uğurlar ilk növbədə müasir
təlim metodlarından
istifadə sayəsində
mümkün olur. Rübdə
bir dəfədən az olmayaraq
bütün siniflərdə
keçirilən sınaq
imtahanlarının nəticələrinin
pedaqoji kollektivdə ciddi müzakirəsi nəticəsiz ötmür.
Müəllimin əməyinə də məhz bu baxımdan qiymət verilir. Bu halda hər
bir müəllim işinə məsuliyyətlə
yanaşır, çalışır
ki, əldə olunan nəticələr getdikcə artsın.
Kənd məktəbində şagirdlərin
müasir informasiya texnologiyalarının sirlərinə
layiqincə yiyələnmələri
üçün yaxşı
şərait yaradılıb. Altı dəst
kompüter onların ixtiyarına verilib. İnformatika
müəllimi Lalabəyim
Seyidova bu sahədə öz biliyini şagirdlərdən
əsirgəmir. Elektron lövhəli
sinif otağı da tədrisdə keyfiyyət dəyişikliklərinə
zəmin yaradıb.
Məktəbin direktoru İsa Hüseynov bildirir ki, burada təlim-tədrisin
səviyyəsi sinifdənxaric
və məktəbdənkənar
tədbirlərin düzgün
təşkilindən də
çox asılıdır. Ona görə
də dərnək və fakültativ məşğələlərə ciddi yanaşılır.
Bundan əlavə, hər bir ixtisas
müəllimi tərəfindən
həftədə bir dəfədən az olmayaraq ictimai əsaslarla keçirilən məşğələlərdə
isə təlim prosesində "axsayan"
şagirdlərlə fərdi
söhbətlər aparılır.
Son illər məktəbin şagirdlərinin fənn
olimpiadalarında qazandığı
uğurlar da çox olub. Royal və Xəyal Məmmədov qardaşları
kimya fənni üzrə respublika olimpiada turunda mükafat alıblar.
Həvəsləndirici yerlərə
layiq görülən
şagirdlər də
az olmayıb.
Onların bir neçəsinə
Təhsil Nazirliyinin diplom və tərifnamələri verilib.
Mükafatlar məktəb binasının
giriş hissəsindəki
dəhlizdəki guşədə
nümayiş etdirilir.
Bir sözlə, Muğanlı
kənd orta məktəbi şagird sayına görə kiçik olsa da o, muxtar respublikanın
ən qabaqcıl təhsil ocaqlarından biridir. Burada müəllimlər öz peşəsini qəlbən sevir. Qazanılan uğurlar da birgə əməyin bəhrəsidir. Onlar çalışırlar
ki, növbəti dərs ilində uğurlar daha çox olsun.
Məmməd MƏMMƏDOV
Azərbaycan.- 2010.-28
avqust.- S. 5.