Nazirlər Kabinetində görüş

 

Dekabrın 1-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Dünya Poçt İttifaqı Beynəlxalq bürosunun baş direktoru Eduard Dayan ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, Baş nazir Artur Rasizadə Eduard Dayanın son dəfə Azərbaycanda 2005-ci ildə olduğunu xatırlatmış, ötən beş ildə ölkənin, o cümlədən Bakının sürətlə inkişaf etdiyini diqqətə çatdırmışdır.

A.Rasizadə Dünya Bankı ilə imzalanmış sazişə əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" MMC-nin poçt şəbəkəsində həyata keçirilən "Maliyyə xidmətlərinin inkişafı" layihəsinin əhəmiyyətini vurğulamış, Azərbaycan hökumətinin layihəyə böyük dəstək verdiyini bildirmişdir.

Dünya Poçt İttifaqı Beynəlxalq bürosunun baş direktoru Eduard Dayan Azərbaycanın son beş ildə hərtərəfli, sürətli inkişafının şahidi olmasından məmnunluğunu bildirmiş, ölkədə informasiya-kommunikasiya texnologiyaları (İKT), həmçinin poçt sahəsində müsbət dəyişikliklərin olduğunu söyləmişdir.

Dünya Poçt İttifaqının fəaliyyəti barədə danışan qonaq demişdir ki, biz qlobal səviyyədə olan əsas problemləri, o cümlədən iqtisadiyyatların qloballaşdırılması, miqrasiya fenomeni, informasiya cəmiyyəti və s. nəzərdən keçirir, eyni zamanda, bu problemlərin həlli istiqamətində hansı xidmətləri təklif etmək barədə də düşünürük. O, İKT və poçt sektorunun inkişafı ilə bağlı fikirlərini diqqətə çatdırmışdır.

 

Azərbaycan.- 2010.- 2 dekabr.- S.3.