"Mətbuatda təcrübə mübadiləsi" mövzusunda seminar keçirilmişdir
Dekabrın 2-də Türkiyənin Azərbaycandakı səfirliyində "Mətbuatda təcrübə mübadiləsi" mövzusunda seminar keçirilmişdir. Türkiyə Nazirlər Kabineti yanında Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin, bu ölkənin Bakıdakı səfirliyinin və Azərbaycan Mətbuat Şurasının birgə təşkil etdikləri seminarın keçirilməsində məqsəd qardaş ölkələrimizin mətbuatı arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılmasının təmin edilməsidir.
AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan Türkiyə səfirliyinin mətbuat müşaviri Həbib Kaya dost və qardaş ölkələrimizin kütləvi informasiya vasitələri arasında əməkdaşlığın dərinləşdirilməsində seminarın əhəmiyyətini vurğulamış, bildirmişdir ki, hazırda Azərbaycan universitetlərinin jurnalistika fakültələrinin sonuncu kurs tələbələrinin Türkiyədə təcrübə keçmələri ilə bağlı layihənin müzakirələri aparılır.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan və Türkiyə mətbuatını birləşdirən dəyərləri diqqətə çatdırmışdır.
Azərbaycan mətbuatının hər zaman böyük qonşu dövlətlərin mətbuatı ilə rəqabət aparmaq gücünə malik media olduğunu deyən Ə.Həsənov bildirmişdir ki, ölkədə ilk qəzet olan "Əkinçi", eləcə də XX əsrin əvvəllərində nəşr edilmiş digər mətbu orqanlar təkcə Azərbaycanda deyil, bütün Şərqdə ictimai şüurun formalaşmasına böyük təsir göstərmişdir. Ancaq bu gün Türkiyə mətbuatı kəmiyyət, keyfiyyət və dünya siyasətinə təsir baxımından Azərbaycan mediasından üstündür.
Son zamanlar müasir dünyada ayrı-ayrı cəmiyyətlərə təsir etmək, onları idarə etmək istəyən qlobal mərkəzlərin yaradıldığını qeyd edən Ə.Həsənov bildirmişdir ki, qardaş ölkələrimiz arasındakı yüksək münasibətləri gözü götürməyən bəzi qüvvələr müxtəlif xəbərləri dərc etməklə Azərbaycan və Türkiyə arasında etimadsızlıq toxumu səpmək istəyirlər. Biz öz cəmiyyətlərimizi, milli dəyərlərimizi, milli maraqlarımızı beynəlxalq aləmin, qlobal medianın təsirlərindən qorumağa çalışmalıyıq. Bu baxımdan bu gün keçirilən belə ortaq tədbirlərin əhəmiyyəti əvəzsizdir. Ortaq dəyərlərimizi, mədəniyyətimizi, dinimizi, böyük şəxsiyyətlərimizi, hər iki xalqın ulu öndərləri Mustafa Kamal Atatürkü və Heydər Əliyevi qorumaq Türkiyə və Azərbaycan mətbuatının borcudur.
Ə.Həsənov mətbuatımızın dövlətlərimizə və xalqlarımıza xidmət etməsi, milli maraqlarımızın yad təsirlərdən qorunması, jurnalistlər arasında təcrübə mübadiləsi, dünyada mediamızın gücünün artırılması baxımından seminarın əhəmiyyətini yüksək qiymətləndirmişdir.
Türkiyə Nazirlər Kabineti yanında Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin müdiri Murad Karakaya çıxış edərək seminarın əhəmiyyətindən danışmış, bildirmişdir ki, bu tədbir Türkiyədən kənarda həyata keçirdiyimiz birinci proqramdır.
Biz münasibətlərimizi bu təməl üzərində inkişaf etdirməliyik.
Son illər Azərbaycan mediası sürətli inkişaf yolu keçmişdir. Təəssüf ki, müasir dünyada həm Türkiyəyə, həm də Azərbaycana qarşı haqsız basqıların şahidi oluruq. Belə hallara qarşı mətbuatımız birgə mübarizə aparmalıdır. Bunun üçün əlaqələrimiz daha da sıx olmalıdır. Mətbuatımızın bir-birindən öyrənməli olduğu dəyərlər çoxdur. Bu məsələləri daim diqqətdə saxlamalıyıq. Həm Azərbaycan, həm də Türkiyə mətbuatı dövlətlərimizin milli maraqları baxımından çıxış etməli, dostluq və qardaşlıq əlaqələrimizə töhfə verməlidir.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək, ölkələrimiz arasında yüksələn xətlə inkişaf edən əməkdaşlıq əlaqələrində mətbuatın rolundan danışmış, seminarın əhəmiyyətini qeyd etmişlər.
Sonra seminar öz işini bölmə iclaslarında davam etdirmişdir.
İclaslarda "Media və dövlət münasibətləri", "Televiziya xəbərçiliyi və televiziyada reportajların hazırlanması üsulları", "Səhifə dizaynı", "Reklam və mətbuat" mövzularında çıxışlar səslənmişdir.
Azərbaycan.- 2010.- 3 dekabr.-
S.1.