Görkəmli alim,
neftçi geoloq
XX
əsrin görkəmli alimlərinin fəaliyyətlərinin
bir neçə onillik ərzində geologiya elminin və
xüsusən neft geologiyasının inkişafına yönəldilməsində
ölkəmizdə neftçi geoloq məktəbinin banisi
akademik, geologiya-mineralogiya elmləri doktoru, professor, əməkdar
elm xadimi, Dövlət mükafatı laureatı Şəfaət
Fərhad oğlu Mehdiyevin xüsusi rolu olmuşdur.
Gənc
geoloqlar nəsli üçün görkəmli alimin həyat
yolu olduqca maraqlı və ibrətamizdir. Şəfaət
Mehdiyev 15 dekabr 1910-cu ildə İranın Sərab
mahalının Şalqun qəzasında kəndli ailəsində
dünyaya göz açmışdır. 4 yaşında ikən
atasını itirmiş və onu çətin şəraitdə
anası tərbiyə etmişdir. Uşaqlığı
Abşeron yarımadasının Sabunçu kəndində
keçmişdir. Burada o, bir dərəcəli məktəbi
bitirmişdir. Gənc yaşlarından təhsilini davam etdirməklə
yanaşı, işləməyə başlamışdır.
Şəfaət
müəllim hələ tələbəlik illərindən
elmə böyük həvəs və maraq göstərmişdir.
Ötən əsrin 30-cu illərinin əvvəllərində
Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) geoloji kəşfiyyat
fakültəsində oxuyarkən professor P.P.Şuşinskinin
"Kristalloqrafiya kursu" dərsliyini Azərbaycan dilinə
tərcümə etmişdir. Bu kitab 25 il ərzində
respublikanın ali məktəblərinin geologiya fakültələrinin
Azərbaycan şöbələrində oxuyan tələbələr
üçün zəruri tədris vəsaiti olmuşdur.
Bununla bərabər, o öz təhsilini davam etdirməklə
yanaşı, kristalloqrafiya fənnindən dərs də
demişdir (həmin illər bu elm sahəsində azərbaycanlı
mütəxəssislər yox idi). Diqqətəlayiqdir ki, o
dövrdə Şəfaət müəllim institutun
çoxtirajlı "Neft kadrları uğrunda" qəzetinə
redaktorluq etmiş, bir sıra digər qəzet və
jurnalların redaktoru olmuşdur.
Azərbaycan
Sənaye İnstitutunda təhsilini bitirib Pirsaat və
Neftçala neft mədənlərində böyük geoloq,
Azərbaycan Elmi-Tədqiqat İnstitutunda baş geoloq vəzifələrində
işlədikdən sonra Geologiya İnstitutunda aspiranturaya daxil
olmuşdur. Məhz bu institutda onillər ərzində səmərəli,
hərtərəfli elmi və elmi-təşkilati fəaliyyət
göstərərək tanınmış alim kimi
formalaşmışdır.
1945-ci
ildə Şəfaət Mehdiyev Abşeron
yarımadasının neft yataqlarının geotermikasına həsr
olunmuş namizədlik dissertasiyasını, 5 il sonra - 1950-ci
ildə "Lənkəran vilayətinin geoloji quruluşu və
neftlilik perspektivi" mövzusunda doktorluq
dissertasiyasını müdafiə etmişdir. Alim sonrakı
illərdə də neft geologiyasının müxtəlif sahələrində
elmi tədqiqatlar aparmışdır.
1950-ci
illərdən başlayaraq Şəfaət Mehdiyev neft və
qazın genezisi probleminin işlənib hazırlanması ilə
əlaqədar Elmlər Akademiyasının Geologiya
İnstitutunda Neft yataqlarının geokimyası
laboratoriyasına rəhbər təyin olunmuşdur. Burada Azərbaycanın
neft-qaz rayonlarının çökmə
süxurlarındakı üzvi maddələrin kompleks tədqiqatları
aparılırdı. Həyata keçirilən elmi
araşdırmalar ana süxurlarda üzvi maddələrin
paylanma qanunauyğunluqlarını aşkar etməyə və
Azərbaycanın çökmə süxur
çöküntülərinin kəsilişində neft-qaz əmələ
gətirən süxurların - layların ayrılmasına
imkan vermişdir.
Alimin
çoxillik tədqiqatlarının nəticələri bir
sıra monoqrafiyalarda öz əksini tapmışdır.
Onların sırasında "Azərbaycanın neft
yataqlarının formalaşması və neftlərin mənşəyi
problemləri" (1956), "Azərbaycanın çökmə
süxurlarının üzvi komponentləri" (1958), "Cənub-Şərqi
Azərbaycanın üçüncü dövr kompleksinin
bituminologiyasına dair" (1959), "Xəzəryanı-Quba
vilayətinin tabaşir və üçüncü dövr
çöküntülərinin üzvi maddələri"
(1963), "Kür çökəkliyi şərq hissəsinin
üst pliosen çöküntülərinin geoloji-geokimyəvi
xüsusiyyətləri" (1965), "Neftin genezisi və
neft-qaz yataqlarının formalaşması" (1969) və s. əsərləri
indiyədək aktuallığını
saxlamışdır.
Qeyd
etmək lazımdır ki, akademik Şəfaət Mehdiyev neft
və qazın genezisinin tədqiqi üzrə daha fərqli
proqressiv ideyalar daşıyan alimlərdən biri idi.
XX
əsrin 50-60-cı illərində onun karbohidrogenlərin
generasiyasının mənşəyi barədə irəli
sürdüyü ideyaları çökmə
süxurların üzvi maddələrinin geokimyəvi tədqiqinin
nəticələri, həmçinin paleogen-miosen
çöküntülərinin neft-qaz generasiya etmək
xüsusiyyətləri haqqında mülahizələri əsasında
püxtələşmişdir. Bu ideya Şərqi Azərbaycanın
və Xəzərin akvatoriyasının məhsuldar qatında
təmərküzləşmiş neft-qaz yataqlarının
formalaşmasını aydınlaşdırır. Sonralar,
1993-1999-cu illərdə AMEA-nın Geologiya İnstitutunun bir
qrup aliminin xarici neft şirkətləri (bp, "Statoil",
"Exxon" və s.) və elmi mərkəzləri ilə
apardıqları müştərək geokimyəvi tədqiqatlar
alimin fikirlərini təsdiqləmişdir.
Faktiki
geoloji-geokimyəvi materialların tədqiqi analizi və
laboratoriya tədqiqatları əsasında 60-cı illərdə
neftin mənşəyi barədə mövcud olan təsəvvürlərin
fonunda akademik Ş.Mehdiyev 1966-cı ildə yeni - "Neftin dərinlik-biogen
genezisi" nəzəriyyəsini irəli sürür. Nəzəriyyə
iki diametral zidd fərziyyənin - neftin üzvi və
qeyri-üzvi mənşəyi nəzəriyyəsinin sintezi
idi. Bu nəzəriyyədə, alimin fikrincə, karbohidrogenlərin
formalaşma prosesində vəziyyəti və onların tələlərə
tərəf hərəkəti, xüsusilə çökmə
mənşəli süxurların neft və qazla qidalanması
vacib əhəmiyyət kəsb edir. Bundan əlavə,
karbohidrogen yığımlarının hifz olunması və
dağılması şəraiti nəzərdən
keçirilmişdir. Yuxarıda qeyd olunan monoqrafiyada (1969)
neftin dərinlik-biogen nəzəriyyəsi və Azərbaycanın
neft-qaz yataqlarının formalaşma müddəası
baxımından Cənubi Xəzər hövzəsinin, Azərbaycan
və Türkmənistan ərazisinin mezokaynozoy
çöküntülərinin
neft-qazlılığının gələcək perspektivliyinin
praktiki məsələləri öz əksini tapıb. Neftin
dərinlik-biogen mənşəyi nəzəriyyəsi bu
gün də tədqiqatçıların diqqət mərkəzindədir
və həmin konsepsiyanın alimlər arasında tərəfdarlarının
sayı artır. Qeyd olunanları şərtləndirən
amil, təbii olaraq, alimin fikrinin elmi cəhətdən
sanballı şəkildə əsaslandırılması, dərin
məntiqiliyi ilə bağlıdır. Akademik Şəfaət
Mehdiyev neftin və qazın genezisi barədə öz fikirlərini
daha da inkişaf etdirərək "Təbiətdə neft və
qazın tərkibinin formalaşması və dəyişdirilməsi
prosesləri" (1985) kitabını dərc etdirir.
Akademik
Ş.Mehdiyev uzun illər ərzində Geologiya İnstitutunda
Neft və qazın geologiyası şöbəsinə rəhbərlik
etmişdir. O yaxşı bilirdi ki, respublikada neft-qaz sənayesinin
gələcək inkişafı neft-qaz geologiyasının
elmi baxımdan ciddi təkmilləşdirilməsi və digər
aktual problemləri ilə sıx bağlıdır. Birinci
növbədə bu, karbohidrogen flüidlərinin genezisi,
miqrasiyası və onların təmərküzləşməsinin
formalaşması ilə əlaqədardır. Bu məsələləri
həll etmədən geoloji axtarış və kəşfiyyat
işlərini düzgün istiqamətləndirmək
mümkün deyildir. Ötən əsrin 70-ci illərində
alimin təqdimatı üzrə Gürgən-dəniz sahəsində
məhsuldar qatın "Qala lay dəstəsi"nə
qazılan 205 saylı quyuda "Qırmaki lay dəstəsi"ndən
neft alınmışdır.
Akademik
Ş.Mehdiyev XX əsrin məşhur alim-geoloqlarının
nümayəndələrindəndir. Belələri özlərinin
məqsədyönlü fəaliyyətləri ilə Azərbaycanda
geologiya elminin inkişafına sanballı töhfələr
vermişlər. Şəfaət müəllimin də elmi tədqiqatlarının
diapazonu geniş idi və Azərbaycanın neft-qaz
geologiyasını, geokimyasını, palçıq
vulkanizmini, regional geologiyasını, tektonikasını əhatə
edirdi.
Keçən
əsrin 40-cı illərində öz tədqiqatlarını
neft yataqlarının geotermiyasından başlamış və
bu vacib elmi istiqaməti daim inkişaf etdirmişdi. 1971-ci ildə
müştərək müəlliflər ilə "Neft və
qaz yataqlarının geotermiyası" kitabını Moskvada
("Nedra" nəşriyyatı), bir il sonra "Azərbaycanın
və Türkmənistanın neft-qaz vilayətlərinin
geotermiyası" monoqrafiyasını dərc etdirmişdir.
Ötən əsrin 80-ci illərinin əvvəllərində
alim alternativ karbohidrogen məhsullarının - ağır
özüllü neftlər, təbii bitumlar, yanar şistlər,
suda həll olunmuş qazlar, qazhidratlar və s. elmi istiqamətlərin
tədqiqinə xüsusi əhəmiyyət verir.
1983-1985-ci
illərdə akademik Ş.Mehdiyevin rəhbərliyi ilə
respublikada neftli qumların və yanar şistlərin proqnoz
ehtiyatlarının kəmiyyətinin qiymətləndirilməsi
başa çatdırılır.
Keçən
əsrin 80-ci illərinin ikinci yarısı alimin yeni
böyük nailiyyətləri ilə səciyyələnir.
Bu illərdə Ş.Mehdiyev Cənubi Xəzər hövzəsində
9 kilometrə qədər dərinlikdə sənaye əhəmiyyətli
neft yığımlarının mövcud olması
ehtimalını ilk dəfə nəzəri cəhətdən
əsaslandırır. Xüsusi olaraq qeyd edilməlidir ki,
akademik Ş.Mehdiyevin böyük dərinliklərdə
karbohidrogen yığımlarının
mümkünlüyü fikri Meksika körfəzində 10-10,5
kilometr dərinlikdə neft yataqlarının aşkar edilməsində
öz faktiki təsdiqini tapmışdır.
1985-ci
ildə Şəfaət Mehdiyevin redaktorluğu ilə Azərbaycanın
neft-qaz yataqlarının və perspektivli strukturlarının
1:500000 miqyasda xəritəsi izahat kitabçası ilə
birlikdə dərc olunmuşdur. 1988-ci ildə alimin təklifinə
əsasən Geologiya İnstitutunun bir qrup mütəxəssisi
ilə Cənubi Xəzər hövzəsinin dərində (5
kilometrdən aşağı) yerləşən
çöküntülərinin neft-qazlılıq
baxımından rayonlaşdırılması
hazırlanmış və ilk dəfə ifrat dərin (7-9
kilometr) stratiqrafik komplekslərinin karbohidrogen
resurslarının qiymətləndirilməsi həyata
keçirilmişdir.
Nəhayət,
son illərin elmi tədqiqatlarının ən vacib nəticələri
Azərbaycanda birinci elmi kəşf kimi təsdiq olunmuşdur.
Elmi kəşf 2003-cü il oktyabrın 15-də təsdiq
olunmuş və "Vulkanların məkan-zaman
paylanmasının qanunauyğunluğu" adı ilə beynəlxalq
reyestrə daxil edilmişdir.
Akademik
Şəfaət Mehdiyev səmərəli elmi işlə
yanaşı, uzun illər pedaqoji fəaliyyətlə də məşğul
olmuş, "Neft və qaz geologiyasının əsasları",
"Ümumi geologiya" fənlərindən mühazirələr
oxumuşdur. 1953-1965-ci illərdə o, Azərbaycan Dövlət
Universitetinin geologiya fakültəsində kafedra müdiri
olmuşdur. 1967-ci ildən sonra Azərbaycan Neft və Kimya
İnstitutunda (ADNA) Geologiya və neft-qaz yataqlarının kəşfiyyatı
kafedrasına rəhbərlik etmişdir. Şəfaət
müəllim mahir mühazirəçi idi. Onun mühazirələri
lakonikliyi ilə tələbələrin, həmçinin
auditoriyada iştirak edən mütəxəsislərin böyük
marağına səbəb olurdu. O, həmçinin bir
sıra tədris vəsaitlərinin və elmi-kütləvi
geoloji kitabların müəllifi idi.
Akademik
Şəfaət Mehdiyev neft-qaz geologiyası və
geokimyası sahəsində bütün dünyada məşhur
olan alimlərdən idi. 50 ildən artıq müddət ərzində
çoxsaylı beynəlxalq konqreslərdə, simpoziumlarda,
konfranslarda və digər elmi forumlarda (ABŞ, Meksika, Hindistan,
Kanada, Fransa, Almaniya, Macarıstan, Türkiyə və s.)
maraqlı məruzələrlə çıxış
etmişdi.
Akademik
Ş.Mehdiyevin nəinki Azərbaycan həmçinin keçmiş
SSRİ-nin digər respublikaları - Türkmənistan,
Qazaxıstan, Gürcüstan və b. respublikalar
üçün gənc kadrların və mütəxəssis
geoloqların hazırlanmasında böyük xidmətləri
var. O, 10-dan çox elmlər doktoru və 60-a yaxın elmlər
namizədi hazırlamışdır.
Akademik
Ş.Mehdiyev ictimai xadim kimi də tanınırdı.
Ş.Mehdiyev 1952-ci ildən 1954-cü ilədək Azərbaycan
Elmlər Akademiyasının Məhsuldar Qüvvələr
Şurasının sədri işləmişdir. 1954-1958-ci illərdə
Geologiya İnstitutunun direktoru vəzifəsində
çalışmışdır. 1958-ci ilin aprel ayından
1965-ci ilin fevral ayınadək Azərbaycan Dövlət
Universitetinin rektoru olmuşdur. Eyni zamanda o, bir çox elmi
şuraların, elmi jurnalların redaksiya heyətinin
üzvü, geoloji xəritələrin, çoxcildli "Azərbaycanın
geologiyası" monoqrafiyasının redaktoru idi.
Şəfaət müəllim ensiklopedik
biliyə, qeyri-adi istedada malik idi. Hamı onu son dərəcə
xeyirxah, təvazökar insan kimi tanıyırdı.
Gələcək nəslə
özünün dram əsərlərini (pyeslər,
nağıllar, şeirlər) yadigar qoymuşdur. Müxtəlif
illərdə yazdığı "Mirzə Fətəli",
"Müstəntiq", "Səttar xan",
"Rüşvət ustası", "Su pərisi",
"Çoxmərtəbəli Amerika" və digər ədəbi
əsərləri bu gün də böyük maraqla oxunur.
Onun həyat yolu gənc geoloqlara, alimlərə daim örnəkdir.
Akif
ƏLİZADƏ,
AMEA-nın
vitse-prezidenti,
Geologiya
İnstitutunun
direktoru,
akademik
Adil
ƏLİYEV,
AMEA-nın
Geologiya
İnstitutunun
şöbə rəhbəri, geologiya-mineralogiya
elmləri
doktoru, professor
Azərbaycan.-2010.-
2 dekabr.- S.8.