Azərbaycan Prezidenti
İlham Əliyevin
tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin
ayırdığı qida məhsulları,
dərman preparatları və məişətdə istifadə
edilən digər zəruri mallarla yüklənmiş
təyyarə Pakistana yola
salınmışdır
Xəbər verildiyi kimi, Pakistan İslam Respublikasında təbii fəlakətdən zərər çəkmiş insanlara yardımın göstərilməsi və daşqınların nəticələrinin aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası tərəfindən 1 milyon ABŞ dolları məbləğində yardıma əlavə olaraq, Prezident İlham Əliyevin tapşırığı və Nazirlər Kabinetinin 21 avqust 2010-cu il tarixli qərarı ilə qardaş Pakistan xalqına daha 1 milyon ABŞ dolları yardım ayrılmışdır.
Bundan əlavə, avqustun 27-də Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən ayrılmış ümumi çəkisi 40 ton, dəyəri 350.000 manat olan qida məhsulları, geyim və məişətdə istifadə edilən digər zəruri mallarla yüklənmiş təyyarə Pakistana göndərilmişdir.
Avqustun 29-da isə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin ayırdığı 221 min manatlıq qida məhsulları, dərman preparatları və məişətdə istifadə edilən digər zəruri mallarla yüklənmiş təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Pakistana yola düşmüşdür.
Fövqəladə Hallar Nazirliyi Maddi-Texniki Təchizat İdarəsinin rəisi Raqif Muradov jurnalistlərə bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə nazirlik Pakistana yardım göndərir. Bu yardım təxminən 43 ton çəkidə, 221 min manatlıqdır. Təbii fəlakətlə üzləşmiş qardaş ölkəyə göndərilən yardım əsasən qida məhsullarından, dərman preparatlarından, yataq ləvazimatlarından, generatorlardan, çarpayılardan və məişətdə istifadə edilən digər zəruri mallardan ibarətdir.
İdarə rəisi demişdir ki, əgər fəlakətə düçar olmuş Pakistanda vəziyyət belə davam edərsə, Azərbaycan hökumətinin qardaş ölkəyə yenidən yardım göstərməyə imkanı vardır. Pakistan tərəfdən müraciət olunacağı təqdirdə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasediciləri də təbii fəlakət zonasına göndəriləcəkdir.
AzərTAc
Azərbaycan.- 2010.- 31 avqust.- S. 1.