Məcburi köçkünlərin ümid ünvanı

 

Qubadlılar torpaqların azad olacağı günü səbirsizliklə gözləyirlər

 

"...Bizim qarşımızda duran vəzifə, ali məqsədimiz işğal olunmuş torpaqları azad etməkdir".

 

Heydər ƏLİYEV

 

17 il əvvəl qubadlılar məşəqqətli bir tarix yaşamalı oldular. Ata-baba yurd yerlərini məcbur olub tərk edən insanların müsibətlərini, iztirablarını göz önündə canlandırmaq çətindir. 1993-cü il avqustun 31-i Qubadlının tarixinə qara hərflərlə yazıldı. Həmin gün 30 mindən çox sakin öz doğma el-obasından didərgin düşdü. Hər ilin yurd ağrısını bir əsrə bərabər bilən qubadlılar 17 ildir ki, doğma torpaqların həsrəti ilə yaşayır və ora dönəcəkləri günü səbirsizliklə gözləyirlər. Rayonun ərazisi - buz bulaqları, bərəkətli düzləri, dağları, kəndləri, yaşayış evləri, səhiyyə, ticarət, mədəniyyət, idman obyektləri bu günədək düşmənin işğalı altındadır. Yerli adamlardan vaxtilə mərhəmət, humanistlik görmüş mənfur ermənilər indi o diyara qənim kəsiliblər. Yeraltı, yerüstü sərvətləri talan, tar-mar ediblər.

Qubadlılar o torpaqlar işğala məruz qaldıqdan sonra respublikanın müxtəlif ərazilərində məskunlaşmışlar. Bu gün onların qarşılaşdıqları hər bir problem dövlət tərəfindən yerindəcə həll edilir. Onlara göstərilən qayğı ildən-ilə artmaqdadır. Ortaya belə bir sual çıxır: məcburi köçkünlərin intizarlı, yurd həsrətli illəri necə keçir, o insanların dolanışıqları, yaşayış tərzləri necədir?

 

Bütün bu və digər sualları rayon İH-nin başçısı Malik İSAQOV cavablandırdı:

Azərbaycanın tarixi baxımdan qədim yurd yerlərindən biri olan Qubadlının özünəməxsus şöhrəti var. İnsanlar halal ruzilərini ruhən bağlandıqları torpaqdan qazanardılar. Dağlara baxanda qürur hissi duyardıq. Qubadlı 120 kilometr Ermənistanla, 40 kilometr Dağlıq Qarabağla həmsərhəd idi. Əkin-biçinlə, heyvandarlıqla məşğul olan insanlar ötən əsrin sonlarında erməni qəddarlığı ilə üz-üzə gəldilər. İlk günlər heç kim inanmırdı ki, ermənilər yedikləri duz-çörəyi yadlarından çıxara bilərlər. Amma sonralar baş verən hadisələr göstərdi ki, namərdlər onlara edilən yaxşılıqları unudublar. Yerli camaat dinclik üzünə həsrət qaldı. İstili-soyuqlu günlərdə səngərlərə sinə gərdilər. Ancaq yurd, el-oba qeyrətini çəkən insanların, təəssüf ki, düşmənə cavab vermək imkanları yox idi. Ermənilər müasir raketlərdən atəşlər yağdırır, kompüterlə idarə olunan tanklarla gəlirdilər, özünümüdafiə dəstələrimiz isə ov tüfəngi ilə cavab verməyə çalışırdılar. Bu "dayan-doldurum"ları da onlara çox gördülər. 1988-ci ilin payızında Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirovun xüsusi tapşırığı ilə sərhədlərimizin keşiyində dayananlardan ov tüfənglərinin yığılmasına cəhd göstərildi. Əslində bu, düşmən yoluna yaşıl işıq yandırmaq idi. Beş ildən artıq düşmən başımıza od ələdi, evlərimizi, əkin-biçin sahələrimizi yandırdı. Yüzlərlə şəhid verdik. 1988-ci ilin noyabr ayında ermənilər rayonumuzun ərazisində, Gorus-Qafan yolunun kənarındakı Eyvazlı kəndində yanğın törətdilər. Bu qanlı qətllər qubadlıları çıxılmaz vəziyyətə saldı. O zamankı respublika rəhbərliyinin köməyindən əlini üzən rayon camaatı özünümüdafiə dəstələri təşkil etməklə torpaqları təcavüzdən qorumağa çalışdılar. Onlar səngərlər quraraq düşmənin basqılarının qarşısını almağa çalışır, dinc əhalini güllə qurbanı olmaqdan qoruyurdular. Şuşa və Laçın rayonlarının işğalından sonra Qubadlıda vəziyyət bir qədər də gərginləşdi.

Min illərlə yaşadıqları yurd yerlərini məcbur olub tərk edən insanların müsibətlərini, iztirablarını göz önündə canlandırmaq çətindir. Avqustun 31-də 30 mindən çox sakin öz el-obasından didərgin düşdü. Qubadlı rayonu 1930-cu ildə təşkil edilmişdir. 802 kvadratkilometr sahəsi olan rayon ərazisinin böyük hissəsini meşə və yaşıl zolaq təşkil edirdi. Buz bulaqlar, başı qarlı dağlar bu yerlərin övladlarının qürur yeri idi. Elə bil Tanrı bu yerlərdən gözəlliyi əsirgəməmişdi.

Respublika rəhbərləri yenə qəflət yuxusundan oyanmadı. Canlı qüvvəyə, silah-sursata böyük ehtiyacımız vardı, kömək isə yox idi. O dəhşətli, qanlı faciədən sonra ermənilər daha da fəallaşdılar. Ahıllar, uşaqlar vəhşiliklə qətlə yetirildi, girov götürüldü. 241 nəfər şəhid verdik. 200 nəfərdən artıq sakin ağır yaralandı. Ancaq bu, özünümüdafiə dəstələrini sarsıtmırdı, amallarından çəkindirmirdi. Əksinə, daha mübariz olurdular. Cəsur oğullar doğma torpağımızın hər qarışını canlarından üstün tuturdular. Hər bir qubadlının dilində 8 nəfər həmyerliləri olan Azərbaycanın Milli Qəhrəmanlarının, şəhidlərinin adları əzbərdir. Onlar həmişə ehtiramla xatırlanır, hörmətlə yad olunurlar.

O ağır günlərdə belə, qubadlılar ümidlərini üzmür, sabahkı günün daha yaxşı olacağına inanırdılar. Hələ o illərdə əhalinin dilindən tez-tez eşidilərdi: "Kaş hakimiyyətdə Heydər Əliyev olaydı, bu müsibətlər də başımıza gəlməzdi".

Hazırda 33,7 min Qubadlı sakini respublikanın 43 rayon və şəhərində müvəqqəti məskunlaşıb. Ermənistanın işğalçılıq siyasəti nəticəsində tarixi torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli, faydalı məşğulluğunun təmin edilməsi son illərdə Azərbaycan iqtidarının xüsusi diqqət yetirdiyi məsələlərdən olmuşdur. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bu sahədə mövcud problemlərin ardıcıl və sistemli surətdə həlli üçün kompleks tədbirlər həyata keçirilmişdir. Qaçqın və məcburi köçkünlərlə aparılan işi təkmilləşdirmək, bu sahə üzrə beynəlxalq standartlara cavab verən qanunvericilik bazası formalaşdırmaq, mövcud prosesin idarəolunma mexanizmini hüquqi çərçivəyə salmaqbir sıra təşkilati tədbirləri gerçəkləşdirmək məqsədilə xüsusi dövlət proqramı işlənib hazırlanmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev bu humanist siyasəti ulu öndər Heydər Əliyevin ideallarına layiq şəkildə, əzm və qətiyyətlə davam etdirir. Neft gəlirləri hesabına çadır düşərgələrinin ləğvi, qaçqın və məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması, onların həyat səviyyəsinin yaxşılaşdırılması dövlət başçısının daim diqqət mərkəzindədir. Ölkə başçısının imzaladığı "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncamı bu gün respublikamızın müxtəlif bölgələrinə səpələnmiş qaçqın və məcburi köçkünlərin həyatında xüsusi rol oynayır.

Qubadlıların əksəriyyəti Sumqayıt şəhərində məskunlaşıblar. Rayon rəhbərliyi ortaya çıxan problemlərin vaxtında həlli üçün əməli aparır. Şəhərin 11-ci mikrorayonunda 2 b saylı binanın dam örtüyü köhnəldiyindən yağan yağışlar sakinlər üçün çətinlik yaradırdı. Həmin binanın giriş qapısı, dam örtüyü dəyişdirilmiş, kommunikasiya xətlərinin və sanitar qovşağının təmiri başa çatdırılmışdır. Bunlarla bərabər, Sumqayıt şəhər 42-ci məhəllədəki 4 saylı peşə liseyində məskunlaşmış 86, 18-ci mikrorayonda 7, Kimyaçılar qəsəbəsində yaşayan 1 şəhid ailəsinin və digər ərazilərdə yerləşən onlarla köçkün ailəsinin yaşayış şəraiti yaxşılaşdırılmış, Sarıqaya yaşayış massivindəki 2 saylı xəstəxananın yardımçı binalarının dam örtüyü əsaslı təmir edilmiş, 1140 kvadratmetr sahə şiferlə örtülmüşdür.

Vaxtaşırı müxtəlif rayonlarda məskunlaşan soydaşlarımızla əlaqə saxlayır, onların problemlərinin həllinə çalışırıq. Məcburi köçkün ailələrinin məskunlaşdığı yerlərdə ortaya çıxan çətinliklər RİH tərəfindən keçirilən səyyar qəbullar zamanı aşkar edilir. Yerindən, yəni yaxın uzaqlığından asılı olmayaraq, soydaşlarımızın məskunlaşdığı yerlərdə olur, onlarla görüşlər təşkil edirik. Rayon icra strukturlarının birgə iştirak etdiyi həmin qəbullarda məcburi köçkün ailələrinin problemləri müəyyənləşdirilir, onun həlli istiqamətində əməli tədbirlərin həyata keçirilməsinə başlanır.

Belə səyyar görüşlərin biri bu yaxınlarda Xızı rayon Sıtalçay qəsəbəsində keçirilmişdir. Orada məskunlaşan köçkün ailələrin su, işıq, qaz, yol problemi və yaşadıqları mənzillərin dam örtüklərinin yararsızlığı üzə çıxdı. Qəsəbədə daxili imkanlar hesabına 17 məcburi köçkün ailəsinin evlərinin 2040 kvadratmetr dam örtüyü şiferlənməklə əsaslı təmir edilmiş, həmin ərazidən magistral yola qədər köməkçi sahə çınqıllanmış, elektrik, qazsu təchizatının yaxşılaşdırılması məqsədilə əlaqədar təşkilatlarla danışıqlar aparılmışdır. Hazırda onların kommunal məsələlərlə bağlı bütün problemləri öz həllini tapmışdır. Rayon icra hakimiyyəti məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görüləcək məsələləri diqqət mərkəzində saxlayır. Bu cür tədbirlərin bir hissəsi daxili imkanlar, digər hissəsi isə "Dövlətqaçqınkom" və Məcburi Köçkünlərə Sosial İnkişaf Fondu tərəfindən həyata keçirilir.

Azərbaycan Prezidentinin imzaladığı "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" gənclərimizə göstərilən qayğının ən böyük təzahürüdür. Rayonun istedadlı gənclərinin aşkara çıxarılması, onlara göstərilən qayğını daha da təkmilləşdirmək məqsədilə Sumqayıt şəhər 28 may mədəniyyət evində Mahmudlu kənd musiqi məktəbinin yenidən qurulması da son illərdə əldə edilən uğurlardandır. İstedadların üzə çıxarılmasında bu məktəbin xüsusi əhəmiyyəti var.

Dərs ilinin başlanması ərəfəsində Çərəli kənd orta məktəbində yenidənqurma işləri başa çatdırılmış, Xanılıq 2 və 3 saylı tədris müəssisələrində yeni sinif otaqları tikilməklə şagirdlərin yolunu gözləyir. Hazırda Binəqədi rayonu ərazisindəki Muradxanlı və Abşeron rayonundakı Qəzyan kənd orta məktəblərində əsaslı təmir işlərinə başlanmışdır. Sumqayıt şəhərində qəsəbələrdə və məhəllələrdə yaşayan məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılması istiqamətində də xeyli görülmüşdür.

Müasir dövrdə ən çətin məsələlərdən biri müalicə və insanların sağlamlığı məsələləridir. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nda bu sahəyə geniş yer verilmişuğurlu nəticələr əldə edilmişdir. Qubadlı rayon mərkəzi xəstəxanasının yaradılması və fəaliyyət göstərməsi sakinlərin sağlamlıqlarının davamlı müalicəsində əhəmiyyətli məna kəsb edir.

Bu xəstəxana 2003-cü ildən fəaliyyət göstərir. Əvvəlki illərdə həmin xəstəxana üçün Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin 1 saylı poliklinikasında bir otaqlı yer ayrılmışdı. Həmin otaqda xəstəxananın yalnız adı var idi. Hazırda Qubadlı rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində mama-ginekoloq, terapevt, pediatr, cərrahiyyə, nevropatoloq, kardiologiya və digər müalicə - profilaktika üzrə xəstələrə xidmət göstərilir. Burada hər gün 100-dən artıq ambulator xəstə qəbul edilir. 201 nəfər şəkərli-diabet xəstəsi qeydiyyatda durur ki, onlar pulsuz dərmanlarla təmin edilirlər.

Qubadlı rayon mərkəzi xəstəxanasının nəzdində 2 tibb məntəqəsi fəaliyyət göstərir. Məntəqələrdən biri Sumqayıt mehmanxanası və kompressorlar zavodu ərazisində, digəri Şəfa və Metallurq sanatoriyaları istiqamətində məskunlaşmış qubadlılara xidmət edir.

Ümumiyyətlə, bu səhiyyə ocağında 56 nəfər tibb işçisi çalışır ki, onlardan 20-si həkim, 16-sı orta tibb işçisi, 22 nəfəri isə texniki işçilərdir. Xəstəxanada müasir tipli ultrasəs müayinə və rentgen aparatları, klinik diaqnostika laboratoriyasında biokimyəvi və yoluxucu xəstəliklərin müayinəsini yoxlamaq üçün texniki avadanlıqlar var. Həmçinin stomatoloji qurğu, ensefaloqraf, exokardioqrafbir sıra fizioterapiya aparatları xəstələrin xidmətindədir. Burada çalışan həkimlər təkcə qubadlılar arasında deyil, eyni zamanda Sumqayıtda sayılıb-seçilənlərdəndirlər.

Xəstəxanada 2 səyyar həkim briqadası fəaliyyət göstərir. Briqadalar vaxtaşırı məcburi köçkünlərin məskunlaşdığı yerlərə gedir və xəstələrə səyyar tibbi xidmət göstərirlər.

"Azərbaycanın işğal olunmuş torpaqları işğalçı qüvvələrdən azad olunmalıdır. Azərbaycan qaçqınları öz yurd yerlərinə qayıtmalıdırlar". Qubadlılar hər addımda dövlətin diqqət və qayğısını hiss edir, gələcəyə nikbinliklə baxırlar. Onların bu gün yalnız bir arzusu, istəyi var - torpaqlarımızı işğaldan azad etmək və doğma yurda qayıtmaq. Hər bir Qubadlı sakini inanır ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yeritdiyi qətiyyətli daxilixarici siyasət bu müqəddəs arzunun gerçəkləşməsinə imkan yaradacaqdır.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.-2010.- 31 avqust.- S.3.