Maliyyə
Nazirliyində kollegiya iclası keçirilmişdir
Maliyyə Nazirliyində keçirilən
kollegiya iclasında "Azərbaycan
Respublikasının 2011-ci il dövlət
büdcəsi haqqında" Qanununun təsdiqi,
eyni zamanda bu qanunun tətbiq edilməsi
barədə Azərbaycan Respublikası Prezidentinin
fərmanı ilə nazirlik
qarşısında duran vəzifələr
müzakirə edilmişdir.
Kollegiyada çıxış edən
maliyyə naziri Samir
Şərifov qanunla əlaqədar
qarşıda duran vəzifələr barədə
danışaraq onların vaxtında və keyfiyyətlə
yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar vermişdir.
Nazir bildirmişdir
ki, 2011-ci il dövlət
büdcəsi özünün prioritet istiqamətləri və strukturuna görə əvvəlki illərin
büdcələrindən müsbət istiqamətdə fərqlənməklə
bütün makroiqtisadi
hədəflərin gücləndirilməsinə əhəmiyyətli
baza yaradır.
O,
həmçinin görüləcək işləri əks
etdirən "Tədbirlər Planı"nın
hazırlanmasını vacib hesab etmişdir.
Müzakirələr zamanı
qarşıya qoyulan vəzifələrin
yerinə yetirilməsi üçün bir sıra normativ sənədlərin
hazırlanmasına başlanılması, ilk
növbədə təsdiq olunmuş
dövlət büdcəsinin göstəricilərinin, gəlir
və xərclərin bölgüsünün
bir ay müddətində
büdcə təşkilatlarına
çatdırılması da qeyd olunmuşdur.
Nazir növbəti büdcə ilinin layihəsi ilə yanaşı,
sonrakı üç il
üçün də büdcə təsnifatının
bütün parametrləri səviyyəsində
ölkənin ali maliyyə sənədinin
tam təkmil formada
hazırlanmasını da məqbul
saymışdır. Buna Maliyyə Nazirliyinin daxili
imkanları şərait yaradır. Bu
istiqamətdə ayrı-ayrı inkişaf
etmiş ölkələrin təcrübələri
də öyrənilmişdir.
Kollegiyada
Maliyyə Nazirliyi Xəzinədarlığının
İnformasiya İdarəetmə Sisteminin modernləşdirilməsi, respublikada sığorta bazarının inkişaf etdirilməsi və sığorta sisteminin təkmilləşdirilməsi, beynəlxalq
təcrübənin sığorta bazarında tətbiqi və
Maliyyə Nazirliyi sistemində dövlət
qulluğu haqqında qanunvericiliyin
tətbiqi, dövlət
qulluqçularının peşə
hazırlığının daha da təkmilləşdirilməsi ilə
bağlı məsələlər də müzakirə olunmuş, müvafiq qərarlar
qəbul edilmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 2 dekabr.- S. 5.