Azərbaycanla Meksika
arasında gənclər sahəsində əməkdaşlığın
gücləndirilməsi mövzusu
müzakirə edilmişdir
Meksikada Dünya Gənclər Konfransı başa çatmışdır.
Azərbaycanın da təmsil olunduğu tədbirdə 110 ölkədən 3500 nəfər iştirak etmişdir. Məqsəd Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün hazırkı mərhələdə gənclər sahəsinin aparıcı prioritetlərini müəyyənləşdirmək, ölkələr arasında əlaqələri gücləndirmək olmuşdur.
Tədbirdə nümayəndə heyətinin rəhbəri - gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsində əldə edilmiş uğurlardan söz açmışdır. O, gənclərin ictimai həyatda artan fəallığı, işsizliyin azalması, təhsil sahəsində əldə edilmiş nəticələr, gənclərin beynəlxalq əməkdaşlığı məsələlərindən danışmış, Ermənistanın Azərbaycana təcavüzü haqqında iştirakçılara məlumat vermişdir.
İkitərəfli beynəlxalq əlaqələri genişləndirmək məqsədilə nazir müavini Meksika Gənclər İnstitutunun Baş direktoru xanım P.Hernendezlə görüşmüşdür. Görüş zamanı iki ölkə arasında gənclər siyasəti sahəsində əməkdaşlığa dair niyyət protokolunun imzalanması və gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilmişdir.
Forumda yoxsulluq, işsizlik, təhsil, texnologiya və innovasiya, sağlamlıq, gender bərabərliyi, davamlı inkişaf, beynəlxalq miqrasiya, qlobal əməkdaşlıq mövzuları da müzakirə edilmişdir.
Qeyd edək ki, Dünya Gənclər Konfransı BMT-nin Əhali Fondu, Uşaq Fondu, Qadınların İnkişafı Fondu və İnkişaf Proqramının dəstəyi ilə Meksika Hökuməti tərəfindən keçirilmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 31 avqust.- S. 4.