ATƏT-in Astana (Qazaxıstan) sammitində ATƏT-in həmsədrləri olan ölkələrin nümayəndə heyətlərinin başçılarının, Azərbaycan və Ermənistan prezidentlərinin Birgə Bəyanatı

 

ATƏT-in Astanada (Qazaxıstan) keçirilən sammiti ilə əlaqədar ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin nümayəndə heyətlərinin başçıları (Rusiya Federasiyasının Prezidenti D.Medvedev, Fransanın Baş naziri F.FiyonAmerika Birləşmiş Ştatlarının dövlət katibi H.Klinton), Azərbaycan Prezidenti İ.Əliyev və Ermənistan Prezidenti S.Sarkisyan razılığa gəldilər ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yönəlmiş daha qətiyyətli tədbirlər görmək vaxtı çatmışdır. Bununla əlaqədar onlar Azərbaycan, Ermənistan və Rusiya Federasiyası prezidentlərinin 2 noyabr 2008-ci il tarixli (Moskva) və 27 oktyabr 2010-cu il tarixli (Həştərxan) bəyanatlarına istinad etdilər. Onlar razılaşdılar ki, danışıqlar yolu ilə dinc tənzimləmə regionda sabitliyi və xalqların təhlükəsizliyini təmin edər və onların arasında barışığa nail olmaq üçün yeganə imkan olar.

Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüququn prinsipləri və normaları, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də prezidentlər D.Medvedev, N.Sarkozi və B.Obamanın 2009-cu il iyulun 10-da Akvilldə və 2010-cu il iyunun 26-da Muskokada verdikləri bəyanatlar əsasında qəti tənzimləməyə çalışmaq öhdəliklərini təsdiq etdilər.

Üç həmsədr ölkə dinc tənzimləməyə nail olmaq üçün zəruri qərarlar qəbul edən Azərbaycan və Ermənistan prezidentlərini dəstəklədiklərini bildirdilər. Onlar Ermənistan və Azərbaycan rəhbərlərini səylərini Əsas Prinsiplərdə hələ qalan mübahisəli məsələlərin həlli üzərində yeni qüvvə ilə cəmləşdirməyə çağırdılar və öz həmsədrlərinə münaqişə tərəflərinin bu səylərini həyata keçirmələrinə kömək etmək üçün onlarla işi davam etdirməyi tapşırdılar. Onlar danışıqların keçdiyi atmosferi yaxşılaşdırmaq üçün tərəflərə müraciətlə onları atəşkəs rejiminin möhkəmlənməsinə və bütün sahələrdə etimad tədbirlərinin həyata keçirilməsinə yönəlmiş əlavə addımlar atmağa çağırdılar.

 

Azərbaycan.- 2010.- 3 dekabr.- S.1.