Prezident İlham Əliyevin
çıxışı
-
Hörmətli cənab sədr!
Xanımlar
və cənablar!
İlk öncə bu
zirvə görüşünün əla
təşkili, göstərilmiş səmimi qonaqpərvərlik
və il ərzində ATƏT-ə sədrlik
etdiyinə görə Prezident Nursultan Nazarbayev və bütün qazaxıstanlı
dostlarımıza minnətdarlığımı bildirmək
istəyirəm.
Mən
diqqətinizi regionumuzdakı təhlükəsizlik məsələlərinə
cəlb etmək istərdim. Ermənistan ilə Azərbaycan
arasında hazırkı silahlı münaqişə beynəlxalq
və regional sülh
və sabitliyə əsas təhdid olaraq
qalır. Ermənistan tərəfindən azərbaycanlılara
qarşı aparılmış etnik təmizləmə
siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunmuş, 1 milyon azərbaycanlı
öz torpaqlarında qaçqın və
məcburi köçkün vəziyyətinə
düşmüşdür. Ermənistan
nəinki Dağlıq Qarabağı, o
cümlədən Azərbaycanın digər 7 rayonunu
işğal etməkdə davam
edir. Ermənistan şəhər və kəndlərimizi,
evlərimizi və müqəddəs yerlərimizi, ulu babalarımızın məzarlarını
və məscidlərimizi dağıtmışdır. Onlar hərbi cinayətlər və Xocalıda
soyqırımı törətmişlər və orada yüzlərlə mülki
şəxs yalnız azərbaycanlı olduğuna
görə Ermənistanın silahlı qüvvələri tərəfindən
məhv edilmişdir. Xocalının
günahsız qurbanları arasında 100-dən artıq uşaq olmuşdur.
Dağlıq
Qarabağ Azərbaycanın tarixi hissəsidir. O, Azərbaycanın beynəlxalq
səviyyədə tanınmış hissəsidir. Bu gün Ermənistan işğal edilmiş ərazilər
üzərində nəzarəti saxlamaq və
məcburi köçkünlərin öz
evlərinə qayıdışına mane
olmaq məqsədilə gücdən
istifadə edir. Buna baxmayaraq, Azərbaycan hər zaman
sülh danışıqlarına sadiq qalmış, qalır və yenə də
ümid edir ki, onlar nəticə gətirəcəkdir.
Münaqişənin həlli yalnız beynəlxalq
hüququn norma və
prinsiplərinə hörmətlə yanaşma,
BMT-nin Təhlükəsizlik
Şurasının 4 qətnaməsinin, ATƏT-in qərarlarının,
Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq
təşkilatların qətnamələrinin həyata
keçirilməsinə əsaslanmalıdır. Lakin Ermənistan münaqişənin mümkün qədər tezliklə
uzunmüddətli həllinə nail olmaq məqsədilə vicdanla
danışıqlar aparmaq əvəzinə,
gözlənilməz nəticələri ola
biləcək münaqişənin eskalasiyasına üstünlük verir.
Ermənistan daimi olaraq
atəşkəs rejimini pozur,
işğal olunmuş
ərazilərdə hərbi təlimlər keçirir,
işğal edilmiş
şəhər və kəndlərimizin tarixi
adlarını dəyişməyə cəhd göstərir.
Ermənistan qeyri-qanuni olaraq
mülki şəxsləri işğal edilmiş ərazilərə
yerləşdirir, vəziyyəti dönməz və sülh prosesini mənasız
etməyə çalışır.
Ermənistan
tərəfindən işğal olunmuş ərazilərdə aparılan qeyri-qanuni fəaliyyət ATƏT-in
faktaraşdırıcı missiyasının 2005-ci ildə regiona etdiyi səfərdən
sonra hazırlanmış məruzədə
əks olunub. Ermənistanın
danışıqlar prosesindəki davranışı bizi belə qənaətə gətirir ki, Ermənistan sülh istəmir,
işğal edilmiş
əraziləri azad etmək fikrində deyil, sadəcə, bacardığı qədər
status-kvonu saxlamaq və
danışıqlar prosesini müddətsiz
etməyi arzulayır.
ATƏT-in
Minsk qrupu 1992-ci ildə
yaradılmışdır, danışıqlar təxminən
20 ildir ki,
aparılır, lakin heç
bir nəticə yoxdur.
Azərbaycan
Praqa prosesi çərçivəsində
son altı il ərzində
Minsk qrupunun həmsədr
ölkələri tərəfindən hazırlanmış təklifləri
qiymətləndirir. Biz
danışıqları davam etdirməyə,
onları mümkün qədər tez yekunlaşdırmaq və Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
beynəlxalq hüququn norma
və prinsiplərinə əsaslanacaq həll variantına nail olmağa
hazırıq.
Sağ olun.
Sammit dekabrın 2-də işini davam etdirəcəkdir.
AzərTAc
Azərbaycan.-2010.- 2 dekabr.-
S. 2.