Azərbaycan Prezidenti İlham Əliyev Astanada ATƏT-in VII sammitində
iştirak edir
Dekabrın 1-də Qazaxıstanın paytaxtı Astanada
ATƏT-in VII sammiti işə
başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev sammitdə iştirak edir.
Sammitdə ümumilikdə 56 üzv
və 12 tərəfdaş
ölkənin dövlət
və hökumət başçıları, nümayəndə
heyətləri, həmçinin
beynəlxalq təşkilatların
nümayəndələri iştirak
edirlər.
Qazaxıstan Prezidenti Nursultan
Nazarbayev sammitin keçirildiyi "Müstəqillik"
sarayında nümayəndə
heyətlərinin rəhbərlərini,
həmçinin Azərbaycan
Prezidenti İlham Əliyevi qarşıladı.
Sammit başlamazdan əvvəl
Prezident İlham Əliyev Almaniyanın
federal kansleri Angela Merkel, Ukrayna
Prezidenti Viktor Yanukoviç
və Tacikistan Prezidenti Emoməli Rahmonla görüşdü.
Sammit iştirakçıları birgə foto çəkdirdilər.
ATƏT-in VII
sammitini Qazaxıstan Prezidenti Nursultan Nazarbayev açdı. O bildirdi ki, bu gün
dünya təhlükəsizliyin
yeni formatına keçmişdir. Qazaxıstan Prezidenti
nüvəsiz dünya
ilə bağlı ümumi bəyannamənin
qəbulunu dəstəkləməyə
çağırdı. Nursultan Nazarbayev bu sammitdə
Əfqanıstandakı vəziyyət,
qeyri-qanuni miqrasiya, kütləvi qırğın
silahlarının yayılması
təhlükəsi, qlobal
iqtisadi böhran və digər vacib məsələləri
müzakirə etmək
üçün gözəl
imkan yarandığını
diqqətə çatdırdı.
Qeyd etdi ki, dünyanın
çağırışlarına layiqincə cavab vermək üçün
ATƏT-in institutlarının sayı artırılmalıdır.
Qurumun iqtisadi təhlükəsizliyin
möhkəmləndirilməsi istiqamətində gördüyü
işlərə toxunan
N.Nazarbayev Maastrix strategiyasına "Maastrix
müsbət" sənədini
əlavə etməyi
təklif etdi. Daha bir təklif
iqtisadi forumun yaradılması ilə bağlı oldu. Həmçinin silahsızlaşdırma üçün forumun yaradılması təklifi
də səsləndi.
Qazaxıstan Prezidenti dinlərarası
dialoqun genişləndirilməsinin
vacibliyini vurğulayaraq,
sammit iştirakçılarını
yeni onillikdə tolerantlıq sənədi
üzərində işləməyə
çağırdı.
ATƏT-in hazırkı sədri, Qazaxıstanın dövlət
katibi və xarici işlər naziri Kanat Saudabayev
qurumun əsas prinsiplərini dəstəklədiklərinə
görə iştirakçı
dövlətlərə minnətdarlıq
etdi. Qazaxıstanın quruma sədrliyi
dövründə görülən
işlərdən danışan
K.Saudabayev millətlərarası
və dinlərarası
dialoqun qurulmasına xüsusi diqqət yetirdi. Təşkilatın prioritetlərini sadalayan
ATƏT-in hazırkı sədri
onu da vurğuladı
ki, uzunmüddətli münaqişələr üzrə
görülən işlər
nikbinlik üçün
əsas yaradır.
K.Saudabayev ATƏT-ə sədrliyin Litvaya keçəcəyini
deyərək bildirdi ki, Qazaxıstan bundan sonra da
ATƏT-in fəal iştirakçısı
kimi qalacaqdır.
Sonra BMT-nin baş katibi Pan Gi Mun
çıxış edərək bildirdi
ki, indi dünyada sülhün və
təhlükəsizliyin bərqərar olmasına daha çox ehtiyac vardır. Bunun üçün birgə əməkdaşlıq
daha faydalıdır. "ATƏT regionunda uzun müddətdir
ki, həll olunmayan
münaqişələr mövcuddur. Onlar sülh və
danışıqlar yolu ilə həllini
gözləyir. Eyni zamanda, münaqişə
bölgələrində yaşayan insanlar da haqlı olaraq bizdən kömək istəyirlər",
- deyən BMT-nin baş
katibi bütün beynəlxalq
təşkilatların narahatlıq doğuran
məsələlərin həllində eyni
mövqedə durmasının və birgə əməkdaşlıq
etməsinin mövcud problemlərin həllinə yol
açacağına ümid bəslədiyini
diqqətə çatdırdı. Pan Gi Mun BMT-ATƏT əməkdaşlığından
razı qaldığını, hər iki
qurumun dünyada mövcud olan
münaqişələrin, qlobal təhlükələrin
qarşısının alınmasında və həllində
eyni mövqedən
çıxış etdiyini bildirdi.
ATƏT
Parlament Assambleyasının sədri Petros Eftimiou isə dedi ki, dünyada
etimad məsələlərinin
qloballaşdığı bir vaxtda ATƏT-in son 11 ildəki
tarixində bu cür böyük tədbirin təşkil
olunması mühüm hadisədir. O bildirdi ki, ATƏT-in ən
vacib qurumlarından olan
Parlament Assambleyası da
təşkilata daxil olan
bəzi ölkələrin ərazisində münaqişələrin
olmasından narahatdır və ATƏT bütün
problemlərin sülh yolu
ilə həllinə çalışır.
ATƏT-in
baş katibi Mark Perrin de
Brişambo çıxışında bildirdi ki, ATƏT tarixi zərurətdən yaranmışdır
və indiki sammit də
bu qurumla əməkdaşlığa
yeni regionların cəlb
olunacağını göstərir. "Sammitdə qəbul olunacaq sənədlər qurumun
fəaliyyətində yeni bir
mərhələ olacaq", - deyən baş katib ümumi təhlükəsizliyin təmin edilməsində
beynəlxalq təşkilatların birgə fəaliyyətinin
zəruri olduğunu bildirdi.
Sonra sammitdə digər ölkələrin
dövlət və hökumət başçıları
çıxış etdilər. Onlar dünyada, həmçinin Avropada sülhün və
təhlükəsizliyin təmin olunmasında, insan
hüquqlarının müdafiəsində, terrorizmin
və narkotiklərin qeyri-qanuni dövriyyəsinin
qarşısının alınmasında, münaqişələrin
həllində ATƏT-in fəaliyyətinin vacibliyinə diqqət
çəkdilər. Çıxışlarda
münaqişələrin həllində ərazi bütövlüyü prinsipinin
qorunması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ və digər münaqişələrin
sülh yolu ilə həllinə
dair fikirlər səsləndi.
Azərbaycan Prezidenti İlham
Əliyev ATƏT-in sammitində
çıxış etdi.
Azərbaycan.- 2010.- 2 dekabr.- S. 1.