Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisində işlərin gedişi qənaətbəxşdir

 

Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev avqustun 30-da Gürcüstana səfər etmişlər.

Səfər ulu öndər Heydər Əliyevin Tbilisi şəhərindəki büstünün ziyarət olunması ilə başlanmışdır.

Sonra qonaqlar Gürcüstanın Baş naziri Nikoloz Gilauri ilə görüşmüşlər. Energetika naziri Aleksandr Xetaqurininiştirak etdiyi görüşdən sonra Ziya Məmmədov jurnalistlərə bildirmişdir ki, Baş nazirlə son vaxtlar yük daşınmalarında yol verilən geriliyi müzakirə etdik və qərara aldıq ki, sabah Gürcüstana gələcək Qazaxıstanın nəqliyyat və energetika nazirləri ilə həmin məsələyə yenidən qayıdaq, onun həlli yollarını müəyyənləşdirək. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin gedişi ilə əlaqədar Ziya Məmmədov vurğulamışdır ki, inşaat işlərinin gedişi qənaətbəxşdir. Gürcüstan-Türkiyə sərhədində 4 kilometrlik tuneldə sürətlə aparılır. Nazir vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tikintinin yüksək sürətlə aparılmasına böyük əhəmiyyət verirbiz Prezidentin göstərişlərinin tam yerinə yetirilməsi üçün bütün imkanlardan istifadə etməyə çalışırıq. Dəmir yolu çəkilişində işlərin gedişi onun vaxtında, 2011-ci ilin sonunadək tam başa çatacağını söyləməyə əsas verir.

Z.Məmmədov və R.Abdullayev Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin yenidən qurulması layihəsinin təqdimat mərasimində iştirak etmişlər.

Sonra Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan sahəsində işin gedişi ilə tanış olmuşdur. ARDNŞ-in prezidenti Rövnəq Abdullayev isə Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayonundakı Qızılhacılı kəndində SOCAR-ın yeni yanacaqdoldurma stansiyasının açılışında və Marneuli şəhərindəki "Çay evi" layihəsinin təqdimat mərasimlərində iştirak etmişdir.

 

 

İslam ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri,

Tbilisi

 

Azərbaycan.- 2010.- 31 avqust.- S. 4.