Rumıniyanın milli bayramı şərəfinə

 

Dekabrın 1-də Rumıniyanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Birlik günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.

Səfir Nikolaye Ureke ötən müddətdə ölkəsinin keçdiyi inkişaf yolundan danışmışdır. Azərbaycan-Rumıniya münasibətlərinə toxunan diplomat ölkələrimiz arasında hərtərəfli əlaqələrin son illər sürətlə inkişaf etdiyini vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycan və Rumıniya prezidentləri arasında yaranmış münasibətlər hər iki ölkənin strateji əməkdaşlığının daha da inkişafına böyük töhfə verir. Ölkələrimiz arasında əlaqələrin genişlənməsindən məmnunluğunu diqqətə çatdıran səfir münasibətlərimizin gələcəkdə daha sürətlə inkişaf edəcəyinə əmin olduğunu bildirmişdir.

Kənd təsərrüfatı naziri İsmət Abasov əlamətdar gün münasibətilə dost Rumıniya xalqını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik edərək, dövlətimizin başçısının salamlarını və xoş arzularını çatdırmışdır.

Rumıniyanın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu deyən nazir ölkələrimiz arasında əlaqələrin əsasının ümummilli lider Heydər Əliyevin 1995-ci ildə bu ölkəyə rəsmi səfəri ilə qoyulduğunu demişdir. Nazir əlavə etmişdir ki, Prezident İlham Əliyevin 2009-cu ildə Rumıniyaya rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin daha da inkişafına təkan vermişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rumıniya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləmişdir.

Nazir əmin olduğunu bildirmişdir ki, Azərbaycan ilə Rumıniya arasında əməkdaşlıq istər ikitərəfli qaydada, istərsə də beynəlxalq və regional qurumlar çərçivəsində daha da inkişaf edəcəkdir.

Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 2 dekabr.- S. 5.