Mətbuat
Şurasının iş prinsipi
medianın tənzimlənməsi sahəsində ən optimal seçimdir
Azərbaycan
Mətbuat Şurasının sədri Əflatun Amaşov: "Tənzimlənmə geniş anlayışdır.
Media müstəvisində bu, müxtəlif mövqeli,
vəzifəli, yaşlı insanlarla
kütləvi informasiya
vasitələri
arasındakı narazılıqların, problemlərin səmimi,
anlaşıqlı şəkildə aradan
qaldırılmasıdır"
-
Əflatun müəllim, rəhbəri olduğunuz
qurumun fəaliyyəti çoxşaxəlidir.
Bu fəaliyyət müxtəlif tədbirlərin,
təhlillərin mövzusu kimi müzakirə müstəvisinə
çıxarılır. Amma
çoxsaylı çeşiddə oxucunun,
dinləyicinin, tamaşaçının, ümumiyyətlə
ictimaiyyətin diqqətini daha çox çəkən bir
mövzu var: Mətbuat
Şurasına daxil olan
müraciətlərin araşdırılması. Sizcə, bu, nə ilə əlaqədardır?
-
Söhbət ölkə mediasının bugünündən,
sabahından, uğurlarından, problemlərindən, inkişaf perspektivlərindən gedəndə
birinci və ikinci dərəcəli
məsələlər yoxdur.
Sualınız Mətbuat Şurası ilə bağlı çox incə məqama toxunduğundan
təhlil aparmaq zərurəti doğurur. Bir neçə cəhətə nəzər salmaq lazım gələcək. Öncə
ölkə jurnalistlərinin 15 mart
2003-cü ildə təsis etdikləri Azərbaycan Mətbuat
Şurasının başlıca missiyasını yenidən
xatırlayaq: media-ictimaiyyət, media-hakimiyyət arasında
münasibətlərin tənzimlənməsi. Tənzimlənmə
geniş anlamdır. Media
müstəvisində bu müxtəlif mövqeli, vəzifəli, yaşlı insanlarla kütləvi informasiya
vasitələri arasındakı narazılıqların,
problemlərin səmimi, anlaşıqlı şəkildə aradan qaldırılmasıdır. Məsələyə belə yanaşma
uzun müddət sərfi, sərt qərarlar
çıxarılması, cərimələr kəsilməsi,
soyuq münasibətlər və incikliklərlə
müşayiət olunan məhkəmə
proseslərinə ehtiyacın aradan
qaldırılmasına hesablanıb. Şura
yaradılanadək ölkədə media
ilə münasibətlər əsasən hüquqi müstəvidə
araşdırılıb və əksəriyyəti bunun əksi olan sonluqla yekunlaşıb. Günümüzün
reallığı isə tamam
başqadır. Konkret müqayisəli faktlar, proseslərin sayında və cərimələrin
məbləğində kəskin azalmalar
Mətbuat Şurasının daşıdığı
başlıca missiyanın məntiqiliyinə əyani
sübutlardır.
İctimaiyyətin
Şuraya ünvanladığı
müraciətlərin ilbəil artımı tendensiyaya
çevrilib. Bu, inam və etimad göstəricisidir
ki, söhbətin
başlanğıcında vurğuladığınız
marağın ikinci tərəfi sayıla
bilər. Hər məktubun arxasında canlı insan dayanır. O da etdiyi müraciətin nəticəsi ilə digərlərini
məlumatlandırır. Beləliklə, Şuraya
üz tutanların sayı artır, əhatə
dairəsi genişlənir.
Üçüncüsü, ictimaiyyət
hüquqi dövlət quruculuğunda
medianı və onunla bağlı
qurumları dördüncü hakimiyyət
kimi görmək istəyir. Cəmiyyət
üzvləri ölkədə mətbuatın
özünütənzimləməsi sahəsində
başlıca qurum olan
Şuranın proseslərin önündə getməsində
maraqlı və israrlıdırlar.
-
Əflatun müəllim, mümkünsə, Mətbuat
Şurasına illər ərzində daxil
olan müraciətlərin sayı barədə
qısa arayış verərdiniz.
-
Artım tempindən danışdım. Yeddi
ilin bütün
göstəricilərini sadalamaq
vaxtımızı çox alardı. Bəzi
müqayisələri deyim. 2009-cu ildə
müraciətlərin sayı 489 olub. Cari ilin 8 ayı ərzində
bu rəqəm 450-yə
yaxınlaşıb. Məncə, bu
göstəricilər artımı isbatlamaq
üçün yetərlidir.
-
Şikayətlər hansı qaydada
araşdırılır?
Mətbuat
Şurasına daxil olan
şikayətlər üç mərhələdə
araşdırılır - Katiblikdə, Şikayətlər
üzrə Komissiyada və İdarə
Heyətində. Katiblik şikayətlərin
ibtidai araşdırmasını
aparır. Toplanmış sənədlərə baxış keçirir. Əksər hallarda
MŞ şikayətçiyə təklif edir
ki, problemi cavabdeh tərəflə danışıqlar yolu ilə həll etsin. Bu, baş vermədikdə
müraciət Şikayətlər üzrə Komissiyanın
müzakirəsinə hazırlanır.
Bu mərhələdə öncə
sənədlərə baxılması üçün
lazım olan bütün
tədbirlər görülür.
Komissiyanın dinləməsində tərəflərin hər
ikisi, yaxud onların təmsilçiləri
iştirak edirlər. Dinləmədən sonra komissiya MŞ İdarə
Heyəti üçün yazılı rəy
hazırlayır. Proses zamanı tərəflər
qarşılıqlı razılığa gələrsə,
işə bu mərhələdə də
xitam verilə bilər.
Şikayətlər
üzrə Komissiya şikayətin motivindən
asılı olaraq onu
Şuranın "Reket jurnalistika"ya qarşı mübarizə
Komissiyasının müzakirəsinə təqdim edə bilər.
Bu zaman barəsində
şikayət olan nəşrin peşə
fəaliyyətinə açıq-aşkar
sayğısızlığa yol verməsi
ilə bağlı çoxsaylı məqamların mövcudluğu nəzərə
alınır. "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyası konkret məsələ barədə İdarə
Heyətinə rəy təqdim edir.
Şikayətlərin
araşdırılmasında sonuncu mərhələ
İdarə Heyətindəki müzakirələrdir. İH
işə mahiyyəti üzrə baxır və müvafiq qərar qəbul edir.
Qeyd edim ki, şikayətin ictimai əhəmiyyətindən asılı olaraq, xüsusi rəy də
çıxarıla bilər. Şuranın fəaliyyətində
belə rəylərin heç də konkret şikayət əsasında deyil, KİV-də gedən və geniş rezonans doğuran materialların müzakirəsi
sonrası çıxarıldığına dair
praktikaya da təsadüf
edilir.
-
Şikayətçilər əsasən kimlərdir və qəzetlərin
konkret olaraq hansı fəaliyyətindən
narazıdırlar?
-
Bu baxımdan KİV-lərin özlərini
də bir neçə qrupa
bölmək mümkündür. Müəyyən istisnalar olsa da, gündəlik və
həftəlik yayımlanan, ictimai fikrə
təsir göstərən qəzetlərin fəaliyyətindən
narazı olanlar əsasən ictimai birliklərin təmsilçiləri,
dövlət qurumlarının nümayəndələri və
partiya funksionerləridir. Onlar bu və ya digər tənqidi
materialda fikirlərinin dərcinə
önəm verilməməsindən, faktların
yoxlanılmadan səhifəyə
çıxarılmasından, aşağılayıcı
ifadələrə məruz qalmalarından, ictimai
nüfuzlarına zərər gəlməsindən şikayətlənirlər.
Bu qəbildən olan
şikayətlərin, demək olar, 70
faizində iddiaçı tərəf haqlı olur.
Mütəmadi olaraq
çıxan nəşrlərin bir qrupu da var
ki, onlardan narazılar
sırasında qeyd etdiyim
kateqoriyaların nümayəndələri ilə
yanaşı, təhsil, səhiyyə müəssisələrinin
nisbətən aşağı vəzifə tutan
təmsilçiləri var. Deyərdim ki, ikincilər daha çoxdur. Şikayətçilərin bu qrupu konkret
KİV materialında onlara böhtan
atıldığını, barələrində yalan məlumatların
yayıldığını vurğulayır. Belə
halların təxminən 85-95 faizində şikayətçilərin
mövqeyi haqlı olur.
Növbəti
qrup KİV də var ki, bunlardan şikayətlilərin
sırasını bələdiyyələrin, özəl
müəssisələrin nümayəndələri, iş adamları, ayrı-ayrı vətəndaşlar
təşkil edir. Belə media
orqanları materiallarında daha çox bilərəkdən insan
şərəf və ləyaqətini
aşağılayır, şəxsi həyata müdaxiləyə
yol verir, insanlar haqqında açıqlanması heç bir ictimai əhəmiyyət kəsb etməyən
məqamları qabardırlar. Tənqid hədəfi kimi seçilən şəxsə münasibətdə
açıq qərəz nümayiş
etdirirlər. Bu tip nəşrlərə
xas xarakterik
xüsusiyyətlərdən biri də tənqid
obyekti kimi seçilən
şəxsi daimi təzyiq altında
saxlamaqdır. Bunun üçün
korporativ həmrəylik yolu
tutanlar, adətən, öz
ətraflarında 4-5 KİV-i birləşdirirlər.
Onlar təmənnalarının ödənilməsi
üçün ayrı-ayrı şəxslərə
materiallar göndərir və həmin
materialları dərc edəcəklərini bildirərək
istəklərinə nail olmağa
çalışırlar.
-
Mətbuat Şurasına ünvanlanan
şikayətlərdə qurumun səlahiyyətinə
aid olmayanlar varmı?
Ümumiyyətlə, bununla bağlı
hansı məxsusi cəhəti vurğulamaq
mümkündür?
-
Şikayətlər, əsasən, ayrı-ayrı vətəndaşlardan,
dövlət qurumlarından, yerli
özünüidarəetmə orqanlarından, özəl
müəssisələrdən, ictimai
birliklərdən və siyasi partiyalardan daxil olur. Onlardakı konkret
motivlərə gəlincə, əlbəttə, əsaslandırılmamışları
da var və belə
şikayətlər qəbul edilmir. Bəzən
şikayətlər tamam başqa
qurumların səlahiyyətinə aid olur. Çox təsadüf
edilən hallarda isə jurnalistlərlə
bağlı şikayət motivi sosial zəmindən qaynaqlanır. Tutaq ki, qonşusu
jurnalist olan ondan narazılığını Mətbuat
Şurasına bildirir. Aydındır ki, məsələnin bizə heç
bir aidiyyəti yoxdur.
Ümumiyyətlə,
MŞ aşağıdakı hallarda
şikayətin qəbulundan imtina edir - birincisi, şikayətə
artıq məhkəmədə baxılıbsa və yaxud həmin iş üzrə
hüquq-mühafizə orqanları tərəfindən təhqiqat
aparılırsa; ikincisi, şikayətin mətbuata, yaxud
MŞ-nin müdafiə etdiyi
prinsiplərə aidiyyəti yoxdursa; üçüncüsü, şikayətə
birbaşa məhkəmə orqanları tərəfindən
baxılmalı olduğu ərizədən
aydın görünürsə; dördüncüsü,
şikayət vermək müddəti ötmüşdürsə;
beşincisi, şikayətin predmetini təyin etmək mümkün
deyilsə; altıncısı, şikayət məzmununa
görə etik normalara
ziddirsə və nəhayət, şikayət anonim
verilmişdirsə.
-
Şuranın təcrübəsində bir
sıra qəzetlərlə bağlı materialların
hüquq-mühafizə orqanlarına göndərilməsi
halları da mövcuddur.
Bu, həmin şikayətin qurumun səlahiyyətinə aid
olmamasından irəli gəlir, yoxsa xüsusi ölçü
tədbiridir?
-
Daha çox xüsusi ölçü
tədbiridir. Əlbəttə, ilkin mərhələdəcə
baxılmaq üçün
hüquq-mühafizə orqanlarına göndərilən
şikayətlər var ki,
bunlar səlahiyyətimizə aid deyil. Digər
tərəfdən, bu məsələ
şikayətin motivindən də asılıdır. Əgər
inzibati qaydada
araşdırılmalı olan şikayətin
motivində ictimailik nöqteyi-nəzərdən
hansısa müstəsna məqam varsa, belə
şikayətlərin ardıcıllıqla araşdırılmasına
çalışırıq və mümkün
qədər hüquqi müstəviyə
çıxmasına imkan vermirik.
Belə hallar öncə Katiblikdə
Şuranın hüquqşünaslarının və dəvət
etdiyi ekspertlərin köməyilə
araşdırılır. Şikayətçiyə və
cavabdehə bu haqda məlumat
verilir. Cavabdeh
mövqeyində israrlı olduğu halda şikayət qeyd edilən
prosedur ardıcıllıqla sonda İH-in müzakirəsinə
təqdim olunur. İH-in
çıxardığı qərarda cavabdehin
hərəkətləri AJPDQ-nin prinsiplərinin
müvafiq bəndləri əsasında təhlil
olunur, eyni zamanda, şikayət MŞ-nin
peşə etikası cəhətdən əsaslandırılmış
qərarı ilə birlikdə araşdırılmaq üçün aidiyyəti instansiyalara
göndərilir.
-
Mətbuat Şurasının qərarlarının icrası
barədə də məlumat vermənizi istərdik.
-
Mətbuat Şurasının qərarları cavabdeh
KİV-də və digər media
orqanlarında dərc edilir. Qərarlarda
Azərbaycan Jurnalistlərinin Peşə Davranışı
Qaydalarının hansı prinsiplərinin pozulduğu
əks olunur və cavabdehə əsasən
təkzib vermək, qarşı tərəfin mövqeyini
işıqlandırmaq tövsiyə olunur.
Bu tələb yerinə yetirilmədikdə
və peşə davranışı qaydalarına mütəmadi
sayğısızlıq halları baş
verdikdə MŞ müvafiq KİV-in adını "qara
siyahı"ya salır.
-
Şura Milli Mətbuat
Günü ərəfəsində bir sıra mətbu nəşrlərin
adlarını "qara siyahı"dan
çıxardı. Son iki
iclasında isə ora yenilərinin
adlarını əlavə etdi...
-
Səhvini anlayanlar olduğu
kimi, səhvə yol
verənlər də var. Əlbəttə,
bir çoxlarının islah
olunacağını düşünmək sadəlövhlükdür.
Əslində, belələrinə hansısa formada
yaşıl işıq yandırmaq fikrimiz
də yoxdur. Hər halda Şuranın "Reket
nəşrlərin müəyyənləşdirilməsinə
dair Təlimatı"nda nəzərdə
tutulan prinsipləri yerinə yetirənlər,
buna cəhd göstərənlər,
iradlarımızdan nəticə çıxaranlar var və onların mövqeyi
nəzərə alınır. Məsələ
KİV-in peşə etikasına riayət
etmələrini, yaradıcılıqları ilə fərqlənmələrini,
cəmiyyət həyatının müxtəlif sahələrinə
nüfuz etmələrini qiymətləndirməkdə
və dəstəkləməkdə, eyni zamanda özlərini doğrultmalarına zəmin
yaratmaqdadır. Nəticə etibarilə mübarizəmizin effektivlik dərəcəsini görmək bizim üçün vacibdir.
Ümumən
Mətbuat Şurası fəaliyyəti cəmiyyət tərəfindən
məqbul qarşılanmayan, hərəkətləri birbaşa inzibati qaydada araşdırılmalı olan KİV-in
adlarını "qara siyahı"ya
salır. Bu addım atılmasaydı,
onların tam əksəriyyətinin təmsilçiləri
ya həbsxanalarda olacaqdılar, ya da məhkəmə cərimələrini
ödəmək məcburiyyətində qalacaqdılar. Məsələnin
ikinci tərəfi isə bundan
ibarətdir ki, belələrinin
davranışları hüquqi müstəvidə
dəyərləndirilməli olsa da, Şuranın tənzimləyici rolu sayəsində yalnız ictimai
qınaqla üzləşirlər. Bu mənada
siyahıdan çıxanlar və ora daxil edilənlər bundan sonra da olacaq.
Müsahibəni
qələmə aldı:
S.ELMANOĞLU
Azərbaycan.- 2010.- 2 dekabr.- S.11.