Berlindəki Humbold Universitetində "Azərbaycan tarixi beynəlxalq araşdırmalarda - müasir vəziyyət və perspektivlər" mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir

 

 

Almaniyada Azərbaycan Elm və Mədəniyyət Həftəsi çərçivəsində məşhur Humbold Universitetində "Azərbaycan tarixi beynəlxalq araşdırmalarda - müasir vəziyyət və perspektivlər" mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir.

AFR, Azərbaycan və bir sıra başqa ölkələrin alimlərinin iştirak etdiyi konfransın moderatoru Humbold Universitetinin Tarix İnstitutunun professoru Yorq Baberovski idi.

Azərbaycanın təhsil naziri Misir Mərdanov elmi forumun iştirakçılarını salamlamışdır. Nazir öz çıxışında bu cür tədbirlərin aktual əhəmiyyət kəsb etdiyini vurğulayaraq demişdir: "Mənim tələbəlik dövrüm keçən əsrin 60-cı illərinə təsadüf etmişdir. O vaxt ali məktəblərdə Azərbaycan tarixi praktiki olaraq öyrənilmirdi. Yalnız son kurslarda bu barədə epizodik formada məlumat verilirdi. Demək olar ki, bizim öz tariximizi öyrənmək imkanımız yox idi, çünki bu fənnin tədrisinə ciddi əhəmiyyət verilmirdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra vəziyyət kökündən dəyişmişdir. Bu gün Azərbaycan tarixi əsas məcburi tədris edilən fəndir və dövlətimiz onun tədrisinə çox böyük diqqət yetirir". Nazir vurğulamışdır ki, müstəqillikdən əvvəlki illərdə Azərbaycan xalqı Humbold Universiteti kimi nüfuzlu ali məktəbdə "Azərbaycan tarixi" kafedrası açılmasını heç xəyalına da gətirə bilməzdi, halbuki ermənilər bütün dünyaya səpələndikləri üçün öz lobbiçilərinin vasitəçiliyi ilə bir sıra ölkələrin dövlət və elmi dairələrinə təsir göstərmək və dünyanın bir sıra elmi mərkəzlərində ermənişünaslıq kafedraları açmaq imkanına malik idi. "Bu gün Azərbaycan xalqı vaxtilə itirilmiş imkanın əvəzini çıxır və bu, ilk növbədə dövlət müstəqilliyi sayəsində mümkün olmuşdur," - deyən M.Mərdanov professor Eva Mariya Auxa onun başçılıq etdiyi "Azərbaycan tarixi" kafedrasının işində böyük uğurlar arzulamışdır.

Humbold Universitetinin Tarix İnstitutunun direktoru professor Tomas Mergel çıxışında azərbaycanlı nazirin təbriklərinə qoşulmuşdur. Onun sözlərinə görə, bu gün Azərbaycanın bir sıra məsələlər üzrə qazandığı uğurlar avropalılar üçün nümunə ola bilər. Avropalılar azərbaycanlılardan, həqiqətən, çox şey öyrənə bilərlər: tolerantlıq, polietniklik, açıqlıq və çox sahələrdə səmimilik. Professor Mergel demişdir: "Azərbaycan tarixi" kafedrasının fəaliyyəti, həqiqətən, qarşılıqlı faydalı olacaqdır. Azərbaycan öz zəngin tarixini Avropada populyarlaşdıra biləcək, bizim isə qazancımız bu olacaqdır ki, həmin tarixi, necə deyərlər, yaxın məsafədən öyrənmək imkanı yaranacaqdır. Biz sizin üçün şərait yaradırıq ki, siz bizə öz tarixinizi öyrədəsiniz. Qarşılıqlı fayda da bundan ibarətdir". O xatırlatmışdır ki, nasizm illərində Humbold Universitetinə ciddi zərər dəymişdir. Görkəmli professorların çoxu həbs olunmuş və məhv edilmiş, elmi muxtariyyətə son qoyulmuşdu. Universitet əməkdaşlarının çoxu ya könüllü şəkildə, ya da məcburən gestapo ilə əməkdaşlıq edirdi, onlar millətçi-sosialist partiyasının üzvləri idi. Bu gün hər sahədə vəziyyət o müdhiş illərdəkindən tamamilə fərqlidir. Humbold Universitetinin əsas fərqli cəhəti burada elmin azad olmasıdır. Məhz bu fakt sayəsində universitet dünyanın ən nüfuzlu ali məktəbləri siyahısına daxil olmuşdur. Professor Mergel təbrik nitqinin sonunda bu universitetdə "Azərbaycan tarixi" kafedrasının yaradılmasında iştirak edənlərə təşəkkürünü bildirmişdir.

Sonra tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Cəmil Həsənli "Azərbaycan tarix elminin müasir vəziyyəti" mövzusunda məruzə ilə çıxış etmişdir. Alim yeni yaradılmış kafedranın müdiri Eva-Mariya Auxa nadir arxiv sənədinin - Pişəvərinin "İran Azərbaycanında demokratik hərəkatın tarixi" adlı kitabının 1947-ci ilin iyul ayında güllələnmiş müəllifin mənzilindən Xalq Daxili İşlər Komissarlığı tərəfindən götürülmüş əlyazmasının surətini təqdim etmişdir.

Daha sonra Mərkəzi Asiya İnstitutunun direktoru, Stokholm Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun həmtəsisçisi doktor Svante Kornell "Azərbaycan tarixi araşdırmaları Avropa kontekstində", Mərkəzi AsiyaQafqaz İnstitutunun direktoru, Baltimor ştatındakı (ABŞ) Con Hopkins Universitetinin "İpək yolu" tədqiqat proqramının rəhbəri professor Frederik Star "ABŞ-da Azərbaycan tarixinin öyrənilməsi", professor Tamara Draqadze "Azərbaycan qlobal kontekstdə", Giresun Universitetinin (Türkiyə) prorektoru, professor Aygün Əttah "Türkiyədə azərbaycanşünaslığın müasir vəziyyəti haqqında", Babeş-Boyai (Rumıniya) Universitetinin professoru Tasil Kamil "Rumıniyada Azərbaycan tarixinin öyrənilməsi", Humbold Universitetinin "Azərbaycan tarixi" kafedrasının müdiri Eva-Mariya Aux "Azərbaycan tarixi Şərqi Avropa məsələlərinin tədqiqatı sahəsində yeni fənn kimi", Berlin Etnologiya Muzeyinin əməkdaşı doktor İnqrid Şindelberq "Avropada Azərbaycan etnologiyasının öyrənilməsi haqqında", Frayburq Universitetinin (Almaniya) professoru Yorq Ştadelbauer "Azərbaycan dünya coğrafiyasılnda", Marburq Universitetinin (Almaniya) professoru Udo Ştaybax "Azərbaycan konfliktologiya məsələlərində" mövzularında məruzələrlə, habelə Halle-Vitenberq şəhərindəki Martin-Lüter Universitetinin kafedra müdiri professor Volker Adam çıxış etmişlər.

Məruzələrdən sonra keçirilən müzakirələrdə AMEA-nın müxbir üzvü, Azərbaycanın əməkdar elm xadimi, AMEA Tarix İnstitutunun tarixi coğrafiya şöbəsinin müdiri, Azərbaycan Aviasiya Akademiyasının humanitar elmlər kafedrasının müdiri Fəridə Məmmədova, BDU-nun professoru Cəmil Həsənli, Azərbaycanın AFR-də fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov, Bonn Universitetinin professoru Əhəd Rəhmanzadə, Berlin Azad Universitetinin doktorantı Rail Səfiyev, Mayns Universitetinin doktorantı Vüqar Aslanov, Azərbaycan XİN-in şöbə müdiri Rizvan Nəbiyev və konfransın bir sıra digər iştirakçıları çıxış etdilər.

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Berlin

 

Azərbaycan.- 2010.- 2 dekabr.- S. 5.