Dövrün tələblərinə cavab
verən yeni dərslik
Bəşəriyyət
XXI əsrin başlanğıcında bir çox kəskin və mürəkkəb
problemlərlə qarşılaşmışdır. Qlobal problemlər arasında ekoloji
problemlər daha təhlükəlidir. Biosfer resurslarından və planetimizin
təbii sərvətlərindən səmərəli istifadə
olunması və qorunması bu gün müharibə, sülh,
ərzaq, ictimai və s.
problemlərdən heç də az narahatlıq doğurmur.
Buna görə də ekologiya
və ətraf mühitin mühafizəsi
məsələsi müasir elmin həll etməli olduğu
çox vacib problemlərdən
biri, bəlkə də birincisidir.
Kənd təsərrüfatı istehsalında
əsas vasitələrdən biri hesab olunan torpağın münbitliyinin qorunub
saxlanması və artırılması, kənd təsərrüfatı
bitkilərindən sabit, yüksək və
keyfiyyətli məhsul əldə edilməsi məsələsi
ekologiya elmi
qarşısında duran mühüm vəzifələrdəndir.
Akademik Q.Ş.Məmmədov, coğrafiya elmləri doktoru
M.Y.Xəlilov və biologiya elmləri doktoru, professor S.Z.Məmmədova
tərəfindən Azərbaycan dilində ilk
dəfə yazılmış "Aqroekologiya"
dərsliyi məhz bu məsələyə
həsr olunmuşdur. Dərsliyi 2010-cu ilin Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin sərəncamı ilə elan edilmiş "Ekologiya
ili"nə bir töhfə kimi qiymətləndirmək də olar.
Hazırda respublikamızda insanın intensiv təsiri nəticəsində
torpağın eroziyası, şorlaşması, şorakətləşməsi,
onda olan humusun azalması və faydalı
mikrofloranın məhvi, ağır metallarla,
pestisid qalıqlarla çirklənməsi
onun münbitliyinin
aşağı düşməsinə, yararlı torpaq sahələrinin azalmasına, bitki və heyvanların növ müxtəlifliyinin
kasadlaşmasına, biosfer komponentlərinin
çirklənməsinə, maddələrin təbii biogeokimyəvi
dövranının pozulmasına səbəb olur.
Belə bir zamanda
"Aqroekologiya" kitabı zamanın tələbatından
doğan töhfə kimi
qəbul edilməlidir.
"Aqroekologiya" kompleks elmi fənn olub, kənd təsərrüfatı
istehsalı prosesində insanın ətraf mühitə qarşılıqlı
təsirini, kənd təsərrüfatının təbii
komplekslərə təsirini, texnogen yük şəraitində aqroekosistemin
komponentləri arasındakı qarşılıqlı təsiri
və onlara xas olan maddələrin dövranının
spesifik xüsusiyyətlərini, aqroekosistemin fəaliyyət xarakterini
öyrənir. Bu elmin
məqsədi keyfiyyətli bioloji məhsulun
davamlı istehsalını, aqroekosistemin təbii
bioenerji potensialından maksimum
istifadəni, ətraf təbii mühitə neqativ
təsirin kənarlaşdırılmasını və ya minimuma endirilməsini təmin
etməkdir.
"Aqroekologiya" dərsliyinin ilk
fəsillərində ekologiya elminin dünyada, o cümlədən Azərbaycanda inkişaf tarixi, təbii mühit və ekoloji
faktorların (temperatur, işıq, su, edafik faktorlar)
qanunauyğun təsiri; populyasiyalar (təsnifatı,
yaş strukturu, ərazi
tipləri), biosenozlar (biosenozun
növ və ərazi strukturu),
biosenozda orqanizmlərin parazit-sahib,
yırtıcı-şikar, rəqabət əlaqələri,
"ekoloji sığınacaq", ekoloji sistemin bioloji məhsuldarlığı, ekoloji piramidalar, ekoloji konsepsiyalar, biosfer, biosferdə həyatın paylanması,
təbiətdə maddələrin böyük
(geoloji) və kiçik
(biogeokimyəvi) dövranı, ən mühüm biogen maddələrin
(oksigen, karbon, azot, kükürd, fosfor, kalium) biogeokimyəvi
dövranı ətraflı şərh olunur.
VII
fəsil kənd təsərrüfatı istehsalının təbii-resurs
potensialı və ərzaq proqramına həsr edilmişdir. Bu fəsildə
təbii resursların bioloji, mineral, energetik, istehsalda istifadə olunmasına və tükənmə
dərəcəsinə görə təsnifatı verilir, ərzaq probleminin gərginliyi,
əhalinin qidalanma problemi,
kadastrlar, Azərbaycanda torpaq
kadastrının ekoloji xüsusiyyətləri
təhlil olunur.
Sonrakı fəsillərdə aqroekosistemin tipləri, strukturu
və funksiyaları, təbii və aqroekosistemlərin
müqayisəli xarakteristikası, aqroekosistemlərdə maddələr
mübadiləsi və enerji axını məsələləri,
eləcə də texnogenez nəticəsində
ətraf mühitin - hava,
torpaq və suyun
çirklənmə növləri və mənbələri, havanın
çirklənməsinin bitkilərə təsiri, ətraf mühitin çirklənməsinin idarə
olunmasının geniş izahı verilir. Dərslikdə həmçinin
torpaq-biotik kompleksi geniş şərh olunur,
suda biogen yükün müəyyən edilməsi, suyun evtroflaşmasının ekoloji
və sanitar-gigiyena nəticələri
haqqında məlumat verilir,
kimyalaşdırmanın ekoloji problemləri
təhlil edilir, torpağın
suvarılmasının və qurudulmasının ekologiyaya təsiri məsələlərinə
toxunulur.
Kitabın heyvandarlıq kompleksləri və
təbiətin mühafizəsi fəslində isə
heyvandarlıq tullantılarının ətraf mühitə təsiri,
həmin tullantıların işlənməsi üçün
biotexnologiyadan istifadə edilməsi,
heyvandarlıq fermalarının sanitar-qoruyucu
zonaları və yaşıllıqların salınması məsələlərindən bəhs
olunur. Dərsliyin digər fəsli kənd
təsərrüfatının radioekologiyasına həsr edilmişdir. Bu fəsildə aqromühitdə radionuklidlərin mənbələri,
kənd təsərrüfatı zənciri üzrə
radionuklidlərin miqrasiyası - torpaqda
radionuklidlərin davranış tərzi, radionuklidlərin
bitkilərdə toplanması, kənd təsərrüfatı
heyvanlarının iştirakı ilə radionuklidlərin kənd
təsərrüfatı zənciri üzrə paylanması, aqrosenozlarda radionuklidlərin
miqrasiyası və bu proseslərin modelləşdirilməsi
məsələləri haqqında geniş
məlumat verilir.
Dərslikdə
alternativ əkinçiliyin üzvi, biodinamik və üzvi-bioloji istiqamətləri də təhlil
edilir. Bu fəsildə
əkinçilikdə mikroelementlərin, üzvi
gübrələrin tətbiqi məsələləri qısa
şəkildə izah olunur.
"Vermikultura üzvi substratda kompost soxulcanları, biohumus
hazırlanması və tətbiqinin ekoloji
aspektləri" adlanan fəsildə isə
vermikulturanın bioloji xarakteristikası,
aqroekosistemlərdə torpaq
soxulcanının əhəmiyyəti, biohumus
və onun aqroekoloji
qiymətləndirilməsi, soxulcanların istifadəsi əsasında
əldə edilən preparatlar, biohumusun aqroekoloji qiymətləndirilməsi,
vermikulturun heyvandarlıqda və tibdə
qida məhsulu kimi
istifadəsinin imkanları, torpaq
soxulcanlarının sənayedə artırılmasının
əsas prinsipləri və üsulları təhlil edilir. Başqa bir bölmədə aqroekoloji
monitorinq, onun
aparılmasının metodiki və təşkili
əsasları verilir. Bunlardan əlavə, kitabda ekoloji vəziyyətin
qiymətləndirilməsi meyarlarından, seliteb
ərazilərin ekologiyasından, aqrolandşaftların
optimallaşdırılması və davamlı aqroekosistemlərin
təşkilindən, ekoloji təhlükəsiz
məhsulun istehsalından, əkinçiliyin, meşədən
istifadənin, süni su
anbarlarının, quraqlıq ərazilərin suvarılmasının,
izafi rütubətli və
bataqlaşmış ərazilərin qurudulmasının,
heyvandarlığın intensivləşdirilməsinin insan sağlamlığına təsirindən
danışılır. Sonuncu fəsil kənd
təsərrüfatında təbiəti mühafizə fəaliyyətinə
həsr olunmuşdur. Bu
fəsildə ekologiyanın qanunları, təbiəti
mühafizə fəaliyyətində əsas istiqamətlər
verilir. Dərsliyin mətni fəsillərə
uyğun xəritələr, cədvəllər,
qrafiklər, diaqramlar və rəngli şəkillərlə
müşayiət olunur.
"Aqroekologiya"
dərsliyi kənd təsərrüfatı,
torpaqşünaslıq və ekologiya
ixtisasları tədris olunan ali məktəb tələbələri, həmçinin
kənd təsərrüfatı və təbii ehtiyatlardan istifadə problemləri və
onların mühafizəsi məsələləri ilə məşğul
olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
Budaq BUDAQOV
akademik
Azərbaycan.- 2010.-2 dekabr.-S. 8.