Düşmənə
göz dağıdır Füzuli
Bu günlərdə Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı Prezident İlham Əliyev cəbhə bölgələrində gedən uğurlu işlərlə tanışlığından məmnun olduğunu bildirərək söylədi: "Müharibədən əziyyət çəkmiş bölgələrdə gözəl binaların, müəssisələrin yaradılması, əlbəttə ki, xüsusi məna daşıyırE Yaxşı bilirsiniz ki, buralar erməni işğalı altında idi. Füzuli rayonunun, demək olar, hamısı işğal altına düşmüşdü. Amma Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qəhrəmanlığı nəticəsində Füzuli rayonunun müəyyən hissəsi işğalçılardan azad edilibdir. Burada bütün binalar dağıdılmışdı, yandırılmışdı. Bu binalar bərpa olundu. Minlərlə bina, sosial infrastruktur bərpa olundu. Horadiz qəsəbəsinə şəhər statusu verildi. Bu gün abadlıq işləri aparılır, gözəl müəssisələr, obyektlər açılır".
Həqiqi mənada inkişaf yoluna qədəm qoymuş Füzulinin işğaldan azad edilmiş qəsəbə və kəndlərində coşqun tərəqqi, yüksəliş var. Müharibədən və qaçqınlıqdan əziyyət çəkmiş insanlar nə yaxşı ki, nəhayət, öz yurdlarına qayıdaraq qurub yaratmaqla məşğuldurlar. Qarabağın bu qədim və gözəl guşəsində gördüklərimiz bizi həm xiffətləndirdi, həm də ürəkdən sevindirdi. Bədnam qonşularımızın taladığı, yandırdığı evlərdən nişanələr hələ də qalmaqdadır. Bir tərəfdə isə torpağına qayıdanların dövlətimizin dəstəyi və köməyi sayəsində qurub yaratdıqlarını, düşmənin acığına gözəl həyat və yaşayışı bərpa etdiklərini gördükcə sevinirdik. Bineyi-qədimdən Qarabağ camaatı ağayana, səxavətli, qoçaq, torpağına bağlı, yurdsevər və çalışqan olub. Nə yaxşı ki, Füzuli rayonunun 21 kəndi və 1 qəsəbəsi düşmən işğalından azad edilərək öz halal sahiblərinə qaytarılıb. İndi bu yerlərdə bir özgə aləm var.
Qayıdanların evləri dövlət tərəfindən bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Tarixə nəzər: Füzuli yurdumuzun strateji, Qarabağın isə böyük rayonlarından biridir. Bu yerlərin əski adı Qarabulaq olub. Məxəzlərdən bəlli olur ki, "Qarabulaq" burada çıxan təbii bulaqların adından götürülüb. "Qara" sözü rəng mənasında deyil, "böyük" anlamındadır. Eləcə də "Horadiz" sözü də "Qaradüz" - yəni "Böyükdüz" mənasındadır. Həm quruluşların, həm də bədnam qonşuların müdaxiləsi nəticəsində bəzi qədim adlar öz mənasını itirib. Hələ 1827-ci ildə Qarabulağa şəhər statusu verilmişdi. Qarabulağın nahiyə statusunda olması onun ətrafındakı kəndlərin də inkişafını şərtləndirirdi. 1892-ci ildə aparılan siyahıya görə, Qarabulaq ərazisində 16 kənd dairəsi və onların tabeliyində 55 yaşayış məntəqəsi olub. 1906-cı ildə Qarabulağa 100 il öncə yaşamış I rus-İran müharibəsinin iştirakçısı polkovnik P.M.Qaryaginin adı verilmişdi. Beləliklə də Qarabulağın üstündən xətt çəkilərək Qaryagin qəzası yaradıldı. Bəs Qaryagin kimdir? Rus sərkərdəsi Sisianov kimi türklərə qənim kəsilən şovinist. Necə ki, Zəngəzur mahalındakı Qarakilsə rayonunun adını dəyişib bu qaniçənin şərəfinə Sisian ediblər, eləcə də Qarabağ torpağında Qarabulağın üzərindən xətt çəkərək Qaryagin etdilər. 1929-cu ildə isə Qaryagin şəhərinə əslən qarabulaqlı olan inqilabçı Bünyad Sərdarovun vəfatının 10 illiyi ilə əlaqədar Sərdarabad adı verilir. Lakin bu ad da öz təsdiqini tapmır. Qərar dəyişilərək Qaryagin adı bərpa edilir. 1959-cu ildə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə bu rayonu Füzuli adlandırırlar.
İşğaldan əvvəl rayonda 1 şəhər, 1 qəsəbə, 82 kənd olmuşdur. 1993-cü ilin oktyabrında işğal edilən Füzuli rayonundan 733 nəfər şəhid, 1240 nəfər əlil olub, 181 nəfər itkin və girov düşüb. Azərbaycan torpaqlarının bütövlüyü uğrunda mərdliklə vuruşan oğullardan 8 nəfəri Milli Qəhrəman adına layiq görülüb.
1994-cü ildə rayonun 22 yaşayış məntəqəsi, 50 min hektara yaxın ərazisi işğaldan azad edilib. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul olunduğu dövrdən ötən müddətdə bu ərazidə 1372 daimi, 6 minə yaxın mövsümi iş yeri açılmışdır. Respublika Prezidentinin sərəncamına əsasən, 2003-2004-cü illərdə rayon ərazisində 2107 ailəlik 11 qayıdış qəsəbəsi salınmışdır. Ölkə Prezidentinin göstərdiyi qayğının nəticələri bəhrəsini verməkdədir. 2007-ci ilin dekabrında Zobucuq adlanan ərazidə 5 qəsəbə olmaqla 2104 ev tikilib istifadəyə verildi. Respublikanın müxtəlif şəhər və rayonlarındakı məcburi köçkünlər həmin evlərə köçürüldü. Burada əhalinin yaşaması üçün normal şərait yaradıldı. Horadiz qəsəbəsinə şəhər statusu verildi.
Bu torpağa ilk qədəm basan insanı sevindirən məqamlar çoxdur. Horadiz həqiqətən çox dəyişilib. İşğaldan azad edilmiş qəsəbənin gözəlliyi, yaşıllığı, burada yaşayan insanların fədakarlığı fərəh doğurur. Sıralanmış dağların zirvəsində ucalan üçrəngli bayrağımız həmvətənlərimizə "gəl-gəl" deyir. Bu yerlərdə keçirdiyimiz qürurun, iftixarın sözlə ifadəsi çox çətindir. Evlər bərpa olunub, yeniləri tikilib, yollar abadlaşıb, hər yanda bir gözəllik, xiyabanlar göz oxşayır. Horadiz şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucalır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası Horadizdə əsaslı inkişafa güclü təkan verib. Rayonda təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib. Horadiz şəhərində analoqu olmayan Muğam Mərkəzi tikilərək istifadəyə verilib.
Ərazisinin 60 faizi erməni tapdağında olan füzulililər düşmənlə üzbəüz dayanmalarına baxmayaraq, ölkə Prezidentinin diqqət və qayğısı nəticəsində qurub yaratmaqdan, tikməkdən, bərpa etməkdən yorulmurlar. Yerli sakinlər ürəklə söyləyirlər ki, bu gün Horadizdə tikilən binalar, inşa edilən su elektrik stansiyası, parklar, ucaldılan abidələr heç mənfur qonşuların paytaxtlarında belə yoxdur. Mərd, cəsur, qorxmaz füzulililər ölkə başçısının bu bölgəyə səfərindən çox məmnun qalıblar. Söhbət zamanı ürəklə bildirdilər: "Rayonumuzun sakinləri, o cümlədən ölkəmizin 60-dan çox şəhər və rayonunda məskunlaşmış füzulililər sevinc içindədirlər. Biz ulu öndərin siyasi xəttinin layiqli davamçısı, xalqımızın qürur və şərəfi olan əziz Prezidentimizi sevinclə qarşılayırıq". İlham Əliyevin bu bölgəyə hər gəlişi sınağa çəkilmiş, var-dövləti talan edilmiş, əzizlərini itirmiş füzulililərə mənəvi dayaq və təsəlliyə çevrilir. Füzulililər çox yaxşı bilirlər ki, cənab Prezident hər bir danışığı, söhbəti, mübarizəni məhz xalqımızın xeyrinə aparır, qələbə naminə edir. Bu gün Horadizdə olimpiya idman kompleksinin ucaldılması məhz gələcək nəslin sağlam, hərtərəfli böyüməsini şərtləndirən amillərdən biridir. Bəllidir ki, dünya idman yarışlarında Azərbaycan bayrağını ucaldanlardan biri də füzulili balası - karate üzrə dünya və Avropa çempionu Vüsal Ələsgərovdur.
Təbii ki, Füzuli torpağı zaman-zaman Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, musiqisinə, siyasətinə ləyaqətli övladlar bəxş edib. Onların adını yazsaq, uzun bir siyahı yaranar. Füzulililərin bir arzusu da var ki, torpaqlarımız işğaldan azad edildikdən sonra doğma yurdda həmin şəxsiyyətlərin ev-muzeyləri açılar, adları əbədiləşdirilər. Həqiqətən də füzulililər çox nikbin və mehribandırlar.
Bu yerləri dolaşdıqca ürəyimizdən keçən fikirləri yazmaya bilmərik. Obrazlı desək, Qarabağ canlı bir varlıqdır. Onun döyünən qəlbi Şuşa, düşünən beyni Füzuli, vuran əli Ağdamdır! Təəssüf ki, bu müqəddəs varlıq düşmənlərimiz tərəfindən param-parça edilib. Amma aparılan inadlı mübarizə, qarabağlıların yurd sevgisi, dövlət başçımızın qətiyyəti ümid verir ki, ürəklə deyək: bu müqəddəs varlığın tam olacağı gün uzaqda deyil! Prezident İlham Əliyevin qətiyyətlə söylədiyi kimi: "Bütün gücümüzü səfərbər etmişik ki, bu məsələni həll edək... Əlbəttə, çox yaxşı olar ki, bunu sülh yolu ilə, müharibəsiz, dinc yolla həll edək... Ancaq əfsuslar olsun ki, hələ bu, mümkün deyildir. Çünki Ermənistanın qeyri-konstruktiv mövqeyi və danışıqların süni surətdə uzadılması siyasəti, bax, bugünkü vəziyyətin dondurulmasına xidmət göstərir... Getdikcə Azərbaycan həm iqtisadi, həm siyasi cəhətdən, ordu quruculuğu baxımından daha da güclənəcək və istədiyimizə nail olacağıq. Biz heç vaxt indiki vəziyyətlə barışmayacağıq, ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik. Öz şəhərlərimizi işğalçılardan təmizləyəcəyik və orada yeni həyat yaradacağıq. O gün gələcək və biz hamımız - bütün Azərbaycan xalqı, hər bir vətəndaş öz zəhməti ilə o günü yaxınlaşdırır və yaxınlaşdırmalıdır".
Bu gün Füzulinin işğal altında olan torpaqlarında yerləşən qədim mədəniyyət abidələri, türbələr, dini məbədlər düşmənin bəd niyyətinə tuş gəlib. Çoxunun adı dəyişdirilir, xoş olmayan məqsədlər üçün istifadə edilir, bəziləri də dağıdılır. Ən qədim insan məskənlərindən biri olan Azıx mağarasını ermənilər silah anbarına çeviriblər. Qarğabazar, Aşağı Veysəlli, Qoçəhmədli, Aşağı Aybasanlı, Qacar, Böyük Pirəhmədli, Merdinli, Saracığ, Gorazilli, eləcə də Füzuli şəhərində yerləşən karvansara, məscid, türbə, qədim yaşayış binaları, tarixi körpülər, hamamlar və digər abidələr dağıdılaraq sıradan çıxarılıb. Bu gün işğalda 10-dan çox yaşayış və kurqan tipli arxeoloji abidə qalıb.
Füzulililər əzəldən söz-sənət sevən, bayatı ruhlu insanlar olub. Azərbaycan folklorunun yaradılmasında füzulililərin də böyük xidmətləri var. Bütöv qarabağlılar üçün bayatı söyləmək adi haldır. Qəribədir ki, elə qədimdən üzü bəri Qarabağda yaradılmış bayatılarda həmişə yurd həsrəti, vətən dərdi, qəriblik dərin iz salıb. Görünür ki, bu yerlərin gözəl təbiəti, sərvəti, coğrafi mövqeyi həmişə başına bəla olub. Zaman-zaman düşmən həmləsinə məruz qalıb. Dağıdılmış evlərə diqqət kəsiləndə bir füzulilinin dediyi sözlər qəlbimizi dara çəkdi: "Bir düşmən bu torpağı işğal etdi, bir düşmən də qapı-pəncərəmizi söküb Arazın o tayına apardı. Əgər 1994-cü ildə ulu öndərin səyi nəticəsində ordumuz bu yerləri azad etməsəydi, yəqin ki, daş üstə daşımız qalmazdı". Başqa bir qarabağlı ağbirçəyin sinədən çəkdiyi bayatı isə bizə ruh və qanad verdi:
Qarabağda bağ sallam,
Bostan əkib, bağ sallam,
Bu yurda kəm baxanın
Gözlərinə ağ sallam.
Ölkə
rəhbərinin komandanlığı altında
torpaqlarımız işğaldan azad olunacaq, bütün
füzulililər doğma ata-baba ocağına qayıdacaqlar. Yenə də
əkib, becərib güllü bağlar salacaqlar.
Yenə də quşlara pay ayıracaqlar. Təki
bu yerlərdən düşmən ayağı kəsilsin.
Flora XƏLİLZADƏ,
Azərbaycan.- 2010.- 3
dekabr.- S.7.