Daşkəsən dağ başında parlaq ulduza bənzəyir

"Bizim indi güclü iqtisadi potensialımız var. İqtisadiyyatımız dünyada ən yüksək sürətlə inkişaf edir".

İlham ƏLİYEV

 

Möhtərəm Prezident cənab İlham Əliyevin respublikamızın bölgələrinin sürətlə inkişaf edib yeniləşməsinə göstərdiyi tükənməz qayğı və diqqət Daşkəsəndə də öz müsbət bəhrəsini vermişdir. Vaxtilə iş, çörək dalınca Daşkəsəndən başqa yerlərə üz tutub gedənlər indi bura qayıdanda abadlığa, gözəlliyə, yeniliyə heyran olduqlarını, az qala şəhəri tanımadıqlarını etiraf edirlər. Prezident İlham Əliyevin göstərişi ilə çəkilən Gəncə-Daşkəsən-Xoşbulaq magistral yolunun rahatlığından isə hər yanda ağızdolusu danışırlar.

Bu, doğrudan da belədir. Xatırlatmaq lazımdır ki, hələ ötən əsrlərdən Xoşbulaq yaylağı gəncəlilərin, eləcə də respublikamızın digər sakinlərinin yaylaq-istirahət yeri kimi təsdiq edilmiş, onların istifadəsinə verilmişdi. Lakin Xoşbulaq yolunun bərbadlığı və məişət şəraitinin yoxluğu ucbatından gələndə min bir əziyyət çəkirdilər.

Di gəl, indi bax! Xoşbulaqda müasir tipli yaylaq evləri tikilmiş, bir-birinə söykənmiş abad küçələr salınmışdır. Bura yolu düşənlər yeni bazar kompleksinə, abadlığa, müasirliyə, yaşıllığa heyran olurlar. Bir sözlə, indi Xoşbulaq abad və yaraşıqlı bir şəhəri xatırladır.

Daşkəsənin həyatında bu cür yeniliklər çoxdur, istər iqtisadiyyatda, istərsə də abadlıq və mədəni quruculuq sahəsində.

Bu günlərdə doqquz ayın yekunlarına dair Nazirlər Kabinetinin iclasının materialları, Prezident İlham Əliyevin çıxışlarından irəli gələn vəzifələr müzakirə olunarkən rayonda görülən işlərdən geniş söhbət açılmışdır.

İlk öncə rayon icra hakimiyyətinin başçısı Tahir Kərimovun doqquz ayın yekunları haqqında məruzəsi dinlənildi. O dedi ki, ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev müstəqil ölkəmizin dünya şöhrətinin artırılmasına, eləcə də regionların inkişafına xüsusi diqqət yetirir. Məhz bu qayğı və diqqətin sayəsində həmişə olduğu kimi, ötən doqquz ay ərzində də Daşkəsən rayonunda sosial-iqtisadi inkişaf sahəsində çox böyük işlər görülmüşdür.

Sonra ayrı-ayrı sahələr üzrə icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Cavanşir Qocayevin, aqrar məsələlər üzrə müavini Əleysan Həsənlinin, maliyyə idarəsinin rəisi Natiq Zeynalovun və başqalarının məlumatları dinlənildi.

Toplantıda yekdilliklə qeyd edildi ki, ümumdövlət qayğısı sayəsində cari ilin doqquz ayı ərzində rayon üzrə ümumi məhsul buraxılışı ötən ilin eyni dövrü ilə müqayisədə 25,1 faiz çox olmuşdur. Bu artım sənaye üzrə 69,8 faiz, kənd təsərrüfatı üzrə 7,1 faiz, tikinti üzrə 7,1 dəfə, nəqliyyat üzrə 16,5 faiz, rabitə üzrə 13,4 faiz, ictimai-iaşə xidmətləri üzrə 4,8 faiz təşkil etmişdir. Sənaye müəssisələrində çalışan işçilərin orta aylıq əməkhaqqı 209 manat olmuşdur. İlin ötən dövrü ərzində rayonda 259 yeni iş yeri açılmışdır.

2010-cu ilin doqquz ayı ərzində elektrik avadanlıqlarının yeniləşdirilməsi və təmiri, təzə transformatorların alınıb quraşdırılması, elektrik dayaqlarının dəyişdirilməsi və təmiri üzrə bir sıra işlər yerinə yetirilmişdir. Belə ki, 16 yarımstansiya və 23 ədəd transformator təmir olunmuş, 51 ədəd dayaq dəyişdirilmiş, 192 ədəd yeni sayğac quraşdırılmış, 179 sayğac isə yeniləri ilə əvəz edilmişdir. Rayon Qaz İstismar Sahəsi üzrə bir sıra təmir-bərpa işləri görülmüşdür. Xoşbulaq kəndinə təbii qaz xətti çəkilişinə başlanılmış və bu mühüm iş ardıcıllıqla davam etdirilir. Sahənin maddi-texniki bazası möhkəmləndirilmişdir. Belə ki, 2 ədəd avtomaşın, 1 ədəd "Belorus" markalı traktor, 3 ədəd qaynaq aqreqatları alınmışdır. Fərəhlə qeyd etmək lazımdır ki, rayonun əksər kəndlərinə təbii qaz xətti çəkilişi üzrə təqvim planları işlənib hazırlanmış və müvafiq orqanlar tərəfindən təsdiq edilmişdir. Beləliklə, Qaz İstismar Sahəsi yeni genişmiqyaslı işlər görəcəkdir.

Qışa hazırlıqla əlaqədar olaraq Birləşmiş Qazanxanalar və İstilik Şəbəkələri üzrə Qazanxanalarda lazımi təmir işləri aparılmış, xidmət göstərilən sahələr istiliklə təmin edilməkdədir.

Yol məsələsi Daşkəsəndə həmişə diqqət mərkəzində durur. Ötən dövr ərzində 22 saylı Yol İstismar İdarəsi tərəfindən görülmüş işlər də çoxşaxəlidir. Gəncə-Daşkəsən, Daşkəsən-Xoşbulaq magistral yolları, Daşkəsən-Əmirvar, Zağalı-Qaraqollar, Quşçu-Zəylik-Quytul, Xoşbulaq-Təzəkənd, Quşçu-Çovdar, Daşkəsən-Mollahəsənli-Dəstəfur, Daşkəsən-Astaf avtomobil yolları əsaslı təmir olunmuşdur. Həmçinin Quşçu, Zəylik kəndlərinin avtomobil yollarındakı körpülərdə cari təmir işləri aparılmışdır. İdarəyə yeni texnika alınması da unudulmamışdır.

Rayon Telekommunikasiya Qovşağı Əhmədli, Dəstəfur və Zəylik kəndlərində olan avtomat-telefon stansiyalarını müasir tipli elektron ATS-lərlə əvəz etmişdir.

Toplantıda qeyd olundu ki, aqrar sahənin inkişafı həmişə icra orqanlarının diqqət mərkəzində saxlanılır. 2010-cu ilin məhsulu üçün ümumilikdə 2188 hektar sahədə əkin aparılmışdır. Bunun 1350 hektarını kartof, 592 hektarını taxıl, 246 hektarını digər əkin sahələri təşkil edir. Taxıl zəmilərindən 1162 ton məhsul istehsal olunmuşdur. Bu da əvvəlki illərdən çoxdur. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə 5 kənddə süni mayalanma məntəqələri fəaliyyət göstərir. Doqquz ay ərzində burada 172 baş heyvan mayalanmış, indiyədək onlardan 106 buzov alınmışdır. Quşçu kəndində fəaliyyət göstərən "Ağbaba" damazlıq kəndli-fermer təsərrüfatına 25 baş cins qaramal gətirilmişdir. Onlardan doqquz ay ərzində 21 baş buzov alınmışdır.

"Elba" MMC tərəfindən rayon ərazisində tutumu min ton olan soyuducu anbar kompleksi, kəsim və ət emalı müəssisəsi inşa olunur. Həmin müəssisə fəaliyyətə başladıqdan sora 120 nəfər işlə təmin olunacaqdır.

Sahibkarlara həmişə hər yerdə yüksək qayğı göstərilir. İyun ayının 11-də Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 nəfər daşkəsənli fermerə güzəştli kredit verilmişdir.

Məlum olduğu kimi, möhtərəm Prezident cənab İlham Əliyev 2009-cu il 2 fevral tarixdə arıçılığı inkişaf etdirmək haqqında qanun imzalamışdır. Həmin qanunun tələblərinə uyğun olaraq arı ailələrinin saxlanılması üçün əlverişli şəraitin, imkanların mövcud olması nəzərə alınaraq 2010-cu ilin doqquz ayı ərzində bu mühüm sahənin inkişafı üçün tədbirlər davam etdirilmişdir.

Hesabat dövrü ərzində rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma işləri görülmüşdür və hazırda həmin tədbirlər davam etdirilməkdədir. Rayon Baytarlıq İdarəsi üçün yeni inzibati binanın və Diaqnostika Mərkəzinin tikintisində son tamamlama işləri görülür. Eyni zamanda, Mərkəzi Rayon Xəstəxanasının inzibati binasının tikintisi də davam etdirilir.

Məlum oduğu kimi, Xoşbulaq kəndində idman kompleksinin tikintisinə başlanılmışdır. Doqquz ay ərzində burada xeyli iş görülmüşdür. Bundan əlavə, şəhərdə bir çox inzibati binaların fasadlarının üzlük materialları dəyişdirilərək müasirləşdirilmişdir. Heydər Əliyev adına parkda isə əsaslı təmir işləri başa çatdırılmışdır. Ötən dövr ərzində Daşkəsən şəhərinin küçə və meydanlarında inzibati binaların və yaşayış evlərinin ətraflarında yerli büdcə hesabına yeni asfaltlaşdırma işləri aparılmışdır. Əlillər və şəhid ailələri üçün 16 mənzilli yaşayış binasının inşasına başlanılmışdır.

Rabitə sahəsində də xeyli işlər görülmüşdür. Son vaxtlarda Quşçu, Əmirvar və Dəstəfur kəndlərində yeni poçt binaları tikilib istifadəyə verilmiş, mərkəzi poçt şöbəsinin dam örtüyü dəyişdirilmiş, burada digər təmir işləri isə başa çatmaq üzrədir.

Respublikamızın hər yerində olduğu kimi, yaz aylarının təbii fəlakəti Daşkəsəndən də yan keçməmişdir. Səkkiz dəfə baş vermiş təbii fəlakətlər nəticəsində inzibati binaların, fərdi yaşayış evlərinin dam örtüklərinə, elektrik xətlərinə xeyli ziyan dəymişdir. Dəymiş ziyanın müəyyən hissəsi rayonun daxili imkanları hesabına aradan qaldırılmışdır. Bununla yanaşı qeyd etmək lazımdır ki, Kür-Araz çayları boyunca zərər çəkmiş qəsəbə və kəndlərə kömək məqsədilə Daşkəsən rayonundan xeyli miqdarda iriölçülü daş, dağ süxuru parçaları, həmin zonalarda sahilbərkitmə işləri üçün digər materiallar göndərilmişdir.

2010-cu ilin doqquz ayı ərzində İmişli Şəkər Zavoduna xammal verən Daşkəsən Əhəngdaşı Mədəni də öz fəaliyyətini uğurla davam etdirmişdir. Ən fərəhli cəhət budur ki, sentyabr ayında "Daşkəsən Filizsaflaşdırma" ASC qismən fəaliyyətə başlamışdır. Çovdar Qızıl yatağının və "Alunit" İstehsalat Sahəsinin fəaliyyətinin bərpası üçün bir sıra işlər görülmüşdür.

Bildiyimiz kimi, möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən 2010-cu il "Ekologiya ili" elan olunmuşdur. Odur ki, ağacəkmə kampaniyası hər yerdə olduğu kimi, Daşkəsəndə də ümumxalq hərəkatına çevrilmişdir. Şəhərin girəcəyində min ədəd sərv ağacı əkilərək yaşıllıq zolağı salınmışdır. Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolunun kənarında və Xoşbulaq gölünün ətrafında xeyli yaşıllaşdırma işləri görülmüşdür. Ümumilikdə rayon ərazisində 23 min ədəd ağac əkilmişdir. Hazırda ağaclara qulluq edilməsi üzrə ümumrayon iməcilikləri mütəşəkkilliklə davam etdirilir.

 

Tahir MƏMMƏDOV,

Azərbaycan Jurnalistlər

Birliyinin üzvü

Azərbaycan.- 2010.- 3 dekabr.- S.6.