Azərbaycanda bütün sosial
layihələr uğurla gerçəkləşdirilir
Ölkə başçısı tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi strategiya resrublikamızı bütün sahələrdə sürətli inkişaf yoluna çıxarmışdır. İqtisadi islahatlar kursunu dövrün tələblərinə uyğun daha da zənginləşdirən dövlət başçısı İlham Əliyev verdiyi bütün vədləri ardıcıl və sistemli surətdə yerinə yetirir. Son 7 ilin yekunlarının təhlili deməyə əsas verir ki, dövlət başçısının praqmatizmə və real əməli işə söykənən siyasətinin əsas qayəsində məhz insan və şəxsiyyət amili dayanmışdır.
Bölgələrin tarazlı və davamlı inkişafının təmin olunması, yeni iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerindəcə tanış olmaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına səfərləri də cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin əsas istiqamətlərindən biri kimi diqqəti çəkir. Ümumiləşdirilmiş tərzdə ifadə etsək, qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, yeni neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi, və digər mühüm məsələlər ötən müddətdə cənab İlham Əliyevin iqtisadi siyasətinin əsas qayəsini təşkil etmişdir. Prezident İlham Əliyev bu yaxınlarda Füzuli və Ağdam rayonlarına səfəri zamanı bildirmişdi: "Bölgələrdə gedən işlər məni çox sevindirir. Bölgələrin inkişafına çox böyük diqqət göstərilir. Azərbaycan bölgələrin inkişafı ilə zənginləşəcəkdir. Biz çalışmalıyıq ki, bütün rayonlarda, qəsəbələrdə, kəndlərdə normal yaşayış üçün yaxşı şərait olsun, sosial məsələlər həllini tapsın, bütün infrastruktur layihələri icra edilsin. Son illər bölgələrdə aparılan işlər bizə bugünkü reallığı bəxş edir.
Şəhərlərimiz gözəlləşir, abadlaşır, yollar, elektrik, qaz xətləri çəkilir, bütün infrastruktur yeniləşir. Bu, böyük vəsait tələb edən məsələdir. Ancaq biz bunu edirik və etməliyik ki, ölkəmizi hərtərəfli inkişaf etdirək".
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən sosialyönümlü iqtisadi siyasətdə insan amili əsas götürülür. Ölkəmizin sürətli inkişaf və tərəqqi yolunda inamla irəliləməsi, makroiqtisadi uğurlara imza atması, ilk növbədə, vətəndaşların sosial rifah halının yüksəlməsi ilə müşayiət olunur. Ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanması, sosial-iqtisadi islahatların əvvəlki illərdə olduğu kimi davam etdirilməsi, əhalinin maddi rifahının təmin olunması, sosial şəraitinin yaxşılaşması, investisiya qoyuluşlarının həyata keçirilməsi, iqtisadiyyatın diversifikasiyası bugünkü uğurlarımızı şərtləndirmişdir. Respublikamızın son 7 ildəki büdcəsinə nəzər saldıqda, həyata keçirilən iqtisadi islahatların milli maraq və mənafe baxımından səmərəliliyi bir daha təsdiqlənir. Ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu sosial islahatlar deməyə əsas verir ki, növbəti illərdə əhalinin maddi durumu daha da yaxışılaşacaqdır.
Azərbaycanın 2011-ci il üçün dövlət büdcəsində sosialyönümlülüyün prioritet təşkil etməsi - bu məqsədlə 33,3 faiz (ümumilikdə 4 milyard 234 milyon manat), yaxud cari illə müqayisədə 341,8 milyon manat çox vəsait ayrılması sosial məsələlərin daim diqqət mərkəzində olduğunu göstərir. Bu fakt deməyə əsas verir ki, ölkəmizin iqtisadi imkanları artdıqca, sosial müdafiəyə ehtiyacı olan insanlara daha diqqətlə yanaşılır, onların sosial tələbatının ödənilməsi günün vacib məsələsinə çevrilir. Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının 1966-cı il tarixli "İqtisadi, sosial və mədəni hüquqlar haqqında Pakt"ına, "Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt"ına, habelə Avropa Şurasının 1961-ci il tarixli "Avropa Sosial Xartiyası"na qoşulmuş müstəqil dövlət kimi xalqının sosial və mədəni inkişafını özünün başlıca vəzifəsi hesab edir. Ölkə Konstitusiyasının 38-ci maddəsi isə hər bir vətəndaşın sosial təminat hüququnu tanıyır.
Sosial sahədə həyata keçirilən siyasətin effektivliyi özünü həm də yoxsulluğun səviyyəsinin ildən-ilə azalmasında göstərir. Əgər 2003-cü ildə ölkə əhalisinin yarısı yoxsul vəziyyətdə yaşayırdısa, hazırda bu kateqoriyadan olan vətəndaşlar 11 faiz təşkil edir. Göründüyü kimi, qeyri-neft sektorunun sürətli inkişafı, infrastruktur təminatının genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi əhalinin sosial rifah halının da ildən-ilə yaxşılaşmasına əlverişli imkan yaradır. Bütün sahələrdə əldə olunan yüksək nəticələr bu siyasətə alternativin olmadığını bir daha sübuta yetirir.
Son 7 ildə Azərbaycanda həyata keçirilən ən ciddi sosial layihələrdən biri də aztəminatlı vətəndaşlara ünvanlı sosial yardımların həyata keçirilməsidir. Ünvanlı sosial yardım sisteminin tətbiqi üçün ilkin tədbir kimi qanunvericilik bazası formalaşdırılmış, Milli Məclisdə "Ünvanlı sosial yardım haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Hazırda təxminən 200 minə yaxın ailə və yaxud 800 minə yaxın vətəndaş dövlətin yaratdığı bu imkandan bəhrələnir. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarı da mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır.
Ölkəmizin sosialyönümlü iqtisadi siyasətinin ən parlaq göstəricilərindən biri də ötən 7 ildə 900 mindən artıq yeni iş yerinin açılması, ciddi sosial bəla kimi özünü göstərən işsizlik problemi əhəmiyyətli dərəcədə aradan qalxmışdır. Gənc ailələrin mənzillə təmini üçün ipoteka sisteminin yaradılması, eləcə də dövlət büdcəsindən maliyyələşən strukturlarda məvaciblərin mütəmadi olaraq artırılması da bu istiqamətdə görülən mühüm tədbirlər sırasındadır.
Azərbaycan Prezidenti ötən 7 ildə respublikada dinamik sosial-iqtisadi tərəqqini təmin edən ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin qorunub saxlanması, ölkənin beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmləndirilməsi, ictimai həyatın bütün sahələrində proqressiv islahatların aparılması istiqamətində mühüm addımlar atmışdır. Ötən müddətdə həyata keçirilən siyasət, ölkənin demokratik inkişafı, sosial-iqtisadi, mədəni tərəqqisi yolunda atılan bütün addımlar məhz vətəndaşların rifahına, firavanlığına hesablanmışdır.
Ölkə başçısı daim haqlı olaraq vurğulayır ki, iqtisadi inkişaf potensialı müasir dövrdə hər bir dövlətin gücünü müəyyən edən başlıca amildir. Həqiqətən də, hər bir ölkənin, xalqın problemlərinin ən optimal yolu məhz iqtisadi və sosial tərəqqidən keçir. Təsadüfi deyildir ki, ötən 7 ildə ölkədə həyata keçirilən siyasətin əsas ağırlıq mərkəzi də məhz bu sahənin üzərinə salınmışdır. Respublikamızın iqtisadi siyasətinin sosialyönümlü səciyyə daşıması isə bir tərəfdən insan amilinə, insan hüquqları sisteminə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır.
Dövlət başçısı İlham Əliyev bu reallığı daim önə çəkir ki, sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində dövlətin başlıca vəzifəsi mütərəqqi iqtisadi və sosial islahatları həyata keçirmək, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmək, mövcud potensialdan hər bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli şəkildə yararlanmasına şərait yaratmaqdır. Dövlətin vətəndaşların həyati tələbatlarının ödənilməsinə göstərdiyi qayğı isə özünü bilavasitə sosial təminat sistemində büruzə verir.
Azərbaycan azad bazar iqtisadiyyatı yolunu prioritet seçmişdir və bu sistemdə hökumətin yeritdiyi sosialyönümlü siyasətin məqsədi yalnız sosial bərabərsizliyi aradan götürmək deyil, onu tarazlaşdırmaq, vətəndaşların maddi vəziyyətlərindəki ədalətsiz fərqliliyi aradan qaldırmaq, kəskin təbəqələşməyə yol verməmək, cəmiyyətin bütün üzvlərini layiqli həyat səviyyəsi ilə təmin etmək üçün fərdin ictimai statusunu yüksəltməkdir. Hökumət azad iqtisadi münasibətlərə, özəl mülkiyyətçiliyə, sahibkarlığın inkişafına hər cür köməyi göstərməklə yanaşı, cəmiyyətdə himayəyə, dəstəyə ehtiyacı olan təbəqəni qətiyyən nəzərdən qaçırmır.
Ötən illərin reallıqları göstərir ki, ölkənin iqtisadi inkişafından, yeni neft strategiyasının və sahibkarlığın, real sektorun inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin, tələbə təqaüdlərinin artırılması, sosial müdafiə sisteminin davamlı şəkildə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosialyönümlü iqtisadi siyasət vətəndaşlarımzın rifah halının ildən-ilə yüksəlməsinə şərait yaratmışıdır.
E.HACIALIYEV,
Azərbaycan.- 2010.- 3 dekabr.- S.5.