Bakıda
"Humanitar elmlərin müasir
durumu və ədəbiyyatşünaslığın
nəzəri metodoloji məsələləri"
mövzusunda Beynəlxalq elmi
konfrans öz işinə
başlamışdır
Azərbaycan Milli Elmlər
Akademiyasının Nizami adına Ədəbiyyat
İnstitutunun təşkilatçılığı
ilə dekabrın 1-də "Humanitar elmlərin
müasir durumu və ədəbiyyatşünaslığın
nəzəri metodoloji məsələləri"
mövzusunda Beynəlxalq elmi
konfrans öz işinə
başlamışdır.
Akademik, Dövlət mükafatı
laureatı Bəkir Nəbiyevin anadan
olmasının 80 illiyinə həsr olunmuş
tədbir AMEA-nın Rəyasət Heyətinin binasında keçirilir.
Konfransda Azərbaycan alimləri ilə
yanaşı, Türkiyə, Rusiya, İran, Özbəkistan və başqa
ölkələrdən tanınmış ədəbiyyatşünas
alimlər də iştirak edirlər.
Tədbiri
giriş sözü
ilə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov açaraq, qonaqları salamlamış, elmi konfransın əhəmiyyətindən
danışmışdır. O bildirmişdir
ki, müstəqilliyinin ikinci
onilliyini tamamlamaq ərəfəsində
olan müasir Azərbaycan
öz sosial-iqtisadi və
mədəni-mənəvi inkişafının keyfiyyətcə
yeni mərhələsinə qədəm qoymuşdur. Müasir elmi nəzəriyyələrə görə,
cəmiyyətin sosial-istisadi sahəsi digər
sahələrlə sıx bağlıdır və onların
inkişafı bir-biri ilə necə
uyğunlaşmasından çox
asılıdır. Bu baxımdan Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının rəhbəri, akademik
Ramiz Mehdiyevin "İctimai və humanitar
elmlər: zaman kontekstində
baxış" məqaləsi mühüm
əhəmiyyət kəsb edir.
Akademiyanın
prezidenti vurğulamışdır ki, Azərbaycanda iqtisadi
sahədə keçid dövrü
başa çatıbsa, sosial-mədəni,
siyasi, ideoloji və başqa sahələrdə də ciddi yeniləşmə olmalıdır. Akademik Ramiz Mehdiyevin adı çəkilən məqaləsinin
əsas məqsədlərindən biri bu zərurəti peşəkar səviyyədə
elmi ictimaiyyətə çatdırmaqla
yanaşı, konkret fəaliyyət
proqramları yaratmaq ehtiyacının vacibliyini göstərməkdir. Məqalədə
milli humanitariyanın ideya
əsasları, ictimai şüura
təsir edən effektiv humanitar
texnologiyalar, milli-mədəni-mənəvi
oriyentasiya məsələləri, əski
ideologiya və milli məfkurə
kimi ciddi problemlər
qaldırılmış, humanitar və ictimai elmlərin qarşısında duran vəzifələrin prioritetləri konseptual olaraq müəyyənləşdirilmişdir.
Beynəlxalq elmi
konfransın akademik Bəkir Nəbiyevin anadan olmasının 80 illik
yubileyinə həsr olunduğunu diqqətə
çatdıran M.Kərimov bildirmişdir
ki, adı çəkilən məqalədə
irəli sürülən məsələlərin yerinə
yetirilməsi üçün
akademiyanın qarşısında duran əsas
vəzifələrdən biri müxtəlif
tədqiqat sahəsində çalışan alim
və mütəxəssislərin elmi fəaliyyətlərinin
əlaqələndirilməsinə, həmçinin elmi tədqiqatların ayrı-ayrı fənn
predmetlərindən çıxarılıb kompleks
problem mövzular
üzrə aparılmasına nail
olmaqdır.
AMEA-nın
Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, Bəkir Nəbiyevin "Ədəbiyyatşünaslıq
müasir humanitar
düşüncə kontekstində" mövzusunda
məruzəsi dinlənilmişdir. Natiq müstəqillik illərində
ədəbiyyatşünaslığımızın
inkişafına təkan olan bir məsələni xüsusilə qabardaraq demişdir ki, 60-70-ci illərdə klassik
və müasir yazıçılarımızın,
mədəniyyət xadimlərimizin yubileylərinin yüksək
dövlət səviyyəsində qeyd
edilməsi onların dünyada
tanıdılmasında mühüm rol oynadığı kimi humanitar fikrimizin də milli mənəvi hüdudlarını
genişləndirmiş, "vahid forma" anlayışının sərhədlərini
dağıtmışdır.
B.Nəbiyev
vurğulamışdır ki, Azərbaycanın
müstəqillik illərində keçirilən bu tipli tədbirlər yeni məna kəsb etmişdir.
"Kitabi-Dədə Qorqud-1300" və
"Füzuli-500" yubileyləri ilə bağlı tədqiqatlar,
nəşrlər və digər səpkili tədbirlər milli özünüdərkə, milli birliyə əsaslanırdı. Bu istiqamətdə ümummilli
liderimiz Heydər Əliyevin irəli sürdüyü müdrük
dövlətçilik siyasəti səviyyəsinə
qaldırdığı ədəbi-mədəni tədbirlər
elmimizi Azərbaycanın dünya
birliyində tanınmasına, türk mənəvi
birliyinin formalaşması prosesinə
yönəltmişdir.
Akademik
çağdaş nəzəri-metodoloji
araşdırmalarda uğur
qazanmağın yollarından danışaraq bildirmişdir
ki, bu, ümumən humanitar fikrə məxsus metodoloji
problemləri dünyanın aparıcı elmi
fikri kontekstində araşdıraraq
perspektivləri müəyyənləşdirməkdən, milli ədəbi fikrin
özünəməxsus ədəbi-estetik qanunauyğunluqlarını
üzə çıxarmaqdan ibarətdir. Tarixi ədəbi prosesin bəşəri dəyərlər zəminində
dövrləşdirilməsində, qiymətləndirilməsində
mövcud nəzəri konsepsiyalarla
milli ədəbi təcrübənin yekunlarının
vəhdətdə götürülməsi müasir
nəzəri-metodoloji böhrandan
çıxmağın səmərəli yoludur.
Natiq diqqətə
çatdırmışdır ki, istər
Azərbaycan, istərsə də postsovet
məkanında XX əsr (sovet dövrü) ədəbi irsini
öyrənməkdə yeganə prinsip tarixiliyi önə çəkmək, bu əsrdə yaranan ədəbi
irsin elmi-nəzəri təsnifini sərhədlərini
müəyyənləşdirmək, onun tarixi mərhələlərini obyektiv təhlil etmək sahəsində
görüləsi işlər çoxdur.
Siyasi qəliblər, siyasi
sifarişlər əsasında yaranan ədəbiyyatı,
bir də XX əsr dünya
ədəbi prosesi ilə səsləşən
milli və bəşəri məzmunu
özündə birləşdirən XX əsr ədəbiyyatını
fərqləndirmək lazımdır.
B.Nəbiyev əmin olduğunu
bildirmişdir ki, ədəbiyyatşünaslığımızın
yeni təhlil və qiymətləndirmə
prinsiplərini hazırlamaqda dünyanın aparıcı filoloji elmi mərkəzləri
ilə qarşılıqlı əməkdaşlığın
növbəti faktı kimi bu
konfrans yeni və səmərəli
elmi qənaətləri ortaya çıxaracaqdır.
Konfransda
Rusiya Elmlər Akademiyası M.Qorki adına Dünya
Ədəbiyyatı İnstitutunun baş elmi işçisi,
İncəsənət Akademiyasının akademiki,
filologiya elmləri doktoru,
professor Yuri Borev "Bəşəriyyətin və bəşər
varlığının mahiyyəti və idealları", Rusiya Elmlər Akademiyasının M.Qorki adına Dünya
Ədəbiyyatı İnstitutunun RF və MDB xalqları şöbəsinin müdiri Kazbek Sultanov "Ritorik fiqur, yoxsa,
özünütəyin amili", Rusiya Dövlət Sənətşünaslıq
İnstitutu direktorunun
müavini, fəlsəfə elmləri doktoru, professor Nikolay Xrenov "Siyasi mif bədii yozumda: kinematoqraf tarixin mifologizasiyası və
demifologizasiyası rolunda", Ege Universiteti Ədəbiyyat
fakültəsinin professoru Yavuz
Akpınar "Azərbaycanda milli tarix anlayışı və bunun
ədəbiyyat tarixində əks olunması", Özbəkistan
Milli Universitetinin
özbək klassik ədəbiyyatı
kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Həmidulla Baltabayev
"Orta Asiya ədəbi
tarixinin öyrənilməsinin metodoloji əsasları və onun
dövrləşdirilməsi prinsipləri"
mövzularında məruzə etmişlər.
Konfrans dekabrın 2-də öz işini davam etdirəcəkdir.
AzərTAc
Azərbaycan.- 2010.- 2
dekabr.- S. 5.