Deputatlığa namizədin irəli
sürülməsi və qeydə alınması qaydaları
Dünya iqtisadi məkanına inteqrasiya, sosial tərəqqi, hüquqi və demokratik dövlət quruculuğunun möhkəmlənməsi nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilmişdir. Azərbaycanın siyasi mövqeyinin güclənməsi ona beynəlxalq diqqətin və marağın artmasına səbəb olmuşdur. Ölkəmizdə indiyədək keçirilən seçkilərin nüfuzlu beynəlxalq qurumlar və müşahidəçilər tərəfindən yaxından izlənilməsi bunun bariz nümunəsidir.
Bu il Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçiriləcək. Bu, yeni Seçki Məcəlləsi (SM) qəbul olunduqdan sonra Milli Məclisə keçiriləcək ikinci seçkidir. SM-nin müəyyən etdiyi qaydalara görə, Azərbaycan Milli Məclisinin deputatı seçilmək iddiasında olan hər bir şəxsin namizəd olması üçün bir neçə mərhələdən keçməsi zəruridir. İlk növbədə qeyd edilməlidir ki, deputatlığa namizədlər passiv seçki hüququna malik və Azərbaycan Konstitusiyasının 85-ci maddəsinin tələblərinə uyğun olaraq vətəndaşların özləri, seçicilərin təşəbbüs qrupları, habelə siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən irəli sürülə bilərlər.
Öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan vətəndaşların yaratdıqları təşəbbüs qrupları tərəfindən deputatlığa namizədliyini irəli sürən şəxs dairə seçki komissiyasına yazılı bildiriş təqdim etməlidir. SM-nin 53-cü maddəsinin tələblərinə uyğun tərtib edilmiş öhdəlik ərizəsində deputatlığa namizədliyi irəli sürülmüş şəxsin soyadı, adı, atasının adı, onun doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri (bu olmadıqda - fəaliyyət növü), məhkumluğu, vətəndaşlığı və başqa dövlətlər qarşısında öhdəliyinə dair məlumatlar, habelə deputat seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilməlidir. Əgər namizəd tərəfindən səlahiyyətli nümayəndə təyin edilibsə, həmin səlahiyyətli nümayəndənin notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi təqdim edilməlidir. Eyni zamanda, namizədin ərizəsində onun siyasi mənsubiyyətinə dair məlumat vardırsa, bu barədə təsdiqedici sənəd olmalıdır. SM ilə müəyyən edilmişdir ki, dairə seçki komissiyasına təqdim olunmuş sənədlərin qəbulu barədə namizədə və ya onun səlahiyyətli nümayəndəsinə yazılı arayış verilir, təqdim edilmiş sənədlərə beş gün müddətində baxılaraq, namizədə və ya onun səlahiyyətli nümayəndəsinə namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə qərar təqdim edilir.
Namizədlərin siyasi partiyalar və siyasi partiyaların bloku tərəfindən irəli sürülməsi haqqında qərarı isə siyasi partiya öz nizamnaməsinə uyğun olaraq qəbul edir. Siyasi partiyaların bloku tərəfindən irəli sürülən namizəd bloka daxil olan hər bir siyasi partiya tərəfindən təsdiq edilir və siyasi partiyanın, siyasi partiyalar blokunun bu barədə qərarı protokolla rəsmiləşdirilir.
Deputatlığa namizədlərin irəli sürülməsinin təsdiq edilməsi üçün siyasi partiyalar qeydə alındığı barədə şəhadətnamənin və qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş surətlərini, namizədin irəli sürülməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanının iclasının) qərarını və müvafiq iclasın protokolunu, hər bir namizədin irəli sürülməsi barədə ayrı-ayrılıqda tərtib edilmiş bildirişi, namizədliyi irəli sürülən şəxsin tərcümeyi-halına dair məlumatları, deputat seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş ərizəsini və SM-nin 54-cü maddəsi ilə müəyyən edilmiş digər sənədləri təqdim etməlidir.
Namizədin qeydə alınmasından imtina edilməsi üçün əsas yalnız SM-nin 54.1-54.7-ci maddələrində göstərilən sənədlərin lazımi qaydada rəsmiləşdirilməməsi və ya namizədlərin irəli sürülməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasının pozulması ola bilər. Əgər sənədlərdəki səhvlər və pozuntular siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən düzəlişlər yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası namizədi 5 gün müddətində bu haqda xəbərdar edir və müvafiq düzəlişlər edildikdən sonra namizədin irəli sürülməsini təsdiqləyir. Bütün namizədlər qanunvericiliyə görə bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar.
SM-nə görə, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Minimal hədd azı 450 imza göstərildiyi halda, maksimal hədd nəzərdə tutulmamışdır. Eyni zamanda, Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən müraciət edən şəxslərə veriləcək imza vərəqələrinin sayına heç bir məhdudiyyət qoyulmur.
Seçki qanunvericiliyi namizədin müdafiəsi üçün seçici imzalarının toplanması qaydalarını müəyyən etmişdir. Belə ki, seçici imzalarını Azərbaycan Respublikasının 18 yaşına çatmış aktiv seçki hüququ olan vətəndaşı toplaya bilər. Həmçinin, dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir. SM-nin 57.1-ci maddəsinə əsasən, imza toplanması prosesində seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər hansı formada mükafatlandırmaq qadağandır. İmza vərəqələri SM-nin müvafiq əlavələrinə uyğun hazırlanmalı, imzaların toplanması zamanı məcəllənin 57.4 və 57.8-ci maddələrinin tələblərinə ciddi əməl edilməlidir. Yadda saxlanılmalıdır ki, seçici imza vərəqəsində imza edərkən soyadını, adını, atasının adını, doğum tarixini, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini, imza etdiyi tarixi göstərməlidir. İmza vərəqələri müvafiq seçki komissiyasına təqdim edilərkən nömrələnməli və qovluq formasında səhifələnməlidir.
İmza vərəqəsi imza toplandıqdan sonra imza toplayan şəxs və namizəd tərəfindən imzalanmalıdır ki, bu da imza vərəqələrinin düzgunlüyünün yoxlanılması prosesində nəzərə alınan əsas şərtlərdən biridir. Bundan əlavə, imza qoymazdan əvvəl fərdi qaydada imza toplayan şəxs imza vərəqəsində soyadını, adını, atasının adını, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini göstərməlidir. Bundan fərqli olaraq, namizəd siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülübsə, imza vərəqəsində imza toplayan şəxs barəsindəki məlumatlarla yanaşı, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin soyadı, adı, atasının adı və imza qoyulması tarixi göstərilməli və imza vərəqəsi imza toplayan şəxs və həmin səlahiyyətli şəxsin imzası ilə təsdiq edilməlidir.
Digər mühüm sənəd seçici imzaları toplanmasının yekunu haqqında MSK-nın müəyyən etdiyi formada tərtib edilmiş protokoldur. Bu protokol müvafiq səlahiyyətli şəxs tərəfindən 2 nüsxədə tərtib edilir və həmin şəxs tərəfindən təsdiq edilərək müvafiq seçki komissiyasına təqdim edilir. Bundan başqa, namizəd dairə seçki komissiyasına mülkiyyət hüququ əsasında özünə məxsus olan əmlak barədə, həmçinin özünün gəlirlərinin miqdarı və mənbələri barədə məlumat təqdim etməlidir.
Namizədin qeydə alınması üçün yuxarıda sadalanan sənədlərlə birlikdə namizədin ilkin maliyyə hesabatı da təqdim edilməlidir. Ümumiyyətlə, hər bir namizəd seçki marafonuna qoşulduğu andan və seçkilərin nəticələri elan olunana qədər 3 dəfə maliyyə hesabatı verir. Sənədlərin təqdim edilməsi prosesində həmin şəxsin təqdim etdiyi hesabat qanunvericiliklə ilkin maliyyə hesabatı kimi müəyyən edilir və bunun mahiyyəti ondan ibarətdir ki, həmin hesabatda seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilir. Belə ki, seçki qanunvericiliyinə görə, seçki fondunda toplanmış vəsait təbliğat prosesi başlanana qədər yalnız seçici imzalarının toplanmasının təşkilinə sərf edilə bilər.
Qanunla müəyyən edilmişdir ki, namizəd, seçicilərin təşəbbüs qrupu, siyasi partiyalar və siyasi partiyaların blokları dairə seçki komissiyasına bildiriş təqdim etdikdən sonra beş gün müddətində seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki hesabları açmalıdırlar. SM-nin 156.1-ci maddəsinin tələbinə görə, hər bir namizədin seçki fondu vəsaitinin yuxarı həddi 500 min manatdan çox ola bilməz.
SM-nin 58.1-ci maddəsinə əsasən, namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi seçki sənədlərini səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına təqdim etməlidir. 2010-cu il noyabrın 7-də keçiriləcək seçkilərlə əlaqədar bu son müddət 7 oktyabr tarixinə təsadüf edir.
Seçki komissiyaları tərəfindən seçki sənədlərinin qəbulu qaydası da müəyyən edilmişdir. Belə ki, dairə seçki komissiyası təqdim olunmuş sənədləri bir-bir yoxlayır, imza vərəqələri olan hər bir qovluğu möhürü ilə təsdiqləyir və sənədlərin qəbulu barədə yazılı arayış verir. Seçki qanunvericiliyinin 60.1-ci maddəsinə əsasən, müvafiq seçki komissiyası, imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.
Dairə seçki komissiyası imza vərəqələrindəki, həmçinin təqdim edilmiş sənədlərdəki məlumatların yoxlanılması üçün ekspertlərdən ibarət işçi qrupları yarada bilər. Əgər təqdim edilən sənədlərin siyahısına nəzər salsaq, artıq hansı mütəxəssislərin cəlb oluna biləcəyini anlamaq mümkündür. Məsələn, imza vərəqələrinin yoxlanılması üçün xətşünas-ekspertlər, imza vərəqələrindəki şəxsə dair məlumatların düzgünlüyünün yoxlanılması üçün əhalinin qeydiyyatını həyata keçirən xüsusiləşdirilmiş orqan, maliyyə və vergi qurumlarının mütəxəssisləri cəlb oluna bilər. İşçi qrupuna yeni müxtəlif sahələrin mütəxəssislərinin cəlbinə ehtiyac yarandıqda müvafiq seçki komissiyası mütəxəssislər cəlb etmək hüququna malikdir. Qanunvericilik mütəxəssislər tərəfindən verilən rəylərin imza vərəqələrində olan məlumatların düzgün olub-olmamasını təsdiq edən əsas kimi qəbul edilməsini nəzərdə tutmuşdur. Yoxlanılma proseduru zamanı əsas mərhələlərdən biri də imzaların yoxlanılmasıdır. Seçki təcrübəsinin təhlili göstərir ki, imzaların yoxlanılması proseduru ən çox mübahisə doğuran problemlərdən biridir. Belə ki, imzaların konkret şəxs tərəfindən icra olunduğunu müəyyən etmək üçün ekspertin ixtiyarında həmin şəxsin imza nümunələri olmalıdır. Məhz ona görə də imza vərəqələri yoxlanılarkən ekspertin qarşısında imzaların konkret şəxs tərəfindən qoyulması sualı deyil, həmin imza vərəqələrində bir şəxsin bir neçə şəxsin adından imza etməsinin müəyyən edilməsi sualı durur. Yəni, burada imzaların fərdi eyniləşdirilməsi aparılmır, onların öz aralarında müqayisəsi aparılır ki, bu da xətşünaslıq ekspertizasının predmetinə aid olan suallardan biridir.
İkinci sual doğuran məqamlardan biri də, imzaları yoxlayan şəxslərin səlahiyyətli olmasıdır. Seçki qanunvericiliyinə əsasən, imza vərəqələri yoxlanılarkən eyni adamın bir neçə imzası aşkar edilərsə, yalnız bir imza etibarlı, digər imzalar isə etibarsız sayılır. Seçki hüququ olmayan və məlumatları qeyri-düzgün göstərən seçici imzaları, bildiriş göndərilənədək imza vərəqələrinə daxil edilmiş imzalar, dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin topladığı imzalar, karandaşla qoyulan imzalar da etibarsız sayılır. İmza vərəqələrində imza toplayan şəxsin, habelə namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin əl yazısı qaydasında imzası təsdiq edilməyibsə və ya səlahiyyətli nümayəndənin imzası qeyri-düzgündürsə, imza vərəqələrində olan bütün imzalar etibarsız sayılır.
SM imza vərəqələrində
olan bütün yazıların yoxlanılmasını nəzərdə
tutmuşdur. Eyni zamanda,
qanunvericilik bu zaman bir sıra istisnalar da müəyyən
etmişdir. SM-nin 59.4-cü maddəsinə əsasən,
imzaların yoxlanılması o vaxt dayandırılır ki,
düzgün imzaların sayı namizədin qeydə
alınmasına əsas verir və ya qalan imzaların sayı
namizədin qeydə alınması üçün kifayət
etmir.
Bütün bu proseslərdən
sonra hər bir namizəd üzrə imza vərəqələrinin
yoxlanılmasının nəticələri haqqında
işçi qrupunun rəhbəri, müvafiq seçki
komissiyasının həlledici səs hüquqlu üzvü tərəfindən
protokol tərtib edilir, imzalanır və qərar qəbul
olunması üçün seçki komissiyasına təqdim
edilir. Protokolun surəti namizədin qeydiyyata alınması məsələsinə
baxan seçki komissiyası iclasının başlanmasına
azı 24 saat qalmış namizədə, siyasi partiyanın,
siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə
verilir. Bundan sonra, müvafiq seçki komissiyası namizədin
qeydə alınıb-alınmaması barədə əsaslandırılmış
qərar qəbul edir. Namizədin qeydə alınması barədə
qərarın surəti namizədə, seçicilərin təşəbbüs
qrupunun, namizəd irəli sürmüş siyasi partiyanın
və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə
verilir. Əgər qeydiyyatdan imtina olunubsa, SM-nin 60.2-ci maddəsinə
uyğun olaraq bunun əsasları göstərilməlidir. Qeydə
alınmış namizədlərin siyahısı dairələr
üzrə səsvermə gününə azı 20 gün
qalmış Azərbaycan Respublikası ərazisinin
yarısına, yaxud yarısından çoxuna yayımlanan, təsisçiləri
dövlət orqanları, təşkilatları, idarələri
olan və dövlət büdcəsindən maliyyələşən
dövri nəşrlərdə dərc edilir.
Eyni zamanda, qeydə
alınmış namizəd səsvermə gününə
azı 10 gün qalmış müvafiq seçki
komissiyasına yazılı ərizə verərək namizədliyini
geri götürə bilər. Şəxsin namizədlik
statusundan imtina edilməsi barədə müraciətinə 1
gün müddətində baxılır.
Həmçinin, siyasi partiya
və siyasi partiyaların bloku səsvermə gününə
ən geci 10 gün qalmış istənilən vaxt müvafiq
dairə seçki komissiyasına yazılı ərizə verərək,
birmandatlı seçki dairəsi üzrə irəli sürülmüş
namizədini, qeydə alınmış namizədini geri
çağıra bilər. SM-nin 154.5-ci maddəsinə əsasən,
siyasi partiyalar blokunun seçkilərdə iştirak etməkdən
imtina etməsi ona daxil olmuş siyasi partiyaları seçkilərdə
iştirak etmək hüququndan məhrum etmir. Belə ki, siyasi
partiyalar blokuna daxil olmuş siyasi partiyaların birindən
savayı seçkilərdə iştirak etməkdən imtina
edərlərsə, qalan siyasi partiyalar seçkilərdə
siyasi partiyalar blokunun adı və rəmzləri
saxlanılmaqla siyasi partiyaların bloku kimi iştirak edə
bilər.
Fuad CAVADOV,
hüquq elmləri doktoru,
Mərkəzi Seçki
Komissiyasının üzvü
Azərbaycan.- 2010.- 29 avqust.- S. 4.