Azərbaycanın dünyada strateji əhəmiyyəti yüksəlir

 

Amerikalı ekspertlər ABŞ-ın ölkəmizlə münasibətlərin inkişafına xüsusi diqqət yetirməsini vacib bilirlər

 

Geosiyasi əhəmiyyətinə görə dünyanın siyasi xəritəsində xüsusi əhəmiyyətə malik region kimi dəyərləndirilən Cənubi Qafqazın siyasi, iqtisadi mənzərəsinin müəyyən olunmasında Azərbaycanın rolu getdikcə artmaqdadır. Bunun ən ümdə səbəbi Azərbaycanın mövcud olduğu regionda lider statusunu getdikcə daha da möhkəmləndirməsi, zaman keçdikcə burada iqtisadisiyasi cəhətdən xüsusi çəkisini davamlı olaraq artırmasıdır. Digər tərəfdən o da məlum faktdır ki, regionda transmilli layihələrin reallaşması Azərbaycanın iştirakı və razılığı olmadan mümkün deyil. Daha bir vacib məqam ondan ibarətdir ki, Azərbaycanın geostrateji mövqeyi onun istər enerjidaşıyıcıları, istərsə də digər yüklərin daşınması baxımından tranzit əhəmiyyətini daim artırır.

Qeyd edilənlər fonunda heç də təsadüfi deyil ki, Cənubi Qafqazda marağı olan hər bir dövlət, ilk növbədə, Azərbaycanla əməkdaşlığın qurulmasına və möhkəmləndirilməsinə prioritet istiqamət kimi yanaşır. Azərbaycan isə milli maraqlarının təmin olunması şərtilə beynəlxalq sferada müxtəlif dünya dövlətləri və təşkilatları ilə uğurlu əməkdaşlıq həyata keçirir, münasibətlərini mütəmadi olaraq dərinləşdirir. Ölkəmizlə münasibətləri intensiv şəkildə inkişaf etdirən dövlətlərdən biri də dünyanın fövqəldövlət statusunu daşıyan ABŞ-dır. Hazırda ölkələrimiz arasında müxtəlif sferaları əhatə edən genişmiqyaslı əlaqələr qurulub. Prezident İlham Əliyev bununla bağlı demişdir: "Biz müstəqilliyi əldə etdikdən sonra ABŞ ilə Azərbaycan arasındakı əlaqələr çox uğurla inkişaf edir. Biz iqtisadi sahədə sıx əməkdaşlıq edirik. Sülhməramlı əməliyyatlarda iştirak edirik. Terrorçuluğa qarşı mübarizə ilə bağlı məsələlərdə birgə fəaliyyət göstəririk. Enerji təhlükəsizliyi məsələləri daim gündəliyimizdədir. Təbii ki, ABŞ ATƏT-in Minsk qrupuna həmsədr ölkələrdən biri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində bizimlə və digər ölkələrlə yaxından çalışır".

Elə rəsmi Vaşinqtonun Cənubi Qafqazla xarici siyasətində prioritet istiqamətlərdən biri də məhz Azərbaycanla əlaqələrinin daim gücləndirilməsi, genişləndirilməsidir. Azərbaycanın ABŞ üçün vacib tərəfdaş olması faktı Xarici İqtisadi Əlaqələr Şurası, Türkiyə-Amerikan Biznes Şurası və Türkiyənin Amerikalı Dostları Təşkilatı tərəfindən Vaşinqtonda təşkil olunan ABŞ-Türkiyə münasibətləri ilə bağlı 29-cu illik konfransda bir daha səslənib. Məhz burada iştirak edən həm ABŞ, həm də Türkiyə rəsmiləri Azərbaycanı özlərinə vacib tərəfdaş saydıqlarını bildirərək Azərbaycanın NATO-nun mühüm əhəmiyyət kəsb edən ölkə olduğunu vurğulayıblar. ABŞ və Türkiyə rəsmiləri müzakirələr zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunublar. Onlar regionda sülhə, təhlükəsizliyə və sabitliyə tərəfdar çıxdıqlarını, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlara yardım etməyə hazır olduqlarını bildiriblər. Türkiyənin müdafiə naziri Vəcdi Könül isə qeyd edib ki, ölkəsi regionda sülh və həlli uzadılmış münaqişələrin çözümünü görmək istəyir.

Amerikalı ekspertlər Samuel ÇarapAleksandros Petersen belə hesab edirlər ki, ABŞ Azərbaycan kimi regionun nüfuzlu dövlətləri ilə təkcə təhlükəsizlik və təbii ehtiyatlar məsələsində yox, diplomatik, iqtisadi, mədəni sahələrdə də əlaqələrini davamlı olaraq möhkəmləndirməlidir. Ekspertlər bunun ABŞ-ın maraqlarının təmin olunması baxımından da zəruri əhəmiyyətə malik olduğunu vurğulayırlar. Bu xüsusda ekspertlər cari ilin sentyabrında Prezident İlham Əliyevin amerikalı həmkarı Barak Obama ilə görüşünü də yüksək dəyərləndirirlər.

Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rola malik bir ölkə kimi çıxış etməsi də hər zaman ABŞ və digər xarici ekspertlər tərəfindən açıq etiraf edilib və edilməkdədir. Məsələn, energetika sahəsində amerikalı ekspert Edvard Çou bu günlərdə bildirib ki, Azərbaycan "Cənub dəhlizi" layihəsində çox mühüm rol oynayır. Onun fikrincə, Azərbaycan enerjidaşıyıcılarının həm istehsalçısı, həm də tranzit ölkə olaraq böyük əhəmiyyətə malikdir: "Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz kəmərləri təkcə Azərbaycan üçün yox, bütün region üçün böyük rol oynayır. Hətta 20-30 ildən sonra Azərbaycanda hasilatın həcmi azalarsa, enerjidaşıyıcıların regional həcmi bu boşluğu dolduracaq". Xatırladaq ki, ölkəmizin "Cənub dəhlizi"nin reallaşmasında lider dövlət olması cari il iyunun 1-də Bakıda keçirilən XVII Beynəlxalq Xəzər neft-qaz sərgi və konfransının açılışı münasibətilə ABŞ dövlət katibi Hillari Klintonun Prezident İlham Əliyevə göndərdiyi məktubda da xüsusi qeyd olunmuşdu. Xanım Hillari Klinton bildirmişdi ki, Azərbaycan ticarət və sərmayə vasitəsilə insanları birləşdirmək arzusunu həyata keçirməklə enerji resurslarından səmərəli şəkildə istifadə edən nümunəvi ölkədir. O da bildirilmişdi ki, ABŞ Şərq-Qərb enerji dəhlizini, eləcə də Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz boru kəmərlərinin inşası kimi layihələrin həyata keçirilməsində Azərbaycanın tərəfdaşı olmaqdan fərəh hissi duyur. Həmçinin rəsmi Vaşinqton Avropaya təbii qazın nəqli üçün nəzərdə tutulan "Cənub dəhlizi"nin həyata keçirilməsində Azərbaycanı lider dövlət kimi qəbul edir. Analoji fikir daha sonra ABŞ Prezidenti Barak Obama tərəfindən də ifadə olunub: "Enerji sahəsində "Cənub dəhlizi"nin inkişafında Azərbaycanın liderliyi həmçinin regionun çiçəklənməsini gücləndirdi və qlobal enerji təhlükəsizliyini möhkəmləndirdi".

Bununla yanaşı, o da məlumdur ki, ABŞ və Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlığın qurulduğu mühüm sahələrdən biri də beynəlxalq terrora qarşı birgə aparılan mübarizədir. Məlumdur ki, Əfqanıstanda, İraqda sülhməramlı əməliyyatın həyata keçirilməsində Azərbaycan müstəsna əhəmiyyətə malik ölkə kimi çıxış edir. Xüsusən də Əfqanıstana mülki təyinatlı məhsullar, eləcə də yanacaq, subaşqa materialların göndərilməsində Birləşmiş Ştatlar Azərbaycanın dəmiryollarından, limanlarından və hava məkanından istifadə edir.

Azərbaycan ABŞ-la münasibətlərinin inkişafı fonunda ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həll prosesinin tezləşdirilməsinə rəsmi Vaşinqtonun öz töhfəsini verməsini istəyir. Xatırladaq ki, cari ilin sentyabrında Prezident İlham Əliyevlə Barak Obama arasında Nyu-Yorkda baş tutan görüşdə diqqət mərkəzində olan əsas məsələlərdən biri məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı olub. Həmin vaxt bildirilib ki, bu münaqişənin tezliklə nizama salınması regionda sülhünsabitliyin təmin edilməsi baxımından zəruri əhəmiyyətə malikdir. Görüşdə Prezident İlham Əliyev münaqişənin həlli ilə əlaqədar danışıqlar prosesinə toxunaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü prinsipi əsasında həll olunmasının vacibliyini bir daha diqqətə çatdırıb.

ABŞ-da indi daha yaxşı dərk edilir ki, münaqişənin həlli prosesinin uzanması regionda sülhün bərqərar olması üçün ən böyük maneə kimi çıxış edir. Digər tərəfdən, problemin öz həllini tapmaması sonda münaqişənin hərbi müstəvidə çözüləcəyinə dair ehtimalın reallığa çevrilməsini istisna etmir. Belə olan təqdirdə Azərbaycanın hərbi güc yolu ilə ərazi bütövlüyünü bərpa etmək iqtidarında olması da amerikalı ekspertlər tərəfindən açıq şəkildə vurğulanır. Məsələn, Azərbaycan hökumətinin növbəti il üçün dövlət büdcəsində müdafiə xərclərini artırmaq haqqında qərarı ilə bağlı ABŞ-ın nüfuzlu "Foreign Policy" jurnalı yazır ki, Azərbaycan öz ordusunun müasirləşdirilməsi üçün böyük məbləğdə vəsait nəzərdə tutub: "Bu, Dağlıq Qarabağ münaqişəsinin gələcəyi barədə müəyyən mülahizələrə əsas verir. Belə ki, 1988-ci ildən 1994-cü ilə qədər gedən müharibədə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı rayonları işğal etmiş, həmin ərazilərdən etnik azərbaycanlılar qovulmuşbu torpaqlarda ermənilər məskunlaşdırılmışdır. Lakin bu hadisələr Sovet İttifaqı dağılarkən baş vermişdir. Əgər müharibə bu gün yenidən başlasa, hər şey başqa cür ola bilər".

Jurnal xatırladır ki, Azərbaycanın ümumi daxili məhsulu 46,13 milyard ABŞ dolları olduğu halda, Ermənistanda bu rəqəm cəmi 11,92 milyarddır: "Rəsmi Bakı təkcə qonşuları Rusiya, İran, Gürcüstan və Türkiyə ilə deyil, ABŞ və Çin kimi nüfuzlu dövlətlərlə də yaxşı əlaqələr qurmuşdur. Ermənistan isə daha az sevilir. Ərazisində Rusiyanın hərbi bazalarını yerləşdirən Ermənistanın Gürcüstana münasibəti laqeyd, Türkiyə ilə əlaqəsi isə yoxdur". Rusiya, ABŞ və Fransanın vasitəçiliyi ilə aparılan sülh danışıqlarının nəticəsiz qaldığını diqqətə çatdıran jurnal son vaxtlar cəbhə xəttində gərginliyin artdığını bildirir. "Foriegn Policy" Cənubi Qafqazda yeni müharibənin başlayacağı ehtimalının az olduğunu bildirsə də, hesab edir ki, bu, baş versə, Azərbaycan üstün olacaq.

ABŞ isə ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu bildirir. Lakin buna nail olmaq üçün ABŞ-ın, eləcə də digər həmsədr ölkələrin işğalçı Ermənistana təzyiqlər etməsi və onun zəbt etdiyi ərazilərdən çıxması üçün konkret addımlar atması vacibdir. Belə olan təqdirdə, həm Cənubi Qafqazın təhlükəsizliyi daha da güclənəcək, həm də regionda əməkdaşlığın yenidaha yüksək mərhələsi başlanacaq. Bu isə ABŞ-ın regional maraqlarının təmin olunmasında da müstəsna əhəmiyyətə malikdir. İndi bir çox amerikalı ekspertlərin qeyd etdiyi kimi, rəsmi Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində daha təsirli addımlar atmalı, problemin ədalətli çözümü üçün konkret nəticələr verəcək siyasət aparmalıdır.

 

Azərbaycan.- 2010.- 2 dekabr.- S.7.