QƏBƏLƏ

 

Ürəyimdə pıçıldadıqlarım

 

Bu yayın

İyindən, istisindən,

Texnikanın səsindən,

hisindən, tüstüsündən

Götürüb bəlalı başımı,

bir də can yoldaşımı

(Bir də on üç yaşlı adaşımı)

Qaçdım Qəbələyə

- Baba, Qəbələyə niyə?

başqa cavab tapmadım.

- Qəbələ yaxındı göyə!

 

* * *

 

Lap uşaqlıq yaşımdan

Silinmir yaddaşımdan.

Düruca, Qəmərvan yaylağı.

Qışda dağkəli oylağı,

Ayıların armud bağı.

Zirvələrin ağ duvağı,

Qəbələnin keçmişindən

axıb gələn buz bulağı.

Zamanın ilk addımının

izi qalmış zirvə qarı

qar o qədər qədimdi ki,

Qayaların o qışında -

- Orda qara qurd düşübdü.

Bir də gördük

Qəbələ də - Qutqaşındı.

Qəbələyə ad qoyublar

bu yaşında.

Mən də ilk gənclik yaşımda.

Dürcadan baxdım aşağı

Qəlbimdə min ilin qəmi,

Gözümdə ilk eşq işığı.

Gördüm külək yatıb burda

Güllər gözü yuxuludu.

Günün günorta vaxtında

Yarpaqlar üzü suludu.

Daşlar ürəyi doludu.

Dağlar uludan uludu.

Oyan, dedim Qəbələyə,

Oyan, Qəbələm, oyan!

 

Qədim paytaxtım mənim,

Şöhrətim vaxtım mənim,

Ay yatmış baxtım mənim,

Oyan, Qəbələm, oyan!

 

Bu torpağın altında,

Yerin yeddi qatında,

Oturmusan taxtında

Oyan, Qəbələm, oyan!

 

Haqsızlıq boş yalandı,

Haqq dünyada qalandı.

Dağlar sənin qalandı.

Oyan, Qəbələm, oyan!

 

Dolanar zaman gələr,

Canımıza can gələr.

Üç rəngli bayrağıyla

Bir Azərbaycan gələr.

Sənin də baxtın gülər

Oyan, Qəbələm, oyan!

 

 

Qəbələnin yolları

 

Qəbələnin yolları

at-araba yolu idi.

şəhər torpaq altında,

yol xarabə yolu idi.

Palantökən yolunda1

Eşeklərin belindən

Sürüşərmiş palanı.

(deyiblər, eşitmişəm,

yalançı deyən olsun.

Mən demirəm yalanı).

Sel vaxtı çayı keçmək

Aya köçmək deməkdi.

Çırmanıb suya girmək

candan keçmək deməkdi.

Ağdaşlı Qəbələdə

Poyuz görmüş adamdı.2

çox üz görmüş adamdı,

bir az artıq biləndi.

Ağdaşlı Qəbələdə

uzaqlardan gələndi.

Qəbələ yolu üstə

Xanların çayxanası3

onda hələ yox idi.

Qonaq-qara az idi,

amma gözü tox idi.

gülər üz, mehribanlıq

süfrədəki yavanlıq -

bir az pendir, şor, çörək.

Yoldan gəlmiş qonağa

bundan artıq nə gərək.

(eh, indiki qonaqlar

ə... bu nədir?! - deyərlər.

Basıb adam yeyərlər).

Qurtqaşından yuxarı

Tamam başqa bölgədi.

Leninin sosializmi

Qəmərvana, Dürçaya4

Gəlib çıxa bilmədi.

Yollar da hər gələni

Gətirmədi, gəlmədi.

O yerlər tapdanmadı,

abırlı-üzlü qaldı.

Qəbələnin adı da

yaşadı, gizli qaldı.

Mənim də yaşım ötüb,

Neçə dəfə dünyanın

başına dolanmışam...

Gördüyümü, görmüşəm,

qandığımı, qanmışam.

Elə vərdiş etmişəm

Gəl, deyiblər, gəlmişəm.

Get, deyiblər, getmişəm.

vərdiş var məzarda da

kəmiyimdə qalacaq.

Saatımı taxmasam,

Qalstuk bağlamasam,

Mənə soyuq olacaq.

Gəncliyin son zəngini

Xeyli var ki, çalmışam.

Qocalığı boynuma

Soyadımla almışam.

Yarım əsrdən çoxdu

Bakıda kök salmışam.

Ava-qava adım var,

Kül altında odum var.

Bəzi qohum-qonşuya

daldayam, arxalığam.

Amma heç kəs bilmir ki,

Ağdaşsız, Qəbələsiz

Sudan çıxmış balığam.

Oturmuşam bir evdə

on üçüncü qatta mən.

Nə yerdəyəm, nə göydə

Necə sübut eyləyim

varam bu həyatda mən.

Məndən də yuxarıda

mərtəbələr çoxdan, çox!

Yerdən əlləri çatmır,

Göydən məni görən yox.

Canım-gözüm bu yerdə

Qocalıqda bir dərddir

Təslim olma bu dərdə.

Boğulursan - bağırma,

Kömək - filan çağırma,

Sən özünə bel bağla.

halına özün ağla.

Qocalıq da ömürdü

Yaşa onu maraqla.

qalan səhifələri

Sən maraqla varaqla.

Yollar ayaqlarına

yenə döşənəcəkdi,

çöllər yenə çiçəkdi.

Yaşıl yamaclara bax

gözlərin güləcəkdi.

Dağda, daşda dolan gəz

Ayağını çayda yu,

dabanını daşda əz.

Ayağının yaddaşı

yuxusundan oyansın.

Əlin bulaqda donsun.

Kürəyin gündə yansın.

Xəyalın bircə anda

Əlli ili qət eylər,

Qocalıq qələt eylər.

 

 

Qəbələdə

Beynəlxalq

Musiqi Festivalı

 

Baxıram mən ekrana

İnanmıram özümə

İnana bilmirəm mən

Qulağıma, gözümə.

Ora indi belədi?!

Yəni, bu Qəbələdi?!

Otellər, yollar, bağlar

gözəllikdə yarışır.

Musiqi ulduzları

Bütün dünyadan gəlib

Qəbələdə sayrışır.

İşıqların selində

çimir dərə, çimir dağ.

Musiqi xallarıyla

üzünü yuyur bulaq.

Qəbələ bir səhnədir

Dağlar - tamaşaçıdır.

Şəlalələr əl çalır.

Simfoniyanın qapısı

üzü göyə açılır.

Orkestrdə hər nəfər

öz ürəyini çalır.

Bu səhnəyə baxanda

Adamın ağlı gedir

yanı bu Qəbələdir?

Ştrausun valsına

dağda ayı rəqs edir.

O axşam Qəbələdə

Susub durmuşdu vaxt da.

O axşam lap uzaqda

Musiqi sədasından

utandı ulamağa

uzaqda yalquzaq da.

İldırımlar susdular,

Buludlar yarpaqlara

çiskindən zər ələdi.

musiqini bu dağlar

Yaşıl nura bələdi.

Bəli bu, azadlıqlı!

Müstəqillik belədi,

Bəli bu, Qəbələdi!

müstəqilliyi duyub

Keçmişindən boylanır,

Torpağının altında

şəhərlərin oyanır.

Şəhərlər yox olanda

Onların ruhu kimi

yaşayırlar adları.

Şəhid şəhərlərini

yenidən dirildirlər

Bu günkü evladları.

Azərbaycan - bütöv can

dəfələrlə bölündü,

içində bütöv qaldı.

Öz içindən sağaldı,

yenə də zəfər çaldı.

Azərbaycan hər dəfə

Bir pillə də ucaldı.

mənim Azərbaycanım

elə bütöv bir candı.

Məlhəmi özündəndi,

İçindən sağalandı.

Bizim tariximizdə

məğlubiyyət yalandı!

Zamanın sonunacan

səfərimiz olacaq!

Hələ çox döyüşlərdə

Zəfərimiz olacaq!

Tariximiz boyunca

Görüblər zaman-zaman,

heç kəsdə qisasını

qoymayıb Azərbaycan!

Biz gəldik Qəbələyə

On üç yaşlı Fikrətim

Tutdu mənim əlimdən:

- Baba, bura gözəldi,

burda olmaq nə xoşdu.

Bir az eniş-yoxuşdu.

Qoy, bir tutum əlindən.

Baba, sənin əlində

Əsa olacağam mən.

Bizim balaca Fikrət

oyun açır başıma,

o vaxt elədiklərim

indi çıxır qarşıma.

Elə ki, qollarını

Qəbələ ona açdı,

Əyləncələr qaçırdı

işıqlara sayrışdı

Burda həyat yarışdı,

"Əsam" quş oldu uçdu.

Nəvəmin dalınca mən

Ürəyimdə danışdım.

Qəlbimdə öz-özümə

ondan küsüb-barışdım.

Özüm də bu yaşımda

Gözəllik qarşısında

mat-məhəttəl qalmışdım.

Mən buraya gəlmişəm

çox qədim bir baxışla

ürəyimdə dedim ki,

"Nəvəm, məni bağışla".

Hər cür oyun maşını

Şəlalə var, hovuz var.

Bu yayın ortasında

Könki üçün meydança,

gözəl, hamar buzu var.

Şeytan yoldan çıxardan

maşınların yarışı.

Burda maşın sürməyə

Fikrətin çatmır yaşı.

Mənim də yaşım keçib.

Qanun var Lunaparkda,

etiraz yoxdu fakta.

Heyrət dolu gözləri

Qığılcımlar saçırdı.

Fikrətim eyni anda

dörd bir yana qaçırdı.

Burda uşaqlar hər gün

Tam bir il yaşayırdı.

Burda eyni zamanda

dörd fəsil yaşayırdı.

Bu işıqlar selində

Zaman karuselində

Fırlanıb döndü başı

gəldi mənim adaşım:

- Baba, indiyə kimi

niyə gətirməmisən,

məni bu gözəl yerə?

Nə deyim birdən-birə,

necə deyim bu yerin

yaşı yaşından azdı.

Desəm də, inanmazdı.

Qəbələ şəhərinin

yaşı iki min ildi,

o da Qəbələ idi,

bu Qəbələ deyildi.

- Vaxtım olmadı, adaş.

- Kubadan, Afrikadan,

Filippindən yazmısan.

Bakıda soyuq gündən,

isti gündən yazmısan.

Amma heç deməmisən

bu gözəl yerdən mənə.

Deməmisən sən mənə

Niyə? Niyə demədin?

- Ay mənim canım, gözüm.

Qoyursan ki, deməyə,

dilimdə qalıb sözüm.

Burda işıq yox idi.

Burda yatmışdı zaman.

Burda yatıb qalmışdı

Şan-şöhrətli vaxtımız -

Qəbələ paytaxtımız.

Paytaxtında üstündə

yatıb qaldı baxtımız.

- Baba, uşaq deyiləm,

On üç yaşa dolmuşam,

böyük oğlan olmuşam.

Mənnən belə danışma.

- Günəşdən yaranıbdı

varsa Yer üzündə.

İşıqdan yarandınız

Atan, anan, özün də.

Yeri Günəş yaradıb,

Yer nə eyləyərdi tək?

Böyümüsənsə əgər

bunu bileydin gərək...

Azadlıq, müstəqillik

millətin günəşidi.

Burda gördüklərin də

o günəşin işidi.

- Bura elə gözəldi

lap elə bil nağıldı.

- Nağıl da bir işıqdı

içində arzu yanır.

Hər nağılın sonunda

bir qələbə dayanır.

Ağıl da bir işıqdı,

işıqdı ümid, əməl.

Əlimdən qaçan əsam,

Gəl tut əlimdən, di gəl!

 

 

Bizim eradan

əvvəl

 

Alban kilsəsi deyib,

Onu kimsəsiz bilib,

Təhqir eyləyən nadan.

İslamdan əvvəl də biz

İnsan olmuşuq, insan.

İslamdan əvvəl də biz

Allah birdi demişik.

Allahdan çəkinmişik,

halal çörək yemişik.

Allahın şərəfinə

məbədlər ucaltmışıq,

kilsələr yaratmışıq.

Orda dualar edib

arzumuza çatmışıq.

Axı, islam dinindən,

Qəbələ çox yaşlıdı,

Burda xalqım yaşadı,

Burda xalqım yaratdı,

Burda sevdi, sevildi,

Burda arzuya çatdı.

Burda muğamlarımın

ilk xalları toxundu.

Bulaq səsi üstündə

"Sarı gəlin" oxundu.

Biz Allah evladıyıq,

Allaha and içmişik.

İbrahimlə, Musayla,

İsayla yol keçmişik.

Biz də Adəm oğluyuq,

İnsanlıq tarixini

biz də dolandıq, gəzdik.

Allahın göndərdiyi

Peyğəmbəri tanıdıq,

verdiyi dinə dözdük.

Biz Məhəmməddən əvvəl

İslam ola bilməzdik.

İlk meçid peyğəmbərin

Özü tikən meçiddi.

Burda meçid tikincə

yüzilliklər keçibdi.

Kilsəmizdə qılmışıq

biz müqəddəs namazı.

Məncə ehtiyac yoxdur

qandırmağa qanmazı.

Bu torpağın üstündə

seneqoq da mənimdi,

kilsələr də mənimdir.

Yox, deyib partlasalar,

ölsələr də, mənimdi!

Bizim eradan əvvəl

Qəbələdə bilmirəm

hansı din hökm edirdi.

İbadət eyləməyə

kimlər hara gedirdi.

Bunu dəqiq bilirəm

Allah mənim Allahım,

dil mənim dilim idi.

Torpaq mənim torpağım

el mənim elim idi.

Zühurun öz zamanı,

hünərin öz vaxtı var.

Söz üyütmək başqadı,

Sözün də söz vaxtı var.

Bu gün Azərbaycanda

Açılır yeni səhər

Torpağın arxivindən

Durub ayağa qalxır

Ən qədim - yeni şəhər.

Qoy dünya qarşılasın

Qəbələdi bu gələn,

Anam Azərbaycana

Qələbədir bu gələn.

Biz həmişə olmuşuq,

biz varıq Yer üzündə,

daima olacağıq.

Dahi Üzeyir bəyin

çılğın Koroğlu himnin

Şuşa, Cıdır düzündə

Zəfərlə çalacağıq.

Biz varıq, olacağıq.

 

 

Fikrət Qoca,

Qəbələ-Semirana

istirahət evi, avqust 2010

 

1 Qəbələ yolunda yer adı

2 Qatara, paravoza - deyirdilər

3 Bu yolda ilk çayxana açan adamdır

4 Qəmərvan, Dürca - Qəbələdə yaylaq adları

 

 

Azərbaycan.- 2010.- 29 avqust.- S. 5.