Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Astanada keçirilən Beynəlxalq məhkəmə konfransında iştirak etmişdir

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərliyik etdiyi nümayəndə heyəti avqustun 25-dən 28-dək Qazaxıstanda səfərdə olmuşdur.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nümayəndə heyəti Qazaxıstan Respublikası Konstitusiya Şurasının sədri İqor Roqovun dəvəti ilə bu ölkənin Konstitusiyasının 15 illiyinə həsr olunmuş "Konstitusiya - dövlətin demokratik inkişafının əsası kimi" mövzusunda Astanada keçirilmiş beynəlxalq məhkəmə konfransında iştirak etmişdir.

Azərbaycan nümayəndə heyəti səfərin ilk günü ümummilli lider Heydər Əliyevin adını daşıyan auditoriya ilə tanış olmaq üçün L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin rəhbərliyi və Konstitusiya Şurasının sədri tərəfindən həmin ali məktəbə dəvət edilmişdir. Qonaqlar auditoriyada ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövrdən yadigar qalmış və onun imzaladığı bir çox rəsmi sənədlər, Azərbaycan-Qazaxıstan əlaqələrinin hazırkı səviyyəyə çatmasında ulu öndərin əvəzsiz xidmətləri haqqında materiallarla tanış olmuşlar. Daha sonra Qazaxıstan Respublikasının Konstitusiya Şurasında görüşlər keçirilmiş, Azərbaycan ilə Qazaxıstan arasında məhkəmə-hüquq əməkdaşlığı barədə məsələlər müzakirə edilmişdir.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Beynəlxalq məhkəmə konfransını açaraq, Avropa və MDB ölkələrinin konstitusiya məhkəmələri arasında mövcud beynəlxalq əməkdaşlığı yüksək qiymətləndirmiş, bu əlaqələrin məhkəmə praktikasının daha da təkmilləşdirilməsinə töhfə verəcəyinə əminliyini bildirmişdir.

Konfransda yerlixarici qonaqlar müxtəlif hüquqi mövzular üzrə məruzələr etmişlər. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında Konstitusiyanın aliliyinin təmin edilməsi" mövzusunda məruzə ilə çıxış etmişdir.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev konfransda iştirak edən xarici nümayəndə heyətlərinin başçılarını qəbul etmiş, tədbirə qatıldıqlarına görə onlara təşəkkürünü bildirmişdir.

Tədbir çərçivəsində Fərhad Abdullayev konfransda iştirak edən AvropaAsiya ölkələri konstitusiya nəzarəti orqanlarının rəhbərləri, eləcə də bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirmişdir. Bu görüşlərdə məhkəmə-hüquq sahəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.

 

 

Azərbaycan.- 2010.- 31 avqust.- S. 4.