Azərbaycanın Türkiyədə yeni təyin olunmuş səfiri etimadnaməsini Prezident Abdullah Gülə təqdim etmişdir

 

Avqustun 30-da Azərbaycan Respublikasının Türkiyə Respublikasında yeni təyin olunmuş səfiri Faiq Bağırov Çankaya köşkündə etimadnaməsini Türkiyə Prezidenti Abdullah Gülə təqdim etmişdir.

Sonra Türkiyə Prezidenti Azərbaycan səfiri ilə görüşmüşdür.

Səfir Faiq Bağırov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını qardaş ölkənin dövlət başçısı Abdullah Gülə çatdırmışdır. Prezident Abdullah Gülonun səmimi salamlarını Azərbaycan dövlətinin başçısı İlham Əliyevə çatdırmağı xahiş etmişdir.

Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin mövcud vəziyyəti və perspektivlərindən danışılmış, qardaş ölkələrimizin strateji münasibətlərinin möhkəmləndirilməsi üçün geniş imkanların olduğu bildirilmişdir. Prezident Abdullah Gül bu yaxınlarda Azərbaycana səfərinin nəticələrindən məmnun qaldığını vurğulamış, dövlət başçılarının mütəmadi görüşlərinin ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm rol oynadığını diqqətə çatdırmışdır.

Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını xüsusi vurğulayan Prezident Abdullah Gül səfir F.Bağırova fəaliyyətində uğurlar arzulamışdır.

 

 

Azərbaycan.- 2010.- 31 avqust.- S. 3.