SPECA ölkələrinin
ticarətə yardım təşəbbüsü üzrə
10 illik yol xəritəsi hazırlanmışdır
Dekabrın 1-də Bakıda SPECA ölkələrinin Ticarətə yardım təşəbbüsü üzrə Nazirlər konfransı öz işinə başlamışdır.
Ölkə rəsmilərinin və beynəlxalq qurumların nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov açmışdır. O, qonaqlara SPECA-nın məqsədləri, Azərbaycanın proqrama üzvlüyü, konfransdan gözlənilən nəticələr barədə məlumat vermişdir. Nazir müavini bildirmişdir ki, təşəbbüsün əsas məqsədi iqtisadi inkişafda ticarətin rolunu artırmaqdır. Bu inkişafın 3 istiqamətdə həyata keçirilməsinin məqsədəuyğun olduğunu bildirən N.Səfərov bunların ticarət siyasəti və tənzimləmə, ticarət qurumları arasında əlaqələrin düzgün qurulması və inkişaf etdirilməsi, risk menecmentinin səviyyəsinin artırılması olduğunu vurğulamışdır.
Konfransın 2020-ci ilədək nəzərdə tutulmuş gələcək işini əks etdirən yol xəritəsi hazırlanmışdır. Nazir müavini Azərbaycanın yol xəritəsində göstərilən bütün müddəalarla razı olduğunu demişdir. Burada donorların köməyini xüsusi qeyd etmək də lazımdır. 2007-ci ilədək göstərilən yardımların ümumi məbləği 25,4 milyard dolları keçmişdisə, cari ilin sonunadək bu rəqəmin 40 milyard dollara çatması gözlənilir. N.Səfərov, həmçinin onu da bildirmişdir ki, açıq dənizə çıxışı olmayan SPECA ölkələri milli iqtisadi inkişafda və həyat səviyyəsinin yüksəldilməsində regiondaxili ticarətin potensialından hələ də tam istifadə etmirlər.
Digər natiqlər də SPECA ölkələri arasında ticarət dövriyyəsinin artırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi, yerli xammaldan daxili məqsədlər üçün istifadənin gücləndirilməsi və bununla da yerli istehsalın səviyyəsinin yüksəldilməsinin vacibliyini qeyd etmişlər.
SPECA BMT-nin Mərkəzi Asiya, Əfqanıstan və Azərbaycanı nəzərdə tutan xüsusi proqramıdır və Azərbaycan hökuməti tərəfindən dəstəklənir.
Tədbirdə üzv ölkələrlə yanaşı, Finlandiya, İsveçrə, Rusiya, Fransa, eləcə də müxtəlif beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.
Konfrans
iki gün davam edəcəkdir.
AzərTAc
Azərbaycan.- 2010.- 2 dekabr.- S. 5.