Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi Tovuzda regional
görüş keçirmişdir
Avqustun 30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Tovuzda "XXI əsrdə zorakılıq əleyhinə - əsas amil kimi daxili mədəniyyətin möhkəmləndirilməsi" mövzusunda regional görüş keçirmişdir.
Tədbirdə Gədəbəy, Şəmkir, Tovuz və Ağstafa rayonlarının fəal qadınları iştirak etmişlər.
Yığıncağı giriş sözü ilə açan Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov qonaqları salamlayaraq onlara rayonun iqtisadi inkişafı haqqında ətraflı məlumat vermiş, aparılan abadlıq və quruculuq işlərindən danışmışdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi qadın siyasətindən danışmışdır. Komitə sədri, həmçinin ölkədə qadın zorakılığına qarşı aparılan tədbirlərdən söz açmışdır. O qeyd etmişdir ki, son zamanlar dövlət işlərində çalışan və sahibkarlıqla məşğul olan qadınlarımızın sayı artır. Respublikada aparılan məqsədyönlü tədbirlər nəticəsində ötən bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilənlərin 35 faizi qadınlardır.
Tədbirdə Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Fikrət Tağıyev çıxış edərək rayonda qadınların rolundan danışmışdır. Qeyd etmişdir ki, 159 min 784 nəfər rayon əhalisinin 78 min 400 nəfərini qadınlar təşkil edir. Son zamanlar qadınların vəzifələrə irəli çəkilməsində rayonda da bir canlanma vardır. Belə ki, səhiyyə sahəsində çalışan 2122 nəfərin 1809 nəfəri, bələdiyyə üzvlüyünə seçilən 375 nəfərin 115 nəfərini qadınlar təşkil edir, artıq 10 nəfər qadın sahibkarlıq fəaliyyəti ilə məşğul olur.
Rayon prokuroru Fəxrəddin Məmmədov çıxış edərək rayonda qadın zorakılığına və erkən nikaha qarşı görülən tədbirlərdən danışmışdır.
Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva və AQUPDK sədrinin müavini Sədaqət Qəhrəmanova çıxış edərək qadın zorakılığına və qadın alverinə qarşı Milli Məclisdə qəbul olunan qətnamə və qərarlardan danışmışlar.
Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 31 avqust.- S. 3.