Amerikalı qonaqlar Lənkəran Dövlət Universitetində

 

ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərinin nümayəndələri Lənkəran Dövlət Universitetində olmuşlar. Tələbələrlə keçirilən görüşü universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm xadimi Asəf İsgəndərov açaraq qonaqlara ali məktəbin təhsil həyatı barədə məlumat vermişdir.

Monterey şəhər merinin müavini Cefri Haferman ABŞ-ın təhsil sistemindən, təmsil etdikləri şəhərin elm, təhsil müəssisələrindən söhbət açmış, tələbələri maraqlandıran suallara cavab vermişdir. Monterey şəhər meriyasının üzvü xanım Nensi Selfric Lənkərana gəlişindən məmnun qaldığını söyləmiş, minnətdarlığını bildirmişdir.

Görüşdə qeyd edilmişdir ki, Monterey şəhəri ilə Lənkəranı dostluq və mədəni əlaqələr birləşdirir. Qardaşlaşmış iki şəhər arasında iqtisadi, mədəni və təhsil sahəsində əlaqələrin, tələbə mübadiləsinin vacibliyindən də danışılmış, fikir mübadiləsi aparılmışdır.

Sonra qonaqlar universitetdə fəaliyyət göstərən Heydər Əliyev muzeyinə baxmış, muzeyin xatirə kitabına ürək sözlərini yazmışlar.

Lənkəran Şəhər İcra Hakimiyyətində də görüş keçirilmişdir. Görüşdə şəhər, qəsəbə və kənd bələdiyyələrinin sədrləri, idarə, müəssisə rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Tədbirdə Lənkəran və Monterey şəhərlərinin tarixi keçmişi, bugünü, iqtisadi, sosial və mədəni həyatını əks etdirən sənədli film göstərilmişdir.

Amerikalı qonaqlar rayonun görməli yerləri ilə də tanış olmuş, səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirmişlər.

 

E.ƏHƏDOV

 

Azərbaycan.- 2010.- 2 dekabr.- S. 8.