Parlament seçkiləri ədalətli, şəffaf və demokratik şəraitdə keçiriləcək

 

Xalq Heydər Əliyev kursuna və Prezident İlham Əliyevin uğurlu siyasətinə etimadını Yeni Azərbaycan Partiyasına səs verməklə bir daha nümayiş etdirəcək

 

- Əli müəllim, 2010 – cu ilin birinci yarısı Azərbaycanda siyasi - ictimai, iqtisadi və sosial prosesləri necə xarakterizə edərdiniz?

- Son illərdə dünya üzrə inkişaf dinamikasına görə ən yaxşı göstəricilərə malik olan ölkəmizdə sosial-iqtisadi tərəqqi ötən altı ay ərzində də əzmlə davam etdirilmişdir. Məlum olduğu kimi, dünyanı 2008-2009-cu illərdə lərzəyə salan beynəlxalq maliyyə və iqtisadi böhranın ağır nəticələri bir sıra ölkələrdə hələ tam aradan qaldırılmayıb. Azərbaycanda böhranın ən ağır vaxtlarında belə onun respublikamıza vura biləcəyi zərbələr minimuma endirildiyi kimi, 2010-cu ilin ilk yarısında da hər hansı mənfi təsiri qeydə alınmadı. Bunun səbəblərindən ən birincisi Azərbaycanın iqtisadi inkişaf strategiyasının dərindən düşünülmüş əsaslara söykənməsi və iqtisadi quruculuğun sağlam təməllər üzərində bərqərar olmasıdır. Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında da bu barədə geniş fikirlər səsləndi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Azərbaycanda 2009-cu ildə iqtisadi inkişaf baxımından çox yüksək göstəricilər əldə olunmuşdur. 2010-cu ildə də bu müsbət meyillər davam etmişdir və iqtisadiyyatımızın bütün sahələrində inkişaf var, tərəqqi var". İqtisadiyyatın inkişafı paralel olaraq digər sahələrin yüksəlişi və yeniləşməsi ilə müşayiət olunur ki, bu da 2010-cu ilin birinci yarısının səciyyəvi cəhətlərindən biridir. İctimai-siyasi vəziyyətlə əlaqədar isə öncə onu qeyd etmək istərdim ki, Azərbaycandakı sabitlik və əmin-amanlıq bu müddət ərzində daha da möhkəmlənib. Azərbaycan vətəndaşları bir daha əmin olublar ki, ölkəmizdə iqtisadiyyatdan tutmuş bütün sahələrdə müşahidə olunan inkişaf və yüksəlişin fundamental əsaslarından biri dayanıqlı sabitlikdir. Bu mənada siyasi-ictimai sabitlik və əmin-amanlıq Azərbaycanın inkişafının təməl prinsiplərindən biri kimi qeyd olunmalıdır. Artıq bu reallığı Azərbaycandakı inkişafı və müsbət dəyişiklikləri müşahidə edən bütün beynəlxalq strukturlar da etiraf edirlər. Onlar etiraf edirlər ki, Azərbaycanın çox sürətli inkişafının əsasında dayanan həlledici amillərdən biri məhz ictimai-siyasi sabitlikdir. Bu gün Azərbaycan cəmiyyətini narahat edən əsas məsələ torpaqlarımızın bir qisminin işğal altında olmasıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu günə qədər nizama salınmaması hər bir vətəndaşımızı dərindən narahat edir. Ədalət naminə qeyd etmək lazımdır ki, 2010-cu ildə münaqişənin nizama salınması istiqamətində bir dinamizm müşahidə olunmaqdadır. Beynəlxalq təşkilatlar və fövqəldövlətlər, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin nizama salınması ilə əlaqədar müəyyən ümidlər yarada biləcək aktivləşmə nümayiş etdirirlər. 2010-cu ilin birinci yarısının ictimai-siyasi proseslərinin çox vacib məqamlarından biri də ölkəmizdə noyabr ayında keçiriləcək parlament seçkiləri ilə əlaqədar siyasi arenada canlanmanın hiss olunmasıdır. Beləliklə, Azərbaycan 2010-cu ilin birinci yarısında da bundan əvvəlki illərdə müşahidə olunan irəliləyişlərini davam etdirib, həyatımızın bütün sferalarında dinamika və dəyişikliklər özünü göstərib. Bu baxımdan 2010-cu ilin birinci yarısı Azərbaycan üçün uğurlu olub və bu, sonrakı dövr ərzində respublikamızın daha sürətli inkişafı üçün möhkəm təməlin yaradıldığından xəbər verir.

- Çox doğru qeyd etdiniz ki, hazırda Azərbaycan ictimaiyyətini narahat edən əsas aktual məsələ torpaqlarımızın hələ də işğal altında qalmasıdır. Necə düşünürsünüz, artıq mahiyyəti məlum olan yeniləşmiş Madrid prinsiplərini Azərbaycanın Ermənistana son şansı kimi dəyərləndirmək olarmı?

- Bəli, bunu məhz belə dəyərləndirmək lazımdır! Çünki bütün danışıqlar prosesi və bu prosesə cəlb olunmuş vasitəçilərin nümayiş etdirdiyi mövqelər onu göstərir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasının limitinin artıq çoxdan tükəndiyini beynəlxalq icma daha aydın şəkildə dərk etməyə başlayıb. Bu dərketmə fonunda bir yandan münaqişənin nizama salınması yönündə fəallaşma müşahidə edilir. Bu barədə əvvəldə qısa şəkildə fikirlərimi söylədim. Digər tərəfdən, Azərbaycanın danışıqlar prosesinə sədaqəti zəminində ölkəmizin Ermənistana verdiyi son şans amilinin ortaya gəldiyini qeyd etmək olar. Azərbaycanın gücləndiyi və qüdrətləndiyi, bu güc fonunda ordumuzun döyüş qabiliyyətini artırdığı, beynəlxalq icma və güclər münaqişənin nizama salınmasının zamanının yetişdiyini dərk edərək ədalətli həll formalarını axtarmaq istiqamətində səylərini intensivləşdirdiyi bir məqamda rəsmi Bakının sülh danışıqlarına sədaqət nümayiş etdirməsi, sözün həqiqi mənasında, bizim Ermənistana verdiyimiz son şans kimi qiymətləndirilməlidir. Bu gün münaqişənin yoluna qoyulması ilə bağlı reallıqlar əhəmiyyətli dərəcədə dəyişib. Tərəflərin mövqeyi detalları ilə olmasa da, mahiyyət etibarilə büsbütün açıqlanıb. Madrid prinsiplərinin hansı dəyərlər və məqamlar üzərində qərar tuduğunu, demək olar ki, həm Azərbaycanda, həm də respublikamızdan kənarda hər kəs bilir və müvafiq nəticələr çıxarır. Bütün bunların hamısı ondan xəbər verir ki, münaqişənin ədalətli şəkildə nizama salınması üçün əlverişli beynəlxalq mühit formalaşıb. Mən "əlverişli beynəlxalq mühitin formalaşması" fikrini söyləyərkən, hər şeydən əvvəl, beynəlxalq icmanın, əvvəldə qeyd etdiyim kimi, münaqişənin nizama salınması limitinin tükəndiyi qənaətinə gəldiyini ayrıca vurğulamaq istəyirəm. Bu fakt beynəlxalq gücləri əhəmiyyətli dərəcədə fəallaşdırıb. Cənubi Qafqazdakı proseslərdə maraqlı olan dairələr daha aydın dərk etməyə başlayıblar ki, Ermənistanın Azərbaycana təcavüzünün nəticələri aradan qalxmadan, birincisi, Cənubi Qafqazda sabitliyin və əmin-amanlığın təmin edilməsi mümkün deyil. İkincisi, Cənubi Qafqazda əmin-amanlıq təmin edilmədikcə bu bölgə ilə münasibətlərini genişləndirmək istəyən dairələr öz niyyətlərinin həyata keçirilməsi üçün daha əlverişli imkanlar əldə edə bilmirlər. Üçüncüsü, Azərbaycan ərazilərinin işğaldan azad olunmaması bütövlükdə regionun inkişafı üçün çox ciddi əngəllər meydana çıxarır. Ən nəhayət, bu, Avropa məkanında sülhün və təhlükəsizliyin mövcudluğuna təhlükə və hədə olaraq qalmaqda davam edir. Bütün bunların hamısı münaqişənin nizama salınması istiqamətində, qeyd etdiyim kimi, əlverişli beynəlxalq fonun yarandığından xəbər verir. Digər tərəfdən, Ermənistanın danışıqlar prosesində indiyə qədər qeyri-konstruktiv mövqe nümayiş etdirməsi onu çıxılmaz vəziyyətə salıb. Eyni zamanda, Ermənistan qeyri-konstruktivliklə münaqişənin nizama salınması ilə məşğul olan vasitəçiləri, ümumiyyətlə, bu problemin yoluna qoyulmasında maraqlı olan dairələri də çətin duruma salıb. Bu da, təbii ki, beynəlxalq güclərin imicinə və nüfuzuna kölgə salır. Azərbaycanın isə həm regionda, həm onun hüdudlarından kənarda mövqeləri, - istər iqtisadi, istər siyasi, istərsə də hərbi sahədə, - sürətlə möhkəmlənməkdədir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bu barədə deyib: "Biz bu gün böyük zirvələrə çatmışıq. Dünya miqyasında Azərbaycan böyük hörmətə malik olan ölkədir, bölgədə həlledici rol oynayır. Bizim iştirakımız olmadan heç bir məsələ öz həllini tapa bilməz. Bölgədə irəli sürülən siyasi təşəbbüslər və onların baş tutmaması bir daha onu göstərir ki, bizim razılığımız olmadan heç bir məsələ öz həllini tapa bilməz". Azərbaycanın nüfuzunun artması, regionda mövqelərinin güclənməsi və bu gücün özünü qəti şəkildə ifadə etməsi münaqişənin nizama salınması üçün vacib arqument rolunda çıxış edir. Bu arqumentin təsir gücü və dairəsi getdikcə daha sürətlə artmaqdadır. Bütün bunların hamısı münaqişənin aradan qaldırılması üçün vaxtın həddən arıtq gecikdiyini və qısa zamanda konkret tədbirlərin görülməsinin vacibliyini ortaya qoyur. Belə bir şəraitdə Azərbaycanın gözləməsi və danışıqlar prosesinə sədaqət nümayiş etdirməsi, sözün həqiqi mənasında, Ermənistana verilən son şans kimi qiymətləndirilə bilər.

 

- Qeyd etdiyiniz əlverişli mühiti Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirmək olarmı?

 

- Bu əlverişli mühit Azərbaycana sevgidən yaranmayıb! Əgər belə olsaydı, ümumiyyətlə Dağlıq Qarabağ münaqişəsi olmazdı. Azərbaycanla gücü heç vaxt ölçüyə gəlməyən Ermənistan tərəfindən torpaqlarımız işğal olunmazdı! Bu müddət ərzində Azərbaycan torpaqları işğal altında saxlanmazdı və s. Bu gün münaqişənin nizama salınması ilə əlaqədar Azərbaycan üçün əlverişli beynəlxalq mühitin formalaşmasından danışarkən ilk növbədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, gərgin fəaliyyətinin bəhrə verdiyini qeyd etmək lazımdır. O cümlədən, Azərbaycan diplomatiyasının uğurlarını, nailiyyətlərini ayrıca vurğulamaq lazımdır. Bu uğurların kökündə dayanan vacib amillərdən biri respublikamızın iqtisadiyyatının inkişafı və bir dövlət olaraq mövqelərinin möhkəmlənməsidir. Azərbaycan iqtisadiyyatının inkişaf etməsi diplomatiyamızın gücünün artmasına transfer olunur. Bu inkişaf ordumuzun döyüş qabiliyyətinin güclənməsinə əsas yaradır. Ölkəmizin yüksəlişi respublikamızın regionda və beynəlxalq müstəvidə əhəmiyyətinin və rolunun artmasında özünü göstərir. Beləliklə, həm Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları, həm də bu uğurlar üzərində qərar tutan diplomatik nailiyyətlər Azərbaycan üçün münaqişənin nizama salınması kontekstində haqqında danışdığımız əlverişli mühiti formalaşdırıb. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, sözügedən kontekstdə Azərbaycan üçün əlverişli şərtlərin də mövqelərinin möhkəmlənməsini son vaxtlar ardıcıl olaraq müşahidə etmək mümkündür. Bu amil özünü danışıqlar prosesində, o cümlədən münaqişənin həll olunmasına baxışların mahiyyətinin dəyişməsində göstərir. Müşahidə olunan dinamika gələcəkdə də Azərbaycan üçün əlverişli olan mühitin baza prinsiplərinin daha da möhkəmlənəcəyinə ümidlər yaradır. Bütün bunların hamısı həyata keçirilən Prezident siyasətinin uğurları və o cümlədən də xarici siyasətin zəfəri kimi birmənalı şəkildə qiymətləndirilir. Azərbaycan cəmiyyəti münaqişənin nizama salınması perspektivlərinə məhz bu amillər və reallıqlar, faktlar prizmasından baxaraq qiymət verir.

 

- Bəs münaqişəni nizamlama prosesində ictimai-siyasi qurumların, qeyri-hökumət təşkilatlarının fəaliyyətini necə görmək istərdiniz?

 

- Mənim bu məsələyə münasibətimin kökündə belə bir yanaşma dayanır ki, münaqişənin aradan qaldırılmasına müsbət mənada kömək edə biləcək nə varsa, ondan faydalanmağa çalışmaq lazımdır. Çünki burada Azərbaycanın pozulmuş ərazi bütövlüyünün bərpası kimi çox ciddi milli məsələ dayanır. Burada qaçqınlıq və köçkünlük həyatının acıları ilə yaşayan bir milyondan artıq insanın öz yurd-yuvalarına qayıtması kimi humanitar bir məsələ dayanır. Ən əsası, burada milli qürur məsələsi dayanır. Belə olan halda kim bu işə kömək edə bilərsə, ondan faydalanmağa çalışmaq lazımdır. O cümlədən də ictimai-siyasi qurumlar, qeyri-hökumət təşkilatları əgər münaqişənin nizama salınmasına bu və ya digər köməyi göstərə bilərlərsə və yaxud hər hansı bir problemin həll olunmasına öz yardımlarını təqdim edə bilərlərsə və bundan da fayda götürmək mümkündürsə, bunu etmək lazımdır. Amma gərək bu məsələ yalnız və yalnız saf mərama, münaqişənin nizama salınmasına kömək etmək niyyətinə xidmət etsin. Burada kiminsə özünü reklam etməsi, dividendlər qazanması niyyətlərini reallaşdırmaq cəhdləri olmamalıdır. Əgər bunlar yoxdursa və atılan addımlar, münaqişənin nizama salınması üçün icmalar arasında etimadın yaranmasına yardım edirsə, qonşuluq münasibətlərinin formalaşmasına azacıq da olsa müsbət təsir göstərə bilirsə, buna getmək lazımdır. Ermənistan da, Azərbaycan da eyni bölgədə yaşayır və bundan sonra da yaşayacaqlar. Münaqişə də nə zamansa həll olunacaq. Demək, qonşu olan bu dövlətlər və onların əhalisi bir-biri ilə dinc yaşamaq yollarını və vasitələrini mənimsəməlidirlər. Buna kimlər kömək edə bilərsə, - istər ictimai təşkilatlar olsun, istərsə də ziyalılar, - xor baxmaq lazım deyil. Amma yenə də dediyim kimi, burada fayda yalnız münaqişənin nizama salınmasına yönəlməlidir. Yoxsa münaqişənin nizama salınmasına heç bir kömək etmədən kimsə özünə dividendlər qazanmaq məqsədilə belə addımlar atırsa, hesab edirəm ki, bunun faydasından çox ziyanı var. Digər tərəfdən, Azərbaycan tərəfindən belə niyyəti ortaya qoyanların, kimliyindən asılı olmayaraq, addımlarında milli maraqlar və milli təəsübkeşlik ön planda durmalıdır. Bu, bütün digər maraqlardan və istəklərdən öndə dayanmalıdır. Məhz bu prinsiplər çərçivəsində ictimai-siyasi qurumlar, QHT sektorunun münaqişənin nizama salınmasında kömək göstərmək potensialından faydalanmağa çalışmaq lazımdır.

 

- Parlament seçkilərinə 4 ay qalır. İndiki mərhələdə hakim Yeni Azərbaycan Partiyasının seçki hazırlığı nə yerdədir?

 

- Yeni Azərbaycan Partiyası üçün "seçkilərə hazırlıq" məfhumu sadəcə seçkilərin keçirilməsi üçün qanunvericiliklə ayrılmış vaxt çərçivəsinə sığan anlayış deyil. Hər bir partiya, o cümlədən YAP üçün mövcudluğun forması bu və ya digər seçkilərə hazırlaşmaqdan ibarətdir. Ölkədə keçirilən seçkilərə hazırlaşmaqdan və iştirakdan kənarda hər hansı partiyanın mövcudluğu üçün heç bir arqumenti axtarıb tapmaq mümkün deyil! Məsələyə məhz bu prizmadan yanaşan YAP fəaliyyətinin başlıca qayəsini, mənasını və məzmununu seçkilərə hazırlaşmaqda və iştirak etməkdə görür. Bu mənada seçkilərə müntəzəm olaraq hazırlaşmaq YAP-ın fəaliyyətinin əsas xəttini və qayəsini təşkil edir. Onu da qeyd etmək istərdim ki, seçkilərə hazırlıq seçki kampaniyaları dövründə daha intensiv xarakter alır. Artıq qarşıdan gələn parlament seçkilərinin keçirilməsinə dörd ay vaxt qalıb. Azərbaycanın seçki qanunvericiliyinin tələblərinə görə, seçki kampaniyası iki ay müddətini əhatə edir. Lakin YAP bu seçkiyə uzun müddətdir hazırlaşır. Bu müddət ərzində biz konseptual olaraq seçkilərin keçirilməsi ilə əlaqədar bir çox məsələləri özümüz üçün aydınlaşdırmışıq. Həm də aydınlaşdırılmış həmin məsələlərlə əlaqədar olaraq praktik addımlar atmışıq. Bilirsiniz ki, YAP geniş şəbəkəyə malik olan siyasi təşkilatdır. Onun malik olduğu təşkilati və insani resursları səfərbər edib seçki kampaniyasının keçirilməsinə istiqamətləndirmək böyük səylər tələb edir. Eyni zamanda, bu, əhəmiyyətli bir vaxtı əhatə edir. Bu mənada biz dəfələrlə YAP-ın qarşıdan gələn seçki kampaniyası ilə əlaqədar proqramının ayrı-ayrı detallarını nəzərdən keçirmiş, dəqiqləşdirmələr aparmışıq. Resurslardan səmərəli şəkildə istifadə edilməsi ilə əlaqədar müəyyən mexanizmlər düşünülüb və onun həyata keçirilməsi istiqamətində hazırlıqlar davam edir. Digər tərəfdən, biz seçki ab-havasının ayrı-ayrı məqamlarını ciddi şəkildə təhlil edərək müəyyənləşdirdiyimiz seçki taktikasının uğurlu şəkildə həyata keçirilməsi üçün daha hansı resursların cəlb olunması və yaxud da hansı seçki addımlarının atılması barədə də müəyyən qənaətlərimizi formalaşdırmışıq. Ona görə mən bu gün üçün YAP-ın qarşıdan gələn parlament seçkilərinə hazırlığını kifayət qədər qənaətbəxş adlandırardım. Artıq YAP-ın ayrı-ayrı strukturlarında seçki ab-havası qəti şəkildə qərarlaşıb. YAP-ın yarım milyondan çox üzvünün içərisində bu ab-havanın daha da gücləndirilməsi istiqamətində təşviqatlarımız aparılır. Beləliklə, bir yandan lazım olan hazırlıq işləri görülür, digər yandan partiyamızda seçki əhvali-ruhiyyəsi günbəgün artır. Bu iki komponent üzrə seçki kampaniyasının keçirilməsi üçün YAP-ın tamamilə hazır vəziyyətdə olduğunu qeyd edə bilərəm.

 

- Təbii ki, seçiciləri, o cümlədən 500 mindən artıq YAP üzvünü maraqlandıran əsas məsələ partiyanın müəyyənləşdirəcəyi namizədlərin siyahısıdır. Seçkiyə 4 ay qaldığı bir vaxtda namizədlərin müəyyənləşdirilməsi ilə bağlı nə kimi konkret məqamlar var? Ümumiyyətlə, namizədlərin müəyyən edilməsi hansı mexanizmlərlə aparılacaq?

 

- İnanıram ki, parlament seçkiləri Azərbaycan xalqının hakimiyyətə sarsılmaz etimadını növbəti dəfə nümayiş etdirəcək. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların ölkəmizdə çox böyük uğurlara gətirib çıxarması faktdır. Azərbaycan iqtisadiyyatının inkişaf etməsindən tutmuş əhalinin rifahının yaxşılaşdırılması, Azərbaycanın simasının müasirləşdirilməsi və yeniləşdirilməsi də daxil olmaqla çox böyük irəliləyişlər əldə edilib. Bütün bunların sayəsində Azərbaycan vətəndaşları iqtidar partiyası olan YAP-a və təbii ki, onun irəli sürəcəyi namizədlərə dəstəyi açıq şəkildə ifadə edirlər. Digər tərəfdən, YAP-ın özünün də nüfuzunun və ictimai çəkisinin artmasını ayrıca qeyd etmək istərdim. 2005-ci ildə keçirilən parlament seçkiləri ərəfəsində YAP-ın təxminən 370 min üzvü var idi. Bu gün isə partiya üzvlərinin sayı yarım milyonu ötübdür. Bunlar seçicilərdir və təbii ki, yarım milyondan çox seçicinin birləşdiyi partiyanın ictimai nüfuzu qarşıdan gələn parlament seçkilərində böyük uğur qazanmağa kifayət qədər əsaslar yaradır. Azərbaycanda hər on seçicidən biri YAP üzvüdür. Bütövlukdə ölkəmizdə beş milyona yaxın seçici var. Parlament seçkilərində, bütün ölkələrdə olduğu kimi, seçicilərin təxminən yarısının iştirak etdiyini nəzərə alsaq, bu, təxminən iki milyon yarım, üç milyon seçici edər. Yarım milyonluq üzvü olan YAP-ın fəallarının hər biri iki-üç nəfəri bizim irəli sürdüyümüz namizədlərə səs verməyə təşviq etsə, onları bizə səs verməyə inandırsa, bu, artıq milyon yarım-iki milyon səs deməkdir. Bunun üzərinə partiyanın nüfuzunu gəldikdə, YAP-ın qarşıdan gələn parlament seçkilərində çox ciddi uğur qazanması üçün əhəmiyyətli bazanın olduğunu görərik. Bütün bunlarla yanaşı, onu xüsusi qeyd etməliyik ki, qarşıdan gələn parlament seçkilərində YAP-ın ən böyük resursu seçicilərin Azərbaycan Prezidenti və YAP sədri İlham Əliyevə, onun həyata keçirdiyi siyasətə inamıdır. Bu, istinad etdiyimiz, güvəndiyimiz və uğur gətirəcəyinə inandığımız əsas resursdur. Siyasi partiyaların seçki kampaniyasının uğurunu təmin edən amillərin içərisində namizədlərin düzgün müəyyənləşdirilməsi taktikası əhəmiyyətli rol oynayır. Bu mənada biz indi çox ciddi şəkildə araşdırmalar, dəqiqləşdirmələr və dəyərləndirmələr aparırıq. Hesab edirik ki, vətəndaşlarımızın, seçicilərimizin rəğbətini qazanmağa layiq olan namizədləri irəli sürə biləcəyik. Təbii ki, bunların əhəmiyyətli bir hissəsi bu gün Azərbaycanın parlamentində YAP-ı təmsil edən insanlar olacaq. Prinsip etibarilə YAP onu parlamentdə təmsil edən deputat korpusundan razıdır. Ötən beş il ərzində Azərbaycan parlamenti səmərəli şəkildə fəaliyyət göstərib və parlamentin uğurlarının təmin olunmasında YAP-ın deputat korpusu böyük rol oynayıb. Beləliklə, bizim deputat korpusunun fəaliyyətindən razı olmağımız üçün kifayət qədər əsas var. Bu, bizim namizədlərin müəyyənləşməsi zamanı istinad edəcəyimiz ən başlıca resurslardan və mənbələrdən biridir. Təbii ki, YAP-ın sıralarında Azərbaycan parlamentində partiyamızı təmsil etməyə layiq olan kifayət qədər insan var. Araşdırmalarımız nəticəsində bu böyük resursun içərisindən seçicilərin rəğbətini qazana biləcək və qazanmağa layiq olan insanlar müəyyənləşdirilərək namizədlikləri irəli sürüləcək. Hələlik biz bu istiqamətdə təhlillərimizi və dəyərləndirməmizi davam etdiririk. Seçkilərə rəsmi şəkildə start sentyabr ayının 8-də veriləcək. O vaxtadək kifayət qədər zaman var ki, biz bir daha qənaətlərimizin düzgünlüyü üzərində düşünək və ən layiqli namizədləri seçib irəli sürək.

 

- Son bələdiyyə seçkilərində bəzi YAP üzvləri partiya siyahısından kənarda öz namizədliklərini irəli sürmüş və müəyyən mənada seçicilərin səslərinin parçalanmasına səbəb olmuşdular. Eyni hal parlament seçkilərində təkrarlana bilərmi? Əgər təkrarlansa, həmin üzvlər barədə ölçü götürüləcəkmi?

 

- YAP özünün seçki təcrübəsini seçkidən-seçkiyə daha da artırır. Həm partiya, həm də partiya fəalları ayrı-ayrılıqda seçki kampaniyasında özünün yerini, rolunu və atacağı addımları hər seçkidə daha dəqiq şəkildə müəyyənləşdirirlər. Bəli, 2005-ci ilin parlament və 2009-cu ilin bələdiyyə seçkilərində YAP-ın irəli sürdüyü namizədlərlə yanaşı, fərdi qaydada öz namizədliyini sürən YAP üzvləri də oldu. Onu da qeyd etmək istəyirəm ki, 2005-ci il parlament seçkiləri ilə müqayisədə 2009-cu ilin bələdiyyə seçkilərində bu şəkildə hərəkət edən partiya üzvlərinin sayı əhəmiyyətli dərəcədə azaldı. Bu ondan xəbər verir ki, YAP üzvləri özlərinin partiya vəzifələrini və missiyalarını seçkidən-seçkiyə daha aydın şəkildə həm dərk edirlər, həm də onların yerinə yetirilməsinə özlərinin səylərini və fədakarlıqlarını könüllü olaraq düşünülmüş şəkildə artırırlar. Bu dinamikadan çıxış edərək belə hesab edirəm ki, qarşıdan gələn parlament seçkilərində YAP-ın hər bir üzvü - yarım milyondan artıq "ordu" partiyamız tərəfindən müəyyənləşdirilərək irəli sürüləcək namizədlərin seçki təbliğatının həyata keçirilməsində layiqli şəkildə iştirak edəcək. Mən inanmaq istəyirəm və bunun üçün də çox ciddi əsaslar vardır ki, fərdi şəkildə namizədliyini irəli sürən insanlar qarşıdan gələn parlament seçkilərində ya ümumiyyətlə olmayacaq, ya da onların sayı həddən artıq az olacaq ki, bu barədə, bəlkə, heç danışmağa da dəyməyəcək. Bizim apardığımız müşahidələr, söhbətlər və dəyərləndirmələr onu söyləməyə kifayət qədər əsas verir ki, YAP üzvlərinin hər biri özünü ilk olaraq partiyanın seçki kampaniyasının uğurla keçirilməsinə hazırlayır. Əgər bu əhvali-ruhiyyə YAP-ın daxilində geniş vüsət alıbsa, ondan çıxan nəticə bundan ibarətdir ki, sizin dediyiniz hallara biz noyabr ayında keçiriləcək seçkidə, demək olar ki, rast gəlməyəcəyik. Amma əgər kimsə fərdi qaydada partiyanın üzvü olaraq namizədliyini irəli sürmək istəsə, təbii ki, onunla söhbətimiz çox ciddi olacaq. YAP-ın heç bir üzvü öz partiyası tərəfindən irəliyə sürülən namizədin rəqibi ola bilməz! Onun buna ən azından mənəvi baxımdan haqqı çatmır! Belə olan halda o, dərk etməlidir ki, öz partiya yoldaşına rəqib olmaqdan daha çox bütövlükdə partiyaya rəqib olur. Güman etmirəm ki, partiyanın hər hansı bir üzvü seçki kampaniyasında YAP-ın rəqibi olmaq kimi düşünülməmiş addım atsın.

 

- Müxalifət də seçkiyə hazırlaşır. Hakim partiyanın sədr müavini-icra katibi və bir siyasətçi olaraq bu hazırlığı izləyirsiniz...

 

- Cəmiyyətin müəyyən elektorat resursu var. Bu resurs iki qütb arasında əsas etibarilə bölüşdürülüb. Bir tərəfdə YAP, digər tərəfdə rəqiblərimiz olan müxalifət partiyaları. Mən YAP-ın resursları və bunun mənbələri haqqında bir qədər əvvəl qeyd etdim. YAP bu gün Azərbaycan cəmiyyətinin böyük əksəriyyətinin etimadını qazanmış ən böyük siyasi təşkilatdır. Məsələyə bu kontekstdən yanaşanda YAP-ın rəqibləri qismində çıxış edən müxalifət partiyalarının ictimai dəstəyinin kifayət qədər aşağı olduğu tamamilə aydın görünür. Əgər cəmiyyətin bütöv əksəriyyəti YAP-ı dəstəkləyirsə, bunun müqabilində müxalifət partiyalarını dəstəkləyən insanların sayı istər-istəməz az olacaq. Müxalifəti kimlərinsə kənardan gəlib dəstəkləməsi mümkün deyil. Olsa belə, bu dəstəyin heç bir faydası yoxdur. Bunu hər kəs anlayır. Məsləhətdir ki, müxalifət özü də anlasın. Bu mənada, hesab edirik ki, qarşıdan gələn parlament seçkilərində YAP üçün çətinliklər yarada biləcək rəqib yoxdur. Mən bunu YAP-ın gücünün ifadəsi kimi qeyd etmək, YAP-a Azərbaycan seçicilərinin inamının təzahürü kimi vurğulamaq istəyirəm. Təbii ki, bu, eyni zamanda, Azərbaycan müxalifətinin zəifliyinin ifadəsidir. Bu mənada qarşıdan gələn parlament seçkilərində müxalifətin hər hansı əhəmiyyətli hərəkət etməsini o qədər də inandırıcı hesab etmirəm. Amma mən bu sözlərimin müxalifət partiyalarının qarşıdan gələn parlament seçkilərində iştirakdan imtina etməsi üçün işarə kimi qiymətləndirilməsini də arzu etməzdim. Qeyd etdiyim kimi, istənilən siyasi partiyanın mövcudluğunun əsas şərti və arqumenti onun siyasi proseslərdə və siyasi proseslərin ən aydın təzahür forması olan seçkilərdə iştirakıdır. Seçkilərdə iştirak etməyən partiyanın ölkənin həyatında və bütövlükdə həyatda mövcudluğunun mənası qalmır. Ona görə də müxalifət partiyalarını seçkilərdə fəal iştiraka dəvət edirik. Bir məsələni ayrıca qeyd etmək istərdim. Bu da Azərbaycan müxalifətinin daxili intriqalar məngənəsində əzilməsidir. Azərbaycan cəmiyyətində müxalifətin hörmətinin və nüfuzunun itməsinin çoxlu sayda səbəbləri içərisində bunu xüsusi göstərmək olar. Əslində, deyərdim ki, müxalifətin daxili çəkişmələri və intriqaları onun ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak etməkdə maraqlı olmamasından xəbər verir. Belə təəssürat yaranır ki, müxalifət partiyaları ölkənin ictimai-siyasi həyatında iştirak edib hər hansı pozitiv mövqe ortaya qoymaqdan daha çox daxili intriqalarla məşğul olmağa meyillidirlər. Onların onsuz da az olan gücləri və resursları özlərinin daxili problemlərini həll etməyə yönəlir. Daha dəqiq desəm, müxalifətdaxili problemlər yaratmağa yönəlir. Bu illər ərzində müxalifət özünü xalqa yalnız dağıdıcı qüvvə kimi təqdim edə bilib. Birləşdirici və qurucu başlanğıc onlara yaddır. Beləliklə də bu çəkişmələr, didişmələr müxalifətin az olan gücünü daha da azaldır. Və nəticədə Azərbaycanın siyasi reallıqlarının bu gün hamımıza məlum olan mənzərəsi ortaya çıxır: həddən artıq güclü, Azərbaycanın parlamentində geniş şəkildə təmsil olunan, ölkənin bütün ictimai-siyasi proseslərində qabaqcıl, avanqard rol oynayan YAP və Azərbaycanın ictimai-siyasi proseslərində iştirakı, demək olar ki, görünməyən, insanlar tərəfindən dəstək qazana bilməyən, lakin böyük iddialarla, YAP-a rəqib olmaq kimi xam xəyallarla yaşayan müxalifət partiyaları. Mən bugünkü Azərbaycanın siyasi qüvvələri nisbətini bu cür qiymətləndirirəm. O cümlədən, qarşıdan gələn parlament seçkilərinin nəticələrini məhz belə görürəm.

 

 

Rəşad Cəfərli

 

Azərbaycan.- 2010.- 31 avqust.- S. 2.