Heydər Əliyev və
Naxçıvanın xilası
AMEA Naxçıvan bölməsində "Heydər Əliyev və Naxçıvanın xilası" mövzusunda tədbir keçirilmişdir. AzərTAc xəbər verir ki, bölmənin sədri, Milli Məclisin deputatı akademik İsmayıl Hacıyev məruzə etmişdir. Bildirmişdir ki, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayətə görə SSRİ rəhbərlərini və şəxsən M.Qorbaçovu kəskin tənqid atəşinə tutan Heydər Əliyevə Moskvada yaşamağa imkan vermədilər. Siyasi repressiyalara məruz qalan Heydər Əliyev ağır gündə xalqı ilə bir olmaq üçün Bakıya qayıtdı. Lakin burada da onun rahat yaşamasına imkan vermədilər. Həm Moskvada, həm də Bakıda Heydər Əliyevin zəkasına, iradəsinə və xalq arasındakı hörmətinə yaxşı bələd idilər. Heydər Əliyevin xalq arasındakı siyasi nüfuzu yerli və mərkəzi hakimiyyət dairələrini qorxuya salırdı. Ona görə də xalqla onun arasında sədd yaratmağa çalışırdılar...
Naxçıvana qayıdan Heydər Əliyev burada coşqun xalq məhəbbəti ilə qarşılandı. Ötən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvanda da vəziyyət çox ağır idi. Xalq erməni təcavüzünə məruz qalaraq blokada şəraitində yaşayırdı. Kommunist rəhbərlər ölkənin problemlərini bir tərəfə buraxaraq əsas mübarizəni Heydər Əliyevə qarşı yönəltmişdilər. Lakin sovet rejimi ömrünün son günlərini yaşayırdı. Təəssüf ki, sovetlər birliyinin dağılması ərəfəsində Azərbaycanda rejimin zəifliyindən istifadə edərək hakimiyyəti ələ alan AXC iqtidarı da Heydər Əliyevin siyasi nüfuzundan qorxur, Naxçıvana yad bir bölgə kimi yanaşırdı. Buna baxmayaraq, xalq Heydər Əliyevi dəstəkləyirdi.
1990-cı ilin sentyabrında Heydər Əliyev Naxçıvan Ali Məclisinin Sədri seçildi. Ermənilərin blokadaya aldığı Naxçıvan məhz Heydər Əliyevin siyasi fəaliyyəti nəticəsində real işğaldan və başqa təhlükələrdən xilas oldu. Qonşu ölkələrlə iqtisadi-siyasi əlaqələr quruldu. Naxçıvana yardımlar gəldi, əhalinin ərzaqla təminatı məsələsi həll olundu. Bütün bunları öz şəxsi nüfuzu hesabına həyata keçirən Heydər Əliyev Naxçıvanı, sözün həqiqi mənasında, xilas etdi. 20 Yanvar cinayətinə ilk dəfə Naxçıvan parlamentində rəsmi olaraq Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildi.
Milli azadlıq hərəkatının ilk addımları da məhz Naxçıvanda atılmışdır. 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi. Bu hadisə Azərbaycan tarixinə Milli Dirçəliş Günü kimi daxil oldu. Heydər Əliyevin getdikcə artan nüfuzunu görən cəbhəçilər 1992-ci ilin oktyabrında dövlət çevrilişinə əl atdılar. Naxçıvan televiziyası və Daxili İşlər Nazirliyi zəbt edildi. Bununla əsl simalarını göstərən cəbhəçilər xalqın qınağına tuş gəldilər, rüsvay oldular, heç nəyə nail ola bilmədilər. Xalq birmənalı olaraq Heydər Əliyevi dəstəklədi.
Artıq bütün Azərbaycan xalqı Heydər Əliyevin ölkə hakimiyyətinə qayıdışını tələb edirdi. 1992-ci ilin noyabrında Azərbaycanın bütün bölgələrindən Naxçıvana gələn nümayəndələrin iştirakı ilə Yeni Azərbaycan Partiyası yaradıldı. Heydər Əliyev yekdilliklə yeni partiyanın sədri seçildi.
Bu müddətdə Bakıda ictimai-siyasi vəziyyət daha da ağırlaşmışdı. Ölkə idarəolunmaz halda idi. Ermənilər isə torpaqları işğal edirdilər. Xaos və anarxiyadan təngə gələn xalq Heydər Əliyevin Bakıya - hakimiyyətə qayıtmasını təkidlə tələb edirdi. Xalqın ağır günündə yaxasını kənara çəkməyən Heydər Əliyev 1993-cü ilin iyununda Bakıya qayıtdı.
Bu qayıdışla Bakıda sabitlik bərpa olundu.1993-cü ilin oktyabrında keçirilən prezident seçkilərində Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildi. Bundan sonra Azərbaycanda ictimai-siyasi sabitlik tamamilə bərpa edildi, atəşkəs əldə olundu, ölkə iqtisadi inkişaf yoluna qədəm qoydu. Bu yolda neft müqavilələrinin imzalanması Azərbaycana siyasi təhlükəsizliklə yanaşı, iqtisadi dividendlər də gətirdi. 20 sentyabr 1994-cü ildə Bakıda imzalanmış "Əsrin müqaviləsi" neft sazişləri Azərbaycana sərmayə axınına əlverişli şərait yaratdı. Azərbaycanı iqtisadi və demokratik inkişaf yoluna çıxaran Heydər Əliyev xalqın ümummilli lideri zirvəsinə yüksəldi.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndərin siyasi kursunu uğurla davam etdirərək ölkənin qüdrətini artırmışdır. Azərbaycan ordusu o qədər güclənmişdir ki, Ermənistan narahat olmağa başlamışdır. Tikilən böyük və yaraşıqlı binalar, salınan yollar, qurulan istehsal müəssisələri və yaradılan iş yerləri vətəndaşların sosial vəziyyətini xeyli yaxşılaşdırmışdır. Ən əsası isə, bu gün Azərbaycan xalqı sosial təminatlı və inkişaf edən bir ölkədə yaşadığına görə xoşbəxtdir.
İnkişaf və tərəqqi Naxçıvan Muxtar Respublikasından da yan keçməmişdir. Heydər Əliyev yolunun davamının nəticəsidir ki, bu gün Naxçıvan öz inkişafının yeni mərhələsini yaşayır. Təsadüfi deyil ki, cari ilin ötən 6 ayında muxtar respublikada ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,8 faiz artaraq 512 milyon manatdan çox olmuşdur. 2010-cu ilin birinci yarısında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əmək haqqının məbləği 277,8 manat olmuş və 2009-cu ilin müvafiq göstəricisini 6,6 faiz üstələmişdir. Bu inkişafın arxasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Heydər Əliyev yolunu davam etdirməsi və gərgin əməyi dayanır.
Çıxışlardan
sonra tədbir iştirakçıları
Heydər Əliyevin həyatı və siyasi
fəaliyyətinə həsr olunmuş sənədli
filmi izləmişlər.
Azərbaycan.- 2010.- 31 avqust.- S. 4.